«Bilirsiniz, «Green Card» udanlar ABŞ-da necə dolanır?» - MÜSAHİBƏ

«Bilirsiniz, «Green Card» udanlar ABŞ-da necə dolanır?» - MÜSAHİBƏ
Xaricdə iş və miqrasiya 1 Dekabr 2017 20:33 16579
«Bilirsiniz, «Green Card» udanlar ABŞ-da necə dolanır?» - MÜSAHİBƏ

Bir neçə gün əvvəl ABŞ-a köçməyə imkan verən «Green Card» lotereyası üçüe müraciətlər başa çatdı. Bütün dünyadan ABŞ-a köçmək üçün milyonlarla insan müraciət edir. Azərbaycan vətəndaşları arasında da ABŞ-dayaşayıb işləmək istəyənlər, az deyil, üstəlik belələrinin sayı ilbəil artır. Son məlumatlara görə, təkcə 2017-ci ildə ABŞ-dan Green Card udmaq üçün 80 min nəfər müraciət edib. Bu, əvvəlki illərən 2 dəfədən də çox artıqdır.

 

Bəs «Green Card» öz qalibinə hansı imkanlar yaradır? Bu kartı almaq üçün müraciət edənlər kimlərdir? Green Card udanlar ABŞ-da haraya gedir və nə ilə məşğul olurlar? Bu barədə Seyyah.az-ın suallarına «Green Card  Azərbaycan» şirkətinin nümayəndəsi Röyal Cəfərov cavab verir: 

 

 

-Röyal bəy, bu il Azərbaycandan Green Card  üçün müraciətlərin sayı kəskin artdı. Bunun səbəbi nə idi, adamlar niyə ABŞ-a belə can atırlar?

 

-Bəli, bu il müraciətlərin sayı artıb. Bu həm bizim şirkətə, həm də ümumiyyətlə müraciətlərin sayında göründü. Müraciətlərin artmasının səbəbi odur ki, bir qədər əvvəl məlum olduğu kimi, ABŞ prezidenti Tramp bu qaydanın ləğv olunacağını bəyan etdi. Buna görə də hamı düşündü ki, bu il Green Card  üçün sonuncu il ola bilər və müraciətini sürətləndirdi.

 

- Müraciət edənlər ən çox Bakıdandır yoxsa rayonlardan?

- Bakı-Sumqayıtdan daha çox olur, amma bölgələrdən də az deyil. Çünki bizdə belə bir məcburiyyət yoxdur ki, Bakıya gəlsin müraciət etsin. Hər yerdən müraciət edə bilərlər.  Amma əksərən Bakı, Sumqayıt – Abşeron yarımadasından müraciət edirlər.

 

- Burdan gedənlərin çoxu ali təhsillidir yəqin ki.

- Bununla bağlı konkret nəsə deyə bilmərəm, amma ali təhsilli şəxslər çox müraciət edir. Ümumiyyətlə isə tək ali təhsillilər yox, hamı gedə bilər.

 

- İngilis dilini bilib-bilməməyin green cardı udmağa bir dəxli var?

- Xeyr, heç bir əlaqəsi yoxdur.  İngilis dilində bilməsə belə formu doldurması qalib olması üçün yetərlidir.

 

- Əvvəlki illərə nisbətən müraciət edənlərin orta yaşı azalır yoxsa çoxalır?

- Mənim dəqiq yadımda qalmır, müraciət edənlərin yaşı 25-34 aralığında idi. Amma bu il 18-24 yaş aralığında müraciət edənlər çoxdur. Elə gün olurdu ki, gələnlərin 90 faizi bu yaşda olanlar olurdu.

 

- Seçim olanda əsasən elə o yaşlara üstünlük verilir?

- Bəli, ehtimal nəzəriyyəsi kimi daha çox hansı yaşda müraciət varsa, o yaşa da üstünlük verilir.

 

- Röyal bəy, Green card  almaq üçün ailəlikcə müraciət edənlər də  var?

- Ailəlikcə getmək üçün müraciət edənıər də var, amma bu onlar üçün bir az çətin olur. Yəni fikirləşirlər ki, ailəni də aparıb harda qalacaq, uşaqlar harda oxuyacaq? Subay adamın getməyi daha rahatdır.

 

- Bəlkə biri Green card alıb özü gedir. Sonra ailəsini də aparmaq istəyir?

