Övladları ilə 5 dildə danışan ailə - Ailə

Övladları ilə 5 dildə danışan ailə - Ailə
Xaricdə iş və miqrasiya 3 Mart 2018 11:37 1476
Övladları ilə 5 dildə danışan ailə - Ailə

Gülnar Süleymanova: “Nəinki ailədə, dünyada da danışıqlar yolu ilə həll olunmayacaq heç bir problem yoxdur” Rudas Daniel: “Tanrı bizi bir-birimiz üçün yaradıb” 
 

Onların ailə qurmağına nə dil, nə din, nə də millət fərqliliyi əngəl törədib. Düşünürlər ki, sevginin dili, dini, milliyyəti olmur. Səyyah.az turizm və miqrasiya portalı kaspi.az istinadən məlumatına görə bu cütlük üçün ən önəmli status insan olmaq və bir-birlərinin gözlərinə baxdıqda, öz əkslərini görməkdir.

"Ailə” rubrikamızın budəfəki qonaqları həmyerlimiz Gülnar Süleymanovavə həyat yoldaşı,yəhudi Rudas Danieldir. Cütlüyümüz Macarıstanda yaşayır və 3 qız övladları var. Gülnar dünyanın ən böyük şirkətlərindən biri olan Amerikanını GE (General Electrik) şirkətində işləyir. Yoldaşı Rudas Daniel həm marketinq üzrə beynəlxalq İBM şirkətində mütəxəssis, həm də Avropanın ən böyük sinaqoqu olan Dohany sinaqoqunda "kantor” (dini və ilahi mahnılar oxuyan özəl yetişdirilmiş müğənni) çalışır. Eyni zamanda da tenordur.

 

Sehrli Fəvvarənin "sürprizi”...

 

Yəhudi ilə azərbaycanlını ilk dəfə "Linkedin” sosial şəbəkəsi birləşdirib. Belə ki, Gülnar Danielin mesajını uzun müddət sonra cavablandırsa da, bu, onların münasibətinə mane olmayıb: "Şirkətimizdə açıq pozisiya ilə bağlı elan vermişdim. Yoldaşım da elanla maraqlandığı üçün mənə yazıb. Mesajını çox gec gördüm, hətta 1-2 ay sonra cavab yazdım. Necə oldusa, yazışmağa başladıq. Məlum oldu ki, əslində qonşuyuq. Beləliklə, münasibət başladı”.

 

Cütlüyümüzün evlənmə təklifləri isə gözlənilən kimi olmayıb. Gülnar deyir ki, ikisi də romantik olmadığı üçün bu təklif də gülməli tarixçə ilə yadda qalıb: "Biz ikimiz də romantik deyilik. Daniel ilk dəfə romantik olmağa çalışaraq Barselona səyahətimiz zamanı oranın məşhur "Sehirli Fəvvarə” adlı məkanında evlənmə təklifi etməyi planlaşdırıb. Biz də ilk dəfə Barselonaya getmişdik və şəhər turuna çıxmışdıq. 2 saatlıq yürüşdən sonra qaranlıq bir məkana çatdıq. Sən demə, o gün romantik təklif üçün nəzərdə tutulan "Sehirli Fəvvarə” işləmirmiş. Amma plan istədiyi kimi getməsə də, cibindən üzük çıxardı və "mənimlə evlənərsənmi?” dedi”.

 

 

"Qarşıma çıxan ilk azərbaycanlı idi”

 

Daniel deyir ki, ailə qurarkən həyat yoldaşının əcnəbi olması onu narahat etməyib. Həmsöhbətimizin sözlərinə görə, Gülnar, ilk qadındır ki, onun həm qəlbinə, həm də ruhuna toxunub: "Gülnarla qarşılaşdığım  ilk vaxt başa düşdüm ki, tanrı bizi bir-birimiz üçün yaradıb. Doğrusu, mən məhz azərbaycanlı xanımın axtarışında deyildim. O, mənim qarşıma çıxan və tanıdığım ilk azərbaycanlı insan idi. Amma tanrının qismətindən qaçmaq olmur. Ona aşiq olmağımın ən böyük səbəbi bir-birimizə olan dərin sevgimiz, həqiqi dostluğumuz və hörmətimizdir. Mənim üçün ən önəmlisi qarşımdakı insanın milliyyəti deyil, onun insani özəllikləridir”.

