Macarıstan azərbaycanlı tələbələrdən imtina etdi

Təhsil və karyera 9 Avqust 2017 00:37 2475
Macarıstan azərbaycanlı tələbələrdən imtina etdi

Macarıstanda təhsil almağı planlaşdıran azərbaycanlı tələbələr ciddi problemlə üzləşiblər. Macarıstanın Tempus Fondu 40 nəfər azərbaycanlı tələbənin təhsil xərclərini ödəməkdən imtina edib. Seyyah.az xəbər verir ki, bu barədə həmin tələbələrin valideynləri məlumat verib.

Bildiriblər ki, Azərbaycan Təhsil Nazirliyi ilə Macarıstan hökuməti arasındakı anlaşmaya uyğun olaraq Tempus Fondu  ölkəmizdən 200 nəfər tələbənin Macarıstanın müxtəlif universitetlərində təhsilini maliyyələşdirməli və təqaüdlə təmin etməli idi. Lakin həmin Fond müsabiqədən və imtahanlardan keçən və Macarıstan universitetləri tərəfindən qəbul olunan 200 tələbədən  40 nəfərinin təhsil xərclərini maliyyələşdirməkdən son anda imtina edib. Məsələnin ən pis tərəfi odur ki, Macarıstan tərəfinin bu qərarı Avropanın bütün universitetlərinə imtahanların baş çatmasından sonra açıqlanıb. Yəni maliyyədən məhrum olan tələbələr təhsil üçün əlavə variant tapmaqdan məhrum olublar:

"Hansı ki, həmin vaxt artıq Qərb universitetlərinə və digər fondlara müraciət və imtahan müddəti bitmişdi. Saymazlığın dərəcəsinə baxın ki, Fondun rəhbərliyi bu barədə abituriyentlərə, izahatları bir tərəfə, xəbər belə verməyib. Azərbaycan Təhsil Nazirliyinə ümumi xarakterli məktub yazmaqla kifayətləniblər. Həmin 40 uşaq da qalıb ortalıqda"-deyə hiddətlənmiş valideynlər bildirib.

Valideynlərin sözlərinə görə, bu vəziyyətdə tələbələrə Təhsil Nazirliyi də kömək etmək iqtidarında deyil: "Təhsil Nazirliyi məktub yazsa da saya salmırlar. Bir sözlər, Macarıstan hökuməti bizə qarşı açıq hörmətsizlik nümayiş etdirir.  Valideynlər Tempus Fondunu məhkəməyə vermək qərarına gəliblər".

Seyyah.az həmin razılaşmanı təqdim edir. Qeyd edək ki, sənəd Macarıstan Respublikasının İnsan Resursları Nazirliyi tərəfindən imzalanıb.

Azərbaycan Respublikasnın Təhsil Nazirliyi ilə Macarıstanın
İnsan Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə

 

İŞ PROQRAMI

 

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Macarıstanın İnsan Resurs­ları Nazirliyi (bundan sonra “Tərəflər” adlandırılacaq) təhsil sahəsində münasi­bətlərini və əməkdaşlığı daha da inkişaf etdirmək məqsədi ilə, 2012-ci il okt­yabrın 9-da Budapeştdə imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Macanstan Hökuməti arasında təhsil, elm və mədəniyyət üzrə əməkdaşlığa da­ir Saziş”in mahiyyətinə uyğun olaraq, 2015-2017-ci illərə dair aşağıdakı Təhsil üzrə İş Proqramını qəbul edirlər.

 

Maddə 1

 

Macarıstan Tərəfi tam bakalavriat və magistratura təhsil proqramları üzrə Macarıstanda təhsil almaq məqsədi ilə hər il Azərbaycan Respublikasının 200 vətəndaşı üçün aşağıdakı çərçivə əsasında təqaüdlər ayıracaqdır:

kənd təsərrüfatı və su idarəetməsi sahəsində 40 təqaüd, təbiət elmləri və da­vamlı inkişaf üçün 30 təqaüd, tibb elmləri üçün 10 təqaüd, turizm üçün 40 tə­qaüd, mühəndislik, informasiya texnologiyaları və texnologiyalar üçün 30 tə­qaüd, iqtisadiyyat, biznes və idarəetmə elmləri üçün 40 təqaüd. Əlavə olaraq, Macanstan Tərəfi istənilən maraq dairəsi üzrə ingilis dilində tam doktorantura təhsili üçün 10 təqaüd təqdim edir.

Maddə 2

Macarıstan Tərəfi təqaüdçüləri aşağıdakılarla təmin edir:

- ödənişsiz təhsil

- universitet yataqxanasında yaşayış

- tibbi sığorta

- aylıq təqaüd (aylıq təqaüdlər ev sahibi təhsil müəssisələri tərəfindən veri­ləcəkdir. Təqaüdlərin həcmi mövcud qanunlara uyğun olaraq bakalavriat və magistratura proqramlarında aylıq 40460 Macarıstan forinti və doktorantura tə­ləbələri üçün aylıq 100000 Macarıstan forintdir) ilə təmin edəcəkdir.

Macar dilində ali təhsilə başlamaqdan əvvəl tələbələr Balassi İnstitutunda birillik hazırlıq kursu keçməlidirlər. İngilis dilində proqramlar üçün müraciət edən tələbələr ev sahibi təhsil müəssisəsi tərəfindən müəyyən olunmuş səviy­yəyə müvafiq ingilis dili biliyininə malik olmalıdırlar. Macarıstan Tərəfi hazır­lıq ili üçün 1-ci və 2-ci maddələrdə nəzərdə tutulan universitet təhsili üçün müəyyən olunmuş təqaüd şərtlərini təqdim edəcəkdir.

Müraciət formaları və əlavə məlumat (faktiki aylıq təqaüd, yaşayış, nəqliy­yat xərcləri, tibbi sığorta və s.) Macarıstan Təqaüd Heyəti tərəfindən təmin olu­nacaqdır.

Maddə 3

Hazırkı İş Proqramı imzalandığı gündən qüvvəyə minəcək və 31 dekabr 2017-ci il tarixinə qədər qüvvədə qalacaqdır.

Bu İş Proqramına əlavə və düzəlişlər Tərəflərin yazılı formada qarşılıqlı ra­zılığı əsasında diplomatik kanallar vasitəsilə edilə bilər.

İş Proqramını hər hansı bir Tərəf diplomatik kanallar vasitəsilə yazılı forma­da ləğv edə bilər. Bu halda İş Proqramı onun ləğv olunması haqqında bildirişin alınmasından altı ay sonra qüvvədən düşür. Bu İş Proqramı ləğv edildiyi təqdir­də, mövcud proqram və layihələrə münasibətdə onun müddəalarının həyata ke­çirilməsi həmin proqram və layihələr başa çatana qədər davam edəcəkdir.

Bu İş Proqramının təfsiri və ya tətbiqi ilə bağlı Tərəflər arasında yarana bi­ləcək hər hansı fikir ayrılığı məsləhətləşmələr və danışıqlar yolu ilə həll edilə­cəkdir.

Budapeşt şəhərində 11 noyabr 2014-cü il tarixində, hər biri Azərbaycan, ma­car və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilin­dəki mətndən istifadə ediləcəkdir.

 

Azərbaycan Respublikasının

Macarıstanın

Təhsil Nazirliyi

İnsan Resursları Nazirliyi

adından

adından

(imza)

(imza)

 

           

Xatırladaq ki, Tempus Fondu 1996-cı ildə Macarıstan hökuməti tərəfindən yaradılıb və Avropa İttifaqı ilə əməkdaşlıq edir.

OXŞAR XƏBƏRLƏR