Vyananı belə gəzmək lazımdır - Nərgiz Müzəffərova yazır

Şəxsi təcrübə 16 Avqust 2017 01:52 1273
Vyananı belə gəzmək lazımdır - Nərgiz Müzəffərova yazır

Azərbaycanlıların ən sevdikləri səyahət məkanlarından biri də Avstriya və onun paytaxtı Vyanadır.

Facebook istifadəçisi Nərgiz Müzəffərova Avstriyanın paytaxtı Vyana səfərindən təəssüratlarını bölüşüb.

Seyyah.az oxucularımıza maraqlı, Vyanaya gedənlər üçün isə faydalı ola biləcəyini nəzərə alaraq həmin təəssüratları təqdim edir.  

 

Avstriya, Vyana turu. 


1. Ümumi təəssüratlarım. 
Vyananı haqqında eşitdiklərimə uyğun olaraq çox gözəl təsəvvür edirdim. Gördüklərimdən sonra da qətiyyən yanıltmadı bu şəhər məni. Rahatlıq, gözəl binalar, saraylar, insanlarda olan alicənablıq, küçələrin təmizliyi, səliqəsi, nəqliyyatın uyumluluğu və sair. Bir sözlə Vyana 'Vyana' idi.

2. Gəzib gördüklərim. 
2 günlük tura nəyi sığışdıra bildiksə onları görməyə çalışdıq. Schönbrunn sarayına elə bir gün sərf olundu. 24 avroluq gəzinti paketi almışdıq (adını xatırlamıram) və həmin paketlə saray ərazisində 5 məntəqəyə giriş şansı var idi - Sarayın öz daxili gəzintisi, Orangerie, Qapalı bağ ərazisi, Labirintlər və Gloriette. Mənim kimi şəkil çəkmək həvəskarı üçün o pula dəyərdi, ancaq sadəcə sarayın xarici ərazisini görmək istəyənlər üçün giriş pulsuzdur. Pulsuz ərazi özü sarayın təxminən 70-80 faiz ərazisini əhatə edir. 2-ci gün Rathausplatz, Hofburg sarayı, Parlament binası, Qızılgül bağı, Stephansplatz kilsəsi, Belvedere sarayı və Luna parka gedə bildik. Hər biri gözəl idi. Yolunuz düşsə mütləq bu yerlərə gedin.

3. Məsləhətlərim. 
Vyanaya gedirsinizsə ən azı 4-5 günlük gedin ki, rahat gəzə biləsiniz. Nordsee restoranına gedin, Paolo Bortolotti dondurmalarını dadın, turistlər üçün şəhər avtobus turlarından istifadə edin. Vyanada olanda təcrübəsiz idik deyə bu turlardan istifadə etməmişdik, ona görə də 2-ci gün görməli yerləri axtarıb tapana kimi çox vaxtımız getmişdi. Gedəsi olsanız 20-25 avronuzdan keçin və rahat şəkildə gəzintinizin dadını çıxardın.

4. Nəqliyyat sistemi haqqında. 
Əsas məsələ)) yerin altında və üstündə 6 xətli, 4-5 mərtəbəli metro xətləri, dəmir yolu, tramvaylar, avtobuslar, maşın yolları, velosipedçilər üçün zolaqlar, piyada keçidləri və bunları birləşdirən ümumi bir cəhət - rahatlıq. Şəhərin demək olar hər bir nöqtəsinə metro gedir. Xətlərin çoxluğuna baxmayaraq xəritə çox sadədir, çətinlik çəkmədən istənilən yerə getmək olur. Metroya bilet 2,20 avro idi səhv etmirəmsə. Maraqlı olan o idi ki, biletləri yoxlayan yox idi. Biz 2 gün ərzində 2 dəfə bilet aldıq. Birincini alıb aparata vurduq, sonra gördük ki, heç kim bilet vurmur (yerli əhali 1 aylıq biletlər alır deyə vurmağa ehtiyac yoxdur). Ona görə 2-ci bileti alanda aparata vurmadan keçdik və 2 gün ərzində özümüzlə gəzdirdik. Yaxınlaşıb yoxlayan olsaydı 'turistik, aparata vurmaq lazım olduğunu bilmirdik' deyə bilmək üçün)) Amma yoxlanılsaydıq bu cavabla cəzadan qurtula bilərdikmi onu bilmirəm, cəza da nə az, nə çox 60 avrodur. 
Digər məsələ dəqiqlikdir. Əgər biletinizdə 09.03, 10.24 və sair, nə yazılıbsa dəqiqliklə həmin vaxtda orada olun. Bakıdakı kimi heç kimin göz yaşlarına baxmırlar, avtobusa 1-2 dəqiqə gecikmə ilə çatdınızsa, gözünüzün qabağında avtobusunuz getdisə, arxasınca əl eləməkdən başqa çarəniz yoxdur, necə ki, bizim başımıza gəldi (( Alman dəqiqliyi hər yerdədir.

5.Bəyənmədiklərim.
Bura nəsə yazmış olsam, günah etmiş olaram. Vyananın bəyənilməyəsi bir yanı yoxdur. Sadəcə atlardan gələn qoxular diskomfort yaradırdı. Bir də bahalıq.... O da avstriyalıların günahı deyil, sadəcə biz 'kasıbıq'))

6. Gələcəkdə etmək istədiklərim.
Dəfələrlə və dəfələrlə Avstriyaya getmək.. Vyana zooparkını gəzmək, yerli yeməklərdən dadmaq, Vyanada gecə gəzintisinə çıxmaq, Lunaparkdakı bir çox attraksionlardan istifadə etmək, Hallstatt, Salzburq və digər şəhərləri gəzmək. Qismət olar, ya olmaz onu bir Allah bilir. Mənə ümid edib dua etmək düşər ))

OXŞAR XƏBƏRLƏR