Əsrin bəlası: stress

Əsrin bəlası: stress
Sağlıq 13 Oktyabr 2017 16:02 938
Əsrin bəlası: stress

Yeni gün başlayır və siz bu günü bacardığınız qədər problemsiz keçirmək istəyirsiniz. Ancaq bir tərəfdən yoxa çıxan corablar, bir tərəfdən hazır olmayan çay, bir tərəfdən uşağın ağlamaq səsi, bir tərəfdən tıxaca düşən maşın sizi hövsələdən çıxarır. Bütün cəhdlərinizə baxmayaraq, gününüzü problemlərlə başlayır, axşam isə ağır bir iş günündən sonra yorğun düşürsünüz. Bu mənzərə yəqin ki, hamınıza yaxşı tanışdır. Çox vaxt belə günlərdən sonra səhhətinizdə müəyyən problemlər ortaya çıxır və siz istər-istəməz bunun səbəbini başqa yerdə və (ya yerlərdə) axtarmağa çalışırsınız. Halbuki başqa yerdə səbəb axtarmağa ehtiyac yoxdur. Diqqət yetirsəniz, bütün bu problemlərin başında stresin dayandığını görəcəksiniz. Orqanizmin stresə qarşı reaksiyası başqa cür “Ümumi Ahəng Sindromu” adlandırılır. Bu sindrom təhlükə, müqavimət, zəiflik kimi üç mərhələdə özünü göstərir. Təhlükə mərhələsində ən çox müşahidə edilən əlamətlər aşağıdakılardır:

1. Ürək döyüntüsünün (həmçinin

tənəffüsün) sürətlənməsi,

2. Qanda şəkər səviyəsinin yüksəlməsi,

3. Əzələlərdə gərginliyin artması,

4. Oynaqlarda ağrıların baş qaldırması,

5. Ağızda (həmçinin boğazda) quruluq,

6. Baş ağrısı və baş gicəllənməsi,

7. Əllərdə və ayaqlarda tərləmə,

8. Mədə-bağırsaq və həzm pozğunluğu,

9. Az və ya çox danışmaq,

10. Ürək bulanması, qusma və ishal,

11. Yorğunluq və ya halsızlıq,

12. İştahasızlıq və ya “acgözlük”,

13. Yuxuda danışmaq və ya

qorxulu yuxular görmək,

14. Müvazinət pozğunluğu

və ya yuxu pozğunluğu,

15. Həssaslığın artması

(xüsusilə də səsə qarşı).

Təhlükə mərhələsindən sonra orqanizm ikinci mərhələyə qədəm qoyur. Bu mərhələ müqavimət mərhələsidir. Müqavimət mərhələsində orqanizm meydana gələn “dağıntıları” bərpa etməyə çalışır. Əgər orqanizm güclüdürsə, stresin fiziki təsirləri aradan qalxır. Əks halda isə insanda həyəcan, əsəbilik, bədbinlik, laqeydlik, qorxu və s. kimi əlamətlər davam edir. Bundan sonra isə zəiflik mərhələsi başlayır. Bu mərhələdə orqanizmdə bəzi orqanik xəstəliklər meydana gəlir. Baş ağrıları, mədə yarası və yüksək qan təzyiqi bu xəstəliklərdən bəziləridir. Stresli bir şəraitdə yaşayan insanların ən çox qarşılaşdıqları əlamətlər yuxusuzluq və ya yuxu pozğunluğudur. Stresdən irəli gələn yuxu pozğunluqları insanın əsəb sisteminin pozulmasına gətirib çıxarır. Bəs stresdən necə yaxa qurtarmaq olar? Bunun üçün hər şeydən əvvəl stresi düzgün xarakterizə etmək lazımdır. Bundan sonra başqa tədbirlərə əl atmaq olar. Məsələn…

1. İstirahət etmək üçün vaxt ayırın.

2. Həmişə hərəkətdə olun.

3. İş vaxtınızı düzgün bölün.

4. Lazım olan qədər yatın.

5. Yemək rejiminə riayət edin.

6. Çətin vəziyyətdə özünüzü itirməyin.

7. Problemlərinizi başqaları ilə bölüşün.

8. İnsanlarla ünsiyyətə əhəmiyyət verin.

9. Hadisələrə nikbin baxmağı öyrənin.

10. Hobbilərinizin sayını artırın.

11. İşləriniz gərginləşdikdə fasilə verin.

12. Əsəblə (ya da həyəcanla) heç bir şeyi həll etmək mümkün olmadığını unutmayın.

13. Yaxınlarınızla ünsiyyətinizi kəsməyin.

14. Bir işə başlayarkən plan qurun.

15. Lazım gəldikdə kömək istəyin.

OXŞAR XƏBƏRLƏR