“Övladlarının məktəbimizdə oxuması üçün rayondan gəlib Bakıda kirayə yaşayan valideynlər var” - MÜSAHİBƏ

“Övladlarının məktəbimizdə oxuması üçün rayondan gəlib Bakıda kirayə yaşayan valideynlər var” - MÜSAHİBƏ
Təhsil və karyera 30 Mart 2018 16:40 1196
“Övladlarının məktəbimizdə oxuması üçün rayondan gəlib Bakıda kirayə yaşayan valideynlər var” - MÜSAHİBƏ

Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin direktoru Kadir Bektaşoğlunun AzEDU-ya müsahibəsi:


- Kadir müəllim, Türkiyə Diyanət Vəqfi Bakı Türk liseyi necə və hansı zərurətdən yarandı?

- Liseyimiz 1994-cü ildə Azərbaycan Təhsil Nazirliyinin 502 saylı əmri ilə yaradılıb. Lisey 2017-ci ilə qədər Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərirdi, hazırda Nəsimi rayonunda yerləşən yeni binada yerləşir. Türkiyə Diyanət Vəqfi dövlətin rəsmi xeyriyyə təşkilatıdır. Dünyanın 110-a yaxın ölkəsində təhsil və dini fəaliyyətləri olan bir qurumdur. Liseyin təsisçisi, keçmiş Diyanət İşləri başkanı, Diyanət Vəqfinin təsisçisi, keçmiş millət vəkili, hal hazırda 29 May Universitetinin idarə heyətinin sədri cənab Təyyar Altıkulaçdır. Lisey tamamilə azərbaycanlı müəllimlərin işlədiyi, sırf Azərbaycan övladlarına yönəlmiş, milli təhsil proqramını əsas tutaraq fəaliyyət göstərən təhsil müəssisəsidir. Liseyimiz Azərbaycan dövləti və millətinə layiqli gənclər yetişdirmək düşüncəsi ilə fəaliyyət göstərən bir məktəbdir.

kadir bektashoglu.jpg
- Liseyin uğur qazanmasının əsas səbəbləri nələrdir?

- Valideyn, uşaq, həmkar-qarşılaşdığımız bütün insanlar bu uğurun sirrini soruşurlar. Səmimi deyim ki, bunda xüsusi bir sirr yoxdur. Yalnız bir şey var: intizam, ciddiyyət və fədakarlıq. Müəllimlərin fədakarlığı, şagirdlərin dərsə ciddi yanaşması, sistemdəki intizam əsas səbəblərdəndir. 

- Elə isə, liseyin uğurları haqqında söhbət edək...

- 2001-2017-ci illər ərzində liseyi 1190 məzun bitirib. 23 məzun respublika birincisi olub, bunlardan 17 nəfəri 700 balla birinci olub, 532 məzun isə 600-dən çox bal toplayıb. Xarici ölkələrdə oxumaq istəyənlərin əksəriyyəti DİM-in imtahanına girmədiklərinə görə bu faiz göstəricisi sadaladıqlarımdan daha çoxdur. 82 məzunumuz qızıl medala, 73 məzunumuz isə prezident təqaüdünə layiq görülüb. Bu, müəllimlərin fədakarlığı, şagirdlərin dərsə ciddi yanaşması sayəsində əldə edilən nəticədir. Ali məktəblərə qəbul olan şagirdlərimizin 95%-i məktəb daxilində proqrama və dərslərə davam etməklə bu uğurları əldə ediblər. Fikrimcə, hər bir məktəb bu göstəricilərə nail ola bilər. 

- Maraqlıdır, bu cür yüksək göstəricilər olan liseyə qəbul qaydaları necədir?

- Qəbul test üsulu ilə keçirilir. Valideynlərimizin bu məktəbə çox böyük marağı var. Amma təəssüflə qeyd etməliyəm ki, müəyyən imkansızlıqlar və yer çatışmazlığı səbəbindən xalqımızın liseyimizə olan bu etimadını tam doğrulda bilmirik. Çünki əvvəl hər il 5-ci siniflərə təxminən, 60-80 şagird götürürdük, yeni binamıza köçdükdən sonra bu rəqəm təxmini 120-140-a yüksəlib. Qəbul imtahanlarında heç bir elan verməməyimizə baxmayaraq, qəbulda 1500-ə yaxın şagird iştirak edir. Məhdud sayda şagird qəbul edə bilirik, amma əminəm ki, 1500 imtahan iştirakçısı arasından azı 300 nəfər çox yüksək nailiyyət əldə edəcək uşaqlar var. 

