Həm səyahət, həm istirahət – ANTALYADA ƏMLAK NEÇƏYƏDİR?

Həm səyahət, həm istirahət – ANTALYADA ƏMLAK NEÇƏYƏDİR?
Əmlak 17 Sentyabr 2017 18:18 2268
Həm səyahət, həm istirahət – ANTALYADA ƏMLAK NEÇƏYƏDİR?

Antalya - Türkiyənin təkcə turistlər üçün deyil, əmlak alıcıları üçün də ən populyar regionudur. Milyondan artıq daimi əhalisi olan Antalyanın sakinlərinin sayı yay mövsümündə iki dəfə artır. Sahəsi 1417 kvadrat kilometr olan Antalya 3 hissəyə bölünür. Bunlar Konyaaltı, Muratpaşa və Kəpəzdır. Təsadüfi deyil ki, Türkiyədə satılan daşınmaz əmlakların bir hissəsi Antalyanın payına düşür. Azərbaycanlı alıcılar üçün də maraqlı olduğundan seyyah.az turizm və əmlak portalı «Daşınmaz Əmlak»a istinadən Antalyada əmlak almaq imkanlarını araşdırıb.

 

Konyaaltı

Bura xarici əmlak alıcıları arasında ən populyar yer sayılır. Xaricilər əmlakı ən çox Konyaaltının iki qərb mikrorayonundan alırlar. Bunlar Liman (dənizə yaxın olan) və  Xurmadır (dağlara yaxın olan).

 

Liman rayonunun infrastrukturu

Liman dəniz sahilində yerləşdiyindən burada fərqli ulduzlu hotellər tapmaq olar. İnfrastruktur əladır - supermarketlər, çörəkbişirmə sexləri, ət və dəniz məhsulları mağazaları, geyim və ayaqqabı butikləri, zoomağazalar, kafe, restoran və sair. Hər çərşənbə axşamı Limanda fermer bazarı qurulur, buradan tərəvəz, meyvə, pendir, balıq və s. almaq olar.

Limanda xəstəxana olmasa da (ən yaxını 9 km-dədir), Boaçay küçəsində dövlət poliklinikası var – Sağlık Ocak No 16. Burada təkcə türk vətəndaşları deyil, xaricilər üçün də ilk tibbi yardım, qan analizləri, terapevt məsləhəti mümkündür. Yaxınlıqda isə bir neçə aptek mövcuddur. Limanda çoxsaylı özəl məktəb və bağçalar, idman, gimnastika və rəqs dərnəkləri var.

Rayonun demək olar ki, bütün məhəllələrində açıq havada idman və uşaq meydançaları var. Səhildə isə hər səhər velosipedçiləri və qaçış həvəskarlarını görmək olar. Üzgüçülük həvəskarları üçün isə Liman sadəcə cənnət sayılır – dəniz br addımlıqdadır, üstəlik bütün həyətlərdə açıq hovuzlar var. Çimərlik pulsuzdur, bələdiyyə tərəfindən hər gün təmizlənir və keyfiyyətinə görə, Mavi Bayraqla təltif edilib. Bütün rayon çiçəkli bağçalar, yaşıllıqlar, abad parklar və kafelərlə əhatə olunub.

 

Limanda daşınmaz əmlak

Liman Antalyada əmlak alıcıları arasında ən populyar yerdir. Burada həm hasarlı həyəti olan evlər, həm hovuzlu yaşayış kompleksləri, həm də iri otel kompleksləri var. Rayonda icarə qiymətləri ayda 800 lirədən (200 avrodan) başlayır və 3000 lirəyə (760 avroya) qədər artır. Limanda ən ucuz ikiotaqlı ev 50 min avroyadır. Qiymətlər evin sahəsindən, dənizdən olan məsafədən, ətrafdakı infrastrukturdan və mənzilin mərtəbəsindən asılıdır. Burada villalar olduqca azdır, əsasən yaşayış binaları tikilir. Son illər Limanda tikinti üçün torpaq qıtlığı yaranıb, yeni tikintilər demək olar ki, yoxdur, ona görə də, əsasən ikinci bazarda evlər alınıb-satılır. Buna baxmayaraq, Liman gənc rayon sayılır, mənzil fondu isə cavandır - binaların əksəriyyətinin yaşı 5-6 ili keçmir.