- Əgər şəxs  green cardı qazanırsa onun ailəsi də bu imkandan yaralana bilir – həyat yoldaşı, 21 yaşdan aşağı olan subay övladları da qalib sayılırlar. Onlar çox rahat şəkildə ABŞ-a gedə bilirlər.

 

- Əgər mən müraciət edib Green card-ı udmuşamsa proses necə olur? Həmin vaxt getməliyəm yoxsa saxlayıb gələn il də getmək olur?

- Deməli siz Green cardı uddunuz və biz sizi çağırdıq, sizin minimum 1 illik sənədləşmə prosedurunuz var. Müraciət göndərilən lotereyanın, yəni 2017-ci ildə göndərilən lotereyanın  adı CV 2019-dur. Bu insanların nəticələri 2018-ci ilin may ayında açıqlanacaq və bu insanlar 2019-cu ilin may ayından ABŞ-a getməyə başlayacaqlar.

 

- Bəs ümumiyyətlə, Green Card  udub ABŞ-a gedənlər razı qalır?

- Gedən insanların əksəriyyəti ora daimi yaşamağa gedirlər. Çünki gedən kimi iş tapa bilirlər və Azərbaycanda qazandıqlarından qat-qat çox qazanırlar.

 

- Yəni Green Card  udanlara iş icazəsi də verilir?

- Bəli. Elə Green card buna imkan yaradır. ABŞ-a ayaq basdıqları andan etibarən onlar istədikləri şirkətdə  rəsmi, qanuna uyğun olaraq işləyə bilirlər. Yəqin ki sizin də ətrafınızda da elə insanlar var, turistik viza ilə ABŞ-a gedirlər və orda qeyri-qanuni işlərdə də olsa işləyib qazanırlar. Green-cardla gedən insanlar hətta ən aşağı səviyyəli ilərdə işləsələr belə turistik viza ilə gedən insanlardan daha yüksək məbləğ qazanırlar. Üstəlik bu yolla gedənlər öz ixtisaslarına, sahələrinə uyğun işlərdə çalışa bilirlər.

 

- Yəni, onlara ancaq icazə verilir ki, işləyə bilərsiniz. İşi isə özləri tapmalıdırlar. Eləmi?

- Bəli. Dövlət heç bir şeyə qarışmır. Onun qalib olub ABŞ-a getməyinə, ev tapmağına, necə yaşamağına – heç bir şeyə qarışmır. Green card ümumiyyətlə vəsiqə verir ki, sən ABŞ-a gəl, mən sənən bu imkanları verəcəm. Amma sən bu imkandan yaralanacaqsanmı, hansı formada yararlanacaqsan, bununla bağlı nə maddi, nə də konsultativ dəstək göstərmir.

 

- Deməli green card-ı qazanıb gedən insan evi də özü tapmalıdır, yaşamaq imkanlarını da özü yaratmalıdır, əgər tapa bilməsə küçədə qalacaq, elədir?

- Bəli. Bütün xərclər şəxsin özünə aiddir.

 

- Belə çıxır ki, orada Green Card sahibinə dövlətdən heç bir dəstək yoxdur, o sadəcə Amerika vətəndaşının sahib olduğu hüquqlara sahibdir?

- Bəli. Necə ki, Azərbaycanda hamının daimi yaşamaq və işləmək hüququ var, amma dövlət qarışmır, ABŞ-da da eyni formatdır.

 

- Amma sizin şirkət kömək edir iş məsələsinə?

- Biz xidməti müqavilə bağlayırıq, onun əvəzində onlara köməklik göstəririk. İstər ev tapmaqda, istər iş tapmaqda, istər dil kursuna yazılmaqda. Yəni bir insanın ABŞ-a gedib ora adaptasiya olması üçün tələb edilən nə köməklik və xərc  lazımdırsa biz onu edirik.

 

 

- ABŞ-da minimum maaş nə qədərdir? İşləyənlər yəqin ki  minumum maaş alırlar. Yoxsa ştatlarda fərqli olur?

