Azərbaycanda yeni yollar istifadəyə verildi – FOTO

Azərbaycanda yeni yollar istifadəyə verildi – FOTO
Avto 3 Sentyabr 2017 19:41 1044
Azərbaycanda yeni yollar istifadəyə verildi – FOTO

Sentyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 32,2 kilometrlik Masallı-Cəlilabad hissəsinin açılışında iştirak edib.

Seyyah.az turizm və avtomobil portalının məlumatına görə, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib.

Bildirilib ki, Ələt-Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 31-ci kilometrliyindən başlayaraq Astaraya qədər inşa olunan yeni yolun bir çox hissəsində tikinti işləri artıq yekunlaşıb. Yolun ümumi uzunluğu 173,6 kilometrdir. Layihəyə əsasən yeni yol 1-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. 

Yol iki gediş və iki gəliş olmaqla dörd hərəkət zolağından ibarətdir. Yolun hərəkət hissəsinin eni 15 metrdir. Bu avtomobil yolu bir neçə hissə üzrə inşa olunur. Bunlar 25 kilometrlik Yenikənd-Salyan, 24,8 kilometrlik Salyan-Şorsulu, 30,1 kilometrlik Şorsulu-Cəlilabad, 32,2 kilometrlik Masallı-Cəlilabad və 61,4 kilometrlik Masallı-Astara hissələridir. Yolun Salyan-Şorsulu və Şorsulu-Cəlilabad hissələrində işlər sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. 

Şorsulu-Cəlilabad hissəsində 12,5 kilometrlik yol Mahmudçala və Ağçala bataqlıq-göl ərazilərindən keçdiyi üçün burada yol yatağı torpağın xüsusi bərkitmə texnologiyası əsasında inşa edilib. Bu ərazilərdə heç vaxt məskunlaşma və yol strukturu olmadığından yol yatağının tikintisi üçün əraziyə qaya-daş parçaları gətirilib. Ümumilikdə magistral yolun 55 kilometr uzunluğunda bu iki hissəsi üzrə tikinti işləri gələn il yekunlaşdırılacaq.

Diqqətə çatdırılıb ki, burada işlər texnoloji ardıcıllığa uyğun qaydada aparılıb. Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 32,2 kilometrlik Masallı-Cəlilabad hissəsi müasir səviyyədə yenidən qurulub. 
Avtomobil yolunun tikintisi Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq aparılıb. Yol birinci texniki dərəcəyə aiddir. Dörd hərəkət zolaqlı yolun eni 26,5 metrdir. Layihəyə əsasən, yol boyu 14 yeni körpü və 2 tunel də tikilib, 5 yerdə mal-qara keçidi yaradılıb. Hazırda mövcud olan Ələt-Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometrdir. İnşası aparılan yeni yol istifadəyə verildikdə isə bu məsafə 38 kilometr qısalaraq 205 kilometr olacaq.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sentyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyev həmçinin Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 22,2 kilometrlik Lənkəran-Masallı hissəsinin açılışında iştirak edib. 

Seyyah.az-ın məlumatna görə, dövlət başçısı yolun texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərə baxıb.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, Azərbaycan Hökuməti ilə Asiya İnkişaf Bankı arasında 2008-ci ildə imzalanmış saziş əsasında aparılır. Yolun 22,2 kilometrlik Lənkəran-Masallı hissəsinin tikintisi yüksək keyfiyyətlə həyata keçirilib. 1B texniki dərəcəli və dörd hərəkət zolağından ibarət yolun eni 26,5 metrdir. Layihə çərçivəsində yol üzərində 10 körpü tikilib,142 dairəvi və düzbucaqlı boru inşa olunub, mal-qara keçidləri quraşdırılıb. Bu, yolda avtomobillərin rahat hərəkətinin tam təmin edilməsinə şərait yaradır.

Ümumiyyətlə, ölkəmizdə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq, avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi vəsaiti hesabına da irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən, indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən magistralların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Belə layihələr sırasında Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 22,2 kilometr uzunluğunda Lənkəran-Masallı hissəsinin tikintisi xüsusi əhəmiyyəti ilə seçilir.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

S.B.

OXŞAR XƏBƏRLƏR