Dünya miqyasında varlığımızı davam etdirməyimiz üçün ciddi təhsilverən müəssisələrin və savadlı nəslin çox mühüm faktor olduğunu düşünürəm. Ümid edirəm ki, dövlətimizin qayğısı ilə təhsil müəssislərinin sayı artmağa davam edəcək, oxumaq istəyən şagirdlər hədəflərinə çatacaqlar. 
5-ci sinfi bitirən şagirdlər ana dili, riyaziyyat, ingilis dili, tarix fənlərindən bu siniflərin dərs proqramına əsasən, test imtahanı verirlər. Ən yüksək nəticə göstərən 120-140 şagird liseyimizə qəbul olunur. 

Liseyimiz ödənişsiz təhsil verir. Müəllim maaşları, vergilər, təmir xərcləri- bütün bunları Türkiyə Diyanət Vəqfi qarşılayır. Anadoludakı xeyriyyəçi insanların köməyi ilə fəaliyyətimizi davam etdiririk. 8-ci sinfi bitirənlərdən hər ixtisas qrupu üzrə 5-6 şagirdə Diyanət liseyində oxuma şansı veririk. İmtahan eyni şəkildə olur. Onlar yalnız seçdikləri ixtisas qrupunun fənlərindən imtahan verirlər. Yəni, 8-ci sinifdə zəif oxuyan, məktəbdən ayrılmaq istəyən, nizam-intizamına görə məktəbdən uzaqlaşdırdığımız şagirdlərin yerinə başqa məktəblərdə oxuyan, amma Diyanət liseyində təhsil almaq istəyənlərə imkan veririk.


- Liseyə qəbul imtahanlarında yüksək nəticə göstərənlər arasında hansı məktəblərin yetirmələri üstünlük təşkil edirlər?

- Biz illər üzrə bunun statistikasını çıxarmağa çalışdıq, amma standart bir nəticə əldə etmək mümkün olmadı. Məsələn, 23 illik fəaliyyətimizdə lisey Yasamal rayonunda yerləşdiyinə görə qəbul olunanların 20-30%-i Yasamal rayonunun məktəbliləri idi. Lakin son illərdə bura demək olar ki, respublikamızın bütün şəhər və rayonlarından şagirdlər gəlir. Bu, çox yaxşı haldır. Şəhərimizin hər yerindən-Hövsan, Fatmayı, Əhmədli, Goradil, Bayıldan və s. yerlərdən gələn şagirdlərimiz var. Hər gün saatlarla yol gəlib-gedirlər. 10%-ə yaxını isə müxtəlif rayonlardan gəlir. Övladlarının burada təhsil alması üçün kirayə qalan və ya onları qohum-əqrabalarının yanında yerləşdirən valideynlərimiz də var. Yəni fəaliyyətimizə çox ciddi həvəs, maraq göstərirlər. Ümid və dua edirəm ki, tezliklə bu marağa daha artıq səviyyədə cavab verə bilək. 

- Bəzi şagirlərinizin qohumları ilə birgə, yaxud valideynləri ilə kirayədə yaşadıqlarını dediniz. Bəs, liseyin yataqxanası yoxdur?

- Mən bunu bizim yeganə əksikliyimiz kimi görürəm. Təəssüf ki yataqxanamız yoxdur. Amma bu Diyanət Vəqfinin imkansızlığı deyil, fiziki şərtlərin məhdudluğu ilə bağlıdır.

- Yaxın vaxtlarda yataqxananın tikilməsi gözlənilir?

