II-III qruplarının abituriyentləri üçün - QƏBUL İMTAHANI

Təhsil və karyera 12 Iyul 2017 16:04 1385
II-III qruplarının abituriyentləri üçün - QƏBUL İMTAHANI

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 14-də 2017/2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

Seyyah.az-ın DİM-ə istinadən verdiyi məlumata görə, imtahan ölkənin 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində, ümumilikdə 66 binada aparılacaq.

İmtahanların idarə olunmasına 242 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2728 nəzarətçi-müəllim cəlb olunacaq.

Bütün regionlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. İmtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb, imtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün “stasionar metal axtaran aparatlar, imtahan iştirakçılarının şəxsiyyətinin müəyyən edilməsi üçün “barkod-skaner”lər quraşdırılıb. İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl DİM və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.

Məlumat üçün bildirək ki, imtahanda 34041 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 17888 abituriyent II qrup üzrə, 16153 abituriyent III qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 31037 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 16009, III qrup üzrə 15028 nəfər), 3004 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1879, III qrup üzrə 1125 nəfər) məzunudur. Abituriyentlərin 15407 nəfəri oğlanlar (II qrup üzrə 11124 nəfər, III qrup üzrə 4283 nəfər), 18634 nəfəri isə qızlardır (II qrup üzrə 6764 nəfər, III qrup üzrə 11870 nəfər). 25741 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 6903 nəfər əvvəlki illərin məzunlarıdır. 59 nəfər ali təhsil müəssisələrinin, 1338 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 176 abituriyent xarici ölkələrin vətəndaşlarıdır. Ən yaşlı abituriyent 1959-cu ildən, ən gənci isə 2002-ci ildəndir.
Bakı şəhərində 15190, Naxçıvanda 1577, Gəncədə 3554, Sumqayıtda 1657, Mingəçevirdə 1412, Şəkidə 1992, Bərdədə 2201, Göyçayda 1391, Şirvanda 1565, Lənkəranda 2197, Xaçmazda isə 1305 abituriyentin imtahan verəcəyi gözlənilir.

İmtahanın gedişini işıqlandırmaq üçün 70-dək KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.

OXŞAR XƏBƏRLƏR