Pakistanlıların Azərbaycan sevgisi – ŞƏXSİ TƏCRÜBƏ

Pakistanlıların Azərbaycan sevgisi – ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 29 May 2018 13:53 1221
Pakistanlıların Azərbaycan sevgisi – ŞƏXSİ TƏCRÜBƏ


Səyyah.az Turizm və İnformasiya Portalı jurnalist Laçın Səmlanın Pakistandan reportajını təqdim edir.

 

“...Dövlət müstəqilliyinin 70-ci ildönümü münasibəti ilə Associated Press of Pakistan Agentliyinin (APP) təşkilatçılığı ilə 18 ölkənin informasiya agentliyi rəhbərlərinin iştirakı ilə İslamabadda iki günlük Beynəlxalq Konfrans keçirildi. Azərbaycan nümayəndə heyətinin tərkibində konfrans iştirakçısı kimi qısa zaman ərzində qardaş ölkənin paytaxtı ilə tanış olmaq imkanı əldə etdik.

Qırmızı zonada nələr olur?

Qaldığımız Marriott otel Diplomatic Enclave – Red zone deyilən Qırmızı zonada yerləşirdi. Nazirlər Kabineti, Pakistan Milli Assambleyası, İnformasiya, Yayım və Milli İrs Nazirliyi, Xarici İşlər Nazirliyi, Baş nazirin rezidensiyası, diplomatik korpuslar, hökumətin digər nümayəndəlikləri, həmçinin, Serena oteli və s. bu zonadadır. Qırmızı zonaya daxil olan avtomobillər iki polis-patrul xidmətinin avtomatlı heyətinin ciddi nəzarətindən yoxlanıldıqdan sonra buraxılır. Kənar avtomobillərin o əraziyə buraxılmasına icazə verilmir. 2008-ci ilin sentyabrın 20-də Marriott otelində baş verən terror aktı nəticəsində Çexiyanın Pakistandakı səfiri də daxil olmaqla 54 nəfər ölüb, 266 nəfər yaralanıb. Hökumət terraktda “Taliban” yaraqlılarının əli olduğunu açıqlayıb. Bəlkə də bu üzdəndir ki, otel bu gün də silahlı polislər tərəfindən ciddi mühafizə olunur. Fərq etməz, istər çantayla, istərsə də çantasız otelə dəfələrlə girib-çıxsan belə, dəfələrlə xüsusi yoxlama cihazından keçməli olursan.

Bu “qırmızı zona”nı “yaşıl zona” da adlandırmaq olar. Ərtaf dağ ətəyinə bir az yaxın, tam yaşıllıqlarla - çəmənlik, güllər, ağaclarla əhatə olunub. Sanki cənnət bir güşədə kiçik, sakit bir şəhərcik yerləşir. Hər bölgə küçələrə, daha sonra hərf və nömrələrə bölünür: məsələn, filan küçədə F6-da filan idarə yerləşir…

...APP qonaqların təhlükəsizliyini ciddi düşünmüşdü. Avtomat silahlarla silahlanan polislərin əyləşdiyi polis maşınları ilə hava limanından otelə kimi və ya lazım gələrsə oteldən kənara getmək üçün yenə də polislərin müşayəti ilə getməli olurduq.

Şəhər mərkəzindəki ticarət mərkəzləri də silahlı polislər tərəfindən ciddi mühafizə edilir və əraziyə daxil olmaq üçün bir necə polis və xüsusi yoxlama cihazdan keçmək lazım gəlirdi. Həm ticarət mərkəzlərində, həm də hava limanına giriş-çıxışdakı bu cür ciddi yoxlanışa Kabulda da rast gəlmişdim. Həmin an özümü bir anlıq yenidən Əfqanıstanda hiss etdim…

 

İslamabadın “iki ayaqlı təpələri”