- Bu dəqiqə gözlənilir, deyə bilməyəcəm. Bu, uzun bir prosesdir. Fikrimcə, şagirdlər üçün yataqxana çox önəmlidir. Amma bir şərtlə ki, onun daxilində şagirdlərin tərbiyələrinə müsbət təsir edəcək pedaqoqlar olsun. Yataqxana şagirdlərin yalnız burada qalıb, yeməsi, yaşamasına xidmət etməməlidir. Belə olarsa, oranın bir nəticə verəcəyini düşünmürəm. Ondansa şagirdlərin öz valideynlərinin yanında qalmalarına üstünlük verirəm. Yataqxana sistemində şagirdlərin tərbiyəsində onlara həqiqətən, kömək edəcək, cavan və ya orta yaşlı, seçilmiş, özünü yaxşı yetişdirmiş pedaqoqlar olduğu müddətdə bunun şagirdlərin inkişafına çox böyük təsir edəcəyinə inanıram. Ümid edirəm ki, yaxın vaxtda bu şərait olar, TDV də belə möhtəşəm bir yataqxana tikər. 

- Uşaqlar liseyi valideyn məsləhəti ilə seçirlər, yoxsa, bu, onların şəxsi istəkləridir?

- Kiçik oğlum Yasamal rayonunun orta məktəblərinin birində təhsil alır. Böyük oğlum isə hazırda Diyanət Liseyinin 6-cı sinif şagirdidir. Özüm də daxil olmaqla valideynlərin əksəriyyətinin hədəfinin Diyanət Liseyi olduğunu görürəm. Fikrimcə, bu çox da sevindirici hal deyil. İstərdim ki, valideynlər fərqli rayonlarda bizimlə eyni səviyyədə həm təhsil, həm də ciddi tərbiyə verən başqa təhsil müəssisələrinə də yönəlsinlər. Valideynlər övladlarının oxuması üçün saatlarla yol gəlmək əziyyətinə qatlaşmaq məcburiyyətində qalmasınlar. 
Təbii ki, təhsil çox önəmlidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi “Təhsil millətin gələcəyidir” ifadəsi buna ən gözəl nümunədir.
Təhsil, tərbiyə ilə yanaşı olmadıqda ancaq savadlı canavarlar yetişər və bunların da xalqımıza heç bir xeyri olmaz. Şagirdə savadla yanaşı, vicdan, əxlaq, şəxsiyyət, vətənpərvərlik duyğularını da təlqin etmək lazımdır. Biz də əlimizdən gəldiyi qədər həm bilikli, həm də dövlətinə, millətinə, bayrağına sadiq, əxlaqlı gənclər yetişdirməyə çalışırıq. 

- Gələcəkdə liseyə qəbulda plan yerləri artırıla bilərmi? Sizcə, bu təhsilin keyfiyyətinə necə təsir edər?

- Plan yerlərinin artırılmasının təhsilin keyfiyyətinə mənfi təsir edəcəyini düşünmürəm. Çünki bizim çox yaxşı kadrlarımız, oturuşmuş sistemimiz var. Şəffaf sistem, ciddi nizam-intizam olduğu, müəllimlərin həvəslə şagirdlərə öyrətməyi düşündüyü və imtahana girənlərin arasından daha biliklilərin seçiləcəyi müddətdə bunun təhsilin keyfiyyətində hansısa geriləməyə səbəb olacağına inanmıram. Həm liseyimizdəki çatışmazlıqları görürük həm də, bu cür məktəblərin saylarının artmasının nailiyyətimizi daha da yüksəldəcəyinə inanırıq. Bizim üçün məktəbin adının heç bir əhəmiyyəti yoxdur. Ölkəmizdə 5000-ə yaxın təhsil müəssisəsi var. Hər biri Azərbaycan təhsil müəssisələri olaraq fəaliyyət göstərir. Hamımızın məqsədi birdir: layiqli gənclər yetişdirmək.

telebeler.png
- Sınaq imtahanlarının sualları necə və kimlər tərəfindən hazırlanır?

- Sınaq və qəbul imtahanlarının sualları müdir nəzarəti ilə seçilmiş müəllim kollektivimiz tərəfindən hazırlanır. Hər ay 6,7,8-ci siniflərdə müdir yoxlaması keçirilir. 9-10-11-ci siniflərə isə ixtisas fənlərindən sınaq imtahanları aparılır. Bununla da şagirdlər ali məktəbə qəbul üçün hazırlıqlı olurlar. Suallar DİM-in imtahanlarındakı kriteriyalara uyğun olaraq asan, orta və çətin səviyyələrə görə bölünür. Burada qətiyyən şagirdi cəzalandırmaq, qorxutmaq düşüncəmiz yoxdur. Şagirdlərə, adətən, iyirmi gün öncədən imtahan tarixi barədə məlumat verilir.

