Qəza baş verdikdə sürücülər DYP və sığortanı mütləq gözləməlidirlərmi? - İZAH

Qəza baş verdikdə sürücülər DYP və sığortanı mütləq gözləməlidirlərmi? - İZAH
Avto 2 Noyabr 2017 13:17 1102
Qəza baş verdikdə sürücülər DYP və sığortanı mütləq gözləməlidirlərmi? - İZAH

Bəzən yollarda uzun tıxacla qarşılaşırıq.

   Yaxınlaşanda aydın olur ki, iki avtomobil bir-birinə dəyib. Sürücülər də avtomobildən düşüb yolun ortasında dövlət yol polisi əməkdaşlarının və sığorta nümayəndəsinin gəlməsini gözləyirlər. Təbii ki, 20-30 nəfərin də hadisəyə “dəstək” məqsədilə avtomobili saxlayıb sadəcə dayanıb baxmasını unutmaq da lazım deyil. Bununla da dəhşətli tıxac yaranır. Təsəvvür edin ki, ikizolaqlı yolda qəza baş verir, zolağın birinda vurulan maşın, digərində isə vuran maşın dayanır, sürücülər isə kənara çəkilib DYP və sığorta əməkdaşlarını gözləyirlər...

   Ümumiyyətlə, qəza baş verdikdə sürücülər DYP və sığortanı mütləq gözləməlidirlərmi? Avtomobili yerindən tərpətməmək vacibdirmi?  Səyyah.az turizm və avtomobil portalının xəbərinə görə hüquqşünas Ərşad Hüseynov avtosfer.az-a bildirib ki, hər hansı bir qəza baş verdiyi zaman yol polisinə məlumat verilməlidir. “Yol hərəkəti haqqında qanunun 37-ci maddəsində qeyd olunur ki, qəza baş verdiyi zaman (həm avtomobillər toqquşarsa, yaxud sürücü yol kənarında dirəyə dəyərsə və s.) DYP-yə mütləq məlumat verilməlidir. Yol polisinə məlumat verildikdən sonra polis hadisəni araşdırmalıdır. Həmçinin maddədə göstərilir ki, sürücü hadisə yerini qorumalıdır. Yəni, hadisəyə hüquqi qiymət verilməsində hər hansı problem yaşanmasın. Elə həmin maddədə deyilir ki, avtomobillərə cüzi ziyan dəyibsə, sürücülər arasında hadisədə kimin günahkar olması barədə mübahisə yoxdursa, nəqliyyat vasitələrində, onların hərəkət etməsinə mane ola biləcək nasazlıq yoxdursa, o zaman sürücülər yerində özləri sxem çəkərək DYP çağırmadan hadisə yerini tərk edə bilərlər. Amma dərhal sonra  yol polisinə müraciət edərək hadisənin rəsmiləşdirlməsi üçün getməlidirlər.” Sığorta ilə bağlı məsələyə toxunan hüquqşünas bildirib ki, icbari sığorta olduqda sığorta əməkdaşının hadisə yerinə gəlməsinin məcburiliyi heç bir qanunda nəzərdə tutulmayıb və buna heç bir ehtiyac yoxdur. Kasko sığortada isə bu, fərqlidir: “Bu sığorta növü könüllü olduğu üçün şərtləri də şirkət və sürücü müəyyənləşdirir. Əgər müqavilədə sığorta əməkdaşının hadisə yerinə gəlməsinin mütləq olması barədə müddəa varsa, o zaman sürücü buna riayət etməlidir. Əslində burada da sığorta əməkdaşı gəlmədikdə də problem yaranmaya bilər. Sadəcə olaraq sürücü avtomobili hadisə yerindən aparakən ona heç bir dəyişiklik etməməli, olduğu kimi sığorta şirkətinə təqdim etməlidir. Problem onda olacaq ki, qəzaya düşən avtomobilin vəziyyəti dəyişdirilsin və ziyanın həcmini düzgün qiymətləndirmək olmasın”.

OXŞAR XƏBƏRLƏR