İslamabadın möhtəşəm mənzərəsini görmək üçün şəhərin şimalında yerləşən Daman e Koh dağına qalxmaq kifayətdir. Mənası “iki ayaqlı təpələr” deməkdir. Bu dağın başından şəhər göz oxşayır, möhtəşəm gözəllik qarşında canlanır. Dağın ətəyindən yüksəkliyə qalxdıqca yol kənarında çoxlu sayda ora-bura qaçışan meymunlara rast gəlmək olur. Daman e Koh, Himalay dağının qollarından, Marqalla təpələrindən biri sayılır. İslamabada gələn hər kəs bu gözəlliyi seyr etmədən geri dönmür. Bu əraziyə giriş nəzarət altındadır. Ərazidə müxtəlif əyləncə növləri də gözə dəyir. Kimi rübab simli musiqi alətində milli mahnılarını ifa edir, kimi də əhilləşdirilmiş meymunu ilə maraqlı proqramlar göstərir. Sahibinin göstərişi ilə meydana girən meymun gah iki əlləri üstə gəzir, gah “hərbi salam” verir, gah rəqs edir, gah it kimi atılıb-düşür, sonda da pul qutusunu başı üstünə qoyub ona tamaşa edənlərə tərəf gedərək nəmər yığır.

Opera binasına bənzədilən məscid

İslamabadda görməli yerlərdən biri də dünyanın ən böyük məscidlərindən olan Şah Feyzal məscididir. Məscid tikintisi üçün bütün vəsait Səudiyyə Ərəbistanı kralı Feysəl ibn Əbdüləziz əs Səud tərəfindən ödənilib. 10 ilə hazır olan və böyüklüyünə görə, Pakistanda 1-ci, dünyada 6-cı yerdə qərarlaşan Şah Feyzal məscidinin memarı türkiyəli Vedat Dalokaya həvalə edilib. Bəzən məscidin görünüşünü opera binasına da bənzədirlər. Məsciddən Marqala təpələlərindən biri olan Daman e Koh dağına gözəl bir mənzərə açılır. Buradan şəhəri seyr etmək mümükündür...

Gül ləçəkli İslamabad

 

Unikal görünüşə malik olan, açılan çiçək formasında inşa edilən İslamabaddakı Pakistan Milli Abidəsi də turistləri özünə cəlb edən yerlərdən biri hesab olunur. Gülün dörd ləçəyi Pakistanın əyalətini, qalan üçü isə ölkənin üç ərazisinin - Gilgit-Baltistan, Azad Kəşmir və Tribal (Tayfa) Ареаsın (Federal İdarə Olunan Tayfa Sahələri) simvolu sayılır. Abidənin ətraf ərazisi isə yaşıllıq, gül-çiçəklərə qərq olub...

 

Zeynalabdin Tağıyevin Pakistanla nə əlaqəsi?

