Azərbaycanlılar Almaniyaya hansı yollarla köçürlər? - ARAŞDIRMA

Azərbaycanlılar Almaniyaya hansı yollarla köçürlər? - ARAŞDIRMA
Xaricdə iş və miqrasiya 5 Noyabr 2017 21:58 25494
Azərbaycanlılar Almaniyaya hansı yollarla köçürlər? - ARAŞDIRMA

“Azərbaycandan Almaniyaya oturum üçün müraciət edənlərin çox hissəsi səbəb kimi siyasi fəaliyyətlərini göstərirlər. Belə çıxır ki, Azərbaycanda daha siyasi fəal qalmayıb, hamısı bura gəlib?”, - kiçik tərcümə agetnliyinin sahibi, 20 ildir ki, Berlində yaşayan və Almaniya vətəndaşı olan Qurban Ələkbərov deyir.

Seyyah.az turizm və miqrasiya portalı ifact.ge satyina istinadən azərbaycanlıların Almaniyaya köçməsi ilə bağlı məqaləni təqdim edir. 

Avropa Birliyində (AB) Yaxın Şərq və Afrika ölkələrində ölümlə üz-üzə qalan qaçqınlara digərləri ilə müqayisədə daha yaxşı və ən çox yardım edən ölkələrin siyahısında Almaniya ilk sıralarda dayanır. Hazırda Almaniya, həmçinin Azərbaycanı tərk edən minlərlə azərbaycanlılar üçün də təyinat yeri olub – əsasən, iqtisadi səbəblərə görə.

Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin verdiyi məlumata görə, 2016-cı ildə Almaniyada sığınacaq almaq üçün müraciət edən Azərbaycan vətəndaşlarının sayı 4750 nəfər olub. 2015-ci il göstəriciləri ilə müqayisədə bu rəqəm, 3 dəfə çoxdur. 4750 müraciətdən cəmi 459-u müsbət cavab alıb. Buraya siyasi, qaçqın və əlavə qorunma statusu alan şəxslər daxildir. Hazırda Almaniya kansleri Angela Merkel il ərzində ölkənin yalnız 200 min qaçqını qəbul edəcəyini bildirib, bu isə azərbaycanlıların sığınacaq almağının daha da çətinləşəcəyi deməkdir.


Avropaya Daxil Olmaq Cəhdi

Sosial şəbəkələrdə partiya biletləri, polisdən həbs arayışları da daxil olmaqla, bir çox sənədin saxtalaşdırması haqda gəzən söhbətlər də siyasi mühacirlərin sayının şişirdilmiş olmasını bir daha gündəmə gətirir. Siyasi səbəbdən sığınacaq almaq istəyənlər Almaniyada aidiyyatı qurumlara bunu sübut edən sənədləri göstərməlidirlər.

Müsahiblərin sözlərinə görə, Avropaya saxta səbəblərlə gedən və orada sığınacaq axtaranların bəzən iki adı olur: biri real, digəri isə sığınacaq almaq üçün istifadə edilən ad. İkinci ad təqdim ediləndə, adətən həmin ad üzərindən Azərbaycana sorğu göndərildiyində bu insan haqqında heç bir nəticə əldə etmək mümkün olmur.

Meydan TV-nin sosial media meneceri Həbib Abdullayevin sözlərinə görə, buna adətən bir neçə il öncə daha çox rast gəlmək olardı: “Həmin şəxsin ölkədə qeydiyyatını tapmadıqda, adətən o, bir növ vətənsiz hesab edilirdi və Almaniya hökuməti də çarəsizlikdən artıq həmin şəxsə sığınacaq vermək məcburiyyətində qalırdı”.

Hazırda bu üsulun tətbiqi mümkün deyil. Çünki şengen vizasına müraciət edərkən, turist vizası olsa belə, əvvəlcədən şəxsin əl izləri götürülür, o səbəbdən artıq bu üsul öz aktuallığını da itirmiş olur.