- Şagirdlər ən çox hansı ixtisas qrupuna üstünlük verirlər? 

- Son iki ilədək şagirdlərimiz ən çox ikinci ixtisas qrupuna üstünlük verirdilər. Səbəbini bilmirəm. Son illərdə isə dördüncü ixtisas qrupu -40-50% - üstünlük təşkil edir. Ən az şagird üçüncü ixtisas qrupundadır. Xüsusilə, müəllimlik ixtisasına müraciət edənlər azlıq təşkil edir. Bunu çox təəssüflə qeyd edirəm, çünki bir dövlətin inkişafında, təhsilinin yüksək səviyyəyə gəlməsində ən təsirli vasitə məhz müəllimdir. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi “Mən dünyada müəllimdən yüksək ad tanimiram” ifadəsi buna bariz nümunədir. Savadlı və şəxsiyyətli müəllimlərin olduğu mühitdə vətəninə layiqli gənc nəsil yetişdirmək və yüksək nailiyyət əldə etmək mümkün olacaqdır. Qəbul imtahanlarında yüksək bal toplayan məzunların müəllimlik peşəsinə yiyələnməsinin təhsilimizin gələcəyi baxımından müsbət nəticə verəcəyinə inanıram. 

Məzunlarımıza deyirik ki, əgər müəllimliyi seçsəniz və bacarıqlı olsanız, 3-cü kursu bitirdikdən sonra məktəb olaraq sizə kömək edəcəyik. Yüksək nəticə göstərib müəllim olsanız, Diyanət liseyində işləmə şansınız çox yüksək olacaq. Elə indi də məktəbimizi bitirən müxtəlif fənn müəllimləri artıq burada işləyirlər. 
Müəllim ölkəmiz, təhsilimiz üçün çox önəmlidir. Fikrimcə, bu halı aradan qaldırmaq üçün müəllimliyi sevdirəcək təbliğat işi aparmalıyıq. Yaxşı müəllimin olmadığı məktəbdə yaxşı təhsildən söhbət gedə bilməz.

- Nəyə görə liseyin məzunları əcnəbi ölkələrə üstünlük verirlər? Onlar daha çox hansı ölkəni seçirlər?

- Son illərdə məzunlarımızın 30%-ə yaxını əcnəbi ölkələrə üstünlük verirlər. Fikrimcə, bunun səbəbi Azərbaycan təhsilinin zəif olması deyil. Sadəcə, daha potensiallı şagirdlər olduqlarına görə daha yaxşı təhsilə yiyələnmək istəyirlər. Özlərini inkişaf etdirirlər. Bizim də onlara dediyimiz odur ki, ən yaxşı təhsil alın və ilk fürsətdə Azərbaycana, vətəninizə qayıdın.

Statistikamıza əsasən deyə bilərəm ki, hazırda 53 ölkədə master və doktorantura təhsili alan məzunlarımız var. Tibb təhsili üçün, əsasən, Almaniya və Türkiyə, iqtisadiyyat üçün Türkiyə, Kanada, Macarıstanda son illərdə açılan universitetlər, mühəndislik üçün isə Almaniyaya üstünlük verirlər. İstəyirik ki, xaricdə təhsil alıb orada qalmasınlar. Ölkələrinə dönsünlər və orada əldə etdiklərini ölkələrində tətbiq etsinlər.

- Müəllimlərin işə qəbul qaydaları necədir?

- 112 müəllimimiz var; 80-ə yaxını liseyin rəsmi işçisidir. Digərləri isə, universitetlərdə, başqa orta təhsil müəssisələrində dərs deyən müəllimlərdir. Hər ilin sonunda müəllimlərin işə qəbul imtahanları olur. Bizə göndərilən CV-lərə baxıb, bir həftə əvvəl zəng vurub imtahana çağırırıq. İmtahan nəticəsinə görə, neçə müəllimə ehtiyac varsa, onları seçəndən sonra təkrar görüş keçiririk. Təcrübələri, ünsiyyətləri, bizim sistemə uyğunluqlarına dair qarşılıqlı danışıqlar aparırıq. Bizim məktəbdə müəllim olmaq üçün buranın məzunu olmaq mütləq deyil.

