Şərqin parıltısı və yoxsulluğu – Qahirə – ŞƏXSİ TƏCRÜBƏ

Şərqin parıltısı və yoxsulluğu – Qahirə – ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 26 Mart 2018 17:23 1185
Şərqin parıltısı və yoxsulluğu – Qahirə – ŞƏXSİ TƏCRÜBƏ

Bu bölməmizdə səyahətçilərin başına gələn maraqlı əhvalatları, səfər təcrübələrini yayımlayırıq.

Səfər təəssüratı barədə yazılanları təhrif etməmək üçün yazılara redaktə və heç bir əlavə olunmur.

Səyyah.az Turizm və İstirahət saytı bu dəfə səyahətçi Mətin Rəhimlinin  təəssüratını təqdim edir:

 

“...Qahirə - dünyanın ən qədim dörd şəhərindən biri, heç vaxt yatmayan, minilləri adlayan daima canlı bir şəhər. Milyonçular və dilənçilər vətəni, Qərbin və Şərqin birləşdiyi bir yer. Bunların hamısına mən birini də əlavə edərdim – siqnallar şəhəri. Qahirə sürücüləri ayrıca bir mövzudur. Bizim avtomobilçilərin sürücülük vəsiqəsini almazdan evvəl musiqi məktəbini bitirməsini bilirdim. Misirlilər isə əməlli başlı konservatoriya məzunları imişlər, elə bil bütün şəhərdə siqnalizasiya qoşulub. Heyif  ki, bu xüsusi effektləri yazı ilə çatdırmaq qabiliyyətinə malik deyiləm. İşıqfora da demək olar ki, fikir verən yoxdur. Yol keçmək üçün əlini qabağa uzadıb maşını saxlatmaq kifayətdir. Yol nəqliyyat hadisəsi adi haldır, salamat maşına çox nadir hallarda rast gəlmək mümkündür. Qəza baş verəndə heç özlərinə əziyyət verib maşından da enmirlər, elə pəncərəni azca aşağı salıb gülümsəyirlər və yollarını davam etdirirlər növbəti qurbana qədər.

Müasir Misirin paytaxtı demək olar ki, elə Sfinks`dən başlayır. Qahirə müasir göydələnlərdən ibarət məhəllələrin, qədimi iqamətgahların, şərq bazarlarının və hələ kifayət sayda olan köhnə əyri küçələrin qarışıqlığından ibarət bir şəhərdir. “Şərqin parıltısı və yoxsulluğu” (блеск и нищета Востока) mərfumunun nə olduğununa bu şəhərdə cavab tapırsan. Bir sözlə, Qahirə qədim keçmişin canlı tarixidir. Misir əhalisinin dörddə biri – 16 milyonu ölkənin paytaxtında yaşayır. Çoxsaylı göydələnləri ilə səmaya yüksələn şəhərin dizayn müxtəlifliyini qədim abidələr təşkil edir. Qahirə gözəl və əzəmətli Nil`dir, onun körpu və şərqsayağı bulvarları ilə və Qərbi təzahür edən brend otelləri ilə. Bu şəhərin küçə və rayonları oxşar deyil fərqlilik hər addımda özünü göstərir. Bilmirsən bu küçələrdə daha çox nədir – mağazalar, məhsullar, restoranlar yoxsa sadəcə təəssüratlar. Və, nəhayət, Qahirə indi bizdə çox dəbdə olan əsl multikulturalizm, dini azadlıq məkanıdır. Qədim dövrlərdən bu şəhərdə İslamın bir neçə qolunun və katolik və pravoslav xristianlığıqın mövcudluğu dediklərimi sübut edir. Əhalinin əksəriyyəti əlbəttə ki, müsəlmandır.

