"Cəngavər" olmaq neçəyədir? - MALTADA ƏMLAK

"Cəngavər" olmaq neçəyədir? - MALTADA ƏMLAK
Əmlak 4 Yanvar 2018 02:59 2127
"Cəngavər" olmaq neçəyədir? - MALTADA ƏMLAK

Avropanın xəritəsində Maltanı tapmaq üçün lupa lazımdır - Aralıq dənizində yerləşən, 2004-cü ildən Avropa İttifaqının üzvü, 2007-ci ildən isə Şengen sazişizinin tərəfdaşı olan bu ölkə, bir neçə adadan ibarət çırtdan dövlətdir. Seyyah.az turizm və xaricdə əmlak portalı xəbər verir ki, ingilis dili rəsmi dövlət dili olan ölkə, əmlak alıcılarını mülayim dəniz (kurort) iqlimi, yüksək həyat səviyyəsi, cinayətkarlığın yox dərəcəsində olması ilə cəlb edir. Həmçinin Maltanın nəqliyyat şəbəkəsinə geniş çıxışı və bütün dünyada məşhur olan ali məktəbləri var. Hətta 20 il əvvəl çoxsaylı keyfiyyətli ingilisdilli məktəbləri hesabına, bu sahədə lider sayılırdı.

İndi isə Malta höküməti «əmlak alanlara vətəndaşlıq» proqramına başlayıb. Və yəqin ki, burada yaşamaq istəyənlərin sayı artacaq. Avropa, Şimali Afrika və Yaxın Şərq arasında yerləşən və çox da böyük olmayan bu adalarda daşınmaz əmlak xaricilər üçün çox cəlbeldicidir. Seyyah.az bu maraqlı ölkənin əmlak bazarını, burada əmlak almaq və yatırım etmək yolu ilə vətəndaşlıq almaq imkanını təqdim edir. 

 

Bütün kiçik ölkələr kimi, Malta adaları da tarixən müstəmləkə altında olub. Son min il ərzində burada ərəblər, hospitalerlər (onlar özlərinə “Malta ordeni” ləqəbini götürüblər), Napoleon və ingilislər hökmranlıq ediblər. İndi isə onların yerini başqa ölkələrdən olan daşınmaz əmlak alıcıları tutmaqdadır. İnvestorların  arasında Malta (deməli, həm də Avropa İttifaqı) vətəndaşı olmaq istəyənlər də var və bu 1,15 milyon avroya başa gəlir. 

 

Maltanın daşınmaz əmlak bazarı

Maltanı yaşayış və ya istirahət yeri kimi seçərkən bəzi məsələləri nəzərə almaq lazımdır. Məsələn, bura geniş çimərlikləri və təbiər qoynunda tək vaxt keçirməyi sevənlər üçün uyğun yer deyil. Çünki 15 km eni və 27 km uzunluğu olan Malta əhali sıxlığına görə Avropa İttifaqında birinci yer tutur (həmçinin əhalinin ümumi sayına görə ən axırıncıdır – 450 min nəfər). Faktiki olaraq Maltanı bir böyük şəhər hesab etmək olar. Məsələn, Valettadan Slimaya və Slimadan Sent-Culiansa avtomobil gəzintisi zamanı siz bir şəhərdən digərinə keçdiyinizi his etməyəcəksiniz.

Bəzi ekspertlər bildirir ki, Maltanın sahillərinin sıldırım qayalıq olması əmlak alanlara manne olacaq. Belələri sahildənsə, şəhərlərdə yaşamalı olacaqlar. Amma dəniz kənarında da çox gözəl əmlaklar tapmaq mümkündür.

Burada tarixi abidələr də kifayət qədərdir. Onlardan bəzilərinin tarixi bir neçə min il əvvələ gedib çıxır. Maltanın qədim paytaxtı olan Mdinanın 4 min il tarixi var. Doğrudur, bu qədər qədim abidələr qalmasa da, şəhərin tarixi mərkəzi bütünlüklə Orta əsrlərin sarı əhəngdaşlarından ucaldılmış oxşar tikililərdən ibarətdir. Yeri gəlmişkən, tarixi binalar da satışa çıxarılır və onları problemsiz almaq olar.