 

Xurma rayonunun infrastrukturu

Xurmada binaların tikintisinə təqribən 10 il əvvəl başlanıb.  Bu dövrdə rayonun ərazisi kimi əhalisi də sürətlə artaraq 4000-dən 20 000 nəfərə çatıb. Şəhərin cənub hissəsi dənizdən 1 kilometr, şimal hissəsi isə 3,5 kilometr məsafədədir. Alıcıları bura gözəl təbiət, təmiz hava, dağlara açılan mənzərə, dənizə və çimərliyə piyada getmək imkanı cəlb edir.

Xurmanın əhalisi qarışıqdır. Burada həm yerli sakinlər, həm də İstanbul və Ankarada təqaüdə çıxanlar yaşayır. Xurmada MDB ölkəərindən, o cümlədən Rusiya, Ukrayna və Qazaxıstandan gəlmələr də çoxdur. Xurmanın hər məhəlləsində şəbəkə ərzaq mağazaları və marketlər var. Yaşayış komplekslərinin əksəriyyətinin belə marketlərlə razılaşmaları var. Həmin müqaviləyə əsasən, sakinlərin sifarişi ilə ərzaqlar birbaşa mənzilə gətirilir. Xurma ilə Sarısu rayonunun arasında isə «Metro» və «Miqros» hipermarketləri var. Onlara avtobusla 7-10 dəqiqəyə çatmaq olar. Xurmada bazar olmadığına görə, sakinlər Limandakı bazara gedirlər. Amma hazırda rayonda yeni bazar tikilməkdədir.

Xurma sakit rayon olduğuna görə, burada Limandakı qədər kafe-restoran yoxdur. Amma burada da istirahət yerləri, o cümlədən restoranlar kifayət qədərdir. Axşamlar isə Xurma yaxınlığındakı Çakırlar kəndində ət restoranlarına baş çəkmək olar. Bağlarla əlatə olunan belə restoranlarda müştərilər özləri kabab çəkirlər.

Xurmada poliklinika olmadığına görə sakinlər Limandakı poliklinikadan istifadə edirlər. Amma yaxın vaxtlarda burada azı 150 nəfərlik iri dövlət xəstəxanasının tikintisi planlaşdırılır.

Xurmada özəl məktəb və ya bağça yoxdur, əhali Limandakı cəmi 1 kilometrdə yerləşən məktəblərə gedir, amma demək olar ki, bütün məktəblərin daşıma servisi var, ona görə də, məsafə problem yaratmır.

Rayonun fərqli cəhətlərindən biri də çoxsaylı müasir park və bağlardır. Demək olar ki, bütün məhəllələrdə açıq havada kauçuk döşəməli,  trenajorları olan uşaq meydançaları, əhalinin istirahəti üçün parklar var. Parkların əksəriyyəti dekorativ fontanlarla bəzədilib.

 

Xurmada daşınmaz əmlak

Xurmada yaşayış komplekslərinin keyfiyyəti və infrastrukturu Limandakılardan qətiyyən geri qalmır. Əvəzində burada seçim daha böyükdür, yeni tikililərə pul yatırmaq imkanı var, üstəlik qiymətlər də Limandakından ucuzdur. Xurmada zəngin infrastrukturlu iri yaşayış kompleksləri və yüksək hasarlı fərdi evlər var. Bu rayonda tikilməkdə olan hovuzlu yaşayış kompleksində iki otaqlı mənzillərin qiyməti 37 min avrodan başlayır. Hazır mənzil 40 min avrodur. Xurmada villalar demək olar ki, yoxdur, ona görə də villa axtaranlar Antalyanın başqa yerlərinə üz tutmalıdır.

