Praqanı belə gəzmək lazımdır - NƏRGİZ MÜZƏFFƏROVA YAZIR

Şəxsi təcrübə 21 Avqust 2017 13:51 1324
Praqanı belə gəzmək lazımdır - NƏRGİZ MÜZƏFFƏROVA YAZIR

Azərbaycanlıların ən sevdikləri səyahət məkanlarından biri də Çexiya və onun paytaxtı Praqadır.

Facebook istifadəçisi Nərgiz Müzəffərova Çexiyanın paytaxtı Praqa səfərindən təəssüratlarını bölüşüb.

Seyyah.az oxucularımıza maraqlı, Praqaya gedənlər üçün isə faydalı ola biləcəyini nəzərə alaraq həmin təəssüratları təqdim edir.  

 

Çexiya, Praqa turu.

 

1. Ümumi təəssüratlarım. 
Praqa ilə tanışlığa gedən yolum heç də yaxşı başlamadığı üçün ilk əvvəl yaxşı fikirlərə köklənməmişdim. Vyana-Praqa avtobusuna 2 dəqiqə ilə gecikməyimiz, ardınca çətinliklə 4 saat sonrakı reysə alınan bilet, 3 saatlıq birbaşa gediləcək yolumuzun digər reys sayəsində Brno şəhərindən keçməklə 5 saata kimi artması, Çexiya yollarında aparılan 'abadlıq və yenidənqurma işləri' sayəsində 1.5 saatlıq tıxaclarda qalmağımızın nəticəsi olaraq Praqa üçün ayrılmış 4 gündən 1 günü itirməli olduq. Amma sonradan şəhəri gördükdə bütün mənfi emosiyalar yoxa çıxdı. Şəhərin arxitekturası, tarixi binaları, qəsrləri, Vltava çayının sahili boyunca açılan gözəl mənzərələr, xüsusən axşam saatlarında sahilboyu romantik aura, rus dilində danışa bilmələri sayəsində demək olar dil problemi yaşamamağımız bütün çətinlikləri unutdurdu.

2. Gəzib gördüklərim. 
Şəhərin demək olar bütün turistik məkanlarında olduq. Amma ümumilikdə bir problem var idi. Turistlər həddindən artıq çox, şəhər küçələri isə nisbətən dar olduğuna görə gəzintilər elə də rahat olmurdu. Üstəlik də Vyanadan fərqli olaraq şəhərdə pulsuz wifi çox az hallarda tapmaq olurdu, o da zəif. Çoxluğun içinə düşüb qrupdan kənar düşəndə axtarıb tapmaq çətinləşirdi. 
Sv.Vita katedralının arxa tərəfində yerləşən 'Jeleni Prikop' parkına mütləq şəkildə getməyinizi və sakitçilikdən zövq almağınızı məsləhət görürəm. 
Şəhərin ən hündür məntəqəsi olan Petrin bağlarından (əslində biz elə yerlərə meşə deyirik, onlar üçün bağdır )) Praqanı müşahidə etməyin hissi isə tamam başqadır. 
Turistik məkanlardan əlavə zooparka getmək arzumu Praqada həyata keçirdə bildim, böyük həvəslə panda görməyə getdim, o da bəxtimdən demək olar bütün heyvanlar var idi, pandadan başqa )) Zoopark ərazisi çox böyük idi, rahat gəzmək olurdu. Amma heyvanların çoxu sanki məzuniyyətə çıxmışdı biz gedəndə, ya yuvalarından çıxmırdılar, ya gedib haradasa gizlənmişdilər, ya da üzlərini bizdən çevirib oturmuşdular )) 'Getməyə dəyərdimi?' sualı veriləsi olsa '50/50' cavabını verərdim.

