Hurghada bələdçisi- ŞƏXSİ TƏCRÜBƏ

Hurghada bələdçisi- ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 27 Avqust 2018 11:29 821
Hurghada bələdçisi- ŞƏXSİ TƏCRÜBƏ

Piramidalar… Nil çayı… Qırmızı Dəniz… Aralıq Dənizi… Çəkici gəlir, həm də çox çəkici.

Elə məni də bir neçə il öncə özünə çəkdiyi üçün götür-qoy edib, planımı cızdım və maraqlı olsun deyə, hamı kimi nə Qahirəyə, nə də Şarm-Əl Şeyxə deyil, Hurghada şəhərinə getməyə qərar verdim. Bakıdan birbaşa uçuş olmadığı üçün bileti Tbilisi-Hurghada olaraq aldım. Çantamı da yığıb, yol aldım Misirə tərəf. Hurghada hava limanına endik. Elə hava limanında anladım ki, buranın insanı başqa aləmdir. Baqajımı təhvil alandan otelə çatana qədər hər üzünü gördüyüm ərəb mənə baxıb, “baxşiş” istəyirdi. Hər addımbaşı aldadılmaq, kələk qurbanı olmaq burda adi haldır. Odur ki, bir an öncə otaqda uzanıb, doyunca dincəlmək və ən əsası da burdakı fırıldaqları öyrənmək üçün internetdə balaca bir araşdırma eləmək istədim.

qirmizi deniz

Booking etdiyim otel düz Qırmızı dənizin sahlilində idi. Otelin həyəti tamamilə Qırmızı Dənizə bitişik idi. Reception`da isə mənə dedilər ki, bəs otel ağzına qədər doludur, sizin üçün planladığımız otaq saat 11:00-da boşalacaq. Heç nə demədən, razılaşdım və lobbidə oturub interneti açdım, wifi kodunu istəyəndə isə həmin ərəb qardaş mənə dedi ki, burda qalacağın müddətdə wifi istəyirsənsə pul ödəməlisən, tariflər çox idi, nə isə 15 dollar ödəyib bir həftəlik tarif aldım. Oteldə nömrəmə yerləşəndən sonra, bir azca dincəlib, düşdüm Qırmızı Dənizə. Şəkillərdən də göründüyü kimi, dəniz o qədər təmiz, o qədər şəffaf idi ki, dərin yerlərdə də dənizin dibini görmək mümkün olurdu. Dənizin sahilində addımladıqca, ayağımın altından sağa-sola qaçan rəngli balıqlar və xırda dəniz həşəratlarına baxmaqdan doymurdum. Hurghada sakit, həm də yeni salınmış şəhərdir. Belə eşitmişdim ki, bu şəhər sırf turistlər üçün qurulmuş şəhərdir və buranın əhalisi bütünlükdə turist axınından dolanır. Ona görə də sözün həqiqi mənasında ora gələn turistə yerli ərəblər, “nə qoparda bilsəm qənimətdir” kimi baxırlar. ))) İnanın ki, gedəcəyim bir yer üçün yaxınlaşıb, yol soruşduğum hər 4 ərəbdən 3-ü yolu göstərdiyi üçün də məndən pul istədi) Nə isə keçək şəhər təbiətinə. Hurghada əsl istirahət şəhəridir. Bura nə alış veriş üçün nə də səyahət üçün münasib seçim deyil. Bu şəhərə yalnız dəniz üçün, dincəlmək üçün gəlmək lazımdır. Onu da deyim ki, misirlilər rusları çox sevir. Rus dilində mağaza adları, restoran menyuları, xidmət sferalarındakı rusdilli işçi sayı çoxdur. Rus dilini bilirsinizsə burda rahat-rahat gəzə bilərsiniz. Oteldə ölkədaxili tur xidməti var idi. Yaxınlaşdım və Qahirə turu üçün rezerv etdim. Toplam tur üçün 70 dollar ödədim. Tura daxil idi –Hurghada – Qahirə – Hurghada istiqamətində komfortlu avtobus, gün ərzində yemək (yeməyə su daxil deyildi, yəni restoranda oturub, istədiyin hər şeyi pulsuz sifariş edə bilərsən, amma su istəsən onun pulunu ödəməlisən), Qahirədəki bir neçə muzeyə giriş biletləri, Piramidalara və Sfinks məbədinə səyahət və s. İnsaf naminə onu da demək lazımdır ki, Qahirə və ümumiyyətlə Misir – səyahət üçün gözəl yerdir. Misir Tarix Muzeyi çox möhtəşəmdir, muzey daxilində çəkiliş aparmağa icazə vermirlər. Lakin sizə əminliklə deyə bilərəm ki, bir gün başdan-başa, 24 saat bu muzeyi gəzsəniz belə, bütün eksponantların hamısına baxmağa vaxt çatmaz. Nələr yoxdur ki muzeydə ? – Fironların mumiyaları, Kleopatranın qızıldan taxtı, mumiyalanmış kahinlər və s. Və maraqlısı odur ki, mumiyalar xüsusi soyuq otaqlarda və şüşə altında saxlanılır, şüşələrin hər iki tərəfindən süni şəkildə soyuq hava sirkulyasiyası vurulur. Mumiyalardan gələn ətir o qədər xoşdur ki, indiki “bərkgedən” parfümlərin heç birindən belə gözəl qoxu gəlmir. Bu bir daha qədim Misirdə olan mədəniyyətin hansı səviyyədə inkişaf etməsindən xəbər verir. Bir sözlə yolunuz Misirə düşsə bu Muzeyə baxmadan geri gəlməyin. Çünki bu muzeydə görəcəklərinizi dünyanı 10 dəfə fırlansanız da başqa yerdə görə bilməyəcəksiniz.

