Daha sürücüləri piyadalara görə cərimələməyəcəklər – YENİLİK

Avto 22 Avqust 2017 03:31 825
Daha sürücüləri piyadalara görə cərimələməyəcəklər – YENİLİK

"Kasko" sığorta polisinin Azərbaycanda o qədər də populyar olmaması səbəbindən sürücülər xeyli çətin vəziyyətdə qalır. Sığorta sahəsinin eksperti Xəyal Məmmədxanlının Sputnik Azərbaycan-a verdiyi məlumata görə, bu gün Azərbaycanda 1 milyon 300 min avtomobildən sadəcə 25 minə qədərinin "Kasko" sığortası var. Sürücülər "Kasko" sığortadan yüksək qiymətlərə görə imtina edirlər. Bununla belə, "Kasko" heç də bütün hallarda sığorta ödəmir. "Kasko" sığortasının qiyməti 800-900 manat təşkil edir. Sürücünü sığorta edən adi sığorta şirkətləri qəza nəticəsində yalnız qarşı tərəfin avtomobilinə və piyadaya dəymiş ziyanın əvəzini ödəyirlər. Bəs özünün günahı olmadan adam vuran və avtomobili əzilən maşın sahibləri nə etməlidirlər!? 

Ən geniş yayılmış sığorta hallarından biri

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin məlumatına görə, paytaxtda baş verən yol-nəqliyyat hadisələrinin yarıdan çoxu qaydalara əməl etməyən piyadaların ucbatından baş verir. Amma yol polisi heç vaxt piyadanın günahını nəzərə almır. Elə faktlar məlumdur ki, bir neçə addımlıqda yeraltı və yerüstü keçidlərin olmasına baxmayaraq, piyadalar yüksək sürət həddinin olduğu avtomagistralları qaçaraq keçməyə cəhd edirlər. Bu məsuliyyətsiz addım təkcə onların öz həyatlarını deyil, eləcə də avtomobilin sürücüsünün və onun içindəki sərnişinlərin də həyatını təhlükəyə atır. Belə hallarda sürücü dərhal əyləcə basmaq, ya da maşını kənara çəkmək məcburiyyətində qalır ki, nəticədə özü də istəmədən digər maşınlara dəyir, ya da kənardakı, yaxud arxadan gələn avtomobil ona dəyir. Belə hallarda qəzanın günahkarı həmin avtomobilin sürücüsü hesab edilir.

Məmmədxanlının sözlərinə görə, o, uzun illərdir öz təcrübəsində elə bir hala rast gəlməyib ki, qəzaya səbəb olan hansısa piyada hər hansı məsuliyyətə cəlb olunsun. "Bizim qanunvericilikdə sadəcə yazılıb ki, sürücü təhlükəni gördükdə yol-nəqliyyat qəzasının baş verməməsi üçün dərhal tədbir görməlidir. Buna görə də bütün hallarda məsuliyyət sürücünün üzərinə düşür. Mən bir dəfə də olsun eşitməmişəm ki, qəza şəraiti yaratdığına görə piyada cavabdeh olsun. Bu, ciddi problemdir" — deyə ekspert bildirib. 

Piyadalar yol hərəkəti qaydalarına riayət etmək istəmir, avtomobillərin keçməsi üçün nəzərdə tutulan körpülərdən, yüksək sürət həddi qoyulmuş yollardan və hətta tunellərdən keçməyə cəhd göstərirlər. Belə hallarda da sürücü günahkar olur. Bu yaxınlarda Qırğızıstan prezidenti Almazbek Atambayev Təhlükəsizlik Şurasının yol-nəqliyyat qəzalarının baş verməsinə səbəb olan piyadaların məsuliyyətə cəlb edilməsi barədə qərarını imzalayıb. Qeyd etmək lazımdır ki, bu ölkədə də piyadaların günahı ucbatından çoxsaylı avtoqəzalar baş verir.

"Kasko" sığortası hər şeyi həll edir

Məmmədxanlının sözlərinə görə, "Kasko" belə hallarda müvafiq sığortanı ödəmək imkanına malikdir. Belə olan təqdirdə dəyən ziyana görə vəsait avtomobilin sahibinə geri qaytarılacaq. Əgər qəzanın yola çıxan piyada ucbatından baş verdiyi sübuta yetirilsə, o zaman piyadanın özü, yaxud da əgər hadisə piyadanın ölümü ilə nəticələnibsə, onun varisi dəyən ziyanı sığorta şirkətinə ödəyəcək.

Ekspert hesab edir ki, "Kasko" tezliklə bütün avtomobil sahiblərinin cibində olacaq. Bir neçə şirkət bununla bağlı birlikdə müvafiq təkliflər hazırlayıblar. Bu yeni təkliflər hazırkı sığortalardan 2-3 dəfə ucuz olacaq. Ehtimal var ki, bu sığortanın həcmi 200-500 manat arasında dəyişəcək. Yeni sığorta təklifinin artıq sentyabr ayında təqdim ediləcəyi bildirilir.

OXŞAR XƏBƏRLƏR