 

Rıtsarların “ov bağları”

Məşhur Malta Ordeninin cəngavərləri ovu sevirdilər, əsa sov obyekti isə dovşandır. Məhz belə ov üçün məxsusi olaraq Malta şahini yetişdirilib, pörtlədilmiş dovşan isə indiyədək əsas milli yemək hesab olunur. Cəngavərlərin vaxtilə yaratdıqları “ov bağları” isə hazırda yaxşı daşınmaz əmoak sayılır. Adanın cənub qurtaracağında yerləşən Zurrik şəhərciyində XVI əsrə aid belə “ev” satılır. Əslində bu, orijinal daş dayaqlardan, qədim kamindən, 9 yataq otağı və 4 hamam otağından ibarət böyük dörd mərtəbəli qaladır. Sonradan əlavə edilmiş hamam otaqlarını nəzərə almasaq, qala demək olar, 500 il əvvəldəki kimi saxlanılıb. Üstəlik, 1 hektarlıq mandarin bağı olan həyət. Elektrik enerjisi, isti su və həyətdə yerləşən geniş hovuzu ilə birlikdə satış qiyməti – 3,5 milyon avrodur.

Əlbəttə, bu əmlak çətin ki, səmərəli investisiya sayılsın – o daha çox sakitliyi və məxfiliyi sevənlər, həmçinin daşınmaz əmlak kolleksionerləri üçün uyğundur.

 

100 ilə yaxın yaşı olan ev

Başqa bir əmlak - körfəzə və paytaxt Valettaya mənzərəsi olan dördmərtəbəli villa 4,2 milyon avroya satılır. Hovuz və barbekyu zonası olan kiçik torpaq sahəsi, bundan əlavə, mükəmməl terras yaratmaq üçün geniş damı da var.

Malta adalarında geniş yayılmış daşınmaz əmlak növlərindən biri də - yenidən qurulma fermalardır. Əlbəttə, burada kiçik süni yaradılmış mühitdən və görüntü üçün saxlanılmış qədimi daş hörgüdən savayı qədimi heç nə qalmayıb. Qotso adasında sahəsi 1500 kvadratmetr olan belə “ferma” 3 milyon avroya satılır.

Maraqlıdır ki, Maltada müasir əmlaklar qədimi evlərdən daha baha satılır. Məsələn, Mellixa şəhərciyində, ölkənin ən böyük çimərliyi yaxınlığında yerləşən villa 7,5 milyon avroya satılır. Doğrudur, bu evin nəhəng sahəsi var - 2370 kvadratmetr. 3 mərtəbəli, zirzəmisi, mansardası, bağı və damda hovuz zonası olan villada idman zalı, şərab zirzəmisi və kinozal da qurulub. Nabələd adam burada aza bilər.

Və nəhayət, Maltada «normal», yəni adi müasir tikililər də var. Məsələn, Tigne Point yarımadasının yaşayış kompleksində 2-3 otaqlı apartmanlar 912 min avroya satılır, penthausun qiyməti isə 2,4 milyon avrodur.

1,6 milyon avroya körfəzin tam sahilində, Sent-Culians şəhərinin Portomaso kompleksində 5 yataq otaqlı və hovuzlu dupleks almaq olar. Dəniz mənzərəli 3 yataq otaqlı apartmantlar isə 970 min avroya başa gələcək. Yaxşı axtaranlar 300-400 min avroya da layiqli mənzillər tapa bilərlər.

 

Yatırım etmək yox, yaşamaq lazımdır

Amma bütün özəlliklərinə baxmayaraq, Malta gəlir əldə etmək məqsədilə daşınmaz əmlak alınan yer deyil. Ekspertlər bildirir ki, əvvəla burada evləri kirayə vermək ərfəli deyil. Ən yaxşı halda istismar xərcləri və evə baxım üçün xərclənən pulu çıxdıqda, çox kiçik gəlir əldə etmək olar.

Alınan əmlakı sonradan satıb qabağa düşmək də alınmayacaq, çünki burada qiymətlər elə də çox artmır. Cüzi fərq alınır ki, onu da alqı-satqıya çəkilən xərclər «yeyəcək».

Ona görə də, Maltada əmlakı yaşamaq, Aralıq dənizi iqlimindən ləzzət almaq və Avropa vətəndaşı olmaq üçün almaq lazımdır. Belə ölkə yaşamaq hamının arzusudur: «Malta Aralıq dənizi ölkələri arasında ÜDM-u artan bəlkə də yeganə ölkədir. İşsizlik Avropada ən aşağı səviyyədədir, bank sektoru möhkəm, iqtisadiyyatı yüksəlişdədir».

 

Malta vətəndaşlığı «satılır»

2014-cü ildən Maltada yatırım müqabilində vətəndaşlığın alınması proqramı işə düşüb. Malta vətəndaşı olmaq istəyən xaricilər bundan yararlana bilərlər – amma bu o qədər də ucuz olmayacaq. Belə ki, proqramın şərtlərinə görə, Malta vətəndaşlığı almaq istəyən xaricilər bu ölkənin Milli İnkişaf Fonduna (MİF) 650 min avro ödəməli, daşınmaz əmlak almalı (azı 350 min avroluq) və ya kirayələməli (ildə azı 16 min avro kirayə haqqı ödəmək şərtilə), həmçinin 150 min avro məbləğində qiymətli kağız almalıdırlar.