33 yaşlı H.Abdullayev 2002-ci ildən Berlində yaşayır. O, Rusiya, Belarus, Ukrayna və Polşadan keçərək Almaniyaya gəlib:

“Elə insanlar olur ki, sırf məqsədli şəkildə bura gəlmək üçün Azərbaycanda keçirilən mitinqlərə gedib, orada şəkillər çəkdirirlər. Mitinqlərdə hətta polisləri qəsdən qıcıqlandırıb onlara əl qaldırmalarına müvaffəq də olurlar ki, onların fotoları çəkilib “rekert” saytlarda, qəzetlərdə dərc olunsun. Daha sonra onlar sığınacaq üçün müraciət etdikdə mitinqdə iştirak etdiklərini, hazırda isə təqiblərə və s. məruz qaldıqlarını desinlər”.

Anonim qalmaq istəyən digər bir mənbə də qeyd edir ki, xüsusi fotoqraflar var ki, onlar müəyyən pul məbləğində bu cür anları “yaxalayıb” çəkirlər.

Sığınacaq almaq istəyənlərin bəziləri də bunu övladlarına normal gələcək vermək üçün və ya səhhətləri ilə bağlı problemlərə görə Avropaya üz tuturlar:

“Almaniyaya gələnlərə ilk olaraq verilən sənədlərin sırasında sığorta sənədi də olur. Hətta sığorta alana kimi onlara bütün tibbi müayinələr də pulsuz edilir. Qan analizi, rentgen kimi müayinələrdən keçirilirlər ki, onlarda olan xəstəliklər və s. aşkar edilsin. Ciddi xəstəlik aşkar edilsə belə, sorğusuz-sualsız heç bir ödəniş etmədən həmin şəxs əməliyyat edilir və ya onun təcili müalicəsinə başlanılır”, deyə H.Abdullayev bildirir.

56 yaşlı Əlövsət Əliyev 2014-cü ildən Almaniyada yaşayır. O, Bakıda yerləşən Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri vəzifəsində çalışıb. Ə.Əliyevin adı Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi Emin Şəkinskinin həyat yoldaşı və uşaqlarının ölkəni tərk etməsi üçün saxta sənədlər düzəltməkdə ittiham edilən şəxslərin adı sırasında hallanır. Ə.Əliyevdən əlavə, daha 12 nəfər də bu cinayət işinə cəlb edilib. Onlar sənəd saxtalaşdırılmasında, qeyri-qanuni yolla sərhədi keçməkdə və oğurluqda ittiham edilirlər. Təqsirləndirilənlər isə oğruluq ittihamını rədd etsələr də, sənəd saxtakarlığını etiraf ediblər.

“İnsanlar bilir ki, mən Miqrasiya Mərkəzinin rəhbəri vəzifəsində çalışmışam və bu işlərdə mənim böyük təcrübəm var”, deyə Əliyev Meydan TV-yə 2016-cı ildə verdiyi müsahibəsində qeyd edib. “Mən hər zaman insanlara saxta sənədlərdən istifadə etməmələrini tövsiyə edirəm” - deyən Əliyev onu da əlavə edib ki, o özü, saxta sənədlər təklif edən “mütəşəkkil cinayətkar qrupu” haqda bir gün hesabat hazırlaycaq.

14 illik jurnalist təcrübəsi olan Röya Rəfili, ''Yeni Müsavat'' qəzetində və ''Kanal-13'' İnternet televiziyasında çalışıb. Hazırda isə o, Nüremberq kampının müvəqqəti sakinidir..

Avropada sığınacaq axtaranların böyük hissəsi Şengen ərazisinə turist kimi daxil olur. Bu səyahətdən öncə Şengen vizası olan şəxslərin yenidən turist viza alması daha asan olur. Lakin hər hansı bir şəxsin Şengen vizası olmayıbsa, onlar adətən “qara bazar”-a üz tuturlar. Onlardan biri də jurnalist Röya Rəfili olub.

