Komfort zonasından qaçış — AZƏRBAYCAN, GÜRCÜSTAN, TÜRKIYƏ

Şəxsi təcrübə 11 Avqust 2017 12:25 1749
Komfort zonasından qaçış — AZƏRBAYCAN, GÜRCÜSTAN, TÜRKIYƏ

Seyyah.az ölkə vətəndaşlarının və səyahət həvəskarlarının şəxsi təcrübələrini dərc edir. Moto Bayker Namiq Əhmədzadə dostları ilə birlikdə həyata keçirdiyi Azərbaycan-Gürcüstan-Türkiyə moto turu barədə səfər təəsüratlarını bölüşür: 

 

Fikrimcə insanlar istirahət mövzusunda 2 qrupa bölünürlər:

1. Sakit… Rahat… Gərginlik səviyyəsi minimumda… Beyini gücə salmadan, qayğılardan uzaq olan «adam kimi» istirahət edən insanlar qrupu.

2. Özünə zülm verən, toz-torpağın, kirin-tərin içində, daim gərgin, avanturist, sonra nə olacağını düşünməyən, yorğunluqdan, əziyyət çəkməkdən həzz alan manyak və hardasa yüngül mazoxizm səpkisi olan və istirahətdən sonra «özünə» gəlmək üçün daha bir normal istirahətə ehtiyacı olan insanlar qrupu 

Mən ikinci tipə aidəm 

Daim komfort dolu ofisdə oturub «ofis planktonu» ruhunu yaşayan erkək cinsinin nümayəndəsində heç olmasa ildə 1-2 dəfə «təbiətə çıxıb ov etmək», «qaçmaq, tullanmaq», avanturaya getmək, gözlənilməz vəziyyətlə baş-başa qalmaq, öz komfort zonasını tərk etmək istəyi yaranır.

Belə bir istək bizi  Trabzona doğru çəkdi!

Səhər tezdən Bakıdan 06:00-da start götürdük! Elə üstündən 5 dəqiqə keçmədi ki, polis bizi saxladı…

-İçkilisiz? — Deyə DYP əməkdaşı sordu bizdən…

-Ay qardaş, saat 6-da, zirehlənmiş geyimdə, yük ilə dolu motosikletlə nə içmək?! Uzaq yolumuz var. İçkili deyilik, içən də deyilik.

-Heç biriniz içməmisiz?! — Deyə polis işçisi yenə sordu… bir az sükutdan sonra, — yaxşı, gedin, — dedi. İsterik gülüşlə getdi əyləşdi maşına.

Tezliklə çatdıq Böyük Kəsik sərhəd məntəqəsinə və sərhəd məntəqəsi işçisindən «gedin, növbədə durun!» cümləsini eşidəndə yumşaq mənada şok olduq. -Motosiklet maşın növbəsində dursun? deyə sorduq -Bəli bizdə belədi, gedin növbənizə…

Uzun sürən danışıqlardan və sərhəd keçid məntəqəsinin əksər zabit heyəti ilə bir-bir söhbətləşdikdən sonra, motosiklet, maşın və yük maşınlarının növbələrənin fərqli-fərqli olduğu sakit-sakit anlatmağa çalışaraq, bizə bir neçə maşını buraxmaq şərtilə keçməyə icazə verdilər.

Tbilisidə nahar

Tbilisidə McDonald’s-da nahar edərkən növbəti nöqtənin hara olmağını danışırdıq. Düz deyirlər ki, əgər özünü xoşbəxt hiss edirsənsə, heç bir söz vermə  Qarnımızın tox halında söz vermək asan olur. Qərara gəldik ki, gedək düz Trabzona kimi. Hətta kişi-kişi oteldə nömrə də bron elədik 

Batumiyə gedənlər bilər ki, şəhərə çatana yaxın sonuncu aşırımı da keçmək lazımdı. O dolaylarda da həmişə bir hadisə baş verir və uzun sıxlıq yaranır. Bu dəfə də elə oldu. Yolu polis bağlamışdı. Nə isə hadisə baş vermişdir. Motosikletdə olmaq xoşbəxtliyindən yararlanıb qarşı yola çıxıb getməyə başladıq. Yolda üzbəüz gələn digər baykerlər işarə edirdilər ki, geri qayıdaq, yol bağlıdır. Bəxtimiz gətirdi ki, hadisə yerinə çatanda polis maşını tam başqa yola getməyi işarə etdi və özü də bizi müşaiət etməyə başladı. Alternativ bir yol ilə, kəndin içi ilə qaranlıq, dar yollarla, qarşımızda polis maşının sayrışan işıqları ilə gecə 12-də naməlum istiqamətə gedirik. Bizim arxamızda da digər maşınlar sürü ilə gəlir. Yol o dərəcədə dar idi ki, qarşı-qarşıya gələn avtomobillər çox çətinliklə yanbayan keçə bilərdilər.