-Müəllimlik peşəsinə marağın azalmasının səbəblərini nədə görürsünüz?

- Səbəbini dəqiq olaraq deyə bilməyəcəm. Bəlkə də maddiyatla bağlı gələcək ola bilər. Müəllimlik peşəsi daha da yüksəklərə qalxmalıdır, çünki ölkələrin istiqbalı və millətin gələcəyi yaxşı müəllimlərin yetişdirdiyi istedadlı şagirdlərdən asılıdır. 

- Keçirdiyiniz sınaq imtahanları üçün xüsusi test toplusu varmı?

- 9,10,11-ci siniflər üçün DİM-in test suallarına uyğunluq gözlənilir. Bundan başqa dövlət icazəsiylə fərdi şəxslərin, hazırlıq kurslarının test nümunələrindən də istifadə olunur. Təəssüf ki, liseyə qəbul imtahanı üçün öz test toplumuz yoxdur. Bu yöndə işlər gedir. Yaxın vaxtlarda test topluları çıxarmağı düşünürük.

- Tədris proqramı digər ümumtəhsil məktəblərindən necə fərqlənir?

- Tədris proqramı tamamilə millidir. Türkiyə Diyanət Vəqfi məktəbi yalnız maliyyələşdirir. Təhsil və tədris Azərbaycan təhsil sisteminə əsaslanır. Sadəcə, əlavə fənlər var. 6-7-8-ci siniflərdə xarici dil kim ərəb və türk dili keçirilir. Bütün siniflərdə həftədə 1 saat mənəviyyat, əxlaq və islam tarixi və fəlsəfəsi dərsi tədris olunur. 9-cu sinifdən ixtisas qruplarına bölünəndən sonra ixtisas fənləri 5-6 saat keçirilir. Qeyri- ixtisas fənlərinə daha az yer verilir. 

- Liseydə psixoloji xidmət varmı?

- Psixoloqumuz var. O da 2007-ci il məzunumuz, 5-ci qrup üzrə respublika birincisi Gülsüm Cəfərovadır. Bakı Dövlət Universitetinin Psixologiya fakultəsini bitirib. 

- İmtahanlarda nəzarətçilər kənardanmı gətirilir və necə seçilirlər? Uşaqların psixologiyası nəzərə alınırmı?

- Biz sınaq və qəbul imtahanlarında kənardan müəllim yardımı almırıq. İmtahan nəzarətçilərini seçərkən tək diqqət etdiyimiz ciddiyyətdir. İmtahanlar üçün təcrübəli və bu sahədə mütəxəssis müəllimlərimiz var. İmtahanlar tam şəffaf və ciddi şəkildə heç bir müdaxilə olmadan davam edir. 

- Valideynlərlə aranızda hansısa anlaşılmazlıqlar olubmu?

- 1998-ci ildən müəllim kimi çalışmışam. Bu sistemin içərisində olan biri kimi deyim ki, istisna halları nəzərə almasaq, 25 il ərzində şagirdlərin valideynləri ilə hər hansı problem yaşadığımızı xatırlamıram. Valideynlərə təşəkkür edirəm. Burada məktəbin şəffaf və ədalətli fəaliyyəti də rol oynayır. Seçilmiş şagirdlərdir, amma yenə də nizam –intizamlı olmakları, pis alışqanlıqlara meyilli olmamaları üçün mənəviyyat dərslərimizdə bilgilər veririk.

- Liseyə qəbul imtahanlarında test üsulunda hansısa dəyişikliklər gözlənilir?

- Düşünürəm ki, ölkəmizin, millətimizin xarakteristik xüsusiyyətlərini, tarixi, mədəni dəyərlərini kənara atmadan onların üzərində yeniliklər etməliyik. Hər cür yeniliyə açıq olmalıyıq. Bu, bizim verə biləcəyimiz qərar deyil. 

- Kurikulum sistemində təhsil alan şagirdlərin əvvəlki illərdəki qəbul olanlardan hansı fərqləri var?