“Ən azı iki Şengen vizan olmalıdır ki, üçüncü üçün müraciət etdikdə pozitiv cavaba ümid edəsən. Ancaq mən indiyədək heç vaxt viza almamışam”, deyə Rəfili bildirir. “İlk olaraq, özüm almağa çalışdım. Ancaq alınmadı. Bundan sonra “qara bazar”-da adam axtarmağa başladım. Bir şəxs tapdım ki, o da, başqa bir şəxsi tapdı, həmin şəxs də dəllalı tapdı. Hansı səfirlikdən viza almaq istədiyimi soruşdular – Macarıstan, Latviya, ya İtaliya. Mən də Dublin konvensiyası səbəbindən Macarıstan səfirliyini seçdim”.

Macarıstan səfirliyi Dublin konvensiyasına görə çox məşhurlaşıb. Konvensiyaya əsasən, Avropa Birliyinə daxil olan ölkədə qaçqın statusunu alan şəxs adətən ilk daxil olduğu Şengen ölkəsinə sığınacaq üçün müraciət edə bilər. Əgər həmin şəxs digər ölkəyə müraciət edirsə, onun ilk daxil olduğu Şengen ölkəsinə geri qaytarılması ehtimalı böyük olur.

2015-ci ildə Macarıstan, ölkəsi üçün çox sərfəli olan bir qanundəyişiklik etdi. Bu dəyişikliyə əsasən, ilk olaraq Macarıstana daxil olanlar burada sığınacaq üçün artıq müraciət edə bilməzdilər. Nəticə etibarilə azərbaycanlı sığınacaq axtaranlar tursit vizası ilə Macarıstana üz tutdular. Bunu etməklə, onlar Macarıstana daxil olduqdan sonra Almaniyaya gedirlər, çünki artıq Macarıstana geri qaytarılmayacaqlarını bilirlər.

Lakin bir müddətdir ki, Bakıdakı Macarıstan səfirliyi müraciət edənlərə neqativ cavab verir. Səbəb olaraq isə Azərbaycandakı sosial-iqtisadi durumu göstərərək, vətəndaşların Avropadan geri qayıtma ehtimalının az olduğunu qeyd edirlər.

 

Viza almaq üçün "şirilnlik" - 1500-5000 manatdir

Viza alınmasında yardım edən xidmətlərin qiyməti sifarişçi ilə xidmət göstərənin arasında olan tanışlıq əlaqələrinə görə də dəyişə bilir. Müxtəlif müsahiblərimizdən aldığımız cavablara görə, qiymətlər 1500-5000 manat arasında dəyişir.

Jurnalist Səxavət Məmmədov deyir ki, Bakıda bu üslubda “viza dəstəyi” göstərən şirkətlərdən biri ona səfirliyə müraciət üçün xarici pasportunu, işdən arayış və sahib olduğu evin və ya maşınının olması ilə bağlı sənədin kifayət olduğunu bildirib.

Turizm şirkəti kimi fəaliyyət göstərən  “Sərhədsiz” (“No Border”) şirkəti paytaxtın Bübül prospekti 30 ünvanında yerləşir. Şirkətin rəhbəri isə 34 yaşlı Ramin Hacılıdır. O, hazırda Azərbaycan Avropa Hərəkatının prezidentidir. Ümid Partiyası sədrinin beynəlxalq əlaqələr və strateji məsələlər üzrə sabiq müavini olub.

Məmmədovun suallarına internet üzərindən və telefonda cavab verən şəxsə görə, şirkətin 20-yə yaxın işçisi olsa da, onlardan yalnız beş-altı nəfəri rəsmi işçidir. Həmin şəxs onu da bildirib ki, bir ay ərzində şirkətin köməkliyi ilə Avropaya turist vizası alan şəxslərin sayı yüzü ötüb-keçir. Viza üçün müraciət edilən səfirliklər arasında isə Macarıstan, Fransa, İsveçrə, Latviya və digər səfirliklər var.

https://d9mc3ts4czbpr.cloudfront.net/get_img?ImageWidth=2773&ImageHeight=3500&ImageId=37233

Mühacir biznesmenləri turisti vizası üçün müraciət edən şəxslərə istənilən şəhərin istənilən otelini rezervasiya edə bilirlər, hətta Budapeştin yerli sakinləri arasında Józsefváros adlı kriminal bir rayonda belə..

