17 noyabr - Beynəlxalq Vaxtından Qabaq Doğulan Uşaqlar Günüdür

17 noyabr - Beynəlxalq Vaxtından Qabaq Doğulan Uşaqlar Günüdür
Sağlıq 17 Noyabr 2017 12:00 46
17 noyabr - Beynəlxalq Vaxtından Qabaq Doğulan Uşaqlar Günüdür

Hər il planetdə təxminən 15 milyon uşaq vaxtından qabaq doğulur. Erkən çağa doğulan ailələrdə körpələrin təkcə keyfiyyətli müalicəsinə və təkcə maddi deyil, həm də psixoloji dəstəyə ehtiyac duyulur.

Vaxtından əvvəl doğuş problemi ilə ailə və cəmiyyətin rifah və inkişaf səviyyəsindən asılı olmayaraq üzləşmək mümkündür. Lakin təcrübə göstərir ki, vaxtından qabaq doğulanların xeyli hissəsi nəinki sağlam və gümrah, hətta görkəmli şəxsiyyətlərə çevrilirlər.

Səyyah.az turizm və sağlıq portalı azərtaca istinadən xəbər verir ki, noyabrın 17-si Beynəlxalq Vaxtından Qabaq Doğulmuş Uşaqların Günü qeyd edilir. Həmin gün 2009-cu ildə Yeni Doğulmuş Uşaqlara Nəzarət üzrə Avropa fondunun təşəbbüsü ilə təsis edilib. Noyabrın 17-nin seçilməsi heç də təsadüfi deyil. Məsələ burasındadır ki, həmin gün yeni doğulmuş uşaqlara beynəlxalq qayğı fondunun banilərindən biri üçün xüsusi məna və əhəmiyyət daşıyır. 2006-cı ilin dekabrında vaxtından əvvəl doğulmuş üçəm körpələrin ölümündən sonra 2008-ci il noyabrın 17-də həmin ailədə sağlam qız doğulub.

Bir il sonra həmin gün Avstriya paytaxtındakı Müqəddəs Mixail meydanında Vyana universitet klinikasının professorları Arnold Pollak və Angelika Berger bu şəhərdə il ərzində vaxtından qabaq doğulmuş uşaqların sayına uyğun olaraq səmaya eyni vaxtda 500 ağ şar buraxıblar.

Həmin günün qeyd olunmasının məqsədi - vaxtından əvvəl doğumun təhlükəsi və fəsadları, profilaktikası və hamiləliyin tam vaxtında başa çatdırılması haqqında ictimaiyyəti məlumatlandırmaqdan ibarətdir.

2014-cü il oktyabrın 26-da Azərbaycan Respublikasının Nazirlər Kabineti ölkəmizdə "Diri doğulmanın beynəlxalq meyarları" haqqında Qərar qəbul edib və 2015-ci il yanvarın 1-dən mülkiyyət formalarından asılı olmayaraq respublikamızın bütün tibb müəssisələrində onu tətbiq edirlər. Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən doğuş hamiləliyin 22-ci həftəsindən hesablanır. Həmin vaxta qədər dölün məhv edilməsinə abort kimi qəbul edilir. Beləliklə, əvvəllər hamiləlik 28-ci həftədən hesablanırdısa, indi onu daha 6 həftə irəli çəkiliblər. Bununla yanaşı beynəlxalq qaydalara uyğun olaraq yeni doğulan körpənin çəkisinin 500 qram və artıq olmalı, heç olmasa 4 həyat əlamətindən -sərbəst nəfəs, ürək döyüntüsü, göbəkbağının döyünməsi və əzələlərin sərbəst hərəkətinə malik olmalıdır. Həmin əlamətlər olmadıqda körpə ölü doğulmuş hesab edilir.

OXŞAR XƏBƏRLƏR