Hansı MTK-dan ev almalı… - ƏLAMƏTLƏR

Əmlak 23 Avqust 2017 18:34 189
Hansı MTK-dan ev almalı… - ƏLAMƏTLƏR

Mütəxəssislər hesab edir ki, tikinti sahəsinin dövlət nəzarətinə götürülməsi büdcəyə qazandırmaqla yanaşı, vətəndaşın MTK-lara itən inamını geri qaytara bilər

Azərbaycanda tikinti bumu start götürəndən, vətəndaşların aldadılması halları da başlayıb. Son bir neçə ildə isə bəzi tikinti şirkətlərinin vətəndaşları aldatması xüsusilə geniş miqyas alıb. Bu, çox zaman klassik üsulla həyata keçirilir: binanın tikintisi başa çatır və bölgü zamanı məlum olur ki, bir mənzil eyni zamanda 3-4 vətəndaşa satılıb. Bundan sonra tikinti şirkəti ilə vətəndaşlar arasında məhkəmə çəkişmələri başlayır. Paytaxtda onlarla belə hal yaşandığı üçün vətəndaşda tikinti şirkətinə etibar qalmayıb. İndi vətəndaş əlində pulu olsa belə tikinti şirkətlərindən ev almağa tərəddüd edir.

"Xudafərin" MTK-dan 2012-ci ildə iki mənzil alan Cəfər Cəfərov  bildirib ki, o zaman iki mənzil üçün 130 min ABŞ dolları ödəyib: "Mənzilləri müqavilə və maliyyə arayışı ilə almışdım. Sonradan məlum oldu ki, aldığım mənzillər məndən başqa iki nəfərə də satılıb. 2014-cü ildə biz MTK-nın rəhbəri Abdulla Abdullayevdən şikayət etdik. İş hal-hazırda Korrupsiya İdarəsindədir (Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi – red.). Bu müddət ərzində Abdulla Abdullayev həbs də edildi, azadlığa da çıxdı, amma bizim zərərimizi ödəmədi. Hazırda özü üçün AMAY ticarət mərkəzində restoran tikdirir. Mən və mənim kimi onlarla vətəndaşın pulu isə geri qaytarılmayıb…"

Mənzil alarkən aldanmamaq üçün nə etmək lazımdır?

Əmlak eksperti Ramil Osmanlı bildirir ki, mənzil alarkən MTK-nın və ya tikinti aparan şirkətin adına görə etibar edib mənzil alanlar var: "Azərbaycanda çox adlı-sanlı tikinti şirkətlərinin də çətin vəziyyətə düşdüyünü, iflasa uğradığını nəzərə alsaq, hətta ada görə də ev almağın tərəfdarı deyiləm. Bəzi şirkətlərin çox böyük reklamları aparılır. Bu reklamlara nəzər salanda onlara böyük dəstəyin olduğu müşahidə edilir. Amma sonradan məlum olur ki, bu sadəcə reklam kompaniyasıdır və sadəcə görüntü xarakteri daşıyır. Bu səbəbdən də MTK-lara marketinq tərəfdən də inanmağın tərəfdarı deyiləm".

Ekspert bildirir ki, ev alanda hüquqi sənədlərin qaydasında olmasına diqqət yetirmək lazımdır. Belə ki, MTK-lar və vətəndaşlar arasında bağlanılan müqavilələr notarial qaydada aparılmalı, bunun reyestri hazırlanmalıdır: "Baxmayaraq ki, bu binaların ilkin qeydiyyatında problemlər olur, mənə elə gəlir ki, müqavilələrin reyestri aparılsa, bu problemi qismən həll etmək olar. İkinci variant isə hökumətə bağlı olan məsələdir. Hökumət tərəfindən tikinti qaydalarına əsasən ilkin qeydiyyatla bağlı yeni qaydalar hazırlana bilər".