Bu arada qısa bir haşiyə çıxmaq istərdim. Konfransda hər ölkədən bir nəfər iştirak etdiyi halda, Azərbaycandan iki nümayəndə (Azərtac İA və İstiqlal.az xəbər portalı –L.S.) ölkəni təmsil edirdi. Onu da xüsusi vurğulayım ki, APP-nin Baş direktoru Məsud Malik başda olmaqla bütün agentlik kollektivi sanki qonaqlar üçün səfərbər olunmuşdu. Hər şey incəliklərinə kimi təşkil edilmişdi. Digər qonaqlara nisbətən, Azərbaycandan olan jurnalistlər xüsusi hörmət, qayğı, qonaqpərvərliklə əhatələnmişdi. Və bu da digər qonaq həmkarlarımızın qısqanclığına səbəb olurdu: niyə Azərbaycandan gələnlər masanın başında əyləşir, niyə onların adı ilk sırada yazılır, niyə bütün konfras iştirakçıları məhz onlarla şəkil çəkdirir, niyə hamı tək onlara yaxınlaşır, niyə sadəcə onlar əhatəyə alınır, hal-əhval tutur və s. Hamı şəkil çəkdirmək üçün sıraya düzülmüşdü. Bu, bir həqiqətdir və hətta biz bu həqiqətdən utanırdıq. Hətta bir çoxu yaxınlaşıb bəndənizə “sizin ölkədə hamınını dərisi belə ağdır” deyə maraqlı sual da verirdi. Mən də “bizdə hər rəngdə insan var”- deyə gülərək sualı cavablayırdım. Biz də Pakistan xalqını, dövlətini sevir, onlara böyük ehtiram göstəririk. Bu ölkənin Azərbaycandakı səfirliyi tərəfindən keçirilən tədbirlərə biz jurnalistlər sevinclə qatılırıq, yerli mətbu orqanlarda onlarla bağlı məlumatlar geniş işıqlandırılır. Biz gerçəkdən də bir-birinə yaxın, dost, qardaş ölkələrik. Yəqin ki, bizim kimi dəvət olunan qonaqlar Azərbaycanla Pakistan arasındakı əlaqələrdən, dostluqdan, hər zaman bir-birimizi beynəlxalq tədbirlərdə dəstəklədiyimizdən xəbərdar olsaydı, dost ölkədə bu qədər isti münasibət gördüyümüzdən qıcıqlanmazdılar. Axı Pakistan yeganə qardaş ölkədir ki, təcavüzkar Ermənistanı bir dövlət olaraq tanımır və müstəqilliyimizi ilk tanıyan dövlətlərdəndir. Biz məsafəcə uzaq olsaq da, qəlbən çox yaxın ölkələrik. Bəlkə də çoxları bilmir. Bizi bir-birimizə yaxın edən səbəblərdən biri daha da keçmişə gedib çıxır ki, bu da tanınmış xeyriyyəçi, milyonçu Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır. Hacının qardaş Pakistan xalqına göstərdiyi qayğı ölkələrimiz və xalqlarımız arasında qardaşlıq münasibətini hələ o zamandan yaradıb. XX əsrin əvvəllərində Pakistan ərazisi Britaniyanın müstəmləkəsi olanda yerli əhali arasında kütləvi pandemiya xəstəliyi yayılmışdı, insanlar bu ağır xəstəlikdən kutləvi şəkildə dünyasını dəyişirdi. Həmin vaxt azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti ilə 300 min ampula peyvənd alıb Pakistana göndərir və bununla da pandemiyanın qarşısı alınır. O da məlumdur ki, Pakistan 1947-ci ildə müstəqillik əldə etdikdən sonra bu faktı tarix dərsliyinə daxil edib. 1940-ci illərdən bu yana Pakistanda doğulanlar Azərbaycanı özlərinə həmişə doğma ölkə kimi qəbul edib…

 

...Sonluq...

...Yerləşdiyi regionda qonşu olan, bir-birini sevməyən, hətta bir-birinə düşmən münasibət bəsləyən Pakistan, Əfqanıstan və Hindistana etdiyim səfərləri bir-biri ilə müqayisə etmək istəmirəm. Hər üçü məndə fərqli – Pakistan xoş, Əfqanıstan kədərli (Ölkənin Baş naziri dr.Abdullah Abdullahın şəxsi dəvəti ilə qonağı olmuşdum –L.S.), Hindistan maraqlı təəsürat yaradıb. Rəngarəng, nağıllar aləmi Hindistana, təhlükəsizliyim yüksək səviyyədə təmin olunmasına baxmayaraq iki terror aktı ilə qarşılaşdığım Əfqanıstana, mehriban, qonaqpərvər, gülərüz Pakistana yenə də getmək istəyərdim.

Pakistanlılar hər kəsə sözün əsil mənasında qonaqpərvərlik, insanlıq, dostluq, səxavət sərgilədi. Yaxşı insanlar hər zaman sevilməyə dəyər. Pakistanın Milli Təhlükəsizlik üzrə Məsləhətçisi, general-leytenant Nasir Xan Janjuanın da dediyi kimi “Gözəl Pakistan”ı mən də sevdim....”

OXŞAR XƏBƏRLƏR