“AAAF Park”a gələnlər icra hakimiyyətinin işçiləri olub - Yenilənir

“AAAF Park”a gələnlər icra hakimiyyətinin işçiləri olub - Yenilənir
Əmlak 22 Sentyabr 2017 14:46 2311
“AAAF Park”a gələnlər icra hakimiyyətinin işçiləri olub - Yenilənir

“AAAF Park” Yaşayış Kompleksinin rəhbəri, tanınmış iş adamı Tofiq Heydərov həbs edilib.

Seyyah.az turizm və əmlak portalı xəbər verir ki, prokurorluq əməkdaşları “AAAF Park” ərazisində yerləşən bütün obyekt sahiblərinə xəbərdarlıq edərək, 10 dəqiqə ərzində ərazini tərk etməyi tapşırıb. Parkın ərazisindəki bütün obyektlərə Prokurorluq tərəfindən həbs qoyulub. Hazırda “AAAF Park” ərazisində axtarışlar aparılır. İstintaq başa çatdıqdan sonra obyekt sahibləri əraziyə daxil ola biləcəklər.

Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, ancaq bu barədə məlumatı boşaldılan obyekt sahibləri də təsdiqləyiblər. 

Obyekt işçiləri arasında gəzən söhbətə görə, iş adamı Tofiq Heydərov hansısa dini sektanın üzvüdür (Ölkə.az). 

***

"Qafqazinfo" xəbər verir ki, Tofiq Heydərov, eyni zamanda ağır atletika yığma komandasının baş məşqçisidir. O, bir müddət Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti postunda da çalışıb.

T. Heydərov tez-tez medianın gündəminə gəlirdi. O, daha çox nurçuluqda ittiham olunurdu.

***

Baş Prokurorluqdan “Qafqazinfo”ya bildirilib ki, bəzi KİV-lərdə yayımlanan guya prokurorluq əməkdaşları tərəfindən “AAAF Park”da axtarış aparılması ilə bağlı yayılan məlumatlar yanlışdır.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yoxlamanı Vergilər Nazirliyi həyata keçirir. 

***

“AAAF Park”ın mətbuat katibi Kənan Məstəliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Tofiq Heydərovun həbs edilməsi yalandır: “Tofiq Heydərov hazırda Kosovoda tədbirdədir. “AAAF Park”da axtarış aparılmır, həmin şəxslər Abşeron rayon icra hakimiyyətinin icraçıları idi. Obyektlərin yenidən inventarizasiyasını aparırlar, yenidən siyahıya alınma işləri görüldü. Hazırda bütün obyektlər fəaliyyətini davam etdirir”.

***

"Qafqazinfo" xəbər verir ki, hazırda “AAAF Park”da fəaliyyət göstərən təndir də daxil olmaqla bütün obyektlər bağlanıb.

OXŞAR XƏBƏRLƏR