Xaricdə təhsil proqramını qazanan müəllimə: “Bu mənim ən böyük şansım idi”

Xaricdə təhsil proqramını qazanan müəllimə: “Bu mənim ən böyük şansım idi”
Təhsil və karyera 2 Mart 2018 11:56 742
Xaricdə təhsil proqramını qazanan müəllimə: “Bu mənim ən böyük şansım idi”

Bu gün dünyanın nüfuzlu ali məktəblərində təhsil alan tələblələrimizin sayı kifayət qədərdir. İstər texniki istərsə də humanitar sahədə təhsil alan gənclərimiz vətəndən kənarda ölkəmizi layiqincə təmsil edirlər. Onlar arasında xaricdəki üstün təhsil sisteminin incəliklərini ölkəmizdə tətbiq edənlər də az deyil. Nüfuzlu şirkətlərdə işləyən mütəxəssislərimiz, ali təhsil müəssisələrindəki pedaqoqlarımızı və s. misal çəkə bilərik. Elə növbəti müsahibimiz Səyanə Bağırovada xaricdəki təhsil sisteminin müasir metodlarının ölkəmizdəki təbliğatçısıdır. Gəncimiz öncə Bakıda Dillər Universitetində bakalavr və magistratura təhsili alıb. Savadı və istedadı ilə fərqlənən tələbə elə təhsil aldığı universitetin Xarici dillər kafedrasında pedoqoji fəaliyyətə başlayıb. Eyni zamanda təhsilinə davam edərək, tədqiqat aparıb. Bununla o, 2012-ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alaraq, istəyinə çatıb.

 

Xaricdə təhsil istəyinin reallaşmasını bizimlə bölüşən gənc xaricdetehsil.news saytına bildirib ki, “öncə Almaniyada dil akademiyasında təhsil aldım. Daha sonra Azərbaycana qayıdaraq, tam ştat müəllim kimi fəaliyyətə başladım. Həmin ərəfədə universitetimizdə Skandinaviya Mərkəzi var idi. Oslo universitetinə qəbul üçün seçimlər gedirdi. Çox mərhələlərdən sonra proqramı qazandım və Norveçə ezam olundum. Əvvəlcə yay məkətbində dil kurslarında, daha sonra isə Oslo universitetində linqivistika üzrə təhsil almağa başladım. Eyni zamanda norveç dilini daha dərindən öyrənməyə çalışdım. Bir müddət burada yaşadıqdan sonra Norveçdə insanların mədəniyyətinin, təhsil həyatının, dünyagörüşünün, bir sözlə yaşam tərzinin bizdən fərqli olduğunu müşahidə etdim”. Hazırda Azərbaycan Dillər Universitetində filologiya fakültəsində dosent əvəzi işləyən Səyanə Mövsüm tələbəlik illərini xatırlayaraq, yaşadığı sevinc və həyəcanı dünən kimi xatırlayır. Bir neçə insanın arasında bu proqramı qazanmağın onun üçün çox şərəfverici olduğunu bildirir. Bunu həyatında böyük şans hesab edir. Məhz məqsədi də xaricdəki yüksək təhsil sistemini, yenilikləri ölkəmizdə tətbiq etmək olub. Bir sözlə, o hədəfinə çatıb.

 

Oslo universiteti…

 

Oslo universiteti Skandinaviyada aparıcı universitetlərdən biri sayılır və ardıcıl olaraq “Dünya Universitetlərinin Akademik Reytinqi” tərəfindən tərtib onlunan dünyanın 100 top ali məktəblərinin siyahısında yer alır. 2009-cu ildə o Norveçdə birinci, Şimali Avropa ölkələrində isə üçüncü, Avropada 18-ci və dünyada 65-ci ən yaxşı universitet elan olunub. “Universitetin kitabxanaları, laboratoriyaları, təhsil sistemi yüksək səviyyədə və tam fərqlidir. Müxtəlif korpuslardan ibarətdir. Bildiyiniz kimi Skandinaviya ölkləri şimalda yerləşdiyinə görə, xüsusilə Norveç çox soyuq olur. Buranın havası çox dəyişəkdir. Amma buna baxmayaraq, yaşıllıqların içində mütaliə edib, imtahanlara hazırlaşmaq və s. bunları xatırladıqca üzümdə təbəssüm yaranır”.