 

Muratpaşa

Muratpaşa Antalyanın ən böyük ərazilərindən biridir, köhnə şəhər də bu ərazidədir. Xaricilər Muratpaşada ən çox Lara rayonundan ev alırlar.

 

Lara rayonunun infrastrukturu

Antalyanın mərkəzi kimi, Laranın da böyük hissəsi hündürlükdə yerləşir. Burada qumluq çimərlik xətti Sera hotelindən başlayaraq Antalyanın bütün sərhədinə qədər uzanır. Laranın ən populyar əraziləri dəniz kənarındakılardır - Şirinyalı, Fener, Yeşilbahçe, Çağlayan, Güzeloba, Kundu. Bu rayonlar ən çox inkişaf etmiş infrastruktura, elit mənzillərə, gözəl yaşıl parklara, biznes-mərkəzlərə, məşhur kafe və restoranlara, ticarət mərkəzlərinə malikdir. Sahil xəttinin ümumi uzunluğu 15 km təşkil edir.

Sahil xəttinin ən başlanğıcında pulsuz bələdiyyə çimərlikləri yerləşir. Burada şezlonq və çətirləri ucuz qiymətə kirayələmək olar. Daha sonra isə bütün rahatlıqları, musiqi və əyləncələri olan komfortlu çimərliklər başlayır. Sahil xəttinə paralel ərazi pikniklərin keçirilməsinə ayrılıb, ağacların kölgəsində stollar və manqallar var.

Lara Antalyanın həm işüzar, həm də əyləncə mərkəzi sayılır.

Burada çoxsaylı şirkətlərin ofisləri, böyük biznes mərkəzlər, məşhur restoran və kafelər yerləşir. Yerli əhali üçün Larada yaşamaq komfortlu və prestijlidir, burada ən imkanlı antalyalılar yaşayır.

Antalyanın ən böyük ticarət mərkəzi olan TerraSiti də Larada yerləşir. Burada ən müasir brendlərdə geyim və ayaqqabı modelləri tapmaq olar. TerraSiti yaxınlığında nisbətən kiçik ticarət mərkəzləri - Laura və Şimoll yerləşir. Bütün ticarət mərkəzlərində istirahət üçün restoran-kafe tapmaq mümkündür.

Larada Antalyanın ən böyük özəl xəstəxanaları: Medical Park, Yaşam, Lara Anadolu, BSK Lara, Jinefem ginekoloji mərkəzi, Memorial xəstəxanasının sinə və qalxanvari vəzinin müalicəsi üzrə ixtisaslaşmış filialı yerləşir. Üstəlik burada çoxsaylı stomatolji və kosmetik poliklinikalar da var.

Laranın bütün rayonlarında dövlət təhsil müəssisələri və çoxsaylı inkişaf kursları var. Təhsil müəssisələri və ali məktəblər arasında türk dilindən başqa, inilis və rus dilliləri də var.

 

Lara rayonunda daşınmaz əmlak

Əmlakın növü onun yerləşdiyi mikrorayondan asılıdır. Ən bahalı və geniş mənzillər Şirinyalı mikrorayonundadır. Burada əsasən 3 və daha artıq yataq otağı olan mənzillər satılır, qiymətlər isə 200 min avrodan yüksəkdir. Dəniz yaxınlıqda olsa da, sahil qayalıqdır.

Larada ən qənaətli mənzil almaq variantlarını Güzeloba mikrorayonunda axtarmaq lazımdır. Burada həm kiçik, həm də 3-4 otaqlı mənzillər almaq olar. Qiymətlər isə 50 min avrodan başlayır. Ama Güzelobada bir mənfi cəhət var – rayon Antalya aeroportu yaxınlığında yerləşir, onun üzəri ilə təyyarələr qalxır və enir. Uçan təyyarələrin səsi kifayət qədər yüksəkdir, amma sakinlər artıq buna öyrəşiblər. Dəniz isə yaxın olsa da, qumluq çimərlik təqribən 1 kilometr məsafədən başlayır.

