Seyyah.az turizm və xaricdə iş portalı Musavat.com- istinadən İstanbulun azərbaycanlılar yaşayan məhəlləsindən reportajı təqdim edir.
“Bizi burda unudublar...”; İŞİD-in təhdid etdiyi məhəllə - kişilər qul bazarında, qadınlar tekstil fabrikində, uşaqların isə oxumağa məktəbi yoxdur.
İstanbula gəlib, burdakı həmvətənlərimizə baş çəkməmək günah olardı. Bəli, dünyanın ən ucqar ölkələrinə gedib, mühacir azərbaycanlıları axtardığımız, onları söhbətə çəkdiyimi kimi İstanbuldakı azərbaycanlıları da rahatlıqla tapdıq. Şəhərin Halkalı bölgəsində yaşayır bizimkilər... Bu məhəllənin böyük əksəriyyətini Naxçıvanın Şərur bölgəsindən gələn azərbaycanlılar təşkil edir. Qalan hissəsi isə İqdır azərbaycanlılarıdır.
Azərbaycanlıların məhəlləsinə İŞİD təhlükəsi - hər yerdə polis var, çəkiliş olmaz...
Elə Halkalı bölgəsinə gəlib, yolda “Azəri məhəlləsinə getmək istəyirəm” dediyimiz hər kəs gözüyumulu eyni istiqaməti nişan verdi: “Məscidi keçin, sağa dönün, azərilər ordadır...” Bu da bizimkilərin məhəlləsi. Adam heç qəriblik çəkmir. Üzərində “Naxçıvan malları”, “Azərbaycan nemətləri” yazılmış mağazalar, kiçik şirniyyat evləri. Azərbaycan məhsullarını yerə düzüb, orda satan yaşlı bir kişi... Sağımız-solumuz bizimkilərdir. Məhəllədə olduğumuz 2 saat ərzində gözümüzə qadınlar çox az dəyir. Əksəriyyəti işdədir. Kişilər isə... Bakıda da görməyə alışdığımız mənzərə: qul bazarında oturub, iş gözləyirlər.
Amma onları danışdırmaq, dərdlərini öyrənmək o qədər də asan olmur. Birincisi, məhəllənin əsas hissəsi polis tərəfindən mühasirəyə alınıb. Jandarma 7/24 məhəlləyə nəzarət edir. Səbəb İŞİD təhlükəsi var, çünki terror təşkilatının bu ilin fevralından sözügedən məhəllədə terror törədəcəyi xəbərləri yayılıb. Dolayısı ilə polis küçədə, yolda-izdə çəkiliş aparmağa icazə vermir. Xəbərdarlığını da mədəni şəkildə edir: “Bir kadr çəkdiyinizi görsək, birbaşa polisə gedərsiz, ifadəniz alınar, çəkdikləriniz də silinər”. Amma xəbərdarlıqla da kifayətlənmirlər. Getdiyimiz hər yerdə arxamızda mülki geyimli bir polis olur. Verdiyimiz sözdən çıxsaq... Sonuc məlumdur. Odur ki, çəkilişlər ancaq qapalı məkanlarda mümkündür. O da insanlar danışsa..
Halkalıdakı həmyerlilərimiz qorxu içində: “Biz sizə danışsaq, sərhədi keçəndə....”
Bəli, ciddi problem məhz müsahiblərin danışması ilə bağlı idi. Həmyerlilərimiz xirtdəyə qədər problemə boğulsa da, iddia edirlər ki, danışmaq onlar üçün daha ciddi fəsadlar yaradacaq. Ölkəsində qoyub gəldiyi qohumlarının incidiləcəyindən qorxan da var, sərhəddə saxlanıb, incidiləcəyi əndişəsini yaşayan da. Dediklərinə görə, dəfələrlə bu kimi hallarla da qarşılaşıblar: “Xanım qız, sən üç cümlə yazacaqsan. Kameranı çəkən də bizim görüntülərimizi verəcək və işiniz həll olunacaq. Bəs bizim sonrakı taleyimizi düşünürsüz? Bizi incidəndə yanımızda olacaqsız? Bu günə qədər Türkiyə kanallarından da, elə özümüzünkülərdən də nə qədər adam gəlib bizi çəkib, xəbəriniz var? Elə hamı sensasiya yaratmaq marağındadır: İstanbulda sürünən azərbaycanlılar. Sonra? Hansı məqalədən sonra gəlib bizə kömək olunub? Hansı dərdimiz həll olunub? Heç biri. Kim bura bizə görə gəlib? Hansı nazir, hansı dövlət nümayəndəsi? Unudublar bizi, unudublar. Elə bil biz yoxuq, olmamışıq...”
Bu üsyanın müəllifi Məhəmməd adlı gəncdir. Naxçıvandan bura iş dalınca gəlib. Ailəsini, ev-eşiyini orda qoyub gəlib. Dediyinə görə, birgünlük işlər üçün əlini Allaha açıb, bu məhəllədə oturur: “Bəlkə iş verələr, bir az dolanaq. Amma biz bu ölkədə də hüquqları ən çox tapdanan insanlarıq”.