 

S.Məmmədova bu xidmətin 500 ABŞ dolları dəyərində olduğu deyilib. Lakin Hacılının Məmmədovun müdiri ilə tanışlığı olduğuna görə müəyyən bir endirimin mümkünlüyü də bildirilib. Məmmədov müəyyən sənədləri özləri gətirdiyi təqdirdə isə bu qiymətin daha az olacağı da qeyd edilib.

Jurnalistə turist vizası almaq üçün Fransa səfirliyinə görüşün təyin edilməsində yardım ediləcəyi də deyilib. Daha sonra isə Fransaya daxil olduqdan sonra onun Almaniyaya rahat keçə bilməsi və elə orada da polisə təslim olması məsləhət görülüb:

“Orada çətin bir şey yoxdur, sadəcə polisə təslim olanda bunun səbəblərini izah edirsən. Sənin də aktiv jurnalist fəaliyyətin var, mitinqlərlə bağlı çoxlu reportajların var”, - deyə bildirilib. Bununla yanaşı kampla bağlı hər hansı bir çətinlik və ya yardıma ehtiyacı olarsa, R.Hacılının Almaniyada yaşayan qardaşının köməyindən yararlana biləcəyi də deyilib.

Oktyabrın 12-də Ramin Hacılıya iki il sınaq müddəti təyin edilərək şərti cəza verilib. Buna səbəb olaraq isə Hacılının ABŞ-a getməyə viza almaq istəyənlər üçün ABŞ-ın Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsinə saxta sənədlər təqdim etməsi göstərilib.

 

Almaniyaya köçənlərin Kamp həyatı

Qaçqın kamplarından biri Nüremberqdə, 1933-38-ci illər ərzində faşistlərin partiya yürüşləri keçirdiyi ərazidən 10 km-lik məsafədə yerləşir. Hətta bəzi almanlar Nüremberqi “Alman şəhərləri arasında əsl alman şəhəri” adlandırırlar.

 

https://d9mc3ts4czbpr.cloudfront.net/get_img?ImageWidth=4896&ImageHeight=3264&ImageId=37227

Nüremberq kampı şəhərin mərkəzindən qatarla 20 dəqiqəlik məsafədə yerləşir. Kampa giriş onun sakinlərindən başqa, hamıya qadağandır; buranın müvəqqəti sakinləri isə içəri daxil olmazdan öncə sənədlərini mühafizəçilərə göstərməlidirlər. Aysel Ağayeva (mərkəzdə) Azərbaycanda orta məktəbdə müəllimə olaraq çalışıb..

 

“Burada kampın olmasının iki səbəbini eşitmişəm”, deyən jurnalist Röya Rəfili izah edir ki, bir səbəbə görə, bu, almanların miqrantlara öyrəşməsinə yardımçı olur:

“İkinci səbəb isə Almaniyaya sığınacaq almaq üçün gələn insanlar üçün burada yaşamağın özü bir sınaqdır. Bəzən olur ki, kimsə dözə bilmir, sonunda təslim olub vətəninə geri qayıdır”.

Jurnalist Almaniyaya siyasi səbəblərdən gəldiyini qeyd edir: “Həbs haqqında düşünmürdüm, çünki çox nadir hallarda qadınları həbs edirlər. Ancaq bilirdim ki, ölkədən çıxışıma qadağa qoyula bilər və yaxud da ki, işimi itirə bilərəm. Gəlməzdən öncə yaxın dostlarımla məsləhətləşdim. Əslində iyulda ölkədən çıxmağı planlaşdırırdım, istəyirdim ki, böyük oğlum tədris ilini bitirsin”, deyə iki övlad anası Rəfili bildirdi.