Gülnarın Danieli sevməyinin və ona bağlanmağının ən böyük səbəbi isə onun yanında özünü sərbəst hiss etməsidir: "Həyat yoldaşımın yanında özümü dünyanın ən rahat və sərbəst insanı hesab edirəm. Sözün əsl mənasında, onun yanında olduğum kimiyəm. Bu, ona bağlanmağımın ən böyük səbəbidir”.

 

"Onsuz özümü tam insan kimi təsəvvür etmirəm”

 

Əcnəbi ilə ailə qurmasına gəldikdə isə Gülnar deyir ki, Danielin yəhudi olması onun üçün heç bir əngəl törətməyib: "Düzü, ailə qurarkən, heç nəyi götür-qoy etmədim. Baxmayaraq ki, hər zaman milliyyətçi insan olmuşam, amma dil, yaxud din ayrı-seçkiliyi etməmişəm. Mənim üçün bütün insanlar eyni haqla, bərabər şəkildə dünyaya gəliblər. Hansı millətdən olmasından asılı olmayaraq, ən önəmli statusumuz insan olmağımızdır. Ona görə də yəhudi olmağının mənim üçün heç bir əngəli yox idi”.

 

Danielə görə Gülnar ona hər gün motivasiya verən və dayanmadan işləyən mühərrik kimidir: "Gülnar həyatıma girəndən sonra sanki məndə "həyatımda hər şey təbii və bu şəkildə olmalıdır” hissini yaşatdı. O, mənim motivasiya mənbəyim, digər yarımdır. Onsuz özümü tam bir insan olaraq təsəvvür edə bilmirəm. O, mənim xarakterimi bir güzgü kimi özündə göstərir və mənim günbəgün daha yaxşı insan olmağıma kömək edir. Həyatımda qarşılaşdığım demək olar ki, ən güclü və mübariz qadındır”. 

 

 

"Dialoq yolu ilə həll olunmayan problem yoxdur”

 

Ailədə problemləri həll etmək məsələsinə gəldikdə isə Gülnar deyir ki, bunun ən yaxşı yolu qarşılıqlı danışmaqdır: "Səs tonumuzu qaldırmadan, bir-birimizə hörmətsizlik etmədən qarşılıqlı şəkildə danışırıq. O, öz düşüncəsini və səbəbini bildirir, mən də eyni şəkildə. Çox vaxt elə olur ki, son nöqtədə ikimiz də eyni fikirdə oluruq. Amma ümumiyyətlə, bir-birimizə qarşı heç vaxt səs tonumuzu qaldırmamışıq. İkimiz də dünyagörüşlü, savadlı və müasir insanlarıq. Düşünürəm ki, nəinki ailədə, dünyada da danışıqlar yolu ilə həll olunmayacaq heç bir problem yoxdur”.

 

Daniel isə deyir ki, sevgi o demək deyil ki, qadına məhdudiyyətlər qoyub, asıb-kəsəsən: "Problemlərimizi həll etməyimizin ən böyük metodu bir-birimizlə dialoq şəklində dil tapmağımızdır. Əslində, heç birimiz od olmur və heç vaxt partlamağa hazır atom bombası kimi dayanmırıq. Sevgi o demək deyil ki, asıb-kəsib, qışqırıb məhdudiyyətlər qoyasan. Bir-birimizi dinləməyə və hörmət cizgisini aşmamağa çalışırıq”.

 

"Hər xırda şey insanı xoşbəxt edə bilər”

 

Cütlüyümüzün xoşbəxtlik anlayışları fərqlidir. Gülnar üçün xoşbəxtlik əlində olan sevginin dəyərini bilməkdir: "Mövlananın da belə bir sözü var: ya olduğun kimi görün, ya da göründüyün kimi ol. Qarşındakı insana hörmət edib, hörmət görürsən və dürüstsənsə, bu dəyərləri də qoruyub saxlamağı bacarmalısan. Xoşbəxtlik əlində olan sevginin dəyərini bilməkdir. Xoşbəxt olmaq üçün böyük sərvətlərə sahib olmaq lazım deyil. Hər xırda şey insanı xoşbəxt edə bilər. Sadəcə, insanlar gözlərini buna yumurlar. Mənim üçün xoşbəxtlik dünyada hər şeydən və hamıdan çox istədiyim yoldaşımın olması, mənim arxamda dayanıb daim dəstək verməsidir”.

