Cəfa çəkməsən, səfa sürməzsən… - İSPANİYADA TƏHSİL

Təhsil və karyera 26 Iyul 2017 00:50 1863
Cəfa çəkməsən, səfa sürməzsən… - İSPANİYADA TƏHSİL

İspaniyada təhsil alan tələbəmizdən xəbər var.

Özünüz haqda qısa məlumat.

Mən, Hətəmova Aliyə Rafiq qızı 1998-ci ildə Şabran şəhərində anadan olmuşam və orta təhsilimi orada başa vurmuşam. 2015-ci ildə Xəzər Universitetinin Kimya mühəndisliyi fakültəsinə qəbul olmuşam. Hal-hazırda İspaniyanın Valensiya şəhərində Politexnik Universitetinin  Sənaye mühəndisliyi (Industrial Engineering) ixtisası üzrə təhsilimi davam etdirirəm. Buradakı bir semestrlik təhsil almaq şansına “Erasmus +” proqramı vasitəsilə nail olmuşam.

18763051_436752253353694_1609469655_n

Təhsilinizi niyə xaricdə davam etdirmək qərarına gəldiniz?

Əslində bu, mənim üçün də gözlənilməz oldu. Magistratura təhsilimi xaricdə almağı düşünərkən”Erasmus +”dan müsahibə götürmək üçün mənə zəng gəldi və mən də ani qərarla bu şansımı qaçırmadım.

ERASMUS proqramı haqqında məlumat verin.

“Erasmus +” Avropa Birliyi nəzdində fəaliyyət göstərən  Avropa Komissiyası tərəfindən maliyyələşən bir təhsil proqramıdır. Bu proqram  Avropa Birliyi tərəfindən təhsil və gənclik sahəsində həyata keçirilən “Həyatboyu Öyrənmə və Gənclik Proqramları”nın yerinə tətbiq olunan yeni proqramdır. Təhsil aldığınız müddətdə  yaşamaq üçün ehtiyacların qarşılanmasını, gediş və geri dönüş biletlərini özündə birləşdirən Təqaüd paketinə yiyələnirsiniz. ERASMUS 1987-ci ildə yaradılan Tələbə Mübadiləsi Proqramıdır. ERASMUS-un ölkələrdən, şərtlərdən, təqaüdlərdən asılı olaraq, hər il Bakalavr, Magistratura, Doktorant dərəcələri üzrə və artıq təcrübəli işçilər (adətən, universitet müəllimləri) üçün də bir neçə proqramı ilə tanınır.

Üç hədəf qrupu üzrə tələbə seçimi aparılır:

Birinci hədəf qrupuna universitetin və xaricdə müraciət edəcəyiniz ali məktəbin arasında tərəfdaşlığı olan tələbələr aiddir.

İkinci hədəf qrupuna oxuduğunuz universitet ilə xaricdə müraciət edəcəyiniz universitet arasında əlaqəsi olmayan tələbələr aiddir.

Üçüncü hədəf qrupuna məcburi köçkünlər, əlillik statusu olan tələbələr aiddir.

Oxuduğunuz universitetin və fakültənin hansı üstünlükləri var?

Hazırda təhsil aldığım universitet, həqiqətən, yüksək səviyyəli şəraitə malik bir təhsil ocağıdır. Öz ixtisasımla bağlı ölkəmdə əldə edə bilməyəcəyim təcrübəyə burada yiyələnirəm. Yüksək səviyyəli laboratoriyalarda təcrübə aparmaq bunun ən bariz nümunəsidir. Həmçinin ali məktəbdə müxtəlif idman növləri üzrə fəalliyyət göstərən mərkəzlərdən də yararlanmaqla eyni vaxtda sağlamlığımın qayğısına qalıram.

Magistratura təhsili haqqında nə fikirləşirsiniz?