- Orda saatlıq minimum ödəniş 12 dollardan başlayır. Hətta bu məbləğ turist vizası ilə gedənlər üçündür. Normalda 15 dollardan işləyirlər gedənlər. Orda bilirsiniz necədi? İnsan nə qədər çox işləyib iş təcrübəsi qazanırsa bir o qədər yüksək maaş alır. Mən tanıdığım insanlar var ki, “ Work and Travel”lə 3 il dalbadal gediblər, 3-cü il artıq həmin işə görə 30 dollar alırlar. Heç təcrübəsiz insan 30, 50, 60 dollar qazana bilir, bu bacarıqdan asılıdır. Gün ərzində 2-3 işdə işləyə bilirlər. Aylıq gəlirləri 3000-7000 arasındadır.

 

- Ev kirayələmək neçəyə başa gəlir?

- Düzünü desəm bu mənim sahəm deyil deyə dəqiq məlumatım yoxdur. Amma ora gedən insanlar çox vaxt başqaları ilə birlikdə ev kirayələyirlər, yaxud da bir otağa görə ödəniş edirlər, bu da adambaşına 300-400 dollar edir.

 

- İnsanlar niyə gedir ora? Orda sığorta yoxdur, gedən kimi hazır iş yoxdur. Elə insanlar var burda işi var, amma yenə gedir.

- Green carddan yararlanmaq burdakı həyatınızı atıb ABŞ-a köçmək demək deyil. Hətta burda  çox yaxşı şəraiti, imkanı, işi olan insanlar da green card üçün müraciət edir. Bu insan üçün əlavə imkandır. Tutaq ki, burdakı həyatınız çox gözəldir, amma gedib ABŞ-da 1 həftə qalıb gəlirsiniz və heç nə itirmirsiniz. Sadəcə həyatınızı sıortalayırsınız, green card həyat sığortası kimi bir şeydir. Eləcə də öz gəlirindən, həyat tərzindən məmnun olmayan, ölədəki yaşayış şəraitindən məmnun qalmayan insanlar da olur ki. Onlar gedib orda daha yüksək əməkhaqqı  ilə işləyə bilir. Həmçinin sosial məsələlərdən, ailəvi məsələlərdən dolayı gedənlər olur.

 

- Yəni elə insanlar var ki, sadəcə elə-belə  gedirlər..

- Bəli. Bu imkanı dəyərləndirilər özləri üçün. Axı gələcəyi bilmək olmaz. 3 il əvvəl  bizim futbolçularımız da var ki, xarici ölkələrdə oynamağa həvəsli deyillər, artıq futbolçular da gedib başqa ölkələrdə oynmağa maraqlıdırlar. Yəni bu bir imkan kartıdır.

 

- Tutaq ki, sənədləri düzəldi və getdi ABŞ-da 1 həftə qaldı qayıtdı. O green card artıq yararsızdır yoxsa yenə istifadəsi mümkündür?

- Xeyr, o card artıq onundur və istifadəsi daimidir. Sadəcə cardı aktiv tutmaü üçün hər 6 aydan bir ABŞ-a  giriş-çıxış etmək lazımdır.

 

- Burdan Green cardla gedənlər orda nə işlə məşğul olurlar?

- Fərqli yerlərdə işləyənlər var. Məsələn amozon.com-da işləyənlər var, telefon təmiri ilə məşğul olanlar var. Qliblərimizdən youtube-a həyat fəaliyyətini yükləyənlər var, ordan izləmək mümkündür.  Yeni gedən insanlar ilk vaxtlar müəyyən xidməti işlərlə məşğul ola bilirlər. O müddət ərzində öz bacarıqlarına, ixtisaslarına uyğun iş tapa bilirlər və ya özləri iş qura bilirlər. Bu baxımdan heç bir məhdudiyyətləri yoxdur.

 

- Orda yaşamaq üçün yeri də gedənlər özü seçir?

- Bəli, hansı səmti, ştatı istəsələr ora gedirlər. Biz azərbaycanlıların ən çox olduğu yerləri məsləhət görürük.

 

- Azərbaycanlılar ABŞ-da ən çox harada yaşayırlar?

- Daha çox mərkəzi şəhərlərdə, ştatlarda məskunlaşıblar. Nyu-Yorka, Vaşinqtona gedənlər çoxdur. Biz də Green card udanları ən çox mərkəzi ştatlara yönləndiririk. Mayami, Los Anceles, Kaliforniya ən məsləhətli yerlərdir.

 

- Green card ömürlükdür?

- Bəli. 5-ci ilin tamamında ABŞ vətəndaşlığı alınır.

OXŞAR XƏBƏRLƏR