Osmanlı təklif edir ki, elektron bir vasitə yaradılsın və həmin elektorun portala bütün tikinti şirkətlərinin inteqrasiyası təmin edilsin. Tikinti şirkətləri qarşısında hüquqi baxımdan inzibati və digər məsuliyyətlərlə bağlı öhdəlik qoyulsun. Bəlkə ancaq belə olan halda tikinti şirkətlərinə etibar etmək olar: "Öhdəlik qoyulmalıdır ki, şirkətlər alqı-satqı ilə bağlı məlumatları dərhal həmin portala inteqrasiya etsin. Vətəndaş həmin bazaya daxil olaraq, hansı şirkətdə neçə mənzilin qaldığını, hansı mərtəbədə qaldığını öyrənə bilər. Bu, vətəndaşların aldadılmasının qarşısını ala bilər. Bu məsələdə dediyim kimi iki yol var. Məncə ikinci variant daha optimal variantdır".

Tikinti eksperti Elnur Fərzəliyevin sözlərinə görə, ölkədə ən çox gəlir gətirən sahələrdən biri tikinti-inşaat sahəsi olduğu üçün imkanı olan şəxslər bu sahəyə üstünlük verir. Lakin bəzi tikinti şirkətləri bu sahəyə sırf gəlir mənbəyi kimi baxdığı üçün, bu sahəyə dövlət nəzarətinin güclü olmamasından sui-istifadə edərək vətəndaşları aldatmağa çalışır: "Belə şirkətlər tikinti başlanan zaman sakinlərə geniş həyət-baca, təbii qaz və çıxarışla təmin olunma və s. söz verir. Amma bu məsələlər tikinti bitdikdən sonra belə illərlə öz həllini tapmır. Bununla yanaşı bəzi MTK-lar var ki, onlar mənzili bir neçə vətəndaşa sataraq, vətəndaşları aldadır. Buna görə də vətəndaşlar pullarını itirməklə yanaşı illərlə məhkəmələrdə sürünür".

E. Fərzəliyev qeyd edir ki, bəzi binalar var ki, həmin binalar tikilən zaman kvadratmetri 1200 manatdır. Amma bina şəhərin elə ərazisində tikilib ki, çıxarış veriləndən sonra burada qiymət 1800 manat olacaq. Əksər şəxslər gözləyirlər ki, belə mənzilləri baha da olsa çıxarış veriləndən sonra alsınlar. Alıcılar mənzil alarkən tikinti şirkətini, onun sahibini araşdırmalıdır: "Tikinti sahibi yuxarılara bağlı şəxsdirsə, alıcı da bilir ki, həmin bina yarımçıq qalmayacaq. Çünki belə sahibkarların pul problemi və ya iflas qorxusu daha az olur. Alıcılar çox zaman belə sahibkarların tikdiyi binalara üstünlük verir. Ancaq sıradan şəxslərin tikdiyi binalara az üstünlük verilir. Alıcı da bilir ki, belə şəxslərin tikdiyi binalar yarımçıq qala bilər və yaxud sahibkar iflasa uğraya bilər. Alıcılar çalışmalıdır ki, şəhərin kənarlarında –Abşeron, Xırdalan, Masazır, Günəşli, Əhmədli ərazilərində ev alsın. Bu ərazilərdə evlər nisbətən ucuz olmaqla yanaşı daha etibarlıdır. Məsələn, Nərimanovda mənzilin kvadratmetri 1500-1800 manatdırsa, dediyim ərazilərdə bu qiymət 800 manatdır".

Müsahibimiz bildirir ki, mənzili MTK-nın adına və sahibinə görə almaq lazımdır: "Sınaqdan çıxmış böyük şirkətlər var. Bunlardan AZİNKO, Gilan kimi şirkətlər vətəndaşı aldatmır, etimadı doğruldublar. Onlar tikdikləri binaları söz verdikləri kimi təhvil veriblər. Bu MTK-lar təkrar mənzil satışı ilə heç vətəndaşı aldatmayıb. Tanınmamış insanlar və şirkətlərdən mənzil almaq risk deməkdir. Hər bir vətəndaş çalışmalıdır ki, belə riskə getməsin".

