Yaponiyada "Azərbaycan günü" keçirən tələbə - MÜSAHİBƏ

Xaricdə təhsil
Təhsil və karyera 6 Sentyabr 2018 14:55 913
Yaponiyada "Azərbaycan günü" keçirən tələbə - MÜSAHİBƏ

Növbəti tələbəmizin adı Fəridədir. O, 1991-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsində bakalavr təhsili alıb. Gəncimiz 2016-cı ildə Yaponiya Dövlətinin xarici tələbələr üçün ayırdığı təqaüd proqramını qazanaraq, Osaka universitetinə daxil olub. 1 il tədqiqatçı tələbə kimi beynəlxalq dövlət siyasəti (international public policy) fakültəsində oxuyub. Hazırda həmin universitetin insan elmləri (human sciences) fakültəsinin magistratura pilləsində təhsil alır.

Əsas istəyim…

Xaricdə təhsil almaq mənim ən böyük arzularımdan biri olub. Fərqli və inkişaf etmiş təhsil sistemi vasitəsilə özümü inkişaf etdirmək istəyi əsas səbəblərdən biridir. Lakin onu da qeyd edim ki, fərqli ölkədə, fərqli mədəniyyətlə əhatə olunaraq,dünyanın bir çox yerindən olan insanlarla birgə yaşamaq insana çox şey öyrədir, kiçik “komfort zonası”ndan çıxararaq, ona dünyanın daha geniş və rəngarəng olduğunu göstərir.

Yeddi Milli Universitetdən biri – Osaka

Osaka universitetində təhsil almağım Yaponiya Dövlətinin xarici tələbələr üçün ayırdığı təqaüd proqramı vasitəsilə baş tutdu. Qeyd edim ki, bu təqaüd Yaponiya dövlətinin vətəndaşlarının vergiləri hesabına ərsəyə gəlir və sadəcə təhsil xərclərini deyil, ölkədə rahat yaşamaq üçün aylıq xərcləri də qarşılayır. Təqaüd proqramı ilə maraqlanmaq istəyənlər Yaponiyanın ölkəmizdəki səfirliyinin rəsmi saytı vasitəsilə məlumat ala bilərlər. Mənim hazırda təhsil aldığım Osaka universiteti Yaponiyanın biznes mərkəzi sayılan Osaka prefekturasında yerləşən, əsası yapon imperatoru tərəfindən qoyulan ən nüfuzlu Yeddi Milli Universitetdən biridir. Universitet fundamental elmlər, texnika və tibb sahələrinin yüksək səviyyədə öyrənilməsinə görə dünyada tanınır və xarici tələbələr arasında ən çox arzuolunan universitetlərdən biridir. 3 böyük kampusu, axtardığınız hər cür materialı tapa biləcəyiniz bir neçə kitabxanası, kampuslar arası pulsuz fəaliyyət göstərən avtobusları, muzeyi, idman meydançaları və öz kafe-restoranları var. Universitetimizin maskotu şirin timsahdır ki, bu da kampusun yerləşdiyi ərazidə arxeoloji cəhətdən mühüm timsah sümüklərinin tapılması ilə izah olunur. Yaponiyada təhsil alan azərbaycanlı tələbələrin böyük qismi sosial elmlər üzrə, xüsusilə də yapon dili üzrə təhsil alırlar deyə düşünürəm.

Yaponiyalı tələbələr…

Yaponiyada bakalavr pilləsində oxuyan yapon tələbələrlə magistratura və ya doktorantura pilləsində oxuyan tələbələrin dərslərə münasibəti bir qədər fərqlidir. Bakalavr pilləsində oxuyan yaponlar dərslərə bir qədər qeyri-ciddi yanaşır, həmçinin çox dərs buraxırlar. Məzun olub iş həyatına atılacaqları zaman uzun iş saatlarının onları gözlədiyini nəzərə alaraq, 4 illik tələbə həyatını kifayət qədər əylənərək keçirirlər. Bizim tələbələrdən fərqli olaraq Yaponiya universitetlərində tələbələr dərnəklər yaradaraq, sevdikləri hobbiləri ilə ciddi şəkildə məşğul olurlar; astronomiya klubu, rəqs klubu, xor klubu, rəsm klubu və sairə. Daha yüksək pillədə təhsil alan tələbələr isə günlərinin çox hissəsini universitetin kitabxanalarında keçirirlər. Düşünürəm ki, evdə yox, kitabxanada dərs hazırlamaq məsələsinə bizim tələbələr bir qədər fərqli yanaşırlar.