Çimərliyin özündə yaşayış kompleksləri var, amma hərbi obyektlərin yaxınlığından buradakı mənzilləri xarici vətəndaşlara satmaq qadağandır. Larada çimərlikdə mənzil almaq yalnız Kundu mikrorayonunda mümkündür. Burada 2-3 yataq otaqlı mənzillər 60 min avrodan başlayır.

Lara rayonu turizm sahəsində çalışan xaricilər arasında çox populyardır, çünki bütün iri turist şirkətləri məhz burada yerləşir.

 

Kəpəz

Kepez dairəsi Antalyanın şimalında geniş ərazini tutur və ən çoxsaylı əhalisi olan və sürətlə inkişaf edən rayon sayılır. Hələlik burada xaricilər şəhərin digər yerlərindəki qədər çox deyil, amma onların sayı artmaqdadır.

 

Kəpəz dairəsinin infrastrukturu

Burada ilk şəhər bələdiyyəsi 1994-cü ildə yaradılıb və o vaxtdan indiyədək Kəpəzin əhalisi bir neçə dəfə artıb. Hazırda burada 500 min nəfər yaşayır. Maraqlıdır ki, Antalya əhalisinin elit təbəqəsi Kəpəzlə qonşuluqda – Döşemaltı rayonunda yaşayır. Məsələn, şəhərin meri və onun yaxınları da bu ərazidə yaşayır. Bundan başqa, Kəpəzdə rusdilli əhalinin sayı da artmaqdadır.

Mikrorayonlardan asılı olaraq Antalyadan dənizə qədər məsafə xeyli fərqlənir. Orta hesabla dənizdən Konyaaltına məsafə 9 km, Antalyanın mərkəzinə 10 km, Antalya beynəlxalq aeroportuna isə 13 km təşkil edir.

Kəpəz şəhərin sənaye rayonu sayılır. Antalyanın əsas istehsalat müəssisələri burada Organize Sanayi adlanan ərazidə yerləşir. Ümumilikdə bu ərazidə 250-300 müəssisə yerləşir, onlarda minlərdə yerli sakin işlə təmin edilib. Amma müəssisələrin çoxluğuna baxmayaraq, Kəpəz ən yaşıl rayon sayılır. Geniş park əraziləri, çoxsaylı bağlar, mamırlı meşələr, zoopark, Antalyada ən böyük ferma və zeytun plantasiyaları – Kəpəzi ekoloji cəhətdən təmiz rayona çevirib.

Antalyanın digər yerləri kimi burada da çoxlu saylı restoran və kafelər var. Bunlar türk və avropa mətbəxləri, pizza çatdırma xidmətləri, ticarət mərkəzlərindəki «fast fud» məntəqələridir. Zoopark və piknik zonasının ərazisində isə piknik təşkil etmək olar.

2016-cı ildə Kəpəzdə 300 çarpayılıq yeni dövlət xəstəxanası işə düşüb. Hər rayonda poliklinika, apteklər, özəl diş poliklinikaları və ya kabinetləri, hətta veterinar klinikaları var.

Kəpəz rayonunda 170-dən artıq dövlət  ümumtəhsil məktəbləri var. Özəl kolleclərdən məşhur olanları Bahçeşehir və  Final kollecləridir. Kəpəzin lap yaxınlığında Döşemaltı rayonunda isə ilkin və orta ingilis dilli məktəb - ICCA yerləşir.

 

Kəpəz rayonunda daşınmaz əmlak

Kəpəzdə daşınmaz əmlak Antalyaya köçməyi planlaşdıran, amma büdcəsi o qədər də böyük olmayanlar üçün uyğundur. Burada iki yataq otağı olan yaxşı bir mənzili təqribən 40 min avroya tapmaq olar. Kəpəzdə həm bir ailəlik evlər, həm də zəngin infrastruktura malik böyük yaşayış kompleksləri də tapmaq olar. Alınmış mənzili isə asanlıqla türk ailəsinə uzunmüddətli kirayəyə vermək olar. Kəpəz yaxınlığındakı Döşemaltı rayonunda isə imkanlı türklər və xaricilər villaları alırlar.

OXŞAR XƏBƏRLƏR