Az getdik, üz getdik, dərə-təpə düz getdik, gəldik çıxdıq əsas yola. Bu dolaylar demək olar bütün gücümüzü almışdı.

Batumidə şam yeməyi

Batumidə oturanda heç kim səsin çıxarmasa da, hamı artıq getmək istəmirdi  Ortada sadəcə otelin ödənilmiş pulu var idi  Məcbur getməli idik …

Zülm-zillətlə Gürcüstan-Türkiyə sərhədinə çatdıq. Sərhədi keçən kimi əks tərəfdə hərbi geyimli zabitlər maşını yanımıza sürüb saxla əmri verdilər. Sürücülük vəsiqələrimizi götürüb kənara çəkilib nəyisə yoxladılar. Düzü anlamadıq nə səbəb idi. Sonra buraxdılar bizi.

Artıq yolun hər bir metri çox gec getməyə başlamışdı. Yorulmuşduq. Yuxusuz idik. Yol qısalmırdı. Navigatorda 100 km-dən 99 km-ə düşənə kimi sanki 1 saat keçirdi. Yollar boş idi. Sadəcə ətraf hər yer qaranlıq idi deyə baxmağa, baş qarışdırmağa bir şey yox idi. Yolun xətləri isə gözlərimizi qipnoz edir və yuxu gətirirdi. Yuxu isə vaxtsız gələn qonaq kimi: «salam aleykum, mən gəlmişəm» -deyirdi.

90 km qalmış dözə bilmədik. Yanacaqdoldurma məntəqəsində saxlayıb energetik içki aldıq. Sonuncu 90 km-ə «udarnıy» dozanı vurmaq lazım idi. Boş yollarda başladıq «oyun çıxartmağa». Yarışırdıq  Amma bu hal düz 10 dəqiqə çəkdi. Energetikin təsiri də keçdi… Amma demək olar ki, yolun «canını almışdıq».

Artıq 22 saat idi ki, yoldaydıq. Yol isə acı bağırsaq kimi uzanırdı. Demək olar ki, 1200 km yol qət edilmişdi. Bir tərəfdən də havanın temperaturu 14 dərəcəyə düşmüş mən isə sözün birbaşa mənasında soyuqdan qışqırırdım. Oteli isə tapa bilmirdik.

Otelə çatanda səhrada suzuz qalan insanın oazis tapmış kimi halımız var idi :))  Bir o yadımdadır ki, əynimi dəyişib yatağa tərəf getdim, qalanı yadımda deyil  deyəsən yatağın yanına çatanda sönüb yerimə yıxılmışdım.

Uzungöl — Kilpa Otel

Uzungöl ətrafı

 

Uzungöldə gecələyib dincəldikdən sonra, Trabzonun ən məşhur görməli yeri olan Sumela monastırına getməyi qərara almışdıq.

Amma ki…) Amma ki, biz əvvəldə qeyd etdiyim kimi, rahatlığa allergiyası olan adamlar qrupundanıq  biz 5-ci nöqtəmizə macəra tapmağı sevən adamlarıq.

Sumelaya dədə-baba, «adam-balası» yol ilə getməkdənsə, google xəritəsində dağların arasıyla başqa bir yol tapdıq. Təsəvvür edin, hamı Sumela Monastırına aşağıdan qalxır, biz isə Sumelaya yuxarıdan düşmək istəyirdik  dəli bir avantura hissi 

Biz tapdığımız yol

Trabzon yaylaları ilə gedən yollar çox gözəl idi… Bu gözəlliyi nə şəkillər, nə də ki, sözlər çatdıra bilər.

Yolun yarısından asfalt bitdi və hard enduro mood başladı  Yolsuzluq, svilizasiyadan uzaq yollar.

Qış aylarından qalan qar hələ də əriməmişdir.

 

Kamran offroad bacarıqlarını nümayiş etdirir 

Yolun ortasında naviqator dedi ki, bağışlayın amma burdan yol yoxdur deyəsən azdıq… naviqator gah yolu dəyişir, gah da yolun olmadığını göstərib itirdi. Qarşımıza çıxan tək-tük yerli camaatdan Sumelaya gedən yolu soruşmağa başladıq. Hamı da bizə dəli kimi baxırdı. Ora yol yoxdur, gedə bilməyəcəksiz deyirdilər.