Bizdəki əzbərçi sistemin…

Yaponiya universitetləri qərb təhsil sistemindən istifadə edirlər, bu o deməkdir ki, hər bir tələbə tam sərbəst şəkildə öz dərs cədvəlini özü yaradır, yetər ki, standart kredit sayını ödəmiş olsun. Tələbələrə bütün dəsrlərin siyahısı verilir və onlar semestrin ilk həftəsində maraq dairələrinə daxil olan dərslərə girib professorların dərs keçmə metodu ilə yaxından tanış olurlar. Bəyəndikləri təqdirdə həmin dərsi öz cədvəllərinə daxil edirlər. Dərslər professorun öz seçimindən asılı olaraq mühazirə və ya seminar formasında keçirilir. Mühazirə şəklində keçən dərslərdə adətən professor auditoriyaya danışır və sonda ya yazılı imtahan keçirə, ya da esse yazılmağını istəyə bilər. Seminar şəklində keçirilən dərslərdə isə müzakirəyə üstünlük verilir. Bu cür dərslər zamanı hər həftə bir tələbə özünün seçdiyi mövzu üzrə təqdimat hazırlayır və bütün auditoriyaya onu təqdim edir. Seminar dərslərində isə semestr sonu adətən 3 səhifəlik esse yazmaq tələb olunur. Qeyd edim ki, qiymətləndirmə, dərs cədvəli, universitet heyətinin göndərdiyi məlumatlar və sairə hamısı elektron şəkildə universitetin saytında mümkün olur. Hər bir tələbə öz şəxsi hesabına daxil olaraq saytdan ertələnmiş dərslər haqqında məlumatdan tutmuş, istifadə olunacaq dərs materialına kimi əldə edə bilərlər. Bizdəki əzbərçi sistemin məhz bu cür innovativ sistemlə əvəz olunmasını çox istərdim.

Yaponiyada iş tapmağın yolu…

Yaponiya universitetini bitirmiş tələbələr arasında ölkədə qalıb işləməyə üstünlük verənlərin sayı artmaqdadır. Mənə belə gəlir ki, mənim də hamı ilə birlikdə iş tapmaq imkanım kifayət qədər realdır. Bunun iki səbəbi ilə sizi tanış etmək istəyirəm. Önəmli səbəblərdən biri budur ki, Yaponiya yaşlanan ölkədir, gənclərin sayı artıq indi pensiya alan yaşlıların sayından dəfələrlə azdır, bir sözlə Yaponiya demoqrafik böhran yaşamaqdadır. Bunun həllini ölkə rəhbərliyi xariciləri dəvət edərək, onları işçi qüvvəsi kimi yetişdirməkdə gördüyü üçün bu cür təqaüd proqramını həyata keçirir. Digər vacib məqam ondan ibarətdir ki, Yaponiyada çox maraqlı sistem fəaliyyət göstərir. Yeni məzun olanlar iş axtararkən onları işə götürən tərəflər tələbələri sıfırdan öyrədərək özləri üçün kadrlar yetişdirirlər. Bir sözlə, yeni məzun olmuş tələbədən heç kim iş təcrübəsi tələb etmir. Bu iki səbəb xaricilərin Yaponiyada iş tapması prosesini bir qədər yüngülləşdirir.

Yaponların qəlbinə yol mədələrindən keçir…

Yaponların yeməyi necə sevdikləri bütün dünyaya məlumdur, xüsusilə də mən yaşadığım prefekturanın insanlarının ən sevdikləri məşğuliyyət yeni təamlar kəşf etməkdir, buna görə də deyə bilərik ki, yaponların qəlbinə yol mədələrindən keçir. Bu faktı nəzərə alaraq, ölkəmizi yaponlara tanıtmağın ən yaxşı yolu bunu yeməklərimiz vasitəsilə etmək olduğunu düşündük. Mən və birlikdə oxuduğum digər azərbaycanlı tələbə milli mətbəximizdən ən məşhur və sevilən yeməkləri hazırlayaraq “Azərbaycan günü” keçirməyi qərara aldıq. Qeyd edim ki, gözlədiyimizdən daha çox yapon qonaqlarımız oldu və ölkə haqqında saysız-hesabsız suallara cavab verməli olduq. Qeyd edim ki, gənc yaponlar Azərbaycanı nəinki tanımırlar, heç adını belə eşitməyiblər. Yaşlı yaponlar isə dünyanı səyahətə çıxmağı sevdiklərinə görə ölkəmizi tanıyır, hətta bəziləri səfər belə ediblər. Oxuduğum universitetdə də öz ölkəni yapon və digər xarici tələbələrə tanıtmaq üçün “ölkə günləri” keçirilir ki, mən də keçən il Azərbaycan haqqında məlumat vermişdim. Ümumiyyətlə çalışdığım qədəri ilə gənc yaponlarda ölkəyə maraq yaratmağa çalışıram, bunun üçün boş vaxtlarım olanda beynəlxalq yığıncaqlara gedir, orada toplaşan və xarici ölkələrə maraq duyan yaponlarla ölkəmiz haqqında söhbətlər edirəm. Təəssüf ki, bu günə qədər hər hansı rəsmi diaspora fəaliyyətim olmayıb, lakin gələcəkdə bununla da bağlı əlimdən gələni etməyi söz verirəm.

Xaricdə təhsil almaq istəyənlərə…

Xaricdə təhsil almaq istəyən gənclərimizə uğurlar arzulayıram və bildirirəm ki, həqiqətən çox çalışdıqda insan arzuladığına çata bilər. Gənclərimiz çalışsınlar ki, daha çox xarici dil biliyinə yiyələnsinlər, çünki xarici ölkədə ən əsas məqamlardan biri ünsiyyət, dostluq münasibətləridir. Bu münasibətləri qurmadan yad ölkