Mənzilin 30 m2-dən artıq hissəsinə vergi - AZƏRBAYCANDA

Əmlak 12 Avqust 2017 22:24 3467
Mənzilin 30 m2-dən artıq hissəsinə vergi - AZƏRBAYCANDA

Çoxmərtəbəli binalarda yaşayan sakinlərdən mənzil istismar sahələrinin, eləcə də yerli bələdiyyələrin mənzil kirayəsi və əmlak vergisi yığması hansı qanunla tənzimlənir?

Vergilər Nazirliyindən bildirilib ki, fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış sahəsinə görə əmlak vergisi həmin əmlakın ümumi sahəsinin 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə görə Vergi Məcəlləsi ilə müəyyən edilmiş dərəcələrlə müvafiq bələdiyyələr tərəfindən hesablanır və verginin ödənilməsi barədə tədiyə bildirişi hər il avqustun 1-dək mənzilin mülkiyyətçisinə çatdırılır.

Mənzilin mülkiyyətçisi isə hesablanmış əmlak vergisinin məbləğini bərabər hissələrlə avqustun 15-i və noyabrın 15-dək banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələrindən istifadə edilməklə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyir.

Mənzil kommunal istismar idarələrinə vətəndaşlar tərəfindən ödənilən məbləğlər isə vergi deyil, dövlət və ictimai mənzil fondu evlərində yerləşən yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə evlərin saxlanılması üçün xidmət haqqıdır. Mənzil (ev) xidməti tarifləri, habelə yaşayış binalarında liftdən istifadəyə görə ödənişlər Nazirlər Kabinetinin 2000-ci il 10 mart tarixli 40 nömrəli Qərarı ilə, mərkəzi istilik sisteminin fəaliyyətinin təşkili və isti su təchizatı ilə bağlı xidmətlərin haqqı Tarif Şurasının müvafiq qərarları ilə müəyyən edilir.

OXŞAR XƏBƏRLƏR