Yerli baykerlərdən yolu soruşarkən

 

Trabzon gözəlliklərindən…

Yolu tapa bilmədik. Dağlarda demək olar ki, 4-5 saatımızı itirdik. Başqa bir yol ilə çətinliklə asfat yola çıxa bildik. Dağların arasıyla Trabzona gedən yol elə gözəl idi ki… Hündür şam ağaclarından olan meşələr, yol boyu səni müşaiət edən gur səsli çaylar… Nəhəng və əzəmətli qaya parçaları, dağın döşünə yayılmış buludlar, qayaların üzərində tikilmiş kənd evləri və məscidlər. Azan vaxtı isə azanın səsi ilə bu gözəlliklərin ahəngi adamın tüklərin biz-biz edirdi.

Axşama yaxın Trabzonda otelimizə çatdıq. Düzdür, Sumelanı görə bilmədik, amma hər işdə bir xeyir vardır deyirlər. Sabahı gün eşitdik ki, Sumela yolunda terror hadisəsi baş verib və iki polis əməkdaşı yaralanıb. Sumelaya gedən yol isə  bağlanıbmış.

Trabzon

 

Bir şehir gördüm,

Yeşıl kadar dengeli ve faziletli, mavi kadar engin ve… özgür olmak istedim.

Ben yalcın kayalıqlarda köpüklenen bir dalğa, gök üzünde pervasız bir martı,

Ben Trabzon olmak istedim…

P.S. Şeirin müəllifinin kim olduğunu bilməsəm də, məni çox duyğulandırmışdı. Trabzona getməmişdən əvvəl internetdə Trabzon haqqında oxuyarkən qarşıma çıxmışdı və qərara almışdım ki, bu şeiri bloqda mütləq qeyd edim. 

Trabzon e.ə 756-ci ildə salınmış Roma, Bizans və Osmanlı imperiyalarına ev sahibliyi etmiş, Turkiyə Cümhuriyyətinin öndə gedən şəhərlərindən biridir. Bu şəhərin hər qarışında, hər daşında fərqli mədəniyyətlərin ruhu vardır. Trabzon hörmətin, sayğının və vafanın şəhəridir. Üzərində taxirin hər cür inanc və düşüncələrin ahəngini yığaraq yaşatmağa davam edən şəhərdir Trabzon. Fatih Sultan Mehmet, Yavuz Sultan Səlim, Sultan Sülüyman Qanuni və Mustafa Kamal Atatürkdən dərin xatirələr saxlayan şəhərdir Trabzon.

Axşama yaxın geriyə yola çıxdıq. Yolumuz Kutaisiyə idi. Gürcüstanın ikinci böyük şəhərinə. Mağaralar və dinozavrlar diyarına  

Kutaisidə olan qoruqlardan biri də Satapliya qoruğudur. Ərazinin meşə örtüyü özündə 70-ə yaxın ağac növlərini cəmləyir. Setapliya qoruğu relikt bitkiləri ilə boldur və ən əsası bu meşələri fərqləndirən cəhət isə ondadır ki, meşənin ot örtüyü yoxdur. Bu qoruğu fərqləndirən digər cəhət isə burda yaşamış dinozarvların ayaq izləri və skiletləridir.

Qoruğun daxilində əsrarəngiz Satapliya mağarası var. 900 metr uzunluqda olan mağaranın yalnız 300 metri turistlərin ixtiyarındadır. Mağaranın havası isə astma, xroniki bronxit kimi xəstələrə xeyirlidi. Temperatur isə 14 dərəcə.

Kutaisidə olsanız mütləq və mütləq Martvili kanyonuna da getməyi unutmayın! Satapliya qoruğundan təqribən 60 km uzaqlıqdadır. Yolu rahat mənzərəsi isə unudulmazdır.

Kanyon ərazisinə giriş 5 lari-dir.

Konyonun lap dibinə düşmək istəsəz rafting-ə bilet əldə etməlisiz. Hər nəfərə 10 lari.

Kanyon ərazisindən çıxıb mütləq yerli kvasın dadına baxın 

Sərin — buz kimi kvas! 

Kutaisidən Tbilisiyə, sonra da Bakıya yol aldıq. Qayıdanda isə adət və ənənəyə sadiq qalaraq Kürdəmir yolundə güclü istiyə düşdük 

+38 Kürdəmir yolu

Sonda isə sözlərimi Qurani Kərimdən bir ayə ilə bitirmək istəyərdim:

"Yeri (Yer kürəsini) sizə ram edən Odur. Onun qoynunda gəzin, (Allahın) ruzisindən yeyin. Axır dönüş də Onadır!"

Gəzin! Səyahət edin!

2017.07.02

Mənbə: mototravelbynamig.wordpress.com

OXŞAR XƏBƏRLƏR