25 yaşında 24 ölkə gəzdi – Müsahibə- Fotolar

25 yaşında 24 ölkə gəzdi – Müsahibə- Fotolar
Şəxsi təcrübə 9 Noyabr 2017 10:07 982
25 yaşında 24 ölkə gəzdi – Müsahibə- Fotolar

25 yaşlı türkiyəli Yağmur Arat universiteti bitirdikdən sonra Avropaya gəzməyə gedib və beləliklə, səyahət sevgisini kəşf edib. Evə qayıtdıqdan sonra iş həyatından və monotonluqdan bezdiyini anlayan qəhrəmanımız istefa verərək Asiya turuna gedib. Yenidən evə qayıdan qəhrəmanımız bütün əşyalarını satıb və avtostopla dünya turuna çıxıb. Hazırda Yaponiyada olan Y.Arat gündəlik 38 lirə xərcləyir (17 manat – red.).

 Səyyah.az turizm portalı Sey-yah.com - a istinadən Yağmur Aratla müsahibəni təqdim edir:

Səyahət hekayəniz necə başlayıb?

Universiteti bitirdikdən sonra İnterraillə (Avropanın dəmir yollarında səyahətçilər üçün nəzərdə tutulmuş ucuz istifadə kartı – red.) Avropaya gəzməyə getdim. 8 ölkə, 18 şəhər gəzdim. Çox şeylər öyrəndim, təcrübə topladım. Bugünə qədər Avropada 15, Asiyada 8, Afrikada 1 ölkə gəzmişəm.

Məzun olduqdan sonra maddi cəhətdən gəzmək üçün çətinlik çəkmədiz?

Təəssüf ki, elə oldu. Yenə də bu, gəzməyimə mane olmadı. Bəzən dəmir yolu vağzalında, bəzən də küçədə yatdım. İlk dəfə heç tanımadığım ölkədə nəsə etməyə çalışırdım. Heç insan küçədə qalmaqdan zövq alar? İnsanların “sən dəlisən?”, – dedikləri şeydən zövq almağa başlamışdım. Həmin an səyahəti çətinlikləri və gözəllikləri ilə sevməyə başladım.

Geri qayıtdığınızda nə baş verdi?

Əvvəlcə işimdən zövq almağa cəhd etdim. Bir müddət sonra şəhərin səs-küylü aurasında pul xərcləməyin mənasız olduğunu anladım. Məzuniyyətim üçün qarşıda hələ bir il vardı. Uzun bir il və cəmi bir həftə istirahət. Bir həftə ərzində nə etmək olardı ki? Heç nə itirməyəcəyimi düşündüm və işdən çıxdım. Bir müddət yazı yazmaq, dizayn kimi sərbəst işlər gördüm. Qazandığım pulu səyahətə xərclədim.

Heç həyat hara aparar-aparar deyə düşünürdüz?

Əlbəttə, amma çox da cəsarət ediləcək şey deyildi. İşdən çıxandan sonra Hindistan, Şri-Lanka,  Malayziya, Sinqapur və Tailandı gəzdim. Yığdığım pulların hamısını xərclədim. Əslində bu səyahətlə özümü kəşf edirdim. Gözəl insanlarla tanış oldum, əla xatirələr yaşadım. Pulum az idi, amma yaşadıqlarım çox gözəl idi.

Dünya turuna Yaponiyadan başlamağınızın hansısa bir səbəbi var?

Yaponiya çox təhlükəsiz ölkədir. Əslində hardan başlayım deyə çox düşündüm. Ağlımda Avstraliya vardı. Orada işləyib digər ölkələri gəzmək üçün pul qazana bilərdim. Lakin viza almaq mümkün olmadı və Yaponiyanı seçdim.

Səyahətə özünüzlə nə götürdüz?

Plan qurarkən yaz fəslində səyahətə çıxmağı düşünmüşdüm. Çünki yüngül əşyalarla gəzmək mənim üçün asan olacaqdı. Bundan əlavə, bir neçə qalın paltar götürdüm. Dərmanların, noutbukum, fotoaparatım, qısası 8 kq-lıq yüküm var. Nə qədər az əşya, o qədər çox xoşbəxtlik.

Hazırda Yaponiyanı avtostopla gəzirsiniz. Orada avtostopla gəzməyə münasibət necədi?

Avtostopla gəzmək elə də məşhur deyil. İnsanlar maşınlarına yad adamları mindirmək istəmirlər. Lakin xarici ölkədən gəldiyini biləndə kömək etmək istəyirlər. Türkləri də çox sevirlər, “türkəm” deyəndə üzləri gülür.

Başqa ölkələrdə də avtostop təcrübəniz olub?

Avropada olub, lakin bəzi ölkələrdə təhlükəli olduğundan sınamamışam. Misal olaraq, Hindistan. Lakin Malayziya və Tailandda avtostopla səyahət az da olsa, var. Əsasən, ailəli maşınları seçirəm, çox əyləncəli olur.

Yaponiyada nələr etmisiz?

Tokiodan başlayıb cənuba doğru getdim. Çox insanla tanış oldum, hətta biri mənə analıq edirdi. Səhər işə getməzdən əvvəl yeməyimi hazırlayıb, mənimlə dərdləşirdi. Orda qaldığım müddətdə heç dava etdiklərini görmədim. Birinin digərinə qışqırdığını belə eşitmədim. Hələlik səfərim davam edir, görək nə ilə qarşılaşacam.

Büdcənizi necə formalaşdırdız?

Dünya turuna çıxmazdan əvvəl evimdəki bütün əşyalarımı satdım, təyyarə biletindən əlavə, 2500 lirə (1108 AZN – red.) ilə yola çıxdım. “Couchsurfing” sayəsində evlərdə pulsuz qalıram. Bir də könüllü işlər görüb yemək xərclərimi çıxarıram. Artıq pulum bitir, bundan sonra sərbəst işlər görərək səyahətimi davam etdirəcəm.

İstiqamətiniz bəllidir? Bundan sonra nələr edəcəksiniz?

Yaponiyadan sonra Asiyada getmədiyim ölkələrə baş çəkəcəm. Ardınca isə Cənubi Amerikaya gedəcəm. Oradan isə hara gedəcəyimi bilmirəm. Səfərim təxmini 2 il çəkəcək.

Plansız olmağınızı ailəniz necə qarşılayır?

Bu günə qədər mənə ən çox dəstək verən ailəm olub. Hər kəs kimi işləyib, evlənib yaşamağımı istədilər, lakin gördülər dəlisovam, əl çəkdilər. Xüsusilə atam məni çox gözəl başa düşür. O da mənim kimi gəzməyi, kampinqi çox sevir. İnternet tapan kimi onlarla əlaqə qururam. Səfər zamanı özümü kəşf edib, həyatdan zövq alıram. Yaşasın səyahət!

OXŞAR XƏBƏRLƏR