"Kişilərimiz uçmaqdan qorxurlar" - MÜSAHİBƏ

Şəxsi təcrübə 12 Yanvar 2018 09:46 146
"Kişilərimiz uçmaqdan qorxurlar" - MÜSAHİBƏ

Paraplan –`süzən paraşüt` deməkdir.

Paraplan sanki Dayvinqin tam əksidir: dayver suyun dibinə üzürsə, paraplançı qartal kimi səmada süzür. Təsadüfi deyil ki, elə “paraplan” sözünün mənası da “süzən qartal” deməkdir.

Azərbaycanda bu idman növü çox da geniş yayılmayıb və hazırda onunla məşğul olan yalnız bir təlimçi var – Ziya Qasımov. O, FAIREX-in “Gilavar” klubunun rəhbəridir.

- Peşə üzrə kimyaçıyam. Bu idman növünə məndə maraq uşaqlıqdan yaranıb. Özüm əsasən Wingsuit-lə məşğul olmaq istəyirdim. Ancaq Wingsuit yüksək səviyyədə maliyyə vəsaiti və təlim tələb edir. Eyni zamanda, paraplana marağım var idi. Paraplan - süzən paraşüt deməkdir. Qartal necə süzürsə, bu da elə olur. Paraşütdə dəyişkliklər edərək bu nəticə əldə olunub.

Paraplanın yaranmasının dəqiq tarixini demək qeyri-mükündür. Ümumlikdə götürəndə vətəni Fransadır. Dəyişikliklərdən sonra paraşütdən ayrı bir idman növünə keçib. Azərbaycanda isə bu idmanın yaranması 4 ilə yaxındır. Ancaq buna baxmayaraq, ləng inkişaf edir. Çünki bizim insanlar paraplana çox da maraq göstərmirlər. Daha çox maşın, motosiklet sürmək kimi şeylərə maraqlı olurlar. Əslində isə bu idman növündə təhlükə futboldan azdır. Hər şeyi düzgün etsən, normalardan kənara çıxmasan, sənin başına heç bir iş gəlməyəcək. 

Ümumiyyətlə, aviasiyada belə bir qanun var: pilotu hətta ildırım vurarsa, pilot özü günahkardır. `Təbiət etdi` söhbəti yoxdur. Bu üç il ərzində bir dəfə də olsun, travmam olmayıb. Cüzi sıyrıntıları-filan saymıram. 

Azərbaycanda paraplanla məşğul olan təxminən 20-dən çox adam, 3 klub var. Birinin rəhbəri mənəm. Kubun adı “Gilavar”dır. Özüm təlimlərə “Rokston” klubunda başlamışam. Bu kulub Azərbaycanda maksimal inkişaf etmiş kulubdur. 

- Sizin təlimatçı kimi lisenziyanız varmı?

- Bu idman növü üzrə Azərbaycanda sertifikatlaşmış təlimçi yoxdur. Bu yaxınlarda mənə təlimçi kimi sertifikat veriləcək. Federasiyanın təlimçi vəzifəsinə keçəcəyəm. Bu idman növü Azərbaycanda yeni olduğu üçün bu məsuliyyətli iş bizlərin - pionerlərin boynuna düşür. Hazırda Hava və Ekstremal idman növləri Federasiyası çox güclü inkişaf edir. Lisenziyaların verilməsini bu ilin ortasına kimi bitirməyə qərarlıyıq.

Azərbaycanda bu idman növü üzrə rekordlar yalnız məndədir. Dünya üzrə isə maksimal uçuşda rekord 508 km.-dir. Təcrübəsi olan, xüsusi hazırlığı və texnikası buna cavab verən adamlara hava şəraiti imkan verərsə, bu rekorda can atmaq olur. Orta uçuş məsafəsi peşəkar pilotlar üçün yüzlərlə kilometrə çata bilir.

- Bəs siz kimlərdən təlimat almısınız?

- Mənim müəllimim Niderland vətəndaşı Stephen Charlton olub. O, Azərbaycanda işləyirdi. 3 il ərzində kifayət qədər təcrübə toplamışam. O cümlədən də, daim beynəlxalq dərəcəli müəllimlərlə məsləhətləşirəm, öyrənirəm. Onlar `skayp` vasitəsilə treninqlər keçirlər. Mən özüm isə özəl hazırlaşdırıram, 2-3 həftəyə federasiya özü təlim keçirəcək. İstəyənlər gəlib qatıla bilərlər. 