 

 

 

Gənclər əylənən zaman…

 

Burada tələbələr müxtəlif fənnlər üzrə təhsil alırlar. İki ölkəni müqayisə etsək, Azərbaycanlı və xarici tələbələr arasında çox böyük fərqi görə bilərik. Ən birincisi burada orta məktəbi bitirən şagirdlərin “mütləq ali məktəbə girməlisən” – deyə məcburiyyətləri yoxdur. Təhsil sistemi demək olar ki, ödənişsizdir. Orada hər bir tələbə öz xərcini özü ödədiyinə görə işləyib sonra təhsil ala bilir və təhsil almağın yaş həddi yoxdur. Yəni mən burada oxuyanda baxmayaraq ki, 28 yaşımda idim məndən də böyük qrup yoldaşlarım var idi. Yaxud da burada tələbələr Norveçin Rifah cəmiyyətində daha yüksək həyat tərzi yaşamaq üçün müxtəlif kurslara qoşulurlar. Bizdən fərqli olaraq, onların tələbəlik həyatında əyləncələr var. Belə ki, könüllülərdən ibarət dəstələr yığılır və çadırlar qurulur. Bu tələbələr gün ərzində digər tələbələrə müxtəlif kitablar, hədiyyələr verirlər. Bununla da onlar bir-biri ilə daha yaxından tanış olur və yeni dərs ilinə psixoloji hazır olurlar. Digər fərq isə tələbələr arasında yazı yazmaq qabilliyyətinin, müstəqil şəkildə fikir yürütmək, istəklərini bildirmək, şəxsi fikirlərini ifadə etmək, araşdırma apararaq, sonda öz qənaətini yazıya köçürmək vərdişlərinin yüksək olmasıdır. Biz də isə bu vərdişlər yoxdur. Burada dərsdən əlavə məcburi tapşırıqlar verilir ki, bu mənim və digər azərbaycanlı tələbələr üçün ilk günlər çox çətin idi. Başqa ölkələrdən gələn gənclər əyləndiyi halda mən gecələr yatmayıb daha çox çalışırdım. Buna səbəb onların metodunu gec tutmağım idi. Norveçdə tələbələrin yazı keyfiyyətinin artırılması fənn olaraq tədris olunur.

 

 

 

Ölkəmizdən fərqli olaraq…

 

Müsahibimiz deyir ki, “burada dərslər hər gün keçirilmir. Həftədə cəmi 2-3 dəfə dərs olur. Tələbələr üçün universitetin ortaq saytı var ki, hər bir tələbə öz kodu ilə ora daxil olaraq, seçdiyi kurslar, günlər, saatlar və dərslərdə iştirak faizləri, tam yaxud qismək iştirak (bəzi fənnlər bunu tələb edir) barədə ətraflı məlumat alır. Həmçinin dərslərin keçirilmə vaxtı, harada, nə vaxt və necə keçəcəyi barədə bütün detalları şəxsi hesabından öyrənə bilirsən. Universitetin böyük kitabxanalarından pulsuz şəkildə yararlanmaq da bura daxildir. Ümumiyyətlə götürsək, universitetin korpuslarına daxil olmaq üçün hər bir tələbənin kartı var. Hər dərs təqdimat və slayd şəklində keçirilir. Mühazirə tipli dərslər isə bizim təhsil sisteminə bənzəyir. Sadəcə fərq buradakı professorların yanaşma tərzlərinin, şəxsi fikirlərinin daha açıq olmalarıdır. İmtahanların keçirilmə üslubuna gəlincə – şifahi və ya yazılı – bunun konkret öz günü var. Universitetdə diqqətimi ən çox çəkən isə imtahan vərəqləri idi. Bizə üç vərəq verilirdi ki, onlarının hər birinin üzərində yazdıqca, onun əksi aşağı vərəqə də keçirdi. Bu vərəqlərdən biri tələbədə digəri isə universitetdə qalır. Yaxud da imtahan suallarını son tarixə qədər evdə yazırdım. Bir sözlə, cürbəcür imtahan tipləri var.

