Xarab olmuş işıqlara görə cərimə varmı?

Xarab olmuş işıqlara görə cərimə varmı?
Avto 13 Oktyabr 2017 15:55 1334
Xarab olmuş işıqlara görə cərimə varmı?

Bu gün bir çox  Yol Patrul  Xidməti (YPX) inspektoru avtomobilinin işığı xarab olmuş sürücüyə cərimə yazmaqla kifayətlənmir, maşını ya cərimə meydançasına aparır, ya da Dövlət Yol Polisi postunda saxlayır. Və belə bir hal da sürücülər arasında narazılıq yaradır. Halbuki, qanunda belə bir müddəa və ya göstəriş yoxdur!

Gəlin, qanunda bunun necə yazıldığına nəzər salaq.
Yol Hərəkəti haqqında Qanunun (YHQ) 1 saylı Əlavəsində  nəqliyyat   vasitələrinin istismarını qadağan edən nasazlıqların siyahısı verilib. Lakin, həmin siyahıda heç bir halda bu səbəb üzündən "avtomobil cərimə meydançasına getməlidir" göstərişi yoxdur. Bəli, siz deyə bilərsiniz ki, amma bu, İnzibati Xətalar Məcəlləsində (İXM) var. İXM-nin 96-cı maddəsində belə qeyd olunub:
"96. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda". 

Lakin burada da – harada -  qeyd edilməyib və YHQ-nin 1 saylı ƏLAVƏSİN-də qeyd olunan bütün nasazlıqların siyahısı da  yoxdur.  Ümumiyyətlə, 96-cı maddənin tamlığı ilə bağlı mübahisə etmək olar.  Məsələn, bir avtomobilə normativ pozulmaqla avadanlıq quraşdırılıb və sürücü bu avadanlığı aradan qaldıra bilmir (nəzərə alaq ki, bu cür avadanlıqları adətən "ustalar" quraşdırır) və maşın  cərimə meydançasına göndərilir. YPX inspektoru da adətən bu nasazlığın aradan qaldırılmasının cərimə meydançasında aparılmasını tələb edir. Bu tələb nə dərəcədə düzgündür? İlk olaraq bildirək ki, cərimə meydançası təmir məntəqəsi deyil!  Və bu səbəbdən də maşına quraşdırılmış avadanlığın istənilən formada açılması düzgün sayıla bilməz, ən azı təhlükəsizlik baxımından. Ən əsası isə avadanlığın sökülməsindən sonra avtomobolin normal işləyəcəyinə DYP inspektorunun təminatı vardırmı?!
Burada cərimə meydançasından deyil, avtomobilin yaxınlıqda olan təmir məntəqəsinə aparılmasından söhbət gedə bilər. 
Bu hal həmçinin nəqliyyat vasitələrinin digər nasazlıqlarına da aiddir. 

Heç bir halda "sənin dönmə işığın yanmır və avtomobil cərimə meydançasına getməlidir" qərarı tətbiq oluna bilməz! Unutmayaq ki, cərimə meydançasında işıq təmir olunmur və heç bir sürücü anadangəlmə usta deyil. Əgər avtomobilin nasazlığını  aradan qaldırmaq mümkündürsə və onun hərəkətində heç bir maneə yoxdursa (məsələn, gündüz vaxtı), sürücüyə protokol yazılır və o, hərəkətini davam etdirir. Daha ciddi nasazlıqdırsa, bu zaman iki nüsxədə akt tərtib olunaraq həmin avtomobilin istismarı qadağan edilir. Bu nə deməkdir ? 
Yəni, maşın sürülə bilərsə,  yaxınlıqdakı təmir məntəqəsinə və ya sürücünün yaşayış yerinə aparılır. Avtomobilin sürülməsi təhlükəlidirsə (məsələn. əyləc sistemində problem varsa), avtomobil sərt yedəyə alınmaqla və ya təxliyyə avtomobili ilə, yenə, təmir məntəqəsinə və ya yaşayış yerinə aparılır. Lakin, quraşdırılmış avadanlıq avtomobilin istismarını qadağan edirsə, onda  İXM-ə uyğun olaraq cərimə yazılır və iki nüxsədə akt tərtib olunur.      

Maşın təmir olunduqdan sonra nasazlığın aradan qaldırıması ilə bağlı arayış təqdim edildikdə avtomobil texniki yoxlanışdan keçirilir. Avtomobil saz vəziyyətdədirsə, istismarın qadağası ləğv olunur. Deməli, avtomobildə nasazlıq varsa, ya onun sürücüsünə cərimə yazılmaqla yerindəcə bu nasazlıq aradan qaldırılır, ya da sürücünün iştirakı ilə iki nüsxədə akt tərtib olunmaqla maşın təmir məntəqəsinə (və ya sürücünün yaşayış yerinə) göndərilir,

istismarı  da qadağan edilir. Yəni, heç bir halda avtomobil cərimə meydançasına aparılmır. Elə isə bir sual yaranır: DYP inspektorları texniki nasazlığı olan  avtomobili niyə cərimə meydançasına salıb məhz orada nasazlığın aradan qaldırılmasını tələb edirlər?!

Maraqlı sualdı, deyilmi?!!
Cavabı tapsanız, mənə də deyin!

©avtostop.tv

OXŞAR XƏBƏRLƏR