“Ancaq sonunda Azərbaycanı övladlarımla birgə bu ilin fevral ayının sonunda tərk etdik. Martın 1-də burada polisə təslim olduq. İki ay sonra isə “Kanal-13”-ün redaktoru həbs edildi, kanala qarşı isə cinayət işi açıldı və kanal bağlandı”.

Rəfilinin sözlərinə görə kampdakı şərait normaldır: “Nahar yeməyi bizə pulsuz verilir. Qəhvəaltı və şam yeməyini isə bizə verilən aylıq məvaciblə alırıq”. Nüremberq kampında böyüklər üçün aylıq məvacib 150 avro, uşaqlar üçün isə 110 avro təşkil edir:

“Bu məbləğ Azərbaycanda kifayət edə bilərdi, ancaq buradakı həyat çox bahadır”.

 

https://d9mc3ts4czbpr.cloudfront.net/get_img?ImageWidth=4896&ImageHeight=3264&ImageId=37232

“Məncə bu, hamıya aydındır ki, Avropaya sığınacaq üçün gələnlərin 80-90 faizinin səbəbi maddi problemlərlə bağlıdır”, deyə 2017-ci ilin fevral ayında Almaniyaya təlimə gələn daha sonra isə geri qayıtmayan bloger Anar Rzayev bildirdi..

“Qurunun oduna yaş da yanır. Sığınacaq üçün müraciət edənlərin real səbəbləri olduğu halda, bəzən maddi problemlərindən dolayı buraya gəlib, siyasi səbəbdən gəldiyini deyənlər status alırlar, real siyasi səbəbi olanlar isə neqativ cavab alırlar”, - A.Rzayev əlavə etdi.

“Həmkarlarımız Almaniyada yaşayır, o cəhətdən özümüzü tənha hiss etmirik bu ölkədə”, deyə adının açıqlanmasını istəməyən digər jurnalist qeyd etdi.

Onun sözlərinə görə, müsahibə zamanı Düseldorf yaxınlğında Ratingendə yerləşən kampda yalnız iki azərbaycanlı ailə yaşayır:

“Bundan öncəki kampda isə yalnız üç azərbaycanlı ailə vardı. Əsasən regiondan gələnlərdir, gəlmələrinin başlıca səbəbi isə maddi problemlərlə bağlıdır. Ümumilikdə, mən özüm buraya gəlmə səbəbini heç kimə demirəm. Çünki bizə yardımçı olan təşkilatlar, hətta burada çalışan sosial işçilər belə kapmda kim olduğumuzu heç kimə deməməyi tövsiyə edirlər”.

“İlk olaraq çox qorxurdum, çünki kamplardakı durum haqda çox şeylər eşitmişdim. Ancaq hər şey gözlədiyimdən daha yaxşı oldu. Açığı müəyyən şeylər var ki, onlar adamı məyus edir. Məsələn, bütün sənədlərini təslim etmək, bəzi kamplarda sərt qaydaların olması sanki sənin azadlığını məhdudlaşdırır”, deyə jurnalist bildirdi.

 

https://d9mc3ts4czbpr.cloudfront.net/get_img?ImageWidth=4896&ImageHeight=3264&ImageId=37229

Ratingen kampı Düseldorfun şimal-şərqindən 12 km məsafədə yerləşir: “Bəzilərindən eşitdiyimə görə, əvvəllər bu bina xəstəxana olub, bəziləri isə deyir ki, otel olub. Əslində, binanın içindən daha çox xəstəxanaya bənzəyir”, deyə kampın azərbaycanlı müvəqqəti sakini bildirir..

 

Ratingen kampının sakinləri gün ərzində üç dəfə pulsuz yeməklə təmin edilirlər. Böyüklər həftədə 30 avro, uşaqlara isə 20 avro ayrılır.