​İkinci məntəqəmiz ecazkar Misir ehramları – piramidalar idi. Piramidalar Qahirə mərkəzindən çox da uzaqda olmayan Giza`da yerləşir. Bəzən filmlərdə, yaxud şəkillərdə piramidaları düz Nil çayının sahilində təsvir edirlər, əslində isə belə deyil. Piramidalar Qahirədən bir az yüksəklikdə, demək olar ki, səhralıqdadır. Ehramların ətrafında dağılmış məbədlər, sınmış sütunlar, məhv olmaqda olan tarix izləri saysız hesabsızdır. Ehramların yanında dəvə ilə gəzən ərəblər sizə fotoşəkil üçün dəvə təklif edəcəklər, qəti şəkildə qiymətini əvvəlcədən danışmadan dəvəyə minməyin. Və əgər bunu etmək istəsəniz əlinizdəki əşyaları kömək üçün “verin saxlayım” deyən balaca ərəb uşaqlarına verməyin, yoxsa bu qarabalalar sizdən 10-15 dollar almasalar sizin əşyalarınızı geri qaytarmayacaq. Zorla istəsəniz onsuz da ala bilməyəcəksiz ))). Piramidaların ən böyük olan Xeops ehramıdır. İçinə girməyə dəyməz, çünki maraqlı heç nə yoxdur. Dar bir koridora bənzəyən pilləkənli yerdən keçib, balaca bir otağa daxil olacaqsız və orda da heç bir şey yoxdur. Əvəzində isə 15 USD alacaqlar.
Alış veriş üçün bazarlarda qiymət danışa bilərsiniz həm də əsl azərbaycansayağı formada. Almaq istədiyim bir qab üçün tələb olunan 55 USD əvəzinə 12 USD ödəyib aldım. Yəni sizə hər deyilən, hər üstündə yazılan qiymət mütləq şəkildə şişirdilmiş qiymətdir. Çəkinmədən bazarlıq edin. Mətbəxləri dadlıdır. Ədviyyatdan çox istifadə edirlər. Başqa ölkələrə nəzərən burda “nə yeyim” sualı verməyəcəksiniz özünüzə. Ət yeməkləri boldur. Bir sözlə, bu ölkədə çox diqqətli olun, hörmətli olun )))) Ümid edirəm yorucu yazı yazmamışam.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Şirxan Ayxan Adgözəl

OXŞAR XƏBƏRLƏR