Magistratura təhsilimi Almaniyada davam etdirmək istərdim. Amma nəzərə alsaq ki, hələ II kurs tələbəsiyəm və söhbət gələcək planlardan gedirsə, onda məkanla bağlı fikrimin dəyişmək ehtimalı danılmazdır.

Bu ölkəni ideal təhsilin ünvanlarından biri kimi dəyərləndirmək olar? 

Burada dil ilə bağlı problemlər çox olur. Belə ki, dərslərin əksəriyyətinin ispan dilində tədris edilməsi və oxumaq üçün materialların ispan dilində verilməsi bir az çətinliklər yaradır. Məsələn, mən bura gəlməzdən əvvəl öz ixtisasımla bağlı ingilis dilində tədris olunan fənn seçimlərində çətinliklərlə qarşılaşdım. Bayaq dediyim kimi əksəriyyət ixtisas fənninin ingilis dilində deyil, ispan dilində tədrisi müəyyən maneələr yaradır. Buna baxmayaraq, bu universiteti ispan dilini mükəmməl bilən tələbə üçün ideal universitet hesab etmək olar.

Universitetlə bizi qiyabi olsa da tanış edin.

Valensiya Politexnik Universiteti Valensiyanin Ali Politexnik İnstitutunun yarandığı dövrdə  (1968-1969-cu ildə) yaradılmışdır. O zaman universitet 4 əsas fakültədən ibarət olub: Kənd təsərrüfatı  fakültəsi, Memarlıq və İncəsənət fakültəsi, İnşaat mühəndisliyi və Sənaye mühəndisliyi fakültəsi.

Hazırda universitet 5 kampusdan ibarətdir: Vera, Blasco Ibáñez, Alcoy, Gandía and Xátiva.Universitetin 42.000-dən çox işşi heyəti var . Bu universitetin başçılığı altında on məktəb və iki ali politexnik məktəb fəalliyyət göstərir.

Təhsil aldığınız ölkəyə uyğunlaşmaq sizin üçün çətin oldu?

Mənim üçün bura uyğunlaşmaq çətin olmadı. Yaşamaq üçün yaxşı şəraitə malik bir şəhərdir. Yeri gəlmişkən, sakinləri də çox mehribandır.

Təhsil almaq və orda qalmaq üçün xərclərinizi  necə ödəyirsiniz?

Təhsil almaq və yaşam üçün mənə verilən təqaüddən istifadə edirəm və təbii ki, ailəmin də dəstəyi burada az deyil.

Asudə vaxtlarınızı tələbə yoldaşlarınızla necə keçirirsiniz?

Asudə vaxtlarımda universitetin özündə idmanla məşğul oluram və vaxt olanda dostlarımla Valensiyanı gəzib, daha yaxından tanımağa çalışıram. Bəzən tələbə yoldaşlarımızla başqa ölkələrə səyahət edirik.

Xaricdə təhsil almaq arzusunda olan gənclərə hansı tövsiyələri çatdırmaq istərdiniz?

Qarşınıza çıxan səmərəli fürsətləri dəyərləndirməyə çalışın. İnanın ki, xaricdə oxumaqla çox şey qazanacaqsınız. Xaricdə oxuyub, onu düzgün dəyərləndirə bilən gənclərə əzm, inam və güc arzulayıram. Bəzi prosedurların çətin olmasına baxmayaraq, nəyə görə o çətinliklərə qatlandığını bilib, hədəfə doğru ürəklə can atırsınızsa, sizdən güclü  insan yoxdur.

Valideynlərimin tez-tez səsləndirdiyi “cəfa çəkməsən səfa sürməzsən” kəlamı mənim üçün uğura, karyeraya, bir sözlə, gözəl gələcəyə aparan şüardır. Nailiyyət, uğur, hədəfə çatmaq sevincini dadmaq üçün, sizcə, cəfa çəkməyə dəyməzmi?!

Mənbə: xaricdetehsil.news

OXŞAR XƏBƏRLƏR