Səfər zamanı viza macərası… - ŞƏXSİ TƏCRÜBƏ

Səfər zamanı viza macərası… - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 16 Sentyabr 2017 00:10 937
Səfər zamanı viza macərası… - ŞƏXSİ TƏCRÜBƏ

Səfərlərimdən birini Sloveniyaya planlamışdım. Təbii ki öncə incələmək lazım idi ki, Sloveniyaya vizanı haradan ala bilərəm. Öyrəndim ki, Azərbaycanda Sloveniyanın səfirliyi yoxdur. Ora getmək üçün iki şansın var. Viza almaq üçün ya Ankaradakı Sloveniya səfirliyinə müraciət etməlisən, ya da Latviyanın Azərbaycandakı səfirliyinə. Asan yolu elə budur. Latviya səfirliyi Caspian Plaza-da yerləşir. Yay aylarında səfirliyə müraciət edənlərin sayı yaman çox olur. Çünki səfirlik təkcə Latviyaya yox, Estoniya, Sloveniya, Slovakiya, İtaliya və s. kimi ölkələrə də viza verir. Getmək istəsən bunu nəzərə al və tez müraciət et. Mən vizanı 10 gün sonra, uçuş günü aldım. Beləcə, hazırlaşmağa, çantamı toplamağa cəmi 3 saatım qalmışdı ))   Keçirdiyim həyəcan da öz yerində…

 

Çətinliklə alınan viza sonradan macəraya çevrildi…

aerodrom large 3375 - Səfər zamanı  viza macərası...

Aldığım vizanın mənə problem yaradacağı ağlıma da gəlməzdi. Odur ki, Lyublyananın hava limanında ürəklə pasport yoxlanan yerə yollandım. Məndən sonra yapon, çin, ərəb, Cənubi Asiya ölkələrindən gələn səyyar satıcılara qədər hər millətdən insan var idi. Hamıdan tez gəlsəm də, aeroportdan ən sonda mən çıxdım. Nədənsə azərbaycanlı olduğumu biləndən sonra vizaya fikir vermədən xüsusi yoxlamaya ehtiyacım olduğunu düşündülər. Sənədlər qaydasında olsa da, hava limanında bir saatdan artıq qaldım. Gömrük işçiləri nədənsə narahat idi. Gah sənədlərimi yoxlayır, gah da otel rezervasiyana diqqət yetirirdilər. Sonda pul qabıma baxmağa qərar verdilər. Məndə olan vəsaitin 10 gün içində yetib-yetməyəcəyini yoxladılar. Axır ki get dedilər. Şəhərə getmək üçün aeraportun qarşısından çıxan sonuncu avtobusa əyləşmişdim ki, gömrük işçisi yenidən qaça-qaça özünü çatdırdı. Yenə pasportumu aldı, yenə yoxladı, sənədin surətini çıxardı. Nəhayət, hər şeyin qaydasında olduğuna əmin olandan sonra yenidən məni yola saldı. Taksilər çox baha aparır. Odur ki, 5-6 nəfərlik mikroavtobusla getməli oldum. Adamın biri 9 avro 40 sentə.
Əslində, buradan şəhər mərkəzinə ictimai nəqliyyat da gedir. Avtobus 1 avro 20 sentə aparır. Sadəcə, mən gecikdiyimə və çox ac, yorğun olduğuma görə birbaşa mehmanxanaya getmək istədim. Bunun üçün də ən asan yol ya taksi, ya da s (tutumu çox olan taksi, mikroavtobus) idi.  Taksi çox daha baha olduğundan mikroavtobusla getdim ))

ljubljana - Səfər zamanı  viza macərası...

Düzdür, hava limanında ləngimək məni bir az hövsələdən çıxardı, sonra bunu avtobusla hava limanından uzaqlaşan kimi unutdum. Yolda gördüyüm gözəllik, meşə, dağ, səliqəli qəsəbələr hamısı acı macəranın təəssüratlarını həmin andaca sildi… Düşünürəm ki, səyahət zamanı bu cür macəralar həmişə ola bilər, bunlar səni səyahətdən çəkindirməsin. Ən azı, gələcəkdə danışmağa bir hekayən olacaq (seyahetchi.com)

OXŞAR XƏBƏRLƏR