Gündə 10 Saat Da Dərs Oxumaq Olar ?!

Gündə 10 Saat Da Dərs Oxumaq Olar ?!
Təhsil və karyera 27 Noyabr 2017 08:48 1543
Gündə 10 Saat Da Dərs Oxumaq Olar ?!

Sizə təqdim edəcəyimiz növbəti tələbəmiz Məmmədova Zivərdir. 1991-ci ildə Gədəbəy rayonunda anadan olan Zivər Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsinin məzunu olub. Hazırda o, Macarıstanda Mərkəzi Avropa Universitetində (CEU) Qlobal Bazarda İqtisadi Siyasət (Economic Policy in Global Markets) ixtisası üzrə magistr təhsili alır.

Bir fərd olaraq anladım ki…
Düşünürəm ki, cəmiyyətin inkişafı təhsildən başlayır. Əgər dəyişikliklər və inkişaf istəyiriksə birinci özümüzdən başlamalıyıq. Bir fərd olaraq bunu anladım və keyfiyyətli təhsil üçün magistraturaya daxil olmağa qərar verdim. Bakalavr təhsilim məni qane etmədiyindən xaricdə davam etmək ən optimal seçim idi.

CEU-da təhsil almağa tələsin…
Xoşbəxtlikdən oxumaq istədiyim ixtisas və universitetin təklif etdiyi proqram və onun tələbləri mənim profilimə uyğun gəlirdi. Online ərizəni doldurduqdan sonra mənə qəbul olduğum haqqında cavab gəldi. Bu arada, iki gün öncə yeni təhsil ili üçün qəbul elanı verilib. CEU-da təhsil almaq istəyən şəxslər proqramlarla maraqlanıb bu linkdən ərizələrini doldura bilərlər.
https://www.ceu.edu/admissions/how-to-apply/checklist

4D03150D-A256-4CC5-BE3D-E737D8A6C0E1
117 ölkənin tələbələrinin birləşdiyi bir məkan var…
Universitet Budapeştin mərkəzində 4 qədim, iki yeni-müasir tilikmiş binada yerləşir. Ən önəmlisi 4 mərtəbəli zəngin kitabxanası var. Burada əldə edə bilmədiyiniz kitabları da kitabxana işçilərinə bildirərək əldə etmək olur. Bundan başqa həm yataqxanada həm də universitetin yanında idman zalı, hovuzu mövcuddur. Tələbə və fakültə heyyəti üçün tibb mərkəzi və psixoloji məsləhət şöbəsi də fəaliyyət göstərir. Fakültə heyəti 44, tələbələr 117 fərqli ölkədəndirlər. Zənnimcə, tədris prosesini daha da zənginləşdirən məhz bu müxtəliflikdir. Burada təhsil alan Azərbaycanlı gənclər daha çox iqtisadiyyat, maliyyə, hüquq, ictimai siyasət, beynəlxalq münasibətlər ixtisaslarına üstünlük verirlər.

“10 saat da dərs oxumaq olar?!”
Əfsus ki, fərq çox dərindir. Bu da məncə tədris proqramı, professorların tələbkarlığından irəli gəlir. Burada proqram intensivdir. Mən oxuduğum dövrdə imtahan dövrünü çıxsaq, Azərbaycanda gündə 10 saat oxuyan tələbə qarşıma çıxmamışdı (özüm də daxil olmaqla). Amma Mərkəzi Avropa Universitetində semestr boyu hər gün oxumalı olduğun vaxt ən azı bu qədərdir. Fərqli ölkədən olan insanlarla ünsiyyətdə olduğumuzdan bu prosesin özü belə çox rəngarəngdi.

3A93E9AE-C040-4B08-BF6C-5FA0DF4D7875
Bir arzum da var..
Burada dərslər adətən 100-150-200 dəqiqədən ibarətdir. Professorlar mühazirələri interaktiv şəkildə keçir. Qiymət alma prosesi çox mərhələlidir və hər dərs üçün fərqli ola bilər. Adətən, qiymətin bir hissəsi dərsdə iştirak, suallara cavab vermək, müəllimi sual atəşinə tutmaqdan, bir hissəsi araşdırma yazıdan, bir hissəsi təqdimatdan, ev tapşırıqlarından və nəhayət imtahan nəticəsindən asılı olur. Yəni bütün semestr boyunca həm dərsdə aktiv olub, həm tapşırıqları edib, kitabları oxuyub hazırlıqlı olmalısan ki, qiymət alasan. Məhz bu üsulun ölkəmizdə tətbiq olunmasını arzu edərdim. Çünki əsas 2-3 saat ərzində suallara cavab verməkdən çox, öyrənmə prosesinin keyfiyyətli keçirilməsidir. Belə qiymətləndirmə daha ədalətlidir deyə düşünürəm.

Atalar deyib ki…işləməyən…
Bəzi proqramlarda təcrübə keçmək məcburi olduğundan tələbələr adətən yay tətilini işləyərək keçirirlər. Sonra işə davam edən və dayandıran da olur. Ümumiyyətlə, tələbə vizası ilə həftəlik 20 saat iş icazəsi var. Proqramım ağır olduğundan hazırda işləməyi düşünmürəm. Ancaq Budapeştdə iş imkanları savadlı şəxslər üçün yuxarıdır.

Professorlar Azərbaycanlı tələbələri tərifləyir…
Bayaq qeyd etdiyim kimi CEU-da 117-i ölkədən tələbə təhsil alır. Bəziləri ilk dəfə azərbaycanlı ilə qarşılaşır. Və onlar üçün Azərbaycan demək mən və digər həmvətənlilərimlə ünsiyyətləri, davranışı, müzakirələri deməkdir. Düşünürəm ki, ölkənin təmsilinin ən gözəl nümunəsi də budur. Ən azından professorlarımdan bizdən öncəki azərbaycanlı tələbələrin çalışqanlığını eşitmək mənə bunu deməyə əsas verir. Əlbəttə ki, bu qədər müxtəlifliyi olan universitetin hər il keçirilən mədəniyyət günü də olmalıdır. Keçən il Mən və Tural Azərbaycan rəqsi təqdim etdik. Eşitdiklərimə əsasən, çox gözəl alınmışdır.

96D8BB8C-7D3A-4D83-B8D2-39BBE3B084B7

“Biliyin sonu yoxdu”…
Gündəlik həyatın stressinə qapılıb demotivasiya olmasınlar. Gözləntilərini yuxarı tutsunlar, daimi çalışıb öz ixtisaslarını mükəmməl öyrənsinlər. Çünki biliyin sonu yoxdu…

/xaricdetehsil.news/

OXŞAR XƏBƏRLƏR