 

 

 

“Bəlkə siz səhv tələffüz edirsiniz”

 

Müəllimlərimiz öz potensiallarını orataya qoymaq üçün texniki ləvazimatlarla təmin olunsun. Bir müəllim olaraq, bunu daha çox arzulayıram. Digər məsələ isə onların məvaciblərinin artırılmasıdır ki, bu da müəllimlər üçün böyük stimuldur. Mən baxmayarq ki, universitetdə yüksək maaş alırdım, xaricdə bu məbləği səsləndirəndə “bəlkə siz səhv tələffüz edirsiniz” – deyə təəccüblənirdilər. İnana bilmirdilər ki, bu cür dərəcəsi olan müəllim bu qədər az maaş alır. Ölkəmizdə də kifayət qədər savadlı, istedadlı, yeniliklərə açıq, təcrübəli müəllimlər var.

 

 

 

Xəyallarımdakı Stiven Pinker…

 

….Bir tələbə yoldaşım var idi. Bilirdi ki, mən ixtisasımla bağlı araşdırma aparmağı çox sevirəm. Bunun üçün daha çox əslən kanadalı olan böyük alim Stiven Pinkerin mənbələrindən istifadə edirəm. Bir gün mənə dedi ki, “Səyanə Stiven Norveçə gəlir və sən onun təlimində iştirak etməlisən”. Onun verdiyi təlimlərə də düşmək çox çətindir. Rəfiqəm xəbər verən kimi mən sənədlərimi ora göndərdim. Xoşbəxtlikdən həmin siyahıya düşdüm. Payız ayları idi. Burada saat 3-ün yarısından qaranlıq düşür. Biz harasa getmək üçün öncədən mütləq ölçüb biçirdik ki, gecikməyək. Təsadüfən mənim telefonum sönmüşdü. Təlimə getmək üçün universitetin korpusundan çıxanda başa düşdüm ki, telefonum yoxdu. Geri qayıtdım. Uzun məsafəni qət edərək, istədim auditoriyadan telefonumu götürüm lakin otaq bağlı idi. Çox pərişan vəziyyətdə idim. Neçə illik arzumun reallaşmasına bir addım qala belə bir maneəyə rast gəldim. Stiven Pinkeri çox sevirdim və o mənim üçün əlçatmaz idi. Başladım bir azərbaycanlı olaraq deyinməyə. “Ayda bu gün necə pis gündür”- şikayətlər etməyə. Birdən yadıma düşdü ki, deyinməkdənsə, ”Problemini həll elə”. Mail ünvanımı yoxladım və gördüm ki, müəllimim yazıb ki, telefon otaqdadır. Qaça-qaça getdim, lakin qapı bağlı idi. Nəhayət çox çətinliklərdən sonra güclə qapını açdım və ….

 

Səyanə çətin də olsa Stiven Pinkerlə tanış ola bilib. Bununla o, çətin vəziyyətlərdə deyinməkdənsə, çarə axtarmaqla hər bir problemin həll olduğunu deyir. Əlifbada hərflər çoxdur, çətinliklərdən baş çıxarmaq üçün variantlarda…

 

Gənclərimizə…

 

Arzu edərdim ki, hər bir tələbə avropada və hər hansı bir inkişaf etmiş ölkələrin birində təhsil almağa çalışsın. Çünki, oranın verdiyi təcrübəni heç nə ilə qazanmaq olmur. Həmçinin, hər bir insan özəl və fərqli olduğuna inanmalı və iri addımlarla uğurlara imza atmalıdır. Bunun da başlanğıcı təhsildən, fərqli yanaşmalardan, düşüncə tərzinin, dünyagörüşünün zənginliyindən başlayır. Bir də uşaqlıqdan bir devizim olub. “Mübarizə inkişafın mənbəyidir”…

OXŞAR XƏBƏRLƏR