Avropalı müsəlmanlar arasında – BOSNİYADA ƏMLAK

Avropalı müsəlmanlar arasında – BOSNİYADA ƏMLAK
Əmlak 10 Oktyabr 2017 02:51 1186
Avropalı müsəlmanlar arasında – BOSNİYADA ƏMLAK

27 il əvvəl dünyada belə diyarın olduğunu bəlkə də yerli sakinlərdən başqa kimsə bilmirdi. Seyyah.az turizm və əmlak portalı xəbər verir ki, Bosniya və Hersoqovina - keçmiş Yuqoslaviya Respublikasının dağılması nəticəsində Balkan yarımadasında yaranan  çoxsaylı xırda dövlətlərdən biridir. Ərazisi kiçik olsa da (51 min km2) Bosniyada əmlak investorlar üçün maraqlı obyektlər az deyil. Ən əsası ona görə ki, burada əmlakın qiyməti hələ Avropa səviyyəsinə çatmayıb, deməli qiymətlər yalnız yuxarı hərəkət edəcək. İnvestorlar bunun nə demək olduğunu yaxşı bilirlər. Seyyah.az Bosniya və Hersoqovinada əmlak almaq imkanını təqdim edir. 

 

Osmanlıların Avropadakı yadigarı

Azərbaycan əhalisinin o qədər də yaxşı tanımadığı Bosniya və Hersoqovina həm əhalisinin sayına, həm də sahəsinə görə, bizim ölkədən iki dəfə kiçikdir. Sayı heç 5 milyona da çatmayan əhalinin yarısını müsəlmanlar, yəni bosniyalılar təşkil edir. Bosniyalılar - ölkənin vaxtilə Osmanlı İmperiyası tərəfinlən işğal altında olduğu vaxtda müsəlmanlığı qəbul edən slavyanlardır. Başqa sözlə bu ölkədə əmlak almaq fikrinə düşən azərbaycanlılar azı dini baxımından narahatlıq his  etməyəcəklər.

 

Adriatik sahillərində

Avropanın cənub-şərq hissəsində, Balkan yarımadasının mərkəzində yerləşən Bosniya və Hersoqovinanın dənizə çıxışı olduqca məhduddur. Ölkə yalnız 20-25 km-lik məsafədə Adriatik dənizini görür. Xarici investorları da əsasən ölkənin bu hissəsi maraqlandırır. Ümumilikdə isə, ölkənin ərazisi əsasən dağlardan ibarətdir. Nəticədə Bosniya və Hersoqovina qış və dağ turizmi inkişaf edib - vaxtilə paytaxt Sarayevoda Qış Olimpiya Oyunları da keçirilib. Bu isə ölkəyə turixt axınını artırır. Turistlərlə yanaşı, Bosniya və Hersoqovinaya qonşu ölkələrin sahibkarları da gəlir. Bura əmlak almaq üçün sərfəli ərazilərdən biridir.

 

Ölkənin daşınmaz əmlak bazarı

Əksər ölkələrdə olduğu kimi, Bosniya və Hersoqovinada da 2008-2009-cu illərin iqtisadi böhranı əmlakı ucuzlaşdırmışdı. Amma son illər bazarda vəziyyət sabitləşib və qiymətlər artmağa doğru gedir. Avropanın əksər ölkələri ilə müqayisədə burada ev, torpaq sahəsi, kommersiya obyekti almaq hələ ki, ucuz başa gəldiyindən xarici investorlar Bosniya və Hersoqovinada bacardıqca daşınmaz əmlaka sahib olmağa çalışır. Yaxın illərdə ölkənin daşınmaz əmlak bazarında ucuzlaşma gözlənilmir - proqnozlara görə, qarşıdakı illərdə bura böyük məbləğdə investisiyalar yatırılacaq.

Hələlik isə, Bosniya və Hersoqovinada mənzillərin 1 m2-nin qiyməti yerindən asılı olaraq 600-1600 avro arasında dəyişir. Ölkədə ekonom sinifə aid mənzil azı 40 min avroya başa gəlir, biznes sinifə aid, həyətyanı sahəsi olan fərdi evlərin qiyməti isə 60-70 min avrodan başlayır.