- İstifadə etdiyiniz texniki avadanlıqları tapmaqda çətinlikləriniz olurmu, qiymətləri neçəyədir?

- Burada hər şey texniki baxımdan individualdır. Pilot özü seçir ki, hansı paraplan və yedeklər alınacaq. Hər şeyi hər kəs özü alır. Və bu texnika çox bahalıdır. Yedək, məsələn, təxminən 500-1000 manat arası, paraplan isə 2500-4000 manat arası olur. Həmçinin dəbilqə, ehtiyat paraşütü, geyim, əlcək, çəkmə almalısan. Hər şey puldur. Buna görə də, bizdə dövlət tərəfindən maliyyələşmə olmadığına görə, hər şeyi öz hesabımıza edirik. 

Paraplan - yamacdan, təpədən uçmaq üçündür. Bizdə xüsusi sistem var: məsafədə dayanılır, yedəyə ip bağlanılır və sizi dartıb hündürə qaldırır. Bunu biz hazırda işləyirik. Demək olar ki, işin 90%-i hazırdır. İki aya sınaqdan keçirməyə başlayacağıq. İnşallah, yalnız dağlardan yox, həmçinin düzənliklərimizdən, Kür-Araz ovalığından da uçacağıq. 

- Uçuşlarda əsasən hansı ərazilərdən istifadə edirsiniz?

- Əsas məkanımız Şamaxı yolundan başlayaraq, Sulutəpəni keçdikdən sonra gəlir. Daha sonra Şamaxının Göylər kəndində, Ceyrankeçməzdə, hərdənbir cənub küləyi olanda Lökbatan yaxınlığında da uçuruq. Mən özüm tək gedib, dağlarda uçuram. Məsələn, Zaqatalanın dağlarında uçmuşam. Bakı üzərində uçuşlara hələ ki, bizə icazə verilmir. Yəqin, hansısa bir festivalda icazə verilə bilər. Dənizin üzərində uçmaq olar. Sadəcə, o xüsusi yerləri hələ ki, araşdırıb tapmamışıq. Yavaş -yavaş araşdırırıq. 

- Sağlamlıq ilə bağlı prosedurlar necədir? 

- Bu idmanın 30 ilə yaxın tarixi var. 30 il ərzində, kiminsə enmədə ayağı burxulubsa, ürəyi gedibsə, onun başına gələn hadisə araşdırlıb, nəticə çıxarılıb və protokollaşdırlıb ki, gələn dəfə olmasın. 

Mənə kimsə yazırsa ki, gəlib məşğul olmaq istəyir, birinci sualım o olur ki, çəki, boy, yaş nə qədərdir. Növbəti sualım budur: `hansısa idmanla məşğul olmusanmı?` Döyüş texnikası ilə məşğul olan adamlarla məşğul olmaq bir az çətin olur. Onlar paraplanla həmişə müharibə edirlər. Parpalan qadın kimidir. Onunla nəvazişlə hərəkət etmək lazımdır. 

Dünyanın hər bir yerində daha çox kişilər paraplana maraq göstərirlər. Bizdə isə əksinədir. Qadınlar daha çox meyilli olurlar və onlarda bu, çox yaxşı alınır. Kişilərimiz isə deyirlər ki, yuxarı qalxsam, ürəyim partlayar. Standart ifadəni işlədirlər. Çox qorxurlar. Halbuki, əslində fərqi yoxdur, heç bir idmanla məşğul olmayan adamlar da gələ bilərlər.

- Hansı müddətə öyrənmək olar?

- Təlim mərhələli şəkildə keçirilir. Bizdə təlimin kateqoriyaları var. Beynəlxalq federasiyanın normaları mövcuddur. Məsələn, mən özüm P1 kateqoriyasının təlimlərini keçirəm. Orada 5 kateqoriya üzrə bölmələr var. P1 kateqoriyası üçün cəmi 2 saat nəzəriyyə dərsi, sonra 4 saat dəniz kənarında və ya düzən bir yerdə təlim keçirilir. Təlim individual keçirilir. Siz bir şeyi qavramamısnızsa, biz onun üzərində lazım olan qədər dayanacağıq. Psixoloji hazırlıq da nəzərə alınır. Yer təlimindən sonra təzədən nəzəriyyə keçirilir. Ardınca sizi uçuşa aprırırq. Uçuşa əvvəlcə 5 metrdən başlayırıq. Sonra mərhələli olaraq hündürlük artır. 150 metrdə təlim artıq dayandırılır. Əsas məsələ ondadır ki, siz nəzəriyyəni qavrayasınız və havada düzgün davarana biləsiniz. 
Bizdə ən çətin şey enmədir. Enməni düzgün bacaran adama qorxu yoxdur. Əsas odur ki, sağ-salamat enəsən. Paraplan elə bir avadanlıqdır ki, siz uçub gəlib, nəlbəki boyda yerə ayağınızı qatlayıb, otura bilərsiniz. 

