Ofisi başımıza dar edənlər – TOP-10

Əmlak 11 Iyul 2017 17:57 962
Ofisi başımıza dar edənlər – TOP-10

Hər ofisdə müxtəlif təbiəti, vərdişləri, həyat təcrübəsi, həyat baxışı olan insanlar toplaşır. Biz çoxsaylı meyarlara görə fərqli olan müasir ofis əməkdaşlarının bir-birinə qarşı nəyi irad tutduğunu araşdırmaq istədik.

Ofisdə qıcıqlanmaya səbəb olan davranış və məfhumları müəyyən etmək üçün yaş, ixtisas, vəzifə, peşə və təhsil baxımından tamamən fərqli olan insanlara müraciət etdik. Nəticə olaraq ofisdə qıcıqlanma səbəblərinin top-10-luğunu təqdim edirik.

YÜKSƏK SƏSLƏ DANIŞANLAR 

Hər bir toplumda danışmağa hava və su qədər ehtiyacı olan fərd mütləq olur. Ən çox qıcıqlandıran məqam isə bu fərdin bəzəyə-düzəyə danışdıqlarının işə heç bir aidiyyəti olmamasıdır. Mövzu müxtəlif ola bilər: uşaqların məktəbi, ərinin işi, xanımının yeni işi, təmir, istirahət, siyasət, sağlamlıq, qısaca, işdən başqa hər şeydən danışa bilərlər. İki çıxış yolu var: ofisdə bütün gün qulaqlıqla oturmaq və ya natiqin növbəti mövzu üzrə məruzəsi üçün boğazını arıtladığı vaxt kobudluq etmədən qısa cavab verərək sakitliyi qorumaq. 

İŞ MASASI ARXASINDA YEMƏK YEYƏNLƏR

Ofis işçilərinin şikayətləndiyi növbəti məqam bəzi əməkdaşların ofisdə iş masası arxasında yemək yemələridir. Yeməklər bir qayda olaraq mətbəxdə yeyilməlidir! Yanınızda oturan şəxsin kəskin iyli nəsə yediyini və ya günəbaxan tumu çırtladığını təsəvvür edin. 

QOXULAR 

Bura, sadəcə, yemək qoxuları deyil, eləcə də, ətirlər, dırnaq boyası, saç lakı da aiddir.
Xanımlar, növbəti dəfə dırnağınızı boyayanda düşünün, etdiyiniz yanlışdır, yanınızda oturan şəxs isə cinsindən asılı olmayaraq, sadəcə, nəzakət xətrinə susur.

ŞƏXSİ SƏRHƏDLƏRƏ MÜNASİBƏT 

Nədənsə bu məqama çox adam fikir vermir, amma masa arxasında oturan şəxsin arxasında dayanıb söhbət etmək və ya monitora gözünü zilləmək heç də yaxşı hərəkət deyil. Stulda oturan əməkdaşla ayaq üstə dayanaraq deyil, yanaşı oturub danışmaq lazımdır. Həmçinin başqasının masasından və ya dolabından icazə almadan heç nə, hətta konfet belə götürmək olmaz! 

KƏNAR SƏSLƏR 

Ofisdə diqqətini işə verərkən, yanında dırnaqları və ya qələm ilə masanı döyəcləyən, vərəqləri xışıldadan, çayı uzun müddət qarışdıran əməkdaşın qonşu divarı direllə deşən ustadan fərqi yoxdur. 

MOBİL TELEFON ZƏNGLƏRİ 

Telefon zənginin səsi qıcıqlandırıcılar arasında xüsusi reytinqə malikdir. Etiraf edin ki, bəzən telefon zəngində səslənən musiqi sevdiyiniz musiqi olsa belə, nifrət hissini özünüzdən kənarlaşdıra bilmirsiniz. Tərslikdən mobil telefonlara zəng sahibləri məhz otaqdan çıxdıqları zaman gəlir. 

MASADAKI XAOS 

Masadakı oyuncaq, foto, xırda, lazımsız səliqəsiz atılmış əşyalar, kompüter monitor əməkdaşınız haqqında çox şey deyə bilər. Qarışıqlıq, adətən, masa sahibinin  pintiliyi, işlərinin dəqiq və ardıcıl qura bilməməsinə dəlalət edir. Ofisdə arada iməclik təşkil edib, lazımsız əşyalardan yaxa qurtarmağın yalnız xeyri ola bilər. 

KONDİSİONERİN PULTU UĞRUNDA MÜBARİZƏ 

Hamıya məlumdur ki, yayda insanlar iki növə bölünürlər: istidən əziyyət çəkənlər və kondisionerin soyuq havasına dözməyənlər. Yeri gəlmişkən, bu problem yalnız yayda deyil, eləcə də, soyuq aylarda olur, belə ki, bəzən bütün ofis əhli bir əməkdaşa soyuqdur deyə pəncərəni açıb otağı havalandırmağa həsrət qalır.

OFİS SOYUDUCUSUNDAN OĞURLUQ EDƏNLƏR

Adətən, ümumi soyuducudan ketçup, mayonez və ya içkilər götürülür. İkinci yerdə bir neçə gün heç kimin toxunmadığı ərzaqlar dayanır. Belə qarətlərə məruz qalmaq istəmirsinizsə, ərzaqları şəffaf olmayan paketə qoyun. İnsan psixoloji olaraq ona aid olmayan paketi açıb içindəkini yoxlamaqdan çəkinir.  Ən azından buna ümid edə bilərik! 

XƏSTƏ HALDA İŞƏ GƏLƏNLƏR

Xəstə halda işə gəlmə adət olub. Çox zaman bunu həkimə gedib uzun-uzadı qəbulda oturmaq istəmədiyi ilə izah edirlər. Yoluxucu xəstəlikdən əziyyət çəkən əməkdaşın işə gəlməsi digər əməkdaşların səhhəti, iş görmə qabiliyyəti üçün təhlükəlidir.  Axı istənilən şirkətin uğuru fasiləsiz iş rejimindən asılıdır, bu isə ilk növbədə müdiriyyəti narahat etməlidir.  

Bəs sizi ofisdə nə qıcıqlandırır?

OXŞAR XƏBƏRLƏR