Paris azərbaycanlı səyahətçinin gözü ilə - ŞƏXSİ TƏCRÜBƏ

Paris azərbaycanlı səyahətçinin gözü ilə - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 29 Mart 2018 08:37 875
Paris azərbaycanlı səyahətçinin gözü ilə - ŞƏXSİ TƏCRÜBƏ

Səyyah.az Turizm və İnformasiya saytı facebook istifaəçisi Yaşar Cəfərlinin səfər təəssüratlarını təqdim edir. Qeydləri təhrif etməyə yol verəməmək üçün yazılanlar redaktə olunmadan təqdim edilir:

“...İstədim 2 günlük səyahətimiz zamanı gördüyüm və öyrəndiyim bəzi şeyləri sizinlə paylaşım. Yəqin ki, Paris haqda artıq gedən də getməyən də kifayət qədər məlumatlıdır. Səyahət müddətimizin qısa olduğunu nəzərə alıb, izdihamlı yerlərdə vaxtımızı çox xərcləmiyib, Parisin daha az turistə məlum olan hissələrini gəzib özümüzü parisli kimi aparmağa çalışdıq. İlk dəfə səfər edənlər üçün bəzi məsləhətlər verim.

Luvrda, Orsedə saatlarla növbə gözləməkdənsə, digər muzeylərə baş çəkin. Parisdə onlarla görülməsi vacib olan muzey var. Luvr’un çinli və rus turistlər tərəfindən “işğal olunduğu” saatlarda Musee l’Orangerie, Musee Rodin, Palais de Tokyo, Musee d’Art Moderne və bir çox muzeylər turist baxımından daha seyrək olur və bu muzeylər şəhər mərkəzindən heç də uzaq deyil. Yox mən Mona Lizanı görmədən getməyəcəm deyirsinizsə, ən yaxşısı Paris Museum Pass alın (48 avro). Bununla muzeylərin bir çoxuna bilet almadan və növbədə gözləmədən girə bilərsiz. Həm vaxta, həm də pula qənaət etmiş olarsız. Lakin bu yalnız 26 yaşdan yuxarı şəxslərə satılır. 18 yaşdan aşağı uşaqlar, 18-25 yaş arası EU vətəndaşları və ya EU-da 3 aydan artıq yaşayış icazəsi olan şəxslər üçün və hər ayın ilk bazar günü muzeylərə giriş pulsuzdur. Həftənin 1 günü muzeylər bağlı olur (bir çoxu çərşənbə axşamı). Həmçinin bəzi günlərdə gec saatlara qədər (22:00) açıq olur. Səyahətinizi planlamazdan əvvəl yoxlayın. Basabası adlamağın ən yaxşı yolu isə “early bird” olmaqdır. Luvr 9:00-da, Orse 9:30-da açılır. Bu vaxtlarda getsəz turist izdihamından qurtula bilərsiz.

Əlavə pul və vaxt sərf edib Eyfelə çıxmayın və eyni, cansıxıcı şəkillərini çəkməyi dayandırın. Eyfel onsuzda bütün bucaqlardan gözəl görsənir. Kreativliyinizi işə salın və müxtəlif bucaqlardan çəkməyi yoxlayın. Eyfelin mənim bəyəndiyim mənzərəsi bu 3 yerdəndir: 1. Avenue de Camoens, 2. Avenue du President Wilson 15, 3. Bir-Hakiem körpüsü. Parisi ayaqlarınız altına almaq istəsəz, Arc de Triomphe-a qalxa bilərsiz. Məsləhətdir ki, hava qaraldıqdan sonra qalxasız. Burda da EU resident olanlar üçün pulsuzdur. Həmçinin Monparnasse binası və Printemps Hausmann alış-veriş mərkəzinin yuxarı mərtəbəsindən də Parisi yuxarıdan seyr edə bilərsiz.

Montmartre-də gəzintiyə çıxın. Pilləkənləri sizi yora bilər amma yuxarı qalxdıqda burdan Parisə açılan gözəl mənzərə bu yorğunluğu unutduracaq. Sacre-Coeur bazilikasına çıxmaqdansa ətrafında dolaşın. Turist izdihamından qurtulmaq üçün səhər 9:00-a qədər gəlmək məsləhətdir. “Amelie”-ni sevirsinizsə çalışdığı kafenin adı Cafe des deux Moulins, o məşhur marketin adı isə Au Marche de la Butte-dir. Google Maps-də tapa bilərsiz. Montmartre-də Van Gogh, Picasso, Monet, Modigliani kimi rəssamların studioları olub. Sacre-Coeur-a yaxın “Espace Dali” yerləşir. Şanssızlıqdan bizim səyahətimiz zamanı təmirə bağlanmışdı.

Kitab almaq istəsəz Shakespeare&Company kitab mağazasına baş çəkin (“Midnight in Paris” filmində görmüş olarsız). Almasaz belə mütləq baş çəkin. Onunla yanaşı həmin adda antik kitablar satan mağaza və kafe var.

Vaxtınız olsa Pere Lachaise qəbiristanlığını da ziyarət edin. Jim Morrison, Chopin, Oscar Wilde və bir çox sənət adamları burda dəfn olunub.

Yerli parislilər istirahət üçün St. Martin kanalını üstün tutsa da, Notre Dame və Sainte Chapelle kilsəsinin olduğu İle de la Cite adası da şərab içib günbatımını izləmək üçün yaxşı məkandır (təbii ki, əgər günəş varsa).

Bacardığınız qədər piyada gəzin. Belə şəhəri daha yaxşı tanımış olarsız. Paris böyük şəhərdir amma yenə də ayaqla gəzmək mümkündür. Digər tərəfdən şəhərin görməli yerləri bir birinə yaxındır. Əgər dikdaban ayaqqabıda səyahət edəcəksizsə, bu abzası ötürün.

 

Hə, bir də RATP applikasiyasını yükləyin. İctimai nəqliyyatdan istifadə zamanı çox kömək olacaq.

Bon Voyage!...”

OXŞAR XƏBƏRLƏR