10 dəqiqəyə necə evlənə bilərsiniz? – Siqnaxi

10 dəqiqəyə necə evlənə bilərsiniz? – Siqnaxi
Şəxsi təcrübə 13 Noyabr 2017 23:40 1643
10 dəqiqəyə necə evlənə bilərsiniz? – Siqnaxi

Seyyah.az turizm portalı Samra's Travel - Səmranın səyahət bloquna istinadən Gürcüstanın Siqnaxi şəhərində azərbaycanlı gənclərin qeyri-adi toy məclisi barədə məqaləni təqdim edir. Qeyd edək ki yazının müəllifi də ailə quran xanım Səmra Sədrəddinlidir: 

 

...Sevgilimlə evlənməyə qərar verəndə bunu mümkün qədər asan – maddi çətinlik və mənəvi sıxıntılar olmadan qeyd etmək istəyirdik. Mentalitet və adət-ənənələrin gətirdiyi problemlərə qarşıydıq və bunu öz həyatımızdan uzaq tutmağa qərar verdik. 

Nigahımızı gözdən uzaq, kiçik bir şəhərdə – küçədə tanış olduğumuz taksi sürücülərinin şahidliyi ilə, toyumuzu isə bir parkda 35 nəfər dost-tanışımızın iştirakı ilə qeyd etdik. Bu həyatımız boyu etdiyimiz ən yaxşı seçimlərdən biri idi, toyumuzu məhs bu cür – arzuladığımız kimi etdiyimizə görə fəxr edirik. Əlbəttə, evlilik bir həyat tərzidir, ona necə başlamaq, necə qeyd etmək isə sadəcə bir seçimdir. Buna görə həm də arzularımıza, seçimlərimizə anlayış və hörmətlə yanaşan valideynlərimizə və bacı, qardaşlarımıza minnətdarıq.

Bu bloqda bir ay əvvəlcədən müraciət etmədən, sadəcə pasportları təqdim etməklə 10 dəqiqəyə necə evlənmək olar – onu yazacam. Toy haqqında yazı və videonu isə başqa bir bloqda paylaşacam, çünki toyumuzda bütün video və fotoları özümüz çəkmişik, amma hələ “toy kasetimizi” montaj etməyə imkan tapmamışıq 

Gürcüstanda səyahət edəndə Siqnaxi adlı bir şəhərdən də yolumuz düşdü və qərara gəldik ki, elə burada evlənək. Gözəl, sakit şəhər olması ilə yanaşı, Siqnaxinin özəlliyi həm də odur ki, dünyanın istənilən ölkəsindən olan insanlar burada heç bir xüsusi sənəd və müraciət olmadan 10 dəqiqəyə evlənə bilərlər. A taxi_-19

Siqnaxi Gürcüstanın şərqindəki Kaxeti vilayətində kiçik bir şəhərdir. Bütün dünyada “City of Love” – “Sevgi şəhəri” kimi tanınır. Yəqin ki, hamı ilk eşidəndə mənim kimi bu sözün arxasında hansısa rəvayətin olduğunu düşünür. Amma nə Gürcüstanda yaşadığm 3 il müddətində, nə də oxuduğum mənbələrdə bu haqda heç nə tapmadım.

Şəhər Mixael Saakaşvili hakimiyyətə gələndən sonra abadlaşdırılmağa və “Sevgi şəhəri” adı altında bir brend olaraq dünyada tanıdılmağa başlayıb. Gürcü dostlarımdan eşitdiyimə görə “Sevgi şəhəri” ifadəsi sadəcə olaraq həmin brendləşmənin bir parçası olub. Yəni “City of Love” yazıb təqdim edirlər, açıqlaması da belədir ki, bir çox cütlüklər Siqnaxini romantik yer hesab edir və burada evlənir.A taxi_-23.JPG

Ümumiyyətlə, Saakaşvili hakimiyyətə gələndən sonra Gürcüstanın bir çox regionlarının kəşf edilib, abadlaşdırılıb, turizm mərkəzi olaraq tanıdılması üçün işlər görüb. Gürcülər ümumən Saakaşvilini sevməsələr də onun bu xidmətini ehtiramla xatırlayırlar.

Siqnaxi Gürcüstanın paytaxtı Tbilisidən maşınla 2 saatlıq, Azərbaycanın Balakən rayonundan isə 1 saat 20 dəqiqəlik məsafədə yerləşir. Kiçik bir şəhərdir, gəzib-görmək üçün 1 gün, evlənmək üçün isə 10 dəqiqə kifayətdir.

A taxi_-24

Siqnaxidəki nigah idarəsi beynəlxalq statusa malikdir. Dünyanın istənilən ölkəsindən hər kəs bura gəlib, sadəcə pasportunu təqdim etməklə evlənə bilər. Bu nigah dünyanın hər yerində tanınır, qəbul olunur, sadəcə, nigah şəhadətnaməsini təsdiqlətdirmək, apostol almaq lazımdır. Onu da Tbilisidə “Justice House”da, Azərbaycanda isə “Asan xidmət”də təxminən 1 saata etdirmək mümkündür.  

