Bakıda İtaliya təhsil sərgisi keçiriləcək

Bakıda İtaliya təhsil sərgisi keçiriləcək
Təhsil və karyera 16 Oktyabr 2017 13:38 1462
Bakıda İtaliya təhsil sərgisi keçiriləcək

İtaliya təhsil sərgisi olan "İtaliyada təhsil al! Studiare in Italia" altıncı dəfə Azərbaycan, Rusiya, Qazaxıstan və Gürcüstanda keçiriləcək.

Azərbaycan, Rusiya, Qazaxıstan və İtaliya mədəniyyətlərarası əməkdaşlığı çərçivəsində reallaşan ənənəvi tədbir cari ilin payızında keçiriləcək. Müxtəlif proqramları və tədris səviyyələrini təmsil edən ən yaxşı italyan təhsil müəssisələri bir məkanda toplanacaq. Sərgi Gürcüstanın paytaxtında ilk dəfə təşkil ediləcək.

İtaliyada təhsil üzrə hər il müxtəlif şəhərlərdə keçirilən yeganə irimiqyaslı tədbir bu il Almatıda başlanacaq, Bakıda, Moskvada və Tbilisidə davam edəcək, Sankt-Peterburqda yekunlaşacaq.

Səyyah.az turizm və təhsil portalı xəbər verir ki, Azərbaycanın paytaxtında sərgi oktyabrın 21-də “Hyatt Regency” hotelində keçiriləcək. Tədbirdə İtaliyanın ölkəmizdəki səfiri Augusto Massari da iştirak edəcək.

Sərginin təşkilinin əsas məqsədi İtaliyada təhsilin mövcud imkanları barədə məlumat vermək və müxtəlif təhsil müəssisələrini eyni məkanda toplamaqdır.

Bu günədək İtaliyanın 60 müxtəlif istiqamətli ali məktəbinin qatıldığı sərgini 13 minədək tələbə və valideyn ziyarət edib.

Sərginin əsas zalında iştirakçılar təhsil müəssisələrinin nümayəndələri ilə birbaşa ünsiyyət qurmaqla universitetlərə qəbul qaydaları və təhsil haqları barədə məlumat ala və həmçinin İtaliyada təhsil və həyat səviyyəsi ilə bağlı onları maraqlandıran suallara cavab tapa biləcəklər. Bundan başqa, qonaqları zəngin təqdimat proqramı da gözləyir. Moda və dizayn sahəsində təhsillərini davam etdirmək və ya bu istiqamətdə təhsil almaq istəyənlər Istituto Marangoni, Istituto Carlo Secoli və Polimoda kimi nüfuzlu ali məktəblərin təqdimatında iştirak imkanı əldə edəcəklər. Memarlıq və mühəndislik ixtisasına marağı olanlar Politecnico di Milano İnstitutunda təqdim edilən geniş ixtisas seçimi barədə məlumat ala biləcəklər. Təqdimatda, həmçinin incəsənət və yaradıcılıq ixtisaslarına maraq göstərənlər üçün Roma Gözəl Sənətlər Akademiyası – RUFA (Rome University of Fine Arts) təqdimat təşkil edəcək.

İqtisadiyyat, menecment və biznes istiqamətində təhsil imkanı təqdim edən ESCP Europe, MIP Politeсnico di Milano, Università Luigi Bocconi kimi İtaliyanın aparıcı biznes məktəblərini təmsil edən nümayəndələr bakalavr, magistr təhsili barədə, həmçinin yalnız tələbə auditoriyası üçün deyil, həm də müəyyən peşəkar təcrübəyə malik mütəxəssislər üçün də nəzərdə tutulan MBA proqramları və birillik proqramlarda təhsil imkanları barədə məlumat verəcəklər.

İtaliyanın Roma, Milan, Florensiya, Venetsiya, Piza, Siena və digər şəhərlərini təmsil edən genişprofilli universitetlər sərgi iştirakçıları üçün zəngin seçim imkanı yaradacaq. Linqvistika, sosial elmlər, tibb, fəlsəfə, riyaziyyat, informatika fakültələrinə daxil olmaq barədə məlumatları müvafiq ali məktəblərin təqdimat mərasimlərində əldə etmək mümkün olacaq./azərtac/

OXŞAR XƏBƏRLƏR