Bakıdakı bağ evlərinin kirayə haqları - 10 MİNƏ ÇATAN QİYMƏTLƏR

Əmlak 6 Avqust 2017 14:28 1917
Bakıdakı bağ evlərinin kirayə haqları - 10 MİNƏ ÇATAN QİYMƏTLƏR

Yay mövsümünün başa çatmasına 1 aydan da az qaldı. İstirahət üçün avqustu gözləyənlərin seçim imkanı daralıb - bölgələrdəki istirahət mərkəzlərində yerlər dolub. Son ümid Bakı kəndlərinədir – burada kirayə verilən bağ evləri çoxdur, amma mövsümün sonu olduğundan qiymətlər qalxıb.

Seyyah.az xəbər verir ki, Virtualaz.org saytı Bakı kəndlərində kirayə bağ evləri və villaların qiyməti ilə maraqlanıb. Bəlli olub ki, ötən illərə nisbətən bu mövsümdə villalarını kirayə verənlərin sayı daha çoxdur. Hətta villasında özü yaşadığı halda kirayənişin saxlamaq istəyənlər də az deyil. Villaların aylıq kirayə haqqı 2 min manatdan başlayır.

Ev dəllalı Adil Yusifov deyir ki, Mərdəkan, Bigəh, Pirşağı, Novxanıda ucuz bağ evi tapmaq çətindir. Xüsusilə, dənizə yaxın ərazilərdə bağ evlərinin kirayəsi 2000 manatdan başlayır. “Novxanıda dənizə yaxın ərazidə daimi isti-soyuq suyu, hamamı, interneti, soyuducu sistemi olan 3 otaqlı bağ evlərinin qiyməti 2 min manatdır. Həyətində hovuzu, meyvə ağacları olan iki mərtəbəli bağ evlərinin qiyməti 2500 manatdan başlayır. Bəzən bağ seçənlər dənizə deyil, hovuza üstünlük verir”, - Adil söyləyir.

Mərdəkanda 6-10 min manata kirayə təklif edilən villalar da var. Ev dəllalı deyir ki, dənizin bir addımlığında, Rusiyada yaşayan iş adamına məxsus villada kiçik cənnət qurulub. Bu “cənnət” aylıq 10 min manata başa gəlir. “5-6 min manatlıq villalar da var, sahibi günlərlə qapısını açmayıb. Bu il kirayə verilib, amma yaxın duran yoxdur”, - dəllal əlavə edir.

Villasında özü yaşasa da, kirayənişin axtaranlar da var. Belə evlərin qiyməti 2300-3000 manat arasındadır. Mətbəxt, hamam ayrıdır.

Novxanıda həm dənizə, həm də istirahət mərkəzlərinə yaxın yerləşən bağ evlərinin qiyməti 2600 manatdan başlayır. Məsələn, magistral yoldan 50 metr kənarda 2 mərtəbəli, 7 otaqlı, 2 mətbəx, 2 hamamı olan bağ evini 2700 manata kirayələmək olar. Ev dəllalı Elçin Qənbərov deyir ki, 3 mərtəbəli əla təmirli villa 4200 manata təklif edilir. Həyətində 2 hovuz, 3 “besedka”, süni şəlalə, meyvə ağacları var. Villanın sahibinin Bakı kəndlərində 4-5 bağ evi var, müflüsləşəndən sonra kirayəyə çıxarıb.

Amma 800 manata da bağ evi tapmaq mümkündür. “Avqustda mövsümün sonu olduğu üçün bahalaşma olur, bağlarda istirahət edənlər bilirlər, ona görə də, apreldən axtarışa çıxırlar. Tam təmirli, şəraiti olan bağ evi axtaranlar Azərbaycanda işləyən əcnəbilər və ya imkanlı ailələrdir”, - E.Qənbərov deyir.

Elan saytlarında da kirayə bağ evləri təklifləri var. Məsələn, Bilgəhdə dənizdən 500 metr aralıda 3 mərtəbəli bağ evini aylıq 5 min manata kirayə verirlər. Villada 4 yataq otağı, 3 hovuz, sauna, təndir, manqal var. Dənizin bir addımlığında süni şəlaləsi, bostanı olan villa 8 min manata kirayə verilir.

Şüvəlanda 9500 manata kirayə verilən bağ evində 22 ölkədən gətirilən ağac, 40 növ quş var.

Elçin onu da deyir ki, əvvəl ucuz bağlar çox olsa da, son bir ildə villasını kirayə verənlər artıb. Çünki bu villaları saxlamaq baha başa gəlir, kirayə ilə heç olmasa kommunal xərcləri çıxarmağa çalışırlar. Ölkəyə turist axını və bölgələrdə yerlərin dolmasından istifadə edib qiyməti artırırlar.

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı söyləyir ki, bağ evlərinin kirayə qiyməti həmişə yüksək olub. Amma ötən illərə nisbətən kirayə bağ evi axtaranların sayında azalma müşahidə edilir, çünki maddi çətinlik burda da özünü göstərir. “Qiymətlər evin dənizə yaxın olması, otaqların sayı və şəraitə görə dəyişir. Lakin ötən ilə nisbətən 3-5 min manata bağ evi kirayələmək istəyənlər azalıb”, - ekspert deyir.

Dənizi sevdiyi üçün hər il Bakı kəndlərinə üz tutan Mehman Məmmədov isə deyir ki, bağ evləri villalarla əvəzlənəndən kirayə evlərin qiyməti əlçatmaz olub. “Son 4-5 ilə qədər bağ kirayə götürürdük, uşaqlar səhər-axşam dənizə gedirdilər. İndi şəraiti olan kirayə evlər aylıq maaşımdan da çoxdur, bağa, dənizə həsrət qalmışıq”, - Mehman təəssüflənir. Ev dəllalları ona Zirədə 200 manatlıq bağ təklif edir, təmirsiz 2 otağı, balaca həyəti var…

OXŞAR XƏBƏRLƏR