Turizm və Menecment Universitetinin 333 tələbəsi məzun olub

Təhsil və karyera 7 Iyul 2017 01:24 1599
Turizm və Menecment Universitetinin 333 tələbəsi məzun olub

İyulun 5-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Məzun-2017” adlı səkkizinci buraxılış mərasimi keçirilib. Tədbirdə dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, turizm və təhsil sahəsi mütəxəssisləri, ATMU-nun tərəfdaşı olan xarici təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

ATMU-nun rektoru vəzifəsini icra edən Eldar Aslanov məzunları təbrik edib, onlara uğurlar arzulayaraq bildirib ki, ötən 11 ildə ATMU keyfiyyətli, turizm əmək bazarının ehtiyaclarına uyğun təhsil təşkil etməklə məşğul olub. Buna AKTS tətbiqi, ölkədə ilk ikili diplom proqramı, Erasmus-Mundus, Tempus layihələrində iştirak, ölkədə ilk praktika semestrinin təşkili, onlarla tətbiqi tədqiqat, qisamüddətli təlimlərin təşkili, peşə təhsilinin gücləndirilməsi və digər məsələləri aid etmək olar.

Universitet 11 ixtisas üzrə bakalavriat, magistratura, doktorantura üzrə, həmçinin peşə və qisamüddətli kurslarda kadr hazırlığını həyata keçirir. Bu il ATMU-dan 333 nəfər məzun olub. Onlardan 36-sı magistratura, 297-si bakalavriat pilləsini bitirib. Beləliklə, ATMU-dan məzun olanların sayı 2 min 111-ə çatıb. Onlardan 143-ü magistr dərəcəsi olanlardır. Builki məzunlardan 15-i, eyni zamanda, Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin də diplomunu alıb.

Universitet yarandığı gündən indiyədək 30 xarici ali məktəb, 34 beynəlxalq təşkilat və şəbəkə ilə əlaqələr qurub. Fəaliyyətində təhsil, tədris, təlim və təcrübə modelinə xüsusi önəm verən ATMU ölkəmizin ali təhsil müəssisələri arasında sənaye ilə birbaşa əməkdaşlığı prioritet elan edib. Belə ki, bu ali təhsil ocağı tələbələrin ölkə daxilində və xaricdə 22 həftəlik istehsalat təcrübəsini təşkil edir.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva məzunları təbrik edib, onlara uğurlu karyera arzulayıb. O vurğulayıb ki, respublikada turizmin inkişafına dövlət səviyyəsində xüsusi diqqət ayrılıb. Bununla bağlı müvafiq dövlət proqramı da qəbul olunub. Ölkəmizdə turizm sektorunun inkişafı, respublikaya turist axınının ilbəil artması bu sahəyə göstərilən qayğıdan irəli gəlir.

ATMU-nun nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbinin direktoru Neylufər Kərimova, Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin proqram direktoru Jens Peter və digər çıxış edənlər bu ali təhsil ocağının fəaliyyətindən danışıblar. Diqqətə çatdırılıb ki, ATMU ixtisaslı kadrlar yetişdirməklə ölkəmizdə turizmin inkişafına böyük töhfə verir. Hazırda ATMU dünyanın bir sıra nüfuzlu ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir, beynəlxalq təhsil proqramlarından bəhrələnir.

Məzunlar universitetin rəhbərliyinə və müəllimlərinə minnətdarlıqlarını bildiriblər. Sonda Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti ilə ATMU-nun birgə icra etdiyi beynəlxalq proqram məzunlarına, universitetin müxtəlif fakültələrini “əla” qiymətlərlə bitirən gənclərə diplomlar, bu ali təhsil ocağının təhsildə və ictimai işlərdə fərqlənən tələbələrinə isə plaketlər təqdim edilib.

OXŞAR XƏBƏRLƏR