E. Fərzəliyev bildirir ki, indi "pilot layihə" deyilən tikinti şirkətlərinə də inanmaq olmaz: " Əvvəl deyirdilər ki, bu layihələri dövlət tikdirir. Bəli, bir neçəsini dövlət tikdirdi. Amma indi həmin şirkətlərə bildirir ki, sökülən binanın yerində bina tik, sakinlərə ver, qalanını sat, xərcini götür. Bu sahibkarların əksəriyyəti sıradan sahibkarlardır. Bu sahibkarların xərci daha böyük olur. Çünki bu sahibkarlar yerində bina tikdikləri köhnə binanın sakinlərinə aylıq kirayə pulu verir, binanın altında olan obyekt sahiblərinə yerini verməlidir. Qısacası, xərci çox olan bu sahibkarlar etibarlı olmaya bilər. Çünki onların qazancı çox azdır".

Fərzəliyev qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyester Xidməti bu sahənin gücləndirilməsində böyük rol oynaya bilər. Tikinti sektorunun dövlət nəzarətinə keçməsi, tikilməkdə olan binalardan alınmış mənzillərin hər birinin tam sıgortalanması, ödənişlərin bank vasitəsi ilə ödənilməsi, tikinti şirkəti ilə alıcı arasında olan müqavilələrin notarial qaydada aparılması və mənzillərin hər birinin bütün kommunikasiya xətləri və cıxarışla təmin olunması ilə bağlı dövlətin zəmanəti olması, bu sahədə çox böyük irəliləyiş və yenilik ola bilər: "Tikilməkdə olan mənzillərin sığortalanması reallaşarsa, sığorta şirkətləri üçün də böyük irəliləyiş, saysız qazanc və dövlətin büdcəsinə külli miqdarda vergilər ödənmiş olar. Mənzil üçün ödəniləcək pulların bank vasitəsi ilə ödənilməsi və müqavilə dəyişmə prosesinin notarial qaydada aparılması korrupsiyanın və dələduzluğun qarşısını ala biləcək bir qərar ola bilər. Belə bir halda notarial qaydada satış üçün müqaviləsi dəyişilən mənzillərin vergidən yayınması isə mümkün olmayacaq. Bakı şəhərində tikinti şirkətlərinin ofislərində müqavilə yolu ilə hər gün onlarla mənzillərin alqı-satqısı baş tutur. Notarial qaydada dəyişiləcək müqavilələrin Dövlət Reyester Xidmətində qeydiyyata alınması həm dövlətin, həmdə vətəndaşın maraqlarına xidmət edən qərar kimi qəbul etmək olar. Tikinti sahəsində belə bir dəyişiklik olarsa, bu qanun dövlət büdcəsinə hər il milyonlarla manat gəlir gətirər".

Hüquqşünas Fərid Həmidli bildirir ki, MTK-lar tərəfindən aldadılan kifayət qədər vətəndaş var. Amma təcrübə onu göstərir ki, MTK- sahibləri həbs olunur və zərər dəyən vətəndaşın zərərini heç kim ödəmir: "Məhkəmələrdə bu problemlə bağlı kifayət qədər iş var. Özünüz də şahidsiniz ki, bu məsələ ilə bağlı bir zamanlar böyük aksiyalar keçirilirdi. Şikayətçi vətəndaşlara şəhərdə almaq istədikləri mənzillərin əvəzində Xırdalanda, Masazırda və Məhəmmədidə mənzillər təklif edilir. Vətəndaş da tam itirməmək üçün razılaşır. MTK-rəhbərləri həbs edilir, həbsdən azad edilir, olan vətəndaşa olur. Ən yaxşısı mənzil alarkən çıxarışla olan mənzillərə üstünlük verin. Tanımadığınız şəxslərdən, vasitəçilərdən, MTK-lardan ev almayın. Mənzil alarkən əvvəlcə MTK ilə tanış olun, qiymətlərlə maraqlanın, müqayisə edin. Rəhbərliklə maraqlanın. Hər bir halda ev alarkən notarial qaydada alın. Çalışın ev üçün ödədiyiniz pulu bank vasitəsilə ödəyin".

Mütəxəssislər hesab edir ki, tikinti sahəsinin dövlət nəzarətinə götürülməsi büdcəyə qazandırmaqla yanaşı, vətəndaşın MTK-lara itən inamını geri qaytara bilər.

Mənbə: sputnik.az

OXŞAR XƏBƏRLƏR