İtaliyanın ən qədim kəndinə səfər– ŞƏXSİ TƏCRÜBƏ

İtaliyanın ən qədim kəndinə səfər– ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 22 Mart 2018 15:09 846
İtaliyanın ən qədim kəndinə səfər– ŞƏXSİ TƏCRÜBƏ


Bu bölməmizdə səyahətçilərin başına gələn maraqlı əhvalatları, səfər təcrübələrini yayımlayırıq.

Səfər təəssüratı barədə yazılanları təhrif etməmək üçün yazılara redaktə və heç bir əlavə olunmur.

Səyyah.az Turizm və İstirahət saytı bu dəfə səyahətçi Mətin Rəhimlinin təəssüratını təqdim edir:

“...İtaliyada əsas turist marşrutlarından gizlənmiş orta əsrlərdən qalmış bir kənd var – Borghetto sul Mincio. Bizim imkanlı turistlər bura getmirlər. Fikirləşirlər ki, ordansa gedib yaxındakı populyar Garda gölündə bir neçə gün keçirərəm. Başlarına romantika vuranlar həyatda heç izləri də bilinməyən Romeo və Culyetta eşqi ilə bu kəndin yanından ötüb Verona`ya tələsirlər. Büdcəli turist isə əlini cibinə salmamaq şərti ilə beş günə Roma`dan tutmuş Florensiya`ya qədər İtaliya`nın hər yerini görmək istəyir. Onun nəyinə lazımdır heç kimin tanımadığı bir kənd?

Doğrudan da Borghetto haqqında internetdə məlumat demək olar ki, yoxdur. Deyilənlərə görə Borghetto İtaliya`nın ən qədim və daha çox ilkin vəziyyətdə saxlanılmış kəndlərindəndir. Elə buna görə adı elə kənddir. “Borghi” italyancadan tərcümədə kənd anlamı verir. Kəndin cəmi 160 nəfər daimi əhalisi var. Burada nə ərzaq mağazası, nə çörək bişirilən bir yer, nə poçt şöbəsi, nə də aptek var. Bir sözlə soyuq aylarda kənddə həyat sönür. Təsəvvür edin ki, buraları heç naviqator da tanımır. Qonşuluqda yerləşən nisbətən daha böyük olan kəndin adını yazıb getdim. Kəndin girəcəyindəki Visconteo körpüsünə çatmamış avtomobil dayanacaqlarında maşınların sayını görəndə başa düşdüm ki, bura gəlməklə lap düzgün seçim etmişəm. Yayda kənddə insan əlindən tərpənmək mümkün deyildi. Restoran və kafelərdə adam əlindən yer yox idi. Turistlərin 90 faizi italyanlar özləri idilər. Kəndin turistlərə təklif etdiyi ən gözəl şey buraların çox gözəl təbii landşaftıdır – kifəyat qədər sürətli çay və onun ətrafında yerləşən kənd evləri. Yoxsa kənd evlərinin ətrafında axan çay? Kimə necə xoşdursa o cür də təsəvvür etsin. Çay kənd restoranlarının əsas menyusunu təşkil edir. Amma ən yeyilən məhsul makarondur – tortellini. Bu kənddəki tortellininin öz adı da var – nodo d`amore, yəni sevgi düyünləri. Bunun da tarixi gedib çıxır min üç yüz çoxdanıncı illərə. Güclü marketoloq olan italyanlar bu yerləri də nakam məhəbbət nağılı ilə bəzəyiblər. Öz aramızdı vaxtı ilə fahişəxana olmuş bir evin eyvanına Culyetta`nın eyvanı adı ilə bütün dünyanı dartıb gətirən italyanların əlində növbəti daha bir sevgi tarixcəsi yaratmaq nə böyük şeydir ki?

Əfsanəyə görə XIV-cü əsrdə yerli qoşunlar Mincio çayının ətrafında mühasirəyə düşürlər. Gecələrin birində çaydan cadılar (witch) çıxır və yatan əsgərlərin arasında rəqs etməyə başlayırlar. Yeganə oyaq olan mühafizənin başçısı Malko bunları görür və təqib etməyə başlayır. Qaçanda onlardan birinin yağmurluğu yerə düşür. Sən demə bu qız nimfa imiş. Adı da Silvia. Cavanlar ilk baxışdan birbirlərinə vurulurlar və Silvia sevgilisinə dəsmal bağışlayır. Sabahısı gün rəqs edən əsgərlərin arasında Malko yenə Silvianı görür. Sən demə dünəndən gözünə yuxu getməyən bu abırsız yenə gəlib ki, Malkonu görsün. Bu anda bizim kinolarda olduğu kimi oğlanın birinci sevgilisi gəlib çıxır əlində də bomba. Qızı tutub atırlar yerli Kürdəxanıya. Qəhraman Malko isə adaxlısını türmədən qaçızdırır. Özü isə, təbii ki, yaxalanır. Başqa ssenari ola da bilməzdi. Amma bizim bu Silvia da az aşın duzu deyilmiş. Borclu borclunun sağlığını istəyər prinsipi ilə yaşayan Silvia gelir türməyə Malkonun yanına. Və dəliqanlılar yeganə mümkün yol olan yolla qaçmaq qərarı verirlər. Özlərini vururlar çaya – Silvianın evinə. Axtarışa gələn əsgərlərin tapdıqları yeganə əşya həmən o sevgi düyünü vurulmuş burun dəsmalı olur. Bu yerdə göydən üç dənə tortellini düşür. Üçü də olsun sizin, mən elə düşbərə ilə bir təhər günümü yola verərəm.

Demək həmən bu tortellini yalnız əllə düzəldilir, necə deyərlər, hand made. Tortellini üçün xüsusi festival da keçirilir. İyun ayının üçüncü çərşənbəsində Visconteo körpüsündə 5000 qonağı yerləşdirə biləcək 700 metr uzunluğunda masa açılır. Deyilənlərə görə həmən gün makaronlara 600 000 sevgi düyünü vurulur.

Azərbaycanlıların isə bu kəndə gəlməyinin daha bir səbəbi də var – kənddə indiyə qədər fəaliyyət göstərən qədimi su dəyirmanları. Turistlərin də elə ən çox poz verəcəyi yerlər bu dəyirmanların qarşısıdır. Bir sözlə Borghetto sul Mincio gəlməli, görməli, yeməli və düşmən dəyirmanına yaxşıca su tökəsi bir yerdir...”

OXŞAR XƏBƏRLƏR