- Mənfi olaraq bir şey görmürəm. Fikrimcə, yeni sistemdəki şagirdlər özünü ifadəetmə, özgüvənlərinin artması, məqsədlərinə çatmaq üçün cəsarətli olmaları baxımından daha yaxşıdırlar. Bu sistemin üzərində bir az daha işləyərək, öz milli dəyərlərimizdən keçməməklə daha irəli gedəcəyini düşünürəm. 

- Türkiyə və Azərbaycan təhsil sistemləri arasında hansı fərqlər var?

- Türkiyədə son illər ciddi olaraq təhsil sistemi üzərində dəyişikliklər gedir. Orada da Azərbaycanda 7-8 ildir tətbiq olunan təhsil sisteminə keçirilir. Bunun doğru addım olduğunu fikirləşirəm.

- Şagirdlər daha çox hansı fənlərdə çətinlik çəkir?

- Təəssüf ki, son illərdə şagirdlər riyazi fənlərdən çətinlik çəkirlər. Fikrimcə, bu, aşağı siniflərdə riyazi fənlərin tədrisindən qaynaqlanan problemdir. Orada da yaxşı müəllim rol oynayır. Məsələn, mən Azərbaycandakı şagirdlərin nəinki humanitar, riyazi fənlərdə daha çox istedadlı olduqlarını düşünürəm.

- Şagirdlərin qeyri-adi istedadlarının üzə çıxarılmasında hansı işlər görülür?

-Şagirdlər həm məktəb daxilində, həm də xaricində sosial fəaliyyətlə- beynəlxalq olimpiadalarda iştirak edirlər. Təhsilə mane olmamaq şərtilə bacarıqlarını genişləndirmək üçün məktəb onlara dəstək olur. 

- Şagirdlərin qəbul imtahanlarında yüksək nəticə göstərmələri üçün nə məsləhət verərdiniz?

- Bunun üçün sadəcə, 11-ci sinifdə fərdi hazırlığa gedərək, saatlarca çalışaraq istənilən nəticəni almağın mümkün olduğunu düşünmürəm. Aşağı siniflərdən, ixtisaslarını seçmə mərhələsinə qədər yaxşı təhsil səviyyəsinin olmasının və fənləri yaxşı müəllimlərin tədris etməsinin lazım olduğunu düşünürəm. Məktəblərdə təhsil keyfiyyəti yaxşı olduğu zaman 9-cu sinifdən sonra şagirdlərin kurslara və ya fərdi müəllim yanına getmələrinə ehtiyac olmaz.

- Liseydə xarici şagirdlər təhsil alırmı?

- Türkiyə də daxil olmaqla xarici vətəndaşlar burada təhsil almırlar. Ala bilərlər. Burada oxumaq istəyən şagirdlər Azərbaycan dilindən və Azərbaycan təhsil sisteminə uyğun hazırladığımız test imtahanına girib nəticə əldə etməlidirlər. Fərqli dillərdə test hazırlamırıq. Hətta rus bölməsində oxuyan, amma Diyanət liseyini qazanan xeyli məzunlarımız var və yüksək nəticə əldə edirlər.

- Son olaraq şagirdlərə demək istərdiniz?

- Şagirdlərimizə, məzunlarımıza, digər məktəblərin şagirdlərinə demək istəyirəm ki, Azərbaycanda və ya dünyanın hansı ölkəsində olsalar da ən yaxşı universitetlərdə təhsil almağı hədəf seçməli, ən yaxşı laboratoriyalarda işləməyi, sahələrində ən mükəmməli olmağı qarşılarına məqsəd qoymalı və hansı ölkədə böyüdüklərini, ölkənin dilini, dinini, tarixini, milli-mənəvi dəyərlərini unutmamalıdırlar. Azərbaycan xaricində harda təhsil alsalar da təhsillərini mükəmməl şəkildə bitirdikdən sonra mütləq ölkələrinə qayıdıb öz millətlərinə xidmət göstərməli olduqlarını düşünürəm və hamısına uğurlar arzulayıram. 
Hər şey Azərbaycanımız üçün olmalıdır, çünki bizim başqa bir Azərbaycanımız yoxdur.

@azedu.az

OXŞAR XƏBƏRLƏR