Bosniya-Hersoqovinadan əmlak alanlar əsasən Balkan yarımadasındakı digər ölkələrin (Monteneqro, Serbiya, Xorvatiya və s.) vətəndaşlarıdır. Bununla yanaşı, MDB ölkələrində, o cümlədən də Rusiyada yaşayanlar da bu ölkədə daşınmaz əmlakın alqı-satqısı ilə məşğuldur.

 

Əmlakı harada almaq lazımdır?

Bütün ölkələrdə olduğu kimi, Bosniya və Hersoqovinanın daşınmaz əmlak bazarında da paytaxtın xüsusi yeri var. Sarayevodakı qış turizmi kurortları xarici investorları çox maraqlandırır. Xaricilər ölkənin Zenitsa, Tuzla, Mostar, Banya-Luka şəhərlərinə də maraq göstərir. Amma bu ərazilərdə daşınmaz əmlakın satışı halları yox dərəcəsindədir. Hazırda yalnız Adriatik dənizinin sahillərində əmlak almaq mümkündür ki, burada da söhbət əsasən fərdi evlərdən gedə  bilər.

Bir sözlə, Bosniya və Hersoqovinanın daşınmaz əmlak bazarı olduqca məhduddur. Ayrı-ayrılıqda fəaliyyət göstərən eyni adlı Federasiyadan, Serb Respublikasından və Brçko dairəsindən ibarət Bosniya və Hersoqovinada mənzil və torpaq sahəsi satan demək olar ki, yoxdur. Ölkədə əsasən, Bosniya və Hersoqovina Federasiyasının dənizkənarı ərazilərində -  Neum və Kupres şəhərlərində, Medjuqorye kəndində tikilmiş fərdi evlər və Mostar şəhərində inşa olunmuş ofis binaları satılır.

 

Əmlak neçəyədir?

Bosniya və Hersoqovinda daşınmaz əmlakın dəyərinə təsir edən əsas məsələ onun Adriatik dənizindən, eləcə də iri şəhərlərdən hansı məsafədə yerləşməsidir. Burada bəzi villaların qiyməti 1 milyon avroya çatır. Kommersiya obyektlərinin qiyməti isə 150-200 min avrodan 1,5-2 milyon avroya qədər dəyişir.

 

Fərdi evlər

Neum şəhərində, düz dənizin qırağında, ötən il inşa edilmiş 3 mərtəbəli 6 otaqlı, 170 kvadratmetr sahəsi olan villaya 1,3 milyon avro qiymət qoyulub. Elə burdaca eyni ölçülü və şəraitli, amma 5 otaqlı, 2012-ci ildə tikilmiş başqa bir villanı 560 min avroya almaq olar. 

Daha ucuz variantlar da var. Məsələn, dənizin 200 metrliyində 15 il əvvəl tikilmiş 3 mərtəbəli, 9 otaqlı və ümumi sahəsi 240 m2 olan fərdi ev 240 min avroya təklif olunur.

Adritaik dənizinin sahilində yerləşən digər şəhər – Kupresdə şəhərində isə fərdi evlərin qiyməti Neum şəhəri ilə müqayisədə aşağıdır və 80-130 min avro civarında dəyişir. Burada hər cür şəraiti olan, dənizdən 120 metr məsafədə  inşa edilmiş 4 mərtəbəli 4 otaqlı, 168 m2 sahəsi olan evə 125 min avro qiymət qoyulub.

Hərfi tərcümədə “Dağlararası” mənasını verən Medjuqorye kəndində isə 2004-cü ildə dəniz kənarında inşa edilmiş 4 mərtəbəli 15 otaqlı, 450 m2 sahəsi olan villa 260 min avroya satılır.

 

Kommersiya obyektləri

Mostar şəhərində 3 mərtəbəli, 40 otaqdan ibarət və ümumi sahəsi 1150 m2 olan ofis binasını 2 milyon avroya almaq olar. Elə həmin şəhərdə 7 mərtəbəli, 22 otaqdan ibarət və ümumi sahəsi 1235 m2 olan ofis binası 1 milyon avroya təklif olunur.

Medjuqoryedə isə 2004-cü ildə inşa edilmiş, 6 mərtəbəli, 30 otaqdan ibarət və ümumi sahəsi 1100 kvadratmetr olan ofis binasının 650 min avro qiyməti var.