-Heç olubmu ki, bir şəxsi uçuşa hazırlayasınız, amma uçan zaman qorxsun, bacarmasın?

- Ona görə biz 5 metrdən başlayırıq ki, təlim alan şəxs 5 metrdə qıclaşıb qaldısa, uzaqbaşı yerə dəyəndə mayallaq aşacaq. 5 metr elə də təhlükəli deyil. Ondan sonra 10 metrə və daha yuxarı qalxırıq. Qalxma prosesi getdikcə, təlim tapşırıqları gəlir. 
Belə bir metod var ki, startda hazır dayanmış tələbəni süni formada yubadırıq. Çünki adrenalin qana vurulur və onun parçalanması üçün vaxt lazımdır. 

- Paraplanda uçmağın zövqü nədədir?

- Əvvəlcə insanın qorunma instinkti baş qaldırır, adrenalinin təsirilə bütün bədənin əsir. Bu, başqa bir hissdir. Sonra isə uçduqca, təcrübə yığdıqca adama azadlig hissi gəlir. Uçan zaman bütün problemlərin yaddan çıxır. Başqa bir hissdir, onu yaşamasan, demək olmur. Söz ilə deyiləsi deyil. 

- Tandem uçuşları olurmu?

- Tandem cox məsuliyyətli işdir. Çünki sən tək öz həyatına yox, həm də sərnişinin həyatına cavabdehsən. Ona görə, buna xüsusi treninq lazımdır. Və böyük təcrübə.

-Təlimlərə qatılmaq üçün miniumum yaş həddi neçədir? 

- 14 və ya ondan aşağı yaşlarda təlim keçmək olur, amma uçmağa 16 yaşından başlamalısan. Xüsusi hallar olur ki, yaş həddi aşağı salınır. Mən, məsələn, bp-də işləyən xarici vətəndaşın oğluna dərs keçmişəm. 14 yaşı var idi. 5 metrdən balaca uçuşlar etdik. Hazırda gəlmir. Demişəm ki, yaş həddi çatsın, sonra davam edək. 

- Paraplanın təbliğatı niyə geniş aparılmır?

- Birincisi, təbliğatı aparmaq üçün maliyyə lazımdır. İkincisi, tutalım, biz reklam etdik, 100 nəfər gəldi, axı bunu qarşılamaq lazımdır. Həvəsi olanlar özləri gəlib tapır bizi. Bu, idman olmaqdan başqa, həyat tərzidir. Həftənin 5 günü gərgin işləyən adamın həftə sonu gün çıxmamış belinə 30 kq. çantanı alıb, dağa getməsi qıraqdan dəlilik kimi görünə bilər. Amma bu, ruhun istirahətidir, mənəvi qidadır.

Təlimlər ödənişlidir. Mən əsasən pulu texniki avadanlıqlara görə alıram. Elə də olur ki, kiminsə parplanı olur, ona təlimi pulsuz keçirəm. Parplan elə bir şeydir ki, 10 nəfərə təlim keçdikdən sonra artıq tullanılmalıdır. Bu da, hesablasan, kifayət qədər pul edir.

- Festivallara qatılırsınızmı?

- Bir dəfə Azərbaycanda festival olub, bir dəfə də Grcüstanda, ora qatılmışam. İrana və Türkiyəyə getmək fikrim var. Bunların hamısı vəsait tələb edir. Bizdə bir proyekt var: Gürcüstandan uçuş başlasın, Azərbaycandan keçməklə İranda bitsin. Təbii ki, sərhədlə bağlı icazəmiz olacaq. Federasiyanın idmanin inkişafına olan marağı və bizə dəstəyi nəticəsində yaxın gələcəkdə çoxlu möhtəşəm proyektlər görəcəksiniz.

@azvizion.az

OXŞAR XƏBƏRLƏR