Dover səfəri: Görməli, gəzməli nə var?

Dover səfəri: Görməli, gəzməli nə var?
Şəxsi təcrübə 8 Fevral 2018 17:24 781
Dover səfəri: Görməli, gəzməli nə var?

İsmayıl Nurun facebook paylaşımı:

 

Qeyd: Səfər təəssüratlarını olduğu kimi çatdırmaq üçün mətnə heç bir dəyişiklik edilməyib.

 

“Bu yazını əslində bloqa yazmalı idim, bloqla bir az əlləşəndən sonra niyə bloq yazmadığımı, əvəzində facebookda paylaşdığımı xatırladım. Ona görə də yenə ənənəvi üsulla paylaşacam yazını, sorry.

Folkestone barədə yazdığım yazını oxumuşdunuzsa, orda yazmışdım ki Folkestone Britaniyanın Avropaya açılan iki dəniz qapısından biridir. Bax həmin qapılardan ikincisi də Doverdir.

Dover mən yaşadığım şəhərdən elə də uzaqda yerləşmir, avtobusla cəmi 25 dəqiqəlik məsafədədir. Christmasla bağlı iş günü olmamasını nəzərə alıb nəhayət ki gedib görməyə qərar verdim bu şəhəri. (Yaxşı, əslində söhbət elə olmadı. Səhər durub avtobus stansiyasına getdim ki, maraqlı bir yer tapım gedim, gedəndə məlum oldu ki, Christmasa görə Doverə gedən avtobuslardan başqa heç biri həmin gün işləmir, mən də “niyə də yox?” deyib aldım biletimi Dover avtobusuna)

Avtobus Doverə çatanda “Dover Pencester Road” adlı bir dayanacaqda saxlayır və deyir ki, bura şəhərin mərkəzidir. İlk başda şəhərin mərkəzindən çox hansısa kənd marşrutkasının dayanacağına oxşasa da, narahat olmayın burdan şəhərin mərkəzinə cəmi 3-4 dəqiqə piyada məsafədir.

Şəhərə girən kimi artıq təpədə əzəmətli Dover qalasını görürsünüz. Qala haqqında daha sonra, indi isə qayıdaq avtobus dayanacağına. Dayanacağın düz yanında qəşəng yamyaşıl bir park var. Parkda bizə Hollivud kinolarından tanış olan həmin o skeyterlər üçün olan meydançadan da var. Mən birinci dəfə canlı görürdüm deyə, oturdum bir xeyli tamaşa elədim skeyterlərə. Uşaqlar elə özləri də həvəslidirlər kiməsə bacarıqlarını göstərməyə, ona görə xahiş eləsəniz bir xeyli tryuk göstərərlər.

Parkda gəzdiyim vaxt bir cütlük yaxınlaşdı mənə. Əlimdə kamera olduğunu görüb hardan gəldiyimi soruşdular. Azərbaycandan olduğumu deyib qonşu şəhərdə yaşadığımı bildirdim. Azərbaycanı tanımasalar da, yenə də çox xoş münasibət göstərdilər. Elə onlar mənə dedilər ki, Dover-də Banksy-nin bütün divar boyu çəkdiyi Brexit-lə bağlı bir graffiti var. Yolu-izi başa salsalar da, təəssüf ki, bu gedişimdə tapa bilmədim. Gələn dəfə tapıb mütləq fotosunu çəkəcəm.

Elə bu parkdan şəhərin mərkəzi küçəsinə çıxırsınız. Küçənin axırına qədər getsəniz balaca meydan kimi bir yerə çıxarsınız. Burda həm Dover muzeyi yerləşir, həm də başqa marşrutlara getmək üçün istiqamətləndirici nişanları görə bilərsiniz. Bayram günü olduğu üçün muzey bağlı idi, ona görə sadəcə çöldən fotosunu çəkməklə kifayətlənməli oldum.

Meydandan düz davam eləsəniz dəniz sahilinə aparan belə bir tunelə girəcəksiniz. Tunel özü çox qəşəngdir, divarlarında müxtəlif dövrlərdən olan gəmilər təsvir olunub. Tunelin digər tərəfində isə artıq dəniz sahili görsənir.

Dover əsasən Fransanın Calais şəhərinə gedən ferilərinə görə məhşurdur. İngiltərədən Avropaya dəniz yolu ilə səyahət etmək istəyən turistlər bu şəhərdən yola düşürlər.

Doverin digər bir məhşurluğu da kanal üzgüçülüyünə (channel swimming)-ə görədir. Dünyanın hər yerindən özünü sınamaq istəyən üzgüçülər hər il bura gələrək Fransaya qədər 21 mil məsafəni üzürlər.