3. Məsləhətlərim. 
Çalışın üzərinizdə həm Çex kronu, həm də avro olsun. Çünki hər iki puldan istifadə edilir və bəzən kronla ödəniş, bəzən isə avro ilə ödəniş sərfəli olur. Ən uyğun valyuta dəyişmə məntəqəsi isə adı səhv yadımda qalmayıbsa Republic deyilən yerdə idi. 
Aranızda qarşılaşdığınız insanlar haqqında azərbaycanca danışanda ehtiyatlı olun)) Hər an sizi başa düşən biriləri ilə rastlaşa bilərsiniz. Necə ki, biz ilk əvvəl bizi səhv ünvana aparan taksi sürücümüz haqqında zarafatla 'xoş sözlər' danışırdıq və çatana yaxın sürücü rus dilində anasının Bakılı olduğunu, azərbaycanca başa düşdüyünü, amma danışa bilmədiyini dedi ))Çox utanmışdıq))) Elə həmin hadisənin ardınca da otel reseptionunda işləyən oğlanın Aktaudan olmağını deməsi, onun da bizim dili başa düşməsi olanların duzu istiotu oldu )) Ona görə siz siz olun, qarşınızdakı adamın dilimizi başa düşmədiyini maksimum dəqiqləşdirdikdən sonra nəsə danışmağa başlayın.

4. Nəqliyyat sistemi barədə. 
Vyana və Budapeştdən fərqli olaraq şəhərdə Uber taksiləri işləyir və adi taksilərdən çox ucuz aparır. Adi taksilərin 25-30 avro dediyi yola Uberlə 5-6 avroya getmək olur. Metro, avtobus sistemi çox çətin gəldi. Çünki eyni xəritədə həm metro, avtobus, tramvay xətləri göstərilmişdi. 7 nömrəli avtobusa minməli olduğumuz halda, eyni yerdən keçən tramvaya minmişdik. O da başqa istiqamətə gedirdi. Otelimiz mərkəzə yaxın olduğu üçün çox vaxt piyada gəzirdik, o qarmaqarışıqlığa çox düşmədik. Ona görə məsləhətim, çalışın qalacağınız yeri maksimum mərkəzə yaxın seçin.

5. Bəyənmədiklərim. 
Yuxarıda bəzi şeyləri qeyd etmişəm. Ən çox turistlərin çoxluğu yorurdu insanı. Xüsusən Karlov körpüsündə. 
Çay sahilindən bir az kənarda yerləşən binaların yanından keçəndə zirzəmilərdən xoş olmayan qoxular gəlirdi. O, da bildiyim qədər 4-5 il əvvəl çayda baş vermiş daşqınlardan sonra zirzəmilərə yığılmış sulara görə yaranıb. 
Daha sonra axşam saatlarında içkili insanların çoxluğu diskomfort yaradırdı.

6. Gələcəkdə etmək istədiklərim.
Praqanı mütləq şəkildə qış fəslində, yeni ildə görmək istəyərdim. Əgər avqustun bu cür istisində ən işlək turistik yerdə yeni il dekorasiyalı dükan açıq idisə, qışda nə cür mənzərələrlə qarşılaşa bilərəm təsəvvür belə etmirəm)) 
Əlavə olaraq milli mətbəxi dadmaq arzum Praqaya da aiddir. Bu dəfəki gedişimizdə demək olar heç bir ölkənin milli mətbəxindən yemədik. Yorğun, ac şəkildə özümüzü ancaq türk restoranlarına çatdırıb, bildiyimiz yeməklərdən yeyirdik. Ümid edirəm bu səhvi gələcəkdə düzəldə bilərəm. Milli sayıla biləcək sadəcə Tridelnik yeyə bildim dondurmalı, o da çox xoşuma gəlmədi. Arzularımın bir kənarına qaymaqlı, meyvəli və şokoladlı tridelnik yazıb qoymuşam, o daha cəlbedici görsənirdi.

Beləcə Praqanı 5 ballıq sistemlə qiymətləndirə bilsəm 4+ verərdim. Hər şey gözəl idi, ancaq çatışmazlıqları ilə bərabər.

OXŞAR XƏBƏRLƏR