İpoteka kreditlərinin şərtləri dəyişir – DETALLAR

İpoteka kreditlərinin şərtləri dəyişir – DETALLAR
Əmlak 18 Sentyabr 2017 14:20 2945
İpoteka kreditlərinin şərtləri dəyişir – DETALLAR

Azərbaycanda ipoteka kreditlərinin şərtlərində dəyişiklik edilib.

 

Seyyah.az turizm və əmlak portalı xəbər verir ki, Bu Prezident İlham Əliyevin fərmanı ilə «Azərbaycan İpoteka Fondu» ASC-nin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası»na edilən dəyişiklik nəticəsində baş verib.

 

 

 

İpoteka ilə bahalı mənzillər də almaq olar

 

«Azərbaycan İpoteka Fondu» ASC-nin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası»na edilən dəyişikliyə görə, bundan sonra ipoteka krediti ilə orta bazar qiymətindən baha mənzillər də almaq olar. Məsələ bundadır ki, əvvəlki varianta görə, ipoteka kreditləri o evlərin alınmasına verilə bilərdi ki, həmin evlərin 1 kvadratmetrinin qiyməti yerləşdiyi ərazidəki orta bazar qiymətindən yüksək olmasın. İndi isə bu tələb yalnız güzəştli ipoteka kreditlərinə aiddir. Yəni yalnız güzəştli ipoteka krediti alanlar bahalı mənzil ala bilməzlər, adi ipoteka krediti götürənlər isə orta qiymətdən baha mənzillər də ala bilər.

 

Mənzillər hökmən təmirli olmalı deyil

Qaydaya edilən digər dəyişiklik isə ipoteka ilə satılan mənzillərin hökmən təmirli olması tələbini aradan qaldırıb. Belə ki, əvvəlki varianta görə, ipoteka krediti ilə yalnız təmirli mənzillər satıla bilərdi. Yeni variantda isə həmin hissə çıxarılıb. Yəni indii ipoteka kredit ilə təmirli olmayan evləri də almaq mümkündür.

 

İpoteka kreditinin maksimum məbləği də dəyişir

Digər mühüm yenilik ipoteka kreditinin maksimum məbləğinə aiddir. Qaydalardan maksimum məbləğlə bağlı tələb götürülüb. Belə ki, qaydaların əvvəlki variantına əsasən, ipoteka kreditinin maksimum məbləği Bakı şəhəri üzrə 7-ci zonada yerləşən, sahəsi 100 kvadratmetr olan təmirli yaşayış sahəsinin 1 kvadratmetrinin orta bazar qiyməti ilə hesablanmış dəyərindən artıq olmamalı idi. İndi isə bu hədd aradan qaldırılır – yarımbənddə bu tələb çıxarılıb. Əvəzində bildirilir ki, kreditin maksimum məbləği ölkədaxili sosial-iqtisadi vəziyyətin təhlili əsasında İpoteka Fondunun Müşahidə Şurası tərəfindən müəyyən edilir. Başqa sözlə, ölkədəki sosial-iqtisadi vəziyyətdən asılı olaraq  ipoteka kreditinin maksimum məbləği artıb-azala bilər. 

 

İlkin ödəniş məbləği də dəyişib

Digər maraqlı yenilik ipoteka kreditinin alınan mənzilin dəyərinin hansı hissəsi qədər olmasına, daha sadə desək, müştəri tərəfindən ödənilən ilkin ödənişin məbləğinə  aiddir.

Qeyd edək ki, güzəştli və güzəştsiz ipoteka kreditlərində bu məbləğlər fərqlidir. Yəni güzəştli kreditlərdə ilkin ödəniş daha az olur. Əvvəlki varianta görə, güzəştli ipoteka kredit veriləndə ilkin ödəniş 10% olmalı idi. Qalan 90% kredit şəklində veriləcəkdi. Yalnız müştəri rəsmi müraciət etdiyi təqdirdə, onun arzusu ilə ilkin ödəniş artırıla bilərdi. İndi isə bu məsələ bir qədər yumşaldılıb. Bildirilir ki, ilkin ödəniş 10%-dən az olmamalıdır. Amma müştəri istəsə daha artıq ödəniş edə bilər.

Adi ipoteka kreditlərində isə dəyişiklik daha ciddidir. Əvvəlki varianta görə, adi ipoteka kreditlərində ilkin ödəniş 15-25% arasında dəyişə bilərdi. Yəni 15%-dən az, 25%-dən isə çox olamalı idi. Bu məhdudiyyət ona səbəb olurdu ki, müştəri hətta daha artıq ilkin ödəniş etmək imkanı olsa da, maksimum 25% ödəyə bilərdi, qalan 75% isə kredit kimi götürülməli idi. İndi isə ilkin ödənişin yuxarı həddi götürülüb. Nəticədə müştəri azı 15% ilkin ödəniş etməlidir, amma müştərinin daha artıq ilkin ödəniş qabiliyyəti varsa, onu edə biləcək.

 

Daha bir kateqoriya güzəştli kredit alacaq

Növbəti dəyişiklik güzəştli kredit almaq hüququ olan kateqoriyaya aiddir. İndiyədək, güzəştli kredit üçün ən azı 15 il dövlət qulluğunda qulluq etmək lazımdır. Yeni varianta görə, həmin şəxslərlə yanaşı, azı 15 il dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər də güzəştli kredit ala bilərlər.

 

Banklara verilən faizlər də dəyişəcək

Nəhayət, sonuncu dəyişiklik, İpoteka Fondunun müvəkkil banklardan ipoteka kredinin hansı şərtlərlə almasına aiddir. Qaydanın əvvəlki variantına görə, Fond müvəkkil banklardan ipoteka kreditini kotirovka dərəcəsi ilə alır. Kotirovka dərəcəsi isə Fondun Müşahidə Şurası tərəfindən kredit, o cümlədən güzəştli ipoteka krediti üzrə müəyyən olunan illik faiz dərəcələrinin 70%-qədər olmalı idi. İndi 70%-lə əlaqədar olan tələb aradan qaldırılıb. Yeni varianta görə, kotirovka dərəcəsini Fondun Müşahidə Şurası müəyyən edəcək.

OXŞAR XƏBƏRLƏR