A taxi_-22

Siqnaxidəki nigah idarəsi

 

Prosesin qısa izahı:

  • Siqnaxiyə gedib, şəhər mərkəzində düşürsünüz.
  • Nigah idarəsi şəhərin mərkəzində yerləşir.
  • Həftə içi 5 gün səhər saat 10-dan axşam saat 5-ə qədər işləyir.
  • Əvvəlcədən heç bir görüş və vaxt təyin etməyə ehtiyac yoxdur.
  • Yaxınlaşıb deyirsiniz ki, evlənmək istəyirik.
  • Sizdən pasportunuzu təqdim etməyinizi xahiş edirlər.
  • A taxi_-20
  •  
  • Üstəlik 52 lari (20 dollar) ödəməyiniz xahiş olunur.
  • Bu nə rüşvət nə də əlavə ödəniş deyil.
  • Bu pula xidmət haqqı, nigah salonunda şampan şərabı və musiqi daxildir.
  • Pasportunuzu alırlar, vacib məlumatları qeyd edib qaytarırlar.
  • Sonra sizdən şahid tapmağı xahiş edirlər.
  • Əgər əvvəlcədən müəyyən olunmuş şahidiniz yoxdursa, oradakı turistlər yaxud binanın qarşısındakı taksi sürücüləri şahidiniz ola bilər. 
  • Şahid olmağı xahiş etdiyiniz adamlar heç bir ödəniş tələb etmirlər və bunu sevə-sevə edirlər. 
  • A taxi_-21
  • Nigah gürcü dilində olur amma əvvəlcədən rus dilində  sizə hər şeyi izah edirlər.
  • Gürcü dilində danışan nigah məmuruna istədiyiniz dildə cavab verə bilərsiniz. Mən ingilis, Orxan isə rus dilində cavab vermişdi 
  • Nigahdan sonra isə hamı gedir, sizi salonda tək qoyurlar, istdəiyiniz qədər qalıb rəqs edə, şampan içə, şəkil çəkə bilərsiniz.
  • Daha sonra nigah şəhadətnaməsinin apostolunu istədiyiniz vaxtı ala bilərsiniz.
  • Apostolu “Asan Xidmət”dən  1 saat içində almaq olar.
  • Tbilisidə isə “Justice House”da apostol ala bilərsiniz. Apostolu Tbilisidə almaq üçün Gürcüstan vətəndaşı, ya da orada yaşamaq icazənizin olmasına ehtiyac yoxdur, hər kəs ala bilər.

Biz bu nigah üçün xüsusi olaraq heç nə etməmişdik. Çantamızdakı uyğun paltarları yuyub, ütüləyib geyindik, saçımızı, üz-gözümüzü də özümüz düzəltdik. Mən qaldığımız yerin həyətindəki güllərdən yığıb saçıma düzdüm, düzdür bir az əzik-üzük alındı, amma qəşəng oldu.

Bizdən 52 lari rüsum istəyəndə bunun nə üçün olduğunu deməmişdilər. Biz də bunun sadəcə bir xidmət haqqı olduğunu düşünüb ödənişi etmişdik. Düşünürdük ki, elə oradaca imzalayıb, sənədi alıb gedəcəyik. Nigah salonu, şampan şərabı və musiqi bizim üçün sürpriz oldu. Salonda Frank Sinatradan “Strangers in the night” səslənəndə ən möhtəşəm  hisslərdən birini yaşadım, çünki bu həyatım boyu ən çox sevdiyim mahnılardan biri olub. Çox möhtəşəm gün idi, bir də olsaydı bir də edərdim 

A taxi_-26

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Siqnaxidə qiymətlər necədir? 

Tbilisidən Siqnaxiyə geetmək üçün “Samqori” metro stansiyasına getmək lazımdır. Həmin metronun qarşısından regionlara avtobus və taksilər gedir. Avtobus ilə 6 lari (2 dollar), taksi ilə 12-15 lariyə (5 dollar) Siqnaxiyə getmək olar.

Siqnaxidə yerli sakinlərin əksəriyyəti evlərini günlük 10-15 lareiyə kirayə verirlər. Otel qiymətləri də ucuzdur, şəhərin ən yaxşı otelində iki nəfərlik otağın qiyməti, səhər yeməyi də daxil 60 lari (təxminən 20 dollar) idi.

Kafe, restoran qiymətləri də Tiflisdə olduğu kimidir. Azərbaycanla müqayisədə ucuzdur.

 

https://samrastravel.wordpress.com

 

OXŞAR XƏBƏRLƏR