Bakıda kirayə mənzillər iki dəfə bahalaşdı

Əmlak 23 Avqust 2017 19:18 163
Bakıda kirayə mənzillər iki dəfə bahalaşdı

Dərs ilinin başlamasına az qalmış kirayə mənzillərin qiyməti artıb. Seyyah.az turizm və əmlak portalı xəbər verir ki, xüsusilə ali təhsil məktəblərinə yaxın ərazilərdəki kirayə mənzillər iki dəfəyə qədər bahalaşıb.

“Metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığındakı köhnə tikililərdə 1 otaqlı evlərin qiyməti 350 manatdan başlayır. Yeni tikililərdə isə qiymət 50-100 manat bahadır. Yeni Yasamalda yeni tikililərdə 1 otaqlı mənzil 400-450 manata təklif edilir”, - ev dəllalı Ədalət Əliyev virtualaz.org saytının əməkdaşı ilə söhbətində deyib.

Yeni tikilidə 1 otaqlı mənzillərlə 2 otaqlı mənzillərin qiyməti arasında fərq cəmi 40-50 manatdır, ümumiyyətlə isə çoxmərtəbəli tikililərdə evlərin qiyməti 350-550 manat arasında dəyişir. “Səbail rayonu, Bəşir Səfəroğlu küçəsində həyət evlərində 200-250 manata tələbə qız və ya oğlanlar üçün evlər var. Ev sahibi ilə birgə, şərikli kommunal ödənişlər şərti ilə 150 manata da otaq kirayələmək mümkündür”.

Ə.Əliyev Badamdar qəsəbəsində təmirli həyət evlərinin qiymətini təqdim edir: “Bu il daha çox Badamdar qəsəbəsində kirayə mənzil sifarişi almışıq. Qəsəbədə yeni binada 2 otaqlı mənzil 400 manatadır. Təmirli, isti və soyutma sistemi ilə təmin olunmuş 2 otaqlı mənzillərin qiyməti 470 manatdan başlayır. Köhnə tikililərdə 250-350 manata 2-3 otaqlı mənzillər var. Həyət evlərinin qiyməti isə 150 manatdan başlayır”.

Metronun “Xətai” stansiyasının yaxınlığındakı ev alqı-satqı mərkəzinin əməkdaşı Arzu İslamovanın sözlərinə görə, tələbələr üçün aylıq 150 manatdan kirayə mənzil tapmaq mümkündür. “Yalnız tələbələrə kirayə verilən evlər var, 450 manata təklif edilən evlərdə 3 tələbə üçün şərait yaradılıb. Amma tək və tam təmin olunmuş mənzil istəyənlər üçün 1 otaqlı yeni tikilidə 400-500 manatlıq evlər var”.

Ucuz kirayə ev axtaranlar yalnız həyət evlərinə üz tuta bilərlər. Çünki əvvəlki illərə nisbətən metronun “Neftçilər”, “Xalqlar Dostluğu”, “Əhmədli” və “Həzi Aslanov” stansiyasının yaxınlığında yeni tikililərdə evlərin qiyməti 350 manatdan başlayır. Ötən il köhnə tikilidə 250 manata təklif edilən mənzillər bu il 350 manata qaldırılıb.

Ev dəllalları yalnız tələbələr üçün evlər tikildiyini də deyirlər. Məsələn, Nərimanov rayonu, “Montin” bazarının yaxınlığında həyətdə tikilmiş daxma tipli evlərdə aylıq kirayə haqqı 80 manatdan başlayır. Həftədə 1 dəfə hamamdan istifadə etməyə icazə verilir, otaqda çarpayı və dolab var, yemək bişirmək üçün qızdırıcıdan istifadə olunur.

“Hər il tədris mövsümündə ənənəvi olaraq kirayə evlər bahalaşır, amma bu il bahalaşma rekord həddə çatıb”, - ev dəllalları bildiriblər.

OXŞAR XƏBƏRLƏR