Facebook, İnstagram, Youtube qadağan edilmiş ölkə - ŞƏXSİ TƏCRÜBƏ

Facebook, İnstagram, Youtube qadağan edilmiş ölkə - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 24 May 2018 11:20 996
Facebook, İnstagram, Youtube qadağan edilmiş ölkə - ŞƏXSİ TƏCRÜBƏ


 

Səyyah.az Turizm və İnformasiya saytı səyahətçi Cavad Salmanlının Pekin səfərindən sonra yazdığı səfər təəssüratlarını təqdim edir.

 

“...Həftədə bəzən 1, bəzən də 3 dəfə uçuşlar olan Çinin Pekin şəhərinin ilkin maraq doğuran anları elə Bakıdan başlayır. Başlayaq Bakı hava limanından. Əgər siz Çinə sadəcə gəzməyə gedirsinizsə, bu dərhal hiss olunur, daha dəqiq desək əgər sizin simanızda alverçi siması yoxdursa, bu dərhal gömrük işçilərini təəccübləndirəcək və anındaca bunu biruzə verəcəklər. Bakıdan Çinə gedənlərin əksəriyyəti alver məqsədi ilə gedir, hətta qonşu ölkələr belə bu məqsədlə Bakıdan uçuşlara üstünlük verir. Uçuş adətən 7-8 saat aralığında olur.

Nəqliyyat

Pekində hər şey Bakıdakından çox fərqlərir. Məsələn orada heç bir taksi sürücüsü sizə yaxınlaşmaz, hətta taksiyə əyləşmək üçün növbəyə belə durmağa hazır olmalısınız və taksilərə hesablayıcı vasitəyə əsasən pul ödəyirsiniz, amma bunun əvəzində siz “express airport” xidməti göstərən qatardan da istifadə edə bilərsiniz. Bu sizə 25 yuana (5.25 manat) başa gələcək. Onu da deyim ki, bu qatarlar çox rahatdır və taksi ilə tıxaclarda əsəb sərf etmirsiniz və pulunuza qənaət etmiş olursunuz.

Pekin nəqliyyat sistemi bizə nisbətən bahadır, belə ki, taksiyə mindiyin anda hesablayıcıda 13 yuan (3 manat) qeyd olunur. Metro isə tamam fərqli və qəlizdir. Burada getdiyiniz məsafədən, dəyişdirdiyiniz xəttlərdən asılı olaraq ödənişlər də dəyişir. Metroya daxil olarkən pulun bir hissəsi girişdə, bir hissəsi isə çıxışda sizin kartdan çıxır. Şəhər daxilində həmçinin traleybus, avtobus və kiçik motosiklet və ya velosipedlərdə xidmət göstərən insanlar var. Bunların içində ən ucuzu avtobus və traleybuslardı (2 və ya 4 yuan). Velosipedlə xidmət göstərənlər isə taksilərdən belə artıq pul tələb edirlər. Ümumiyyətlə burada yollar 2 hissəlidir: maşın yolu və velosiped və motosiklet yolu. Piyada keçidlərində siz maşınların dayanıb sizə yol verməyini gözləsəniz yolu keçə bilməzsiniz, çünki burada maşınlar piyadalara yol vermir. Burada demək olar ki əksər insanların şəxsi velosipedi var və yollarda özünüzü maşınlardan çox velosipedlərdən gözləməlisiniz.

Şəhər

Şəhər 6 üzük adlanan yol sistemindən ibarətdir və mərkəzdə “Qadağan olunmuş şəhər” yerləşir. Şəhər küçələrində ətraf qızıl güllərlə bəzədilmişdir və yollar mükəmməl şəkildə asvaltlanmışdır. Burada hər bir küçə təmizləyən işçisinin arxasına qoşqu quraşdırılmış motosikleti vardır.

 

Çin Milli muzeyi

Pekində muzeylərə xüsisi önəm verilir. Belə ki, gün ərzində muzeyləri yüzlərlə insan ziyarət edir və bunların əksəriyyəti çinlilərdir. Burada bütün muzeylərə giriş pulsuzdur. Bunun üçün girişdə vəsiqənizi göstərərək bilet almağınız kifayətdir. Şəhərin ən böyük muzeyi “Çin Milli muzeyi”dir. Burada siz həddindən artıq maraqlı eksponatlarla tanış ola bilərsiniz.

 

Tarixi abidələr

 

Pekin hədsiz tarixi abidələrlə zəngindir. Onların hər birini gəzmək üçün sizə 1 aydan da çox zaman lazımdır. Ən məşhur gəzilər yerlər isə aşağıdakılardır:

 

  1. Böyük Çin səddi (The Great Wall) – Əgər siz Çin səddini ziyarət etmək istəyirsinizsə bu sizə ən azı 64 yuana (15 manat) başa gələcək. Belə ki, 24 yuan avtobusla gediş dönüş bileti, 40 yuan isə Çin səddinə giriş. Çin səddinə insan axını çoxdur və səddə qalxarkən sanki dağa qalxırsınız.

 

  1. Qadağan olunmuş şəhər (Forbidden city) – bu Pekinin mərkəzi sayılır və şəhər sadəcə qapılardan ibarətdir. Şəhərə daxil olmaq üçün siz 60 yuanınızdan (13.80 manat) keçməli olacaqsınız

 

  1. Cənnət məbədi (The Temple of Heaven) - bu məkan qədimdə insanların məhsulun bol olması üçün dua etdikləri məkandır. Burada daha çox turistə rast gələ bilərsiniz. Əraziyə daxil olmaq üçün 34 yuan (7.80 manat) ödəməlisiniz. Ərazidə məbəddən əlavə 4 görüləsi yer var.