Bu məsafəni uğurla tamamlayan ilk üzgüçü 24 avqust 1875-ci ildə Matthew Webb olub. O bu məsafəni 21 saat 45 dəqiqəyə üzməyə müvəffəq olub. Ən sürətli üzgüçü isə 2012-ci ildə kanalı 6 saat 55 dəqiqəyə keçmiş avstraliyalı üzgüçü Trent Grimseydir. Əgər bir gün belə bir şeyə cəsarət eləmək istəsəniz Dover portuna və Kanal Üzgüçülüyü Assosiyasiyasına müraciət edə bilərsiniz (Fotoda sağ alt tərəf- www.cspf.co.uk ).Doverə yayda çimərliyinə və su idman növlərinə görə də xeyli turist gəlir.

İngiltərədə hansı fəsildə hansı bölgəsinə gəlməyinizdən asılı olmayaraq həmişə özünüzlə sukeçirməz paltarlar götürün. Havanın necə dəyişəcəyini heç vaxt təxmin edə bilmirsiniz. Çətir götürməyi unudun, çünki belə küləkdə çətir sizə ancaq mane olacaq.

Şəhərin arxitekturası liman şəhərlərinin memarlığı ilə ənənəvi ingilis memarlığının qarışıdır.

Arxitekturadan danışmışkən onu da qeyd eləyim ki, The Maison Dieu (Allahın evi) Doverin ən qədim və önəmli binalarından biridir. Binanın 800 ildən çox yaşı var və əsası 1203-cü ildə qoyulub. Daha sonra bina müxtəlif yerlərdən Canterbury-yə (Bu şəhər haqqında gələn postların birində ətraflı yazacam, hələlik onu deyim ki, Canterbury xristianların bütün yerlərdən piyada zəvvarlar çıxdığı şəhərdir) gedən zəvvarlar üçün hospital kimi fəaliyyət göstərib.

Mən sahili gəzib qurtarana qədər saat hələ heç 4 olmamasına baxmayaraq hava artıq qaralmağa başlayırdı. Bayram günü olduğuna görə isə Dover qalası həmin gün işləmirdi. Mən yenə də qalxmağa qərar verdim. Sözün düzü işləməməyi bir az da mənim ürəyimcə oldu, qalaya giriş 21 funtdur (45 manat), məndə isə ora verəsi nə o qədər pul, nə də həvəs yox idi. Dediyim kimi qala işləmirdi deyə çöldən rahat şəkilini çəkdim, heç kim də yox idi ki nəsə desin.

Qalaya qalxmaq üçün qayıdırsınız həmin meydana. Ordan nişan göstərir hara getmək lazımdır. Yoxuşla başlayırsınız “Castle street”(Qala küçəsi) ilə yuxarı qalxmağa. Əgər şəhərdə qalmaq istəsəniz demək olar ki, bütün hostellər və hotellər bu küçədə yerləşir. Mən axşam geri qayıdırdım deyə qalacaq yerlə maraqlanmadım, amma bir xeyli qonaq evi və hotel gördüm qalxanda.

Avtomobil yolunun kənarı ilə bir az qalxandan sonra qalaya gedən ayrıca bir cığır ayrılır. Bir az da o cığırla getdikdən sonra pilləkanlara rast gəlirsiniz. İlk baxışdan çox görünsələr də qalxmağa başlayandan sonra o qədər də çətin gəlmir adama.

Və nəhayət ki buranı da qalxandan sonra qalanın divarları bütün əzəməti ilə qarşınızda dayanır.

Ordan sonra da avtobuslar və maşınlar üçün yuxarı qalxan daha bir yol var. Əvvəlcə qalxıb-qalxmamağa tərəddüd eləsəm də qalxandan sonra qərara gəldim ki, qalxmağa dəyər. Bir az qalxandan sonra qalanın digər tərəfindən olan girişi ilə rastlaşırsınız.

Mən aşağı düşəndə saat hələ təzə 5-in yarısı olmasına baxmayaraq hava artıq qaralmışdı. Balaca şəhərlərin də o şeyi pisdir ki, hava qaralandan sonra demək olar ki, şəhərdə heç nə eləmək olmur. Hələ bayram günü getmisinizsə ümumiyyətlə. Mənim avtobusum isə saat 9-da idi hələ. Ona görə də biletimi cırıb ataraq, 1 saata yaxın avtobus dayanacağında gözləyəndən sonra başqa avtobusa minməyə nail oldum”. 

OXŞAR XƏBƏRLƏR