Kampdakı şəraitdən narazı olanlar da var:

“Özümü əsir düşərgəsindəki kimi hiss edirəm”, deyə anonim qalmaq istəyən və Azərbaycandan gəlmə səbəbi haqda danışmaq istəməyən və gəlmək istəyənlərin də belə bir addım atmamalarını tövsiyə edən 60 yaşlarındakı ahıl kişi bildirdi:

“Yox, gəlməsinlər buraya. Burada yaşamaq çox çətindir. Fikir verirəm ki, vaxt keçdikcə biz də almanlar kimi, avropalılar kimi soyuq olmağa başlayırıq”.

Kampdakılardan biri Aysel Ağayeva bildirir ki, həyat yoldaşı siyasi fəal olduğu üçün Almaniyaya gəlıblər. Bunları deyərkən A.Ağayeva hər dəfə onun həyat yoldaşının iştirak etdiyi aksiyalarda fotolarının, “Youtube” kanalında videoların, sübutlarının olduğunu da vurğulayır. Amma Ağayeva həyat yoldaşının aktivist olduğu ilə bağlı suallara da çaşqın cavablar verir. Bir az düşündükdən sonra həyat yoldaşının yanılmırsa, Azərbaycan Demokratik Partiya fəalı olduğunu bildirir.

“Ədəbiyyat müəlliməsi işləyirdim. Atalar demişkən, ‘bəy idik, aş yemirdik ki, bığımız yağa batar’, indi burada hər gün “payok” gözləyirik ki, nə vaxt bizə makaron verəcəklər. Çox ağır gəlir, sanki konslagerdəyik”, deyərkən bir vaxtlar həyatlarını Səlyanda yaşayan və 6 aydır ki, Almaniyaya gələn Ağayeva bildirir.

“Mən onu belə qəbul etmirəm, o qədər də acınacaqlı bir şey yoxdur burada”, deyə R.Rəfili əlavə edir.

 

https://d9mc3ts4czbpr.cloudfront.net/get_img?ImageWidth=4896&ImageHeight=3264&ImageId=37228

 

Kampda müxtəlif insanlarla qarşılaşmaq mümkündür, hətta topuğunda svastika döyməsi olan 20 yaşlarında bir gənclə də: “Nə deyə bilərəm ki, yaxınlarda Azərbaycana geri qayıdacağam, “ deyə məyus şəkildə siqaretini yandıran gənc cavab verdi. Məlum olur ki, gənc, sığınacaqla bağlı imtina cavabı alıb və topuğundakı faşist döyməsi ilə Nürmberqdə müvəqqəti də olsa yaşamasına baxmayaraq, indiyədək bununla bağlı heç bir problemlə üzləşməyib.

Almaniyada həyat necədir?

Meydan TV-nin əməkdaşı Şirin Abbasov da Almaniyada siyasi sığınacaq alıb. O, sığınacaq almazdan əvvəl Bavariyanın şimalında yerləşən Zirndorf və Fürthdə qaldığı kamplarda çox tez-tez psevdo-siyasi mühacirlərlə qarşılaşdığını deyir: “Siyasi fəaliyyətləri ilə bağlı gəldiklərini desələr də, Azərbaycanda baş verən siyasi durumdan, proseslərdən xəbərsizdirlər”.

“Anlayıram ki, iqtisadi cəhətdən hazırda çətindir orada yaşamaq, amma heç olmasa burada mühacirlik statusunu alandan sonra nəsə bir şeylər edə bilərlər ölkə üçün. O da yoxdur, hər kəs elə başını aşağı salıb yaşayır. Cəmiyyət üçün heç bir xeyirləri olmur.

Bilirlər ki, əgər iqtisadi səbəbə görə gəldiklərini desələr, onlara status verməyəcəklər, ən yaxşı halda deport ediləcəklər”, - deyə Abbasov əlavə etdi.

41 yaşlı Qurban Ələkbərov artıq 20 ilə yaxındır ki, Almaniyada yaşayır və tərcüməçi işləyir. O, saxta sənədləri tərcümə etməkdən imtina etdiyini deyir: “Mənim üçün fərqi yoxdur, insan buraya siyasi və ya qeyri-siyasi səbəblərdən gəlir. Müştərilər zəng edib sənədlərin tərcüməsi ilə bağlı soruşub maraqlandıqda, onlarda hansı sənədlərin olduğunu soruşuram.