Məhəmməd bunu deyir və sonra da sanki danışmağın heç bir faydası yox imiş kimi, əlini yelləyərək uzaqlaşır. Çayxanada oturub, domino, dama, hokkey oynayan həmyerlilərimizin bir qismi də elə onun kimi davranır.
İngilis dili müəlliməsi: “Qadınlar tekstildə çalışır, kişilər inşaatda”
Az keçmədən məhəllədə Solmaz adlı yaşlı ingilis dili müəlliməsi ilə qarşılaşırıq. Deyir ki, bura bu il iyulun 16-dan gəlib:“Məqsədimiz işləməkdir. Hər yerdə tekstildə çalışırıq. Səhər saat 9-dan axşam 7-yə kimi işləyirik. Günorta yemək fasiləsi olur. Saat 7-də də iş bitir. 6-cı günlər saat 1-ə qədər işləyirik. Bazar günü istirahət günüdür. Burada kirayə haqqı veririk. Boş evi, dörd divarı verirlər, heç bir əşyasız. Kirayənin ikiqatı qədər depozit istəyirlər. 800 lirə (400 AZN-ə yaxın) kirayə haqqı verirəm. Boş ev üçün o qədər pul, təsəvvür edin. Bu dəqiqə yerdə yatırıq, yatağımız yoxdur. Xalça veriblər ancaq. Yerdə yatmaqdan böyrəklərim ağrıyır mənim. Təzə gələnlər üçün yaşayış şərtləri çox bahadır. Mənim uşaqlarım böyükdür. Amma burda yeni ibtidai məktəb açılıb. Orda da uşaqlar birinci sinifdən dördüncü sinfə qədər oxuyurlar. Ondan sonra da ya Naxçıvandakı məktəblərdə oxusunlar deyə geri göndərməyə məcburuq, ya da, ümumiyyətlə, oxumurlar. Həyat tərzimiz fərqli deyil. Qonşularımız azərbaycanlıdır. Bir də iqdırlılardır ki, onların da həyatı, yaşayış tərzi bizimkinə bənzəyir”.
Müsahibimiz deyir ki, burda bir az da olsa pul yığandan sonra Azərbaycana qayıtmaq istəyir. Qohum-əqrəbasının əksəriyyəti Naxçıvandadır: “Bizim ailədən gələn yeganə bizik, bir də dayım qızı var. İngilis dili müəlliməsiyəm. İxtisasım ingilis dili müəlliməliyidir. Burdakı çox adama Naxçıvanda ingilis dilindən dərs demişəm. Amma burda yerli məktəblər məni işə götürmürlər. Azərbaycanlılar üçün açılan məktəbə getdim. Orda da dedilər ki, dərs saatı azdır, bununla dolana bilməzsiz. Məcburən tekstildə işləməyə başladım”.
Azərbaycanlı işçi narazıdır: “Bizə 100 lira verirlər, özləri bizim belimizdən 200 lirə qazanırlar”
Sərdar adlı azərbaycanlı isə burdakı həmvətənlərimizin işçi hüquqlarının pozulduğundan şikayətlənir: “Bizi burda 100 lirəyə aparıb işlədirlər, amma bizim belimizdən 200 lirə pul qazanırlar. Öz dövlətimizdə olsaq, dövlətimizə daha çox xeyir verərik. Burda 500-ə yaxın ailə yaşayırıq. İş sahibləri özününkülərə bizdən ikiqat artıq pul verirlər. 100 lirə nədir ki? Bir az siqaret, bir az yemək, gündəlik xərclər... bitib gedir. Amma həmin pulu mən öz ölkəmdə alsaydım, dünyanın pulu demək idi. Qaldığımız şərait də pisdir, zirzəmilərdə, nəmişlik evlərdə qalırıq. Xəstəlik tapmışıq hamımız bu gənc yaşımızda. Burda evlənənlər var ki, əksəriyyətinin uşağının sənədi yoxdur. Nə ”ZAQS" kağızı var, nə də uşağının şəxsiyyət vəsiqəsi. Uşaq havadadır demək olar ki".
Kənardan biri müdaxilə edir: “20 yaşında gənc var ki, adını yaza bilmir. Neçə illər bundan əvvəl gəlib. Məktəb yox, oxumaq yox. Neyləsinlər yazıqlar?”
Sərdar bəy danışır ki, yerli əhali, polis onları incitmir. Hətta zaman-zaman polis saxlayanda da azərbaycanlı olduqlarını bilən kimi buraxırlar: “Bu günə qədər neçəmizi tutub, sonra da buraxıblar. İşə qoymamaq, incitmək... belə hallarla qarşılaşmırıq. Biz qardaş belə olsaq, hansısa dövlətdə, kiminsə qabağında işləmək istəmirik. İş açsınlar, gələk öz ölkəmizdə işləyək. Öz ölkəmizi irəli salaq. İnşaatlar quraq, yaradaq. Mən ailə-uşağımı gətirməmişəm. Onlar orda oxuyur, təhsilini alır. Bura gətirib nə edim mən onu? Təhsili ilə oynaya bilmərəm ki. Amma burda da ömrümüz gedir, ailədən-uşaqdan ayrı”.