 

Danielə görə xoşbəxtliyin düsturu çox bəsitdir: "Xoşbəxtliyin sirri sadəcə dürüstcə sevmək və bir-birinizə həmişə dürüst olmaqdır”.

 

 

"Din bu nöqtədə maneə yarada bilmədi”

 

Daniel heç vaxt bir yəhudi ilə yox, azərbaycanlı ilə ailə qurmaqdan peşmançılıq duymayıb. Onun sözlərinə görə, ilk günlər din baxımından tərəddüd etsə də, Gülnarı tanıdıqca fikirləri dəyişib : "Bir-birimizə qarşı atdığımız ilk addım dürüst olmağımız və gəldiyimiz mədəniyyətə, kökə, soya hörmətlə yanaşmağımızdır. Sadəcə, münasibətimizin ilk anında bir dəfə ona demişəm ki, dinimizin buyurduğu kimi, ancaq yəhudi qadınla evlənə bilərəm. Həqiqətən də onu hər hansı bir addıma, yaxud düşüncəyə sövq etmək kimi bir niyyətim olmayıb. Çünki nə qədər güclü əqidəyə sahib olduğunu bildiyim üçün öz düşüncələrimi qorxmadan, çəkinmədən onunla paylaşmaqdan qürur duyuram. Münasibətlərimiz elə gücləndi ki, din bu nöqtədə maneə yarada bilmədi. Gülnar mənim həyatımın ən dəyərli hədiyyəsidir”.

 

"Dünyanın ən xoşbəxt kişisi...”

 

Əcnəbi yeznə sözlərinə belə davam edir: "Xoşbəxtliyin milliyyətlə heç bir əlaqəsi yoxdur. Önəmli olan insan olaraq kim olmağındır. Məhdudiyyətlər sadəcə, dil baxımından ola bilər. Bəzən elə bir məqam olur ki, bəzi sözləri bir-birimizə izah etməkdə çətinlik çəkirik. Çünki istifadə etdiyimiz heç bir dil, bizim ana dilimiz deyil. Məsələn, mən zarafat etməyi çox xoşlayıram. İroniyalı zarafatlar olanda həmişə istəyirəm ki, Gülnara ingiliscə tərcümə edim, amma mümkün olmur. Sonra da özümü pis hiss edirəm ki, zarafatı olduğu kimi izah edə bilmədim. Amma önəmli olan odur ki, hər axşam başımı yastığa qoyanda gördüyüm son şey, hər səhər də gözlərimi açanda gördüyüm ilk şey Gülnarın üzüdür və bu, məni dünyanın ən xoşbəxt kişisi edir”.

 

 

"Anamla ortaq dilləri yoxdur”

 

Dil məhdudiyyətləri Gülnarın ailəsinin də Daniellə ünsiyyət qurmasında problem yaradır: "Anam Aidə xanımla Danielin çox gözəl münasibətləri var. Bəlkə də anam Danieli məndən çox istəyir. Həyatımda gördüyüm ən gözəl yeznə-qaynana münasibətləri var. Amma Daniel həmişə təəssüf edir ki, anamla ortaq dilləri yoxdur. Daniel az da olsa azərbaycanca "qızım”, "yaxşı”, "sağ ol”, "nuş olsun”, "necəsən” və s kimi sözləri bilir. Dil məhdudiyyətləri olsa da, bir çox məqamda bir-birlərini başa düşməyi bacarırlar. Çox vaxt mən və böyük qızım tərcüməçilik edirik. Daniel həqiqətən bir qadının başına gələcək ən gözəl şeydir. O qadın mən olduğum üçün özümü dünyanın ən xoşbəxt qadını və anası hesab edirəm. Çünki yoldaşım və qızlarım dünyada sahib olduğum ən dəyərli və ən gözəl varlıqlardır”.