 

Parklar

Pekin parklarla zəngin şəhərdir. Bunların içində ən çox ziyarət edilən yerr isə Beihai park-dır. Burada siz katamarana əyləşib gölməçədə üzə bilər, təbiətin gözəlliyindən həzz ala bilərsiniz. Park deyərkən təbii olaraq “Jingshan park”ı unutmaq olmaz. Bura daxil olduğunuz andan özünüzü cənnətdə hiss edə bilərsiniz. Ətraf ancaq yaşıllıq və güllərdən ibarətdir. Əsasən yaşlı nəslin yığışdığı bu parkda insanlar sərbəst şəkildə rəqs edir və musiqilər səsləndirirlər. Qeyd olunan hər 2 parka giriş sizə 10 yuana (2.30 manat) başa gələcək. Bunlarla yanaşı Pekində mütləq ziyarət olunacaq məkanlardan biri də Pekin zooparkıdır. Zooparka giriş 40 yuandır (9.20 manat). Zoparkda siz müxtəlif heyvanlar görə bilərsiniz, amma bu zooparka gələn turistlərin əsas bir məqsədi var. Pandaları canlı olaraq görmək. Əgər pandaları görmək istəsəniz, siz əlavə olaraq 5 yuan (1.15 manat) ödəməli olacaqsınız. Bununla yanaşı zoopark daxilində digər ödənişli məkanlar var ki, bunlara delfinariumu aid etmək olar. Bu məkana daxil olmaqla siz delfinləri, pinqvinləri və digər heyvanları görə bilərsiniz.

 

Gecə həyatı

 

Pekinin gecələri rəngli olur. Hər yanda işıqlar yanır və ətraf tamam başqa bir rəngə boyanır. Qlamur çinlilər əsasən gecə saatlarında müəyyən yerlərdə toplaşır, restoranları ziyarət edir bar və diskotekalarda əylənirlər. Onu da qeyd edim ki, gecə saatlarında da küçələrdə tıxaclar davam edir və sizin gec saatlarda boş taksi tapmağınız müşkül məsələdir.

 

Qidalanma

 

Əgər siz ən sadə sizə tanış olmayan qoxu hiss edəndə özünüzü pis hiss edirsinizsə, onda Pekində işiniz çox çətin olacaq, çünki keçdiyiniz hər küçədə sizə tanış olmayan müxtəlif ədvaların və yeməklərin qoxusu sizi iyrəndirə bilər. Şəhərin hər bir yerində müxtəlif Çin restoranları vardır ki, hətta yanından keçəndə belə içəri baxmağa çəkinəcəksiniz. Yeyə biləcəyiniz yeməklər isə çox azdır. Bu səbəbdən şəhərdə elə də çox olmayan KFC, Mc Donalds və Burger King kimi yaxşı tanıdığınız fast food restoranlarında qidalana bilərsiniz.

 

Çinlilərin mənfi və müsbət cəhətləri

 

Müsbət:

 

Gülərüz xalqdır, amma bu çinlilərdə aşırı dərəcəsindədir. Hətta barmaq da göstərsən güləcəklər.

Çox sərbəsdirlər, istədikləri yerdə oturub qidalana bilərlər. Əgər Pekində yolda əlində xiyar və ya pomidor yeyən çinli görsəniz təəccüblənməyin. Bu onlarda normal haldır.

Gecələr toplu şəkildə yığışaraq musiqi sədaları altında həm rəqs edir, həm də idman edirlər.

Hər kəs öz rahatçılığını düşünür və bu səbəblə burada qocalar belə krasovkalardan istifadə edir.

 

Mənfi:

 

Əgər siz Çinə gedərək inglis dilinin köməyi ilə baş çıxaracağınıza inanırsınızsa, o zaman çox yanılırsınız. Çünki burada inglis dilini bilən demək olar ki barmaqla sayılacaq qədərdir. Bununla yanaşı ingliscə danışdıqları zaman da siz onları çətin anlayacaqsınız.

Sizə su kimi lazım olan internet saytları – Google, facebook, instagram, youtube bu ölkədə qadağan edilib.

Əgər siz şəkil çəkdirmək xəstəsisinizsə yanılırsınız, çünki Çini səyahət etdikdən sonra bunun belə olmadığını anlayacaqsınız. Burada hər kəs şəkil çəkdirir. Fərqi yoxdur, harda oldu, hər addımbaşı. Getdikləri məkanda yüzlərlə şəkil çəkirlər. Ən maraqlısı isə odur ki, hər kəsin telefonu İphone-dur və bu telefonlara selfie çubuğu birlərləşdirərək öz şəkillərini çəkirlər. Digərlərinin şəkillərini çəkəkdikləri halda belə selfie çubuğunu telefondan ayırmırlar.

Burada saxta pullar geniş yayılıb və gedəcəyiniz hər məkanda pullar yoxlanılır.

Pulunuzu əgər dəyişmək qərarına gəlsəniz öncədən əsəbə qarşı dərman istifadə edin, çünki sizə o qədər sənəd imzaladacaqlar ki, bu bizim kredit aldığımız zaman imzaladığımız sənədlərdən artıqdır. Bununla yanaşı sizin pasportunuzu dəfələrlə incələyəcəklər.

Aeroportda “check in” uçuşa 3 saat əvvəlcədən başlayır. Bunun səbəbi işçilərin həddindən artıq ləng davranması və səyahətçilərin əsas hissəsinin alverçilərin təşkil etməsidir.

 

Sonda onu qeyd edim ki, mənfi və müsbət cəhətlərdən asılı olmayaraq Pekin tarixi zənginliyi ilə hər kəsin ən azı bir dəfə ziyarət edə biləcəyi məkandır….”

 

OXŞAR XƏBƏRLƏR