Sankt-Peterburq: Ölmədən görüləcək şəhər – ŞƏXSİ TƏCRÜBƏ

Sankt-Peterburq: Ölmədən görüləcək şəhər – ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 17 Aprel 2018 10:31 1169
Sankt-Peterburq: Ölmədən görüləcək şəhər – ŞƏXSİ TƏCRÜBƏ

Səyahətçilərin səfər təəssüratları, şəxsi təcrübələri haqqında mütəmadi paylaşımlar edirik. Bu təəssüratlar da səyahətçi Aytən Əliyevanın Sankt-Peterburqa olan səfərindən sonra qələmə alınıb. Qeyd edək ki, təhrifə yol verməmək və mətnin orijinallığını qorumaq üçün yazılara redaktə olunmur.

 

“...Əgər siz tarix, memarlıq, incəsənət aşiqisinizsə, o zaman mütləq şəkildə ölmədən görüləcək şəhərlərdən biri olan Sankt-Peterburqa baş çəkməlisiniz. Şəhərin haqqında googleda, youtubeda, bloqlarda kifayət qədər məlumat verilib deyə mən mümkün olduğu qədər praktiki məlumatlar verəcəm. Avropaya getməkdən ötrü viza prosedurlarında o qədər pul, vaxt, əsəb xərcləməkdənsə, burdan bura, necə deyərlər əlimizin altındakı Piterlə gəzəyənlik tarixçənizi zənginləşdirə bilərsiniz, nə viza istəyir, nə də çoxlu pul.

Buta hava yolları ilə 3 ay əvvəl bileti aldığımıza görə ucuz başa gəldi, gediş-gəliş 241 manat. Butanın saytı fokus-mokus çıxarıb donmasaydı 200 manata da almaq olardı (nəysə). Qalmağa yer üçün gəldikdə Piterin mərkəzində çoxsaylı hostellər var, hostelworld saytından ucuz qiymətə hostellər tapa bilərsiniz. Əsas reytinq balına baxın, rəylərə baxın, locationun tam mərkəzdə olmasına baxın. Bizim qaldığımız hostel çox da əla olmasa da idarə edərdi, 8 gecə üçün 120 azn normaldır məncə.

Gəzməli yerlərə gəldikdə, Piterə gedib Ermitaja getməmək günahdır. Mütləq şəkildə 1 gününüzü Ermitaja ayırın, dünya incəsənətinin ən məşhur nümunələri bu möhtəşəm sarayda saxlanılır, bundan başqa Ermitaj həm də çarların yaşayış binası olduğu üçün otaqlardakı möhtəşəmliyə baxdıqca ağlınızı itirəcəksiniz :D (Ermitaja giriş 700 rubldur)

Digər bir gününüzü Peterhof və ya Petrodvorets adlanan yerə ayırın (1-ci və 2-ci şəkillər). Burada Rus çarlarının yay sarayı yerləşir. Sarayın möhtəşəmliyi qarşısında valeh olmamaq mümkün deyil. Rusca bilirsinizsə nə yaxşı, çünki bələdçi xanımlar hər bir otaq haqqında ərtaflı məlumatlar verirlər. Saray daxilində hər bir yarımsaatdan bir qrup halında pulsuz ekskursiyalar olur. Saraydan çıxdıqdan sonra Fin körfəzinə qədər olan böyük parkda gəzib o möhtəşəmliyə bir daha valeh olun. (Saraya giriş 450 rubldur) Bu saraya getməkdən ötrü Avtovo metrosundan çıxıb mini avtobuslara minib 1 saata gedə bilərsiniz.

Digər bir gününüzü Çarskoe Selo adlanan yerə ayırın, Bu Piterə təxmini 1 saatlıq məsafədə yerləşən kənddir belə deyək. Yekaterinanın məşhur sarayı bu yerdə yerləşir. (3-cü şəkil). Burada da saray daxilində pulsuz ekskursiyaya qoşulub bələdçi xanımların gözəl izahatı ilə tanış ola bilərsiniz. Burda da sarayın ətrafı böyük bir ərazidə park var, yayda getsəniz böyük gölün ətrafında zövqlə istirahət edə bilərsiniz. (saraya giriş 700 rubldur) Bundan başqa Çarksoe Seloda Yekaterinanın sarayının yanında Puşkinin oxuduğu Litsey binasına da girə bilərsiniz. Şəxsən məni çox təsirləndirmişdi (giriş 150 rubldur). Bu saraya getməkdən ötrü Moskovski metrosundan çıxıb mini avtobuslar ilə 1 saata gedə bilərsiniz.

Şəhərin mərkəzində getməli məşhur kilsələr: Kazan Cathedral, Saint İsaac Cathedral, Spas na Krovi adlanan məşhur kilsələrə mütləq baş çəkin. Birinci kilsəyə giriş pulsuz, digər ikisinə giriş 400 rubldur. Saint İsaac kilsəsinə bilet alanda Kolonada deyilən damına çıxmağa da bilet alın. Ordan şəhəri hündürdən müşahidə etmək olur. bütün bu kilsələrə mərkəzdən ayaqla asanlıqla getmək olur.

Bundan başqa Piterdə mütləq getməli məkan Grand Maket Rossiya adlı böyük maket muzeyidir. 4 saata ancaq gəzib bitirdiyimiz Rusiyanın bütün bölgələrinin maketidir. Elə möhtəşəm bir məkandır ki, ağzımız açıq qalmışdı. Giriş 480 rubldur. Bu məkan Moskovskiye Vorota adlı metroya yaxın yerləşir.

Digər must see yer isə Okeanarium adlı böyük akvariumdur ki, mütləq zövq alacaqsınız.Giriş 600 rubldur. Zveniqorodskaya metrosuna yaxın yerləşir.

Əgər dinə bağlı insansınızsa Piterdə çox möhtəşəm məscid də var, ora da baş çəkə bilərsiniz. Biz mərkəzdən ora ayaqla getmişdik deyə hansı metroyla ora getmək olar bilmirəm.

Digər getməli yer Petropavlovskaya Krepostdur ki, Ermitajın yanından körpünü keçib ayaqla gedə bilərsiniz. Ayrıca adada yerləşir, bu ada məşhur dovşan heykəlləri ilə məşhurdur.

Piterdə nə yeyim, nə içim deyirsinizsə bu barədə korluq çəkməyəcəksiniz. Hər addımda kiçik kafelərdə istər fast food,istər yerli xörəklər, dadlı isti şokoladlar, bitki çayları,blinçiklər, bulkalar yeyə bilərsiniz :)

Metro sistemi çox rahatdır, getməzdən əvvəl googledan Piterin metrosunun sxeminin şəklini telefona yükləyin və rahatlıqla gedə biləcəyiniz yeri tapın. Metroda 1 gediş 45 rubldur. Bundan başqa yandex maps programını mütləq şəkildə yükləyin, çoooox işinizə yarayacaq. Avtobusları da 40 rubldur. Bircə cibgirlərdən muğayat olun, pasport, pul kisəsindən muğayat olun. Qalan elə deyildiyi kimi təhlükəli deyil, ən azından Avropa şəhərlərindən daha təhlükəsizdir”...

OXŞAR XƏBƏRLƏR