 

Azərbaycan, türk, italyan...

 

"Kişinin ürəyinə gedən yol mədəsindən keçir” deyirlər. İki fərqli millətin nümayəndəsinin ailə qurması mətbəxə də müəyyən fərqliliklər gətirir. Bəs cütlüyümüzün mətbəxində daha çox hansı ölkənin yeməkləri bişirilir?

 

Gülnar deyir ki, mətbəxdə daha çox özü olduğu üçün hansı ölkənin yeməklərini bişirsə, qəbul olunur: "Bəzən Daniel də mətbəxə girməyi xoşlayır. Amma o daha çox şirniyyat bişirir. Mənim isə mətbəxdə ən çox müraciət etdiyim Azərbaycan, italyan, türk, Hindistan və Tailand mətbəxləridir. Macarıstanda yaşamağımıza baxmayaraq, macar mətbəxindən çox az istifadə edirik”.

 

 

"Qızlarımızın azad ruhlu böyüməsini istəyirik”

 

Uşaqların tərbiyəsində cütlüyümüzün məqsədi təhsildən əlavə, onların ailədə dil biliklərini inkişaf etdirməkdir. Gülnar deyir ki, uşaqlarla 4 dildə ünsiyyət qururlar: "Mən  sərbəst 6 dildə danışıram, yoldaşım isə 4 dil bilir. Qızlarımızın azad ruhlu böyüməsini, ailə dəyərlərini dərk etmələrini istəyirəm. Ailə - nə olursa olsun, sorğusuz-sualsız, bir-birini qoruyub dəstək olmaqdır. Bunu qızlarımıza da aşılayırıq. Çalışırıq ki, bir-birlərinə sahib çıxsınlar, əllərində olan oyuncağı paylaşsınlar. Eyni zamanda da həyatdan nə istədiklərini bilsinlər. Xəyallarına gedən yolda biz, valideyn kimi onların arxasında duracağıq”.

Daniel də Gülnarın fikirlərini təsdiqləyir: "Nəzərə alsaq ki ikimiz də müxtəlif mədəniyyətlərdən gəlirik, çox çətin vəziyyətdir. Məsələn, yoldaşım qızlarımızla həm azərbaycanca, vhəm rusca danışır. Mən isə həm yəhudicə, həm də macarca danışıram. Amma ailəmizin rəsmi dili ingiliscədir. Ən çox diqqət etdiyim cəhət odur ki, uşaqlarımızı tərbiyə edərkən onların ən çox dünyagörüşlü olmalarını, özlərinə güvənmələrini, xəyallarının arxasınca getmələrini, atdıqları addımın məsuliyyətini dərk etmələrini və güclü olmalarını öyrətməkdir”.

 

El-aləm, qonum-qonşu nə deyər...

 

Sonda gənclərə məsləhət verən cütlüyümüz deyir ki, xəyallarının ardınca getməkdən çəkinməsinlər: "Hər kəsin şəxsi düşüncəsi olmalıdır. Əgər bir insan bir şeyi həqiqətən istəyirsə və niyə istədiyini bilirsə, həyatda addım atmaqdan qorxmamalıdır. "El-aləm, qonum-qonşu nə deyər” düşüncəsinə qapılmasınlar. Arzularınızın arxasınca getməkdən çəkinməyin. Ömrünüzün hər anından zövq alın. Çünki bu, bizə həyatda verilən yeganə şansdır. Çox insanlar görürük ki, evili, uşaqlıdırlar, amma xoşbəxt deyillər. Yəni xoşbəxtlik sadəcə, evli olmaqda deyil, digər yarını tapa bilməkdədir. Əgər bir kişi qadını olduğu kimi hər şeyi ilə qəbul edir və sahiblənirsə, utanmadan hər şeyini bölüşüb paylaşa bilirsə, bir-birinizə yalan danışmırsınızsa, bir-birinizin əlini tutduğunuzda ürəyiniz hələ də ilk gündəki kimi çırpınırsa, demək ki, doğru yoldasınız”.





OXŞAR XƏBƏRLƏR