Halkalı Atatürk Hava Limanına yaxın ərazidə yerləşir. Odur ki, danışdıqca müsahiblərin səsini təyyarələrin uğultusu bölür. Necə də ironik mənzərə: sağda əlisilahlı polis, başının üstündə təyyarə, qayıdacağı vətəndə isə işsizlik, aclıq...
“Uşaqlarımızı evləndirmişik, amma ”ZAQS" kağızı yoxdur"
Az keçmədən məhəllə sakinlərindən biri, İqdır azərbaycanlısı İmdad Tunc da bizə yaxınlaşıb, həmvətənlərimizin dərdini deyir: “Burda azərbaycanlılar illərdən bəri yaşayırlar. Onların ən böyük problemi məktəb problemidir. Onların təhsil problemini həll edilməlidir. Öz imkanları daxilində bir məktəb açıblar, amma bu, kifayət deyil. Oradakı yetkililər bu problemi həll etməlidir. Baxırsan ki, insanlar 6-7 yaşındakı uşağının üzünə qapı bağlayıb, işə gedir. Yazıqdır, günahdır. Halbuki normal məktəb olsa, bağça sistemi olsa, onlar da belə əziyyət çəkməyəcək. Qadınlar tekstil işində, kişilər isə günü birlik işlərdə çalışırlar”.
“Tablodakı rənglər” get-gedə tündləşir. Məlum olur ki, həmvətənlərimizin bir tikə çörək üçün üz tutduğu qardaş ölkədə də şərtlər o qədər yüksək deyil. Əksinə, problem hər tərəfdən onları “qucaqlayıb”. Ən çox da böyüməkdə olan uşaqları. Hidayət adlı müsahibimiz deyir ki, 24 ildir Halkalıda yaşayır və ən böyük problem uşaqlarla bağlıdır: “Bizim körpələrimizə məktəb açılsın, şəhadətnamə verilsin. Uşaqlarımızı evləndirmişik, amma onlara ”ZAQS" kağızı verilmir. Çox şükür, çörəyimizi qazanırıq. Qadınlar tekstil işində, kişilər inşaatda çalışırlar. Bizə “oturma icazəsi” versinlər. İş yerlərində işləyib, təqaüdə çıxmaq istəyirəm. 24 ildir burda işləyirəm. Halbuki bu illərdə bir dövlət işində işləsəm, artıq təqaüdə də çıxa bilərdim. Bizim sığortamız, vətəndaşlığımız olmadığı üçün daimi işdə işləyə, iş qura bilmirik. Burda uşağı məktəbə qoya bilmirik. Bir yolla məktəbə düzəltsək, attestat verilmir. Avtomatik olaraq da ali məktəbə daxil ola bilmir. Yəni hamı burda qarantiyasız yaşayır".
Yoxlama gələndə pəncərədən özünü yerə atan azərbaycanlı işçilər
Azərbaycanlı qadınların çalışdığı tekstil fabrikini uzaqdan göstərirlər. Ailələrin əsas qazanc mənbəyi olan zərif cinsin nümayəndələri sutkanın böyük hissəsini burda keçirir. Azərbaycanda “türk malı” kimi satılan geyim məhsullarının çoxu elə bizimkilərin əl işidir. Onlar çalışır, tikir, bizsə bu geyimləri Azərbaycanda alıb geyinirik.
Adının çəkilməsini istəməyən həmyerlilərimizdən biri isə dedi ki, burdakı iş yeri sahiblərinin çoxu qaçaq işçi çalışdırdığı üçün ciddi problemlərlə üzləşirlər. “Bəzən yoxlama gələndə iş yerinin ikinci mərtəbəsindən hoppanıb, qaçanlar olur”. Bu da problemin bir başqa tərəfi.
Ümumiyyətlə, məhəllədəki azərbaycanlıların böyük əksəriyyəti qaçaq sayılır. Başlarına nəsə problem gələndə bunun üçün müvafiq orqanlara müraciət də edə bilmirlər. Necə deyərlər, adları üstündə - qaçaqlar. Bundan başqa, tibbi sığortaları da yoxdur. Bu isə onlara dövlət xəstəxanalarına müraciət haqqı vermir. Həmyerlilərimiz məcburən özəl xəstəxanalara müraciət edirlər. Bunun xərci də həddən artıq yüksəkdir.
Amma problem təkcə maddi qayğılarla bitmir. Yazının bir neçə yerində adıçəkilən orta məktəb məsələsi də var. Bu yaxınlarda əsası qoyulan, azərbaycanlı uşaqların təhsili üçün nəzərdə tutulan dördillik ibtidai məktəb. Kimlər tikib, orda balalarımıza nəyi, necə öyrədirlər? Bütün bunlar barədə növbəti sayımızda...