Vətəndaşlıq alma prosesi iki mərhələyə bölünüb. Birinci mərhələ bir il müddətinə yaşayış icazəsini (Schengen Residence Card) nəzərdə tutur. Bunun üçün ölkədə daşınmaz əmlak kirayələmək və etibarlılıq yoxlanışından keçmək lazımdır. İcazə kağızını almaq üçün ərizəçi şəxsən ölkəyə gəlməlidir.

İkinci mərhələyə Malta pasportu və vətəndaşlığının alınması aiddir. MİF-ə 650 min avroluq ödəniş bu mərhələdə edilir, eləcə də daşınmaz əmlak və qiymətli kağızlar alınır. İkinci mərhələ də təqribən 1 il çəkir.

Bunun müqabilində əmlakın sahibi Malta pasportunun sahibinə çevrilir. Bu Avropa İttifaqının (Aİ) tamhüquqlu vətəndaşı olmaqla yanaşı, Aİ-nin bütün ölkələrində yaşayıb işləmək, həmçinin ABŞ da daxil olmaqla, dünyanın 163 ölkəsinə vizasız səyahət etmək imkanı verir. Qaydaya görə, bu proqramdan ildə 1800 xarici istifadə edə bilər. Amma proqramın icra olunduğu bir il ərzində hökümətə 600 ərizə təqdim olunub. Belələri artıq 2015-in aprelində Malta vətəndaşlığını alıblar.

 

İpoteka kreditləşməsi

Maltada daşınmaz əmlakı ipoteka kreditilə də almaq olar. Bu ölkənin banklar 30% ilkin ödəniş şərti ilə 30 il müddətinə ipoteka krediti verir. Amma bir şərtlə - borcalanın yaşı 35-dən çox olmamalıdır. Kreditin illik faiz dərəcəsi isə 3,6-4,5% civarındadır.

 

Xaricilərin əmlak almaq proseduru

Maltada xarici vətəndaşların daşınmaz əmlak əldə etməsinə heç bir məhdudiyyət yoxdur. Sadəcə bunun üçün ölkənin Maliyyə Nazirliyindən icazə almaq və Malta banklarından birində hesab açaraq ora lazımi məbləği köçürmək, sonra isə həmin hesab vasitəsilə alqı-satqı əməliyyatı aparmaq lazımdır. Əksər ölkələrdə olduğu kimi Maltada da əmlak sövdələşməsi 2 mərhələdə həyata keçirilir. 1-ci mərhələdə əmlakın dəyərinin təxminən 10%-i qədər beh ödəməklə ilkin alqı-satqı müqaviləsi bağlanılır. Müəyyən müddətdən sonra isə yekun alqı-satqı müqaviləsinə imza atılır və qalan pulu alıcı satıcıya ödəyir. Təbii ki, bütün bu işlər notariusun iştirakı ilə həyata keçirilir. 

 

Xərclər

Maltada daşınmaz əmlaka dair sövdələşməni rəsmiləşdirən notariat kontorları əmlakın dəyərinin 1-2%-i qədər xidmət haqqı alır. Bu pulun 1/3 hissəsi ilkin alqı-satqı müqaviləsi imzalandıqdan sonra, qalanı isə yekun alqı-satqı müqaviləsinə imza atıldıqdan sonra ödənilir. Əmlak əldə etmək üçün xüsusi icazənin alınması 233 avroya başa gəlir. Bundan başqa əmlak alanlar onun dəyərinin 5%-i qədər birdəfəlik rüsum da ödəməlidir. Sövdələşmədə iştirak edən vasitəçilərin (dəllalların) xidmət haqqı isə 4-6%-dir.

 

Əmlakın saxlanması, kommunal xidmətlər

Maltada torpaq sahələri istisna olmaqla digər daşınmaz əmlak növləri üçün əmlak vergisi tətbiq olunmur. Torpaq sahibləri isə yerindən və ölçüsündən asılı olaraq ildə 45-250 avro vergi ödəməlidir. Kommunal xidmətlərə gəlincə isə, bu ölkədə 1 mənzilin elektrik enerjisi, təbii qaz, içməli su ilə təchizatı ayda 100-150 avroya başa gəlir. İnternetə qoşulmaq üçün isə ayda 15-20 avro xərcə düşmək lazımdır.

OXŞAR XƏBƏRLƏR