Müəyyən prinsiplərim var ki, onlara əsasən, mən o sənədlərin tərcüməsini üzərimə götürmürəm. Tərcümə etdiyim sənədlər əsasən, doğum, nikah haqqında şəhadətnamələrdir, əgər bu sənədlər həbs haqqında, polisdən və ya məhkəmədən arayışdırsa, bununla məşğul olmuram. Çalışıram ki, saxta sənədləri götürməyim”.

“Bilirik ki, burada sığınacaq almaq üçün müraciət edən şəxsin iqtisadi yox, siyasi səbəbləri olmalıdır”, deyə Azadlıq Radiosu Azərbaycan bürosunun əməkdaşı Yafəz Həsənov qeyd edir. O, radioya qarşı cinayət işi açıldığı zaman ona qarşı da açılan cinayət işindən sonra, 2014-cü ildə Azərbaycanı tərk edib və 2016-cı ildə Almaniyada siyasi sığınacaq alıb.

“Bir çox işbaz var ki, bu situasiyadan çox yararlanır. Ümumilikdə isə mühacir biznesi ilə məşğul olan müəyyən qruplar var. Onlar Azərbaycan da var, Avropada, ortaq şəkildə işləyirlər. Əsas məsələ “qurban” tapmaqdır”.

Həsənovun sözlərinə görə, işbazların ilk addımı tapılan qurbanlar üçün Bakıdan viza almaq olur, adətən viza üçün Şərqi Avropa ölkələrin səfirliklərinə müraciət edilir. Viza alan şəxslər Avropaya çatdıqdan sonra isə işbazlar onlara siyasi sığınacaq almaq üçün saxta sənədlərlə təmin edirlər.

“İşbazlar adətən pulun 70-80 faizini öncədən alırlar və Avropada yaşayan partnyorlarının bank hesabına keçirirlər. Onları tutmaq çox çətindir. Almaniya hakimiyyəti də artıq anlayır ki, belə bir böyük həcmdə insan axını yalnız siyasi fəaliyyətlə əlaqədar ola bilməz. Ona görə də artıq aidiyyatı orqanlar edilən müraciətlərə çox qısa müddətdə baxır və insanları yenidən Azərbaycana geri qaytarırlar. Çünki onlar daha inanmırlar ki, gələn 2000-3000 şəxsin hamısı siyasi fəaldır. Mənim elə dostlarım var ki, onlar realda siyasi fəaldırlar, sığınacaq istəmək üçün real siyasi səbəbləri var, ancaq buna baxmayaraq, onlar da geri qaytarılıblar”, deyə Y.Həsənov bildirdi.

Həsənov onu da əlavə edir ki, qurbanlara adətən sığınacaq verildikdən sonra onların maşın və evlə təmin edilməsi haqda vədlər də verilir, ancaq reallıqda isə bu, belə olmur:

“İnsanlar Azərbaycanda sahib olduqlar mal-mülkləri də daxil olmaqla hər şeylərini satırlar. Daha sonra isə Almaniyada müraciətlərinə imtina cavabı aldıqda xidmətlərindən istifadə etdikləri işbazları məhkəməyə də verə bilmirlər. Çünki bu, ikitərəfli sövdələşmə olur”.

Gözləmə

Jurnalist Röya Rəfili hazırda 3 aydır ki, Nüremberq kampında yaşayır. Müvafiq qaydalara əsasən, ondan müsahibə götürülsə də, statusu haqda hələ ki, heç bir yenilik yoxdur. Bu qaydalardan biri də, cavab gözləyən insanların bir kampdan digər kampa köçürülməsidir ki, bu da, bəzən qısa bir bildirişlə həyata keçirilir:

“Nə olacağını hələ ki, bilmirəm”.

Mənbə: ifact.ge (məqalə müəyyən ixtisarlarla dərc edilib)

 

OXŞAR XƏBƏRLƏR