Özbəkistana niyə getmək lazımdır?

Özbəkistana niyə getmək lazımdır?
Şəxsi təcrübə 7 Iyun 2018 10:36 1965
Özbəkistana niyə getmək lazımdır?

Özbəkistan Orta Asiyanın bəlkə də ən koloritli ölkələrindən biridir.

Daşkənd, Səmərqənd, Buxara kimi qədim tarixə malik şəhərləri turistlərin sevimli istiqamətlərindəndir. Ölkədəki qiymətlər ucuz olduğundan buranı xarici turistlər üçün daha cəlbedici edir.

DAŞKƏND

Bu şəhər Özbəkistanın paytaxtıdır. Tarixi eramızdan əvvəl 5-6-cı əsrlərdən başlayır. Turistlər üçün ən maraqlı yerləri Tilya-Şeyx, Minor məscidləri, Əmir Teymur muzeyi və meydanı, Charvak su anbarı, Çorsu bazarı, Dəmir yolu muzeyi, Barak Xan mədrəsəsi sayılır. Daşkənddə ictimai nəqliyyatdan metro və avtobus işləyir. Otellərdə iki nəfərlik otaqda bir gecənin qiyməti 20-25 dollar, hosteldə isə bir yatağın qiyməti 8 dollardan başlayır. Özbəkistanın milli mətbəxi də çox dadlıdir, qiymətlər bir nəfər üçün təxmini 4-6 dollardır.

Özbəkistanın valyutası somdur, 1 USD=8000 som, 1 AZN=4600 som.

 

SƏMƏRQƏND

Özbəkistanın ikinci böyük şəhəri olan Səmərqənd vaxtilə Teymurilər dövlətinin paytaxtı da olub. Məhz bu dövrdən şəhərdə çoxlu sayda binalar və tikililər qalıb. Tarixi ipək yolunun üzərində yerləşdiyindən bu şəhər Orta Asiyada ən qədimlərdəndir. Şəhərin ən qədim və məşhur hissəsi Registan meydanı sayılır. Adını xatırlamasa da, bu meydanı Özbəkistanı nə vaxtsa televizorda görən hər kəs görüb. 15-ci əsrdə inşasına başlanan meydanın tikintisi təxmini 200 il çəkmişdir. Yekunda özündə üç mədrəsəni birləşdirib. Səmərqənd zamanının islam mərkəzi olduğu üçün burda çoxlu sayda məscidlər də var.  Bunlardan ən məşhuru BibiXanım məscid-türbəsidir. Məscidin inşasının əmrini şəxsən Əmir Teymur vermişdi və bura Teymurilər dövlətinin mərkəzi məbədi sayılırdı. Əmir Teymurun dəfn olunduğu yer isə Gur Əmir məqbərəsi adlanır. Burda özü ilə yanaşı oğlu və nəvəsi də dəfn olunub. Daha bir maraqlı yer Şahi-Zinda qəbirstanlığıdır. Burda 9-cu əsrdən bəri olan türbələr və qəbirlər mövcuddur.

Səmərdəndə Daşkənddən sürət qatarı ilə getmək münkündür. 2011-ci ildə istifadəyə verilən bu qatarın adı Afrosiyobdur. Uzunluğu 344 km olan yolu qatarla cəmi 3 saat 20 dəqiqəyə gedə bilərsiniz. Bir tərəfə qiymət isə təxmini 25 dollardır. Bu qədim şəhərdə iki nəfərlik otel otağının bir gecəlik qiyməti təxmini 25 dollardır. Hosteldə bir gecəlik çarpayı isə təxmini 8 dollardır. Hostellər və otellər olduqca rəngli və gözəldir.

 

 

 

BUXARA

Buxara şəhər-muzey kimi təsvir olunur. İslam mərkəzlərindən biri olan bu şəhərdə 350-ə yaxın məscid var. Səmərqənd kimi Buxara da ipək yolunun üzərində yerləşir. Şəhərdə 140-dan çox tarixi abidə var. Ən məşhur tikililərdən 46 metrlik Kalon minarəsi, Miri Ərəb mədrəsəsi,  Chor Minar mədrəsəsi ən gözəl nümunələrdəndir. Buxarada həmçinin türk dünyasının məşhur Nəsrəddin Hoca personajının da abidəsi var. Zindan adlı 18-ci əsrdən qalan həbsxana isə indi ziyarətçilərə muzey kimi açıqdır. Bütün bunlardan əlavə Buxarada çoxlu sayda parklar və bağlar var.  Hosteldə və qonaq evində bir çarpayının bir gecəlik qiyməti 5 dollardan başlayır, oteldə isə iki nəfərlik otağın qiyməti 15 dollardan başlayır. Əksər hallarda qiymətə səhər yeməyi də daxil olur. Buxaraya həm Daşkənddən, həm də Səmərqənddən qatarla gedə bilərsiniz. Qiymət müvafiq olaraq, 30 və 17 dollardır.

 

 

 

Mərkəzi Asiyada hələ olmadığım üçün, Özbəkistanda da olmaq şansım olmayıb, ümid edirəm ki, yaxın gələcəkdə ora da gedəcəm.

30 iyundan etibarən AZAL Bakıdan Daşkəndə həftədə bir dəfə birbaşa reys edəcək. Uçuşlar Embraer təyyarəsində həyata keçiriləcək və təxmini iki saat yarımlıq uçuş olacaq. Əlavə olaraq Bakıdan Daşkəndə Özbəkistan Hava Yolları da uçur, amma qiymət AZAL-dan bir qədər bahadır. Səyahəti sevən şəxslər Özbəkistandan Qırğızıstana və Qazaxıstana da keçə bilər. Hər üç ölkəyə giriş Azərbaycan vətəndaşları üçün vizasız rejimdədir.

Azikiss.Me

OXŞAR XƏBƏRLƏR