2000 sürücü səs siqnallarına görə cəzalanıb

2000 sürücü səs siqnallarına görə cəzalanıb
Avto 5 Oktyabr 2017 11:36 887
2000 sürücü səs siqnallarına görə cəzalanıb

“Lüzumsuz olaraq səs siqnallarından istifadəyə görə, 2000-dən artıq sürücü məsuliyyətə cəlb edilib”.

Bu barədə açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O bildirib ki, sürücülər biraz sıxlıq yaranan kimi səs siqnallarından istifadə edirlər.“Onlar elə bilir ki, lüzumsuz olaraq səs siqnalından istifadə etməklə yolları tıxaclardan azad edəcəklər. Bu çox yanlış düşüncədir, onlar bununla həm ətrafdakıları narahat edir, həm də belə hal aşkarlandıqda yol  polisi tərəfindən məsuliyyətə cəlb edilib”.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə tələblərinə uyğun olaraq işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə 30 manat cərimə nəzərdə tutulur.

V.Əsədovun sözlərinə görə, bu il ərzində çoxavazlı, yüksək tonlu, səsi artırıb azaldan səs siqnallarının avtomobillərə quraşdırılması və istismar edilməsinə görə 500-dən artıq sürücü məsuliyyətə cəlb edilib”.

Qeyd edək ki,  İnzibati Xətalar Məcəlləsinin  342.9-cü maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, 500 manatdan 800 manatadək məbləğdə cərimə edilir.

V.Əsədov onu da deyib ki, mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə 300-dən artıq avtomobil cərimə meydançasına yerləşdirilib, sürücü isə qanun qarşısında cavab verib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsinə əsasən, mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə sürücü 500 manat cərimə edilir. Məcəllənin 342.4 maddəsinə görə isə məcəllənin 342.3-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə cərimə min manat olur. 

OXŞAR XƏBƏRLƏR