Buta Airways’lə uçuş zamanı rastlaşa biləcəyiniz 5 şey

Buta Airways’lə uçuş zamanı rastlaşa biləcəyiniz 5 şey
Şəxsi təcrübə 30 Mart 2018 12:54 4528
Buta Airways’lə uçuş zamanı rastlaşa biləcəyiniz 5 şey

Səyyah.az turizm portalı bloqer Orxan Rzayevin "Buta Airways"lə bağlı şəxsi təcrübəsini təqdim edir.

Martın 20-si yerli aviaşirkətimiz Buta Airways’lə ilk səfərimi reallaşdırdım. İndiyədək sosial şəbəkələrdə Buta Airways’lə bağlı bir çox məlumatlara, təcrübə paylaşımına rast gəlmişdim deyə müəyyən təəssürat yaranmışdı məndə. 

 Amma təbii ki, yüz eşitməkdənsə bir görmək lazımdır ki, nəyin necə olduğunu dəqiq biləsən.

Yaxın bir dostum dedi ki, Novruz bayramı tətili fürsətə çevirib, İrana səfər edək, Qum, Məşhəd, Təbriz şəhərlərini gəzək. Sizdə də eyni hal olur, əminəm, 2-3 ay öncədən planlaşdırdığın işi görə bilmirsən bəzən , amma qəfil olanda elə öz-özünə alınır. Bizdə də eynisi oldu – martın 19-u axşam qərar verdik, Buta Airways’dən bilet aldıq, 20-si səhər Tehrana uçduq :)

Tehran, Qum, Məşhəd, Təbriz haqqında növbəti bloq yazımda məlumat verəcəm. Bu yazıda isə Buta’dan danışmaq istəyirəm. Beləliklə Buta ilə ilk səfərdə rastlaşdığımız 5 şeyi diqqətinizə çatdırıram, çünki siz də Buta ilə uçanda eyni hallarda rastlaşa bilərsiniz:

 

1. Ümumi şərait & Qidalanma

Yəqin ki, Planet Parni Iz Baku‘nun Buta Airways’lə bağlı səhnəciyinizi görmüsünüz. Bileti alanda ilk ağlıma gələn o səhnəcikdə yaşananlar oldu – “Hörmətli şərnişinlər – sözünü eşitmək istəyirdinisə canınız çıxardı, 400 manat pul verib, adam kimi uçardız o biri təyyarə ilə!” 

Amma reallıq məni müsbət mənada təəccübləndirdi. Səliqəli, rahat təyyarə idi. 1 saatlıq uçuşda bizə sendviç və su pulsuz verildi. Əlavə olaraq isə 30-a yaxın isti yemək çeşidi təqdim olunur ki, 7.90 avroya sifariş etmək mümkündür.  Məncə, “37 manata uçan” adam üçün əla xidmətdir :)

 

2. “Real-time” sürprizlər

Novruz bayramı ərəfəsində uçduğumuz üçün şərnişinlərə belə maraqlı hədiyyə təqdim olunurdu. Kiçik, amma diqqətin göstəricisi. Açığı çox bəyəndim bu addımı.

Buta Airways ucus melumati - Buta Airways'lə uçuş zamanı rastlaşa biləcəyiniz 5 şey

 

3. Şirkətin personalı

Adətən xarici aviaşirkətlərin personalının gülərüz, bizimkilərin isə qaş-qabaqlı olduğu qeyd olunur.  Bilmirəm Buta yenidir deyə hələ gülümsəyirlər ya necə, amma bizim səfər etdiyimiz təyyarədə üzlər gülürdü :) Personal da xaricdə gördüyümüz formada rəftar edirdi. Təki hər zaman belə xidmət səviyyəsi qalsın.

 

4. Əvəzedilməz Azərbaycan pilotu

Pilotlarımız haqda isə danışmağa ehtiyac yoxdur. Bir neçə il öncə, səhv etmirəmsə Çinin hansısa şəhərində yaşanmışdı, aeroportun monitorunda qeyd olunmuşdu ki, kəskin hava şəraitinə görə aeroporta enməli olan bütün reyslər (30-40 ədəd var idi məncə) təxirə salınıb, yalnız AZAL təyyarəsi eniş etmişdi.

İstər 3 ay qabaq uçduğum Ukrayna Haval Yolları ilə, istərsə də İranda daxili reysdə uçuş zamanı həm təyyarənin keyfiyyəti, həm də pilotların idarəetməsi bizimkilərdən geri qalırdı.

 

5. Sofia, Alanya… Vyana?

Buta Airways’lə uçsanız bəlkə siz Avropanın “göbəyinə” və ya uzaq Asiya torpaqlarına qədər gedəcəksiniz. İlk öncə qonşu şəhərlərə səfər təşkil edən aviaşirkət artıq Türkiyənin Antalya, Alanya, Rusiyanın Sankt-Peterburq, Bolqarıstanın Sofia şəhərinə uçuşlar təşkil edir. Bu yaxınlarda oxudum ki, Avstriya paytaxtı Vyana’ya reys açılması planlaşdırılır.

Sevindiricidir. Dostlar, inanın, fərqli şəhərlərə, ölkələrə səfər etmək çox faydalıdır, insanın psixoloji vəziyyətinin dəyişməsinə, zövqünün formalaşmasına, dünyagörüşününün artmasına, yaradıcılığının inkişaf etməsinə kömək olur. Bir neçə ilk öncə məktəblilərə, tələbələrə tövsiyə xarakterli bloq yazımda qeyd etmişdim ki, bahalı smartfon almaq əvəzinə gedin xarici ölkələri görün, gəzin. İndi artıq bahalı smartfonun puluna ehtiyac yoxdu, öncədən alsanız 29 avroya bilet ala bilirsiniz. Bu, çox yaxşı fürsətdir. Əgər Buta hazırkı inkişaf tempini saxlaya bilsə, 1-2 ilə biz dünyanın bir çox istiqamətinə aşağı büdcə ilə uçuşlar həyata keçirə biləcəyik.

 

Buta Airways Zehra sefer - Buta Airways'lə uçuş zamanı rastlaşa biləcəyiniz 5 şey

 Buta Airways sefer bloq meqale - Buta Airways'lə uçuş zamanı rastlaşa biləcəyiniz 5 şey

 

OXŞAR XƏBƏRLƏR