 

Xaricilərin əmlak alması proseduru

Bosniya və Hersoqovinada əcnəbi vətəndaşların daşınmaz əmlak əldə etməsinə heç bir məhdudiyyət yoxdur. Bu ölkədə heç kim əmlakın hansı pulla əldə edilməsi ilə maraqlanmır, yəni vəsaitin mənbəyini açıqlamaq vacib deyil. Daşınmaz əmlaka dair sövdələşmənin dəyəri yalnız alıcı və satıcı arasında bağlanan müqavilədə öz əksini tapır, bu məqam heç dövlər reyestrində də qeyd olunmur.

Amma xaricilər üçün müəyyən qaydalar var. Məsələn, fiziki şəxslər yalnız 500 kvadratmetrə qədər torpaq sahələrini ala bilərlər. Bundan böyük torpaq almaq üçün hüquqi şəxs yaratmaq lazımdır. Əcnəbilərin hüquqi şəxs yaratması isə 500-1000 avro civarında vəsait xərcləməklə, 3 gündən 10 günə kimi başa gəlir. Yeni mülkiyyətçinin hüquqlarının dövlət qeydiyyatına alınması isə 25-60 gün çəkir.

 

İlkin alqı-satqı müqaviləsi

Bütün ölkələrdə olduğu kimi Bosniya və Hersoqovinada da daşınmaz əmlakın alqı-satqısı həyata keçirilərlən tərəflər ilk növbədə yerli notariat kontorunda beh müqaviləsi (avans müqaviləsi) bağlayırlar. Həmin müqavilədə alıcının və satıcının rekvizitləri, sövdələşmə predmeti olan obyektin qiyməti, verilən behin məbləği (bu məbləğ daşınmaz əmlakın dəyərinin 10%-i qədər ola bilər), ödənişin həyata keçirilmə qaydası (nağd və yaxud köçürmə yolu ilə), yekun alqı-satqı müqaviləsinin imzalanacağı tarix öz əksini tapır. Amma beh almaq üçün alıcı Kadastr xidmətindən arayış təqdim etməlidir ki, əmlaka dair satış hüququnun onda olmasını sübut etsin.

 

Yekun alqı-satqı müqaviləsi

İlkin alqı-satqı müqaviləsi imzalandıqdan sonra alıcı behi satıcının bank hesabına ödəyir və müqavilə yerli məhkəməyə təqdim olunur. Elə məhkəmədə də tərəflər arasında yekun alqı-satqı müqaviləsi imzalanır və qalan məbləğ satıcıya ödənilir. Yekun alqı-satqı müqaviləsi imzalandıqdan sonra o, Kadastr Xidmətinə təhvil verilərək nömrələnir və yeni mülkiyyətçiyə müvafiq çıxarış təqdim olunur.

 

Alqı-satqı xərcləri

Bosniya və Hersoqovinada daşınmaz əmlakın alqı-satqısı prosesində alıcıya və ya satıcıya kömək edən vəkillərin zəhmət haqqı 500-700 avro civarındadır. Əgər əcnəbi vətəndaşın tərcüməçiyə işi düşübsə, bunun üçün 100-300 avro pul ödəməlidir. İlkin alqı-satqı müqaviləsinin yerli məhkəmədə qeydiyyata alınması üçün onun dəyərinin 2%-i qədər, yekun alqı-satqı müqaviləsinin Kadastr Xidmətində qeydiyyatdan keçirilməsi üçün isə müqavilə dəyərinin 3%-i qədər rüsum ödənilməlidir. Mülkiyyətə dair çıxarışın verilməsi xərci isə regiondan asılı olaraq 30-50 avro arasında dəyişir.

 

Əmlakın saxlanılması, kommunal xidmətlər

Bosniya və Hersoqovinada daşınmaz əmlakın saxlanılması əksər Avropa ölkələri ilə müqayisədə ucuz başa gəlir. Bu ölkədə mövsümdən asılı olaraq evin aylıq içməli su xərci 10-50 avro, elektrik enerjisi xərci 20-200 avro təşkil edir. Tullantıların daşınması üçün ayda 3 avro, ev telefonundan istifadə üçün 10 avro, internet xidmətindən yararlanmaq üçün 30-50 avro ödəmək lazımdır.

OXŞAR XƏBƏRLƏR