Avqustun 20-də “Şahdağ” Turizm Mərkəzində “Şahdağın hədiyyəsi” adlı xüsusi əyləncəli konsert proqramı təşkil edilib. Seyyah.az xəbər verir ki, həmin gün qonaqlar minimal qiymət ödəməklə çoxsaylı xidmətlərdən yararlanmaq imkanı qazanıblar. Eləcə də qonaqlar, ziplayn, trotinnet, dağ velosipedi, bob kart, seqvey kimi maraqlı yay əyləncələrindən üçünü eyni zamanda sınaqdan keçirmək şansı da əldə ediblər. Bundan əlavə, ailəvi istirahət etmək istəyənlər üçün həm böyüklərin, həm də uşaqların zövqünü oxşayacaq əyləncəli proqram da hazırlanıb. Azyaşlı qonaqların marağına səbəb olacaq animatorların müşayiəti ilə təşkil olunan xüsusi şou-proqram onların xatirəsində uzun müddət qalacaq. Açıq havada, dağların ətəyində canlı musiqi ilə yanaşı, DJ-lərin performansı isə yaşından asılı olmayaraq, hamının zövqünü oxşayıb. Tədbirin sonunda möhtəşəm atəşfəşanlıq olub. “Şahdağın hədiyyəsi” ilk dəfə olaraq ötən ilin avqust ayında təşkil edilmişdi. Tədbir qonaqların böyük marağına səbəb olduğundan onun hər il keçirilməsi qərara alınıb. Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzində yay mövsümü iyun ayından sentyabr ayına kimi davam edir.
Baxılıb: 882
Digər albomlar