Mənim üçün bu şəhər İslam dünyasının ən önəmli bir ismi, yenilməz sərkərdəsi Salah Ad-Din`in ləqəbi ilə tanınan Yusuf ibn Əyyub adı ilə də bağlıdır. Üçüncü nəsildə muzdlu əsgər olan Salah Ad-Din onun bioqraflarının sözlərinə görə Evklid və Alqamest`in suallarına cavab verəcək qədər bilikli olub, riyaziyyat və islam hüququnu gözəl bilirdi, Abu Təmmas`ın on tomluq ərəb şairlərinin şeirləri toplusu olan Kitabi Al-Xamasa`nı əzbərdən söyləyirdi. Səlibçilərin qatı düşməni olan Salah Ad-Din öz cəsarəti və düşmana qarşı olan alicənablığı ilə xristian Avropasında böyük hörmətə malik idi. Səlibçilərin başçılarından biri olan İngiltərə kralı birinci Riçard onu özünə dost sayırdı, baxmayaraq ki, həyatda cəmi bir dəfə görüşmüşdülər. Şərqin tarixində Salah Ad-Din Qərbin işğalının qarşısını alan, islam qüvvələrini Qərbə yönəldən və müxtəlif islam güclərini birləşdirən, öz şəxsiyyətində İslamın yüksək ideallarını və keramətini təcəssüm edən fateh kimi qaldı. Elə Salah Ad-Din`ə olan məhəbbətim Qahirədə ilk turizm obyekti seçimində öz rolunu oynadı – şəhərin vizit kartı olan islam özəyinin məskəni 1176-cı ildə dahi sərkərdənin dövründə inşa olunan Salah Ad-Din qalası. Şəhərin mərkəzi kvartallarından cənub şərqdə yerləşən qaladan bizim vaxtlara salamat çatan yalnız cənub və şərq xarici divarlarıdır. Əsas meydana iki yol aparır. Soldan - Sultan Al-Nasr məsçidi, düz – 1857-ci ildə tamamilə misir alebastrından tikilən Muhammed Ali məsçidi. Məsçidin içərisində girişdən sağda Misiri birləşdirən Muhammed Ali`nin qəbri yerləşir. Məhs o, 1 mart 1811-ci ildə bu qalaya ölkənin 480 qəbilə başçılarını dəvət edib hamısını elə buradaca öldürərək Misirdə illərlə davam edən qardaş qırğınlarına son qoyur. Qala şəhərin ən yüksək nöqtəsində yerləşdiyindən buradan Qahirəyə gözəl mənzərə açılır. Qərb divarından min ildən çox tarixləri olan Sultan Hasan və İbn Tulun məsçidləri görsənir. Daha uzaqda köhnə şəhəri, lap aralıda isə Qiza və Sakkara`nın ehramlarını görmək olur.

Qaladan çıxarkən oğlum blokpostda dayanan polislərlə şəkil çəkdirmək istədi. Bu istəyimizi polislərə bildirdikdə onlardan biri gedib komandirlərini çağırdı. O isə çox mədəni şəkildə fotonu sosial şəbəkələrdə biz tərəfdən yayılması mümkünlüyünü bildirərək bu ideyanı elə kökündəcə boğdu. Başa düşdüm ki, bu polislərin üzlərinin tanınmasından doğan narahatlıqdır. Onu da deyim ki, blokpostlar yalnız Qahirədə deyil, Misirin bütün şəhərlərində var. Ən vahiməlisi isə Qahirə Milli Muzeyinin girişində - altı ədəd hərbi zirehli maşın və onların önündə betonun üstündə quraşdırılmış pulemyotun arxasında üzü bizə tərəf hazır vəziyyətdə dayanan pulemyotçu. Bir sözlə muzeyə daxil olmazdan əvvəl adrenalın qəbul etmiş olursan.

1858-ci ildə fransız misirşünas Auguste Mariette tərəfindən təsis edilən və Qahirənin qüruru sayılan bu muzey qədim Misir dünyasının ən zəngin kolleksiyasına malikdir. Qahirə muzeyinə tezdən gəlmək məsləhətdir ki, muzey açılan kimi ora daxil olasınız və tez qalxıb ikinci mərtəbədə saxlanılan Tutanhamonun qızıl maskasına baxasiniz. Birazdan bu otağın qarşısında növbə yaranacaq. Buranı gəzdikdən sonra isə rahat şəkildə muzeyin qalan hissələrinə baxmaq olar. Qədim ehramlar ölkəsinin bütün tarixi göz önündə - Qizada qazıntılar vaxtı tapıımış Hefren`in heykəli, Sakkarada tapılmış Cossser`in heykəli, fironların heykəlləri.... Məşhur Nefertiti`nin həyat yoldaşı olan Exnaton`un epoxasına ayrıca zal həsr edilib. Bu zalda fironun Karnak`dan gətirilmiş nəhəng heykəli və dünyaca məşhur olan və şüşə arxasında saxlanılan Nefertiti`nin heykəli və s.

İnqilabdan sonra məşhurlaşan Təhrir meydanı Muzeyin yanında yerləşir. Bizim uşaqlar üçün isə bu meydana marağın səbəbi burada yerləşən KFC idi. Uşaqlarla sürücü qidalanana qədər Təhriri o başdan bu başa gəzib burada yaşananları təsvir etməyə çalışdıq və təbii ki, nətəri lazımdı “selfiləşdik”.

Köhnə şəhərin qalın divarları arxasında kopt (xristian) Qahirəsi yerləşir. Xristianlıq Misirdə hələ III-cü əsrdə islamdan çox əvvəl yayılıb. Əvvəl onunla Nil`in qədim Allahlarına itayət edənlər vuruşur, sonra isə Ərəb yarımadasından gələn İslam. Amma bunlara baxmayaraq Misir xristianları özlərini və dinlərini qoruya bildilər. Burada olarkən öyrəndim ki, Misir xristianlarının sol biləklərində romb formasında xüsusi tatuları var. Mənasını öyrənə bilməsəm də, təxmin etdiyimə görə çətin ki, bu onların rəssamlığa meyllilikləri ilə izah olunsun. Ən qədim abidələri isə IV-cü əsrdə müqəddəs Məryəm`in adına ucaldılmış El Mulakka asma kilsəsidir. Nil`in sahilində yerləşən Babil qəsrinin cənub darvazaları üzərində inşa edilən bu məbəd sanki suyun üstündə dayanıb.

Qahirə deyəndə həm də Fatemilər tərəfindən 988-ci ildə inşa olunmuş və Məhəmməd peyğəmbərin (s) qızı Fatimeyi Zəhra`nın adını daşıyan Al-Ashar universiteti yada düşür. Bu məsçid Fatemilərin rəsmi məsçıdı sayılırdı. 975-ci ildən məsçiddə şiyəliyin əsasları tədris olunmağa başlayır. Fatemilərin süqutundan sonra Al-Ashar əvvəlki önəmliyini itirir və sıravi sünni məsçidi səviyyəsinə endirilir. Bu təhsil ocağının kitabxanasında olan 2 mln yaxın kitab isə satılr ya da dağıdılır...Müasir Al-Ashar Misirin konstitusiyasında adı çəkilən bir brendə çevrilib. İndiki Al-Ashar bütün ərəb şərqində ən böyük universitet sayılır.

Universitetdən yolumuzu saldıq Qahirənin ən maraqlı bir yerinə - Xan El-Xəlili. Uşaqlıqdan eşitdiyim Şərq nağılı bura imiş. 700 il əvvəl Sultan Əl-Əşrəf tərəfindən yaradılan bu bazarın ucu bucağı bilinmir. Təsəvvür edin ki, bazarın altı girişi və on iki “muxtar vilayəti” var. Misirdə istehsal olunan və Misirə müxtəlif yollarla gətirilən istənilən malı burada tapa bilərsiniz. Yaxşı bazarlaşsan bu bazardan uçan xalça və ya Ələddin`in sehrli çırağınının xoşbəxt sahibi kimi də ayrılarsan. Buranı saatlarla gəzib və heçnə almaya da bilərsən, məsələn bizim kimi. Adam əlindən tərpənmək mümkün deyil, satıcıların qışqırıq səsləri isə insanın lap beyninə işləyir.

Elə gəzintimiz başa çatırdı ki, sürücümüzün yadına bir maraqlı fakt düşdü. Düzünü deyim, səfərdən əvvəl bu haqda heç məlumatım yox idi, sən demə Qahirədə Ər-Rifahi məsçidində İran şahı Rza Pəhləvi`nin qəbri yerləşirmiş. Gedib onu da ziyarət edib missiyamızı bitmiş hesab etdik.

Qahirədə adını çəkmədiyim digər də çox maraqlı tarixi tikililər və yerlər var, saymaqla bitmir. Və onu da deyim ki, Qahirə, umumiyyətlə Misir, olduğum ölkələr arasında yeganə yerdir ki, adamı özünə çəkir. Yenə də imkan düşsəydi böyük məmnuniyyətlə gedib bu ölkəni qarış qarış gəzərdim. Bəlkə də buna səbəb ucuz nəqliyyatdır – günü 20 dollara taksi sürücüsü sizi gün doğandan batana qədər gəzdirir. Günəş isə buralarda çoooox gec batır...”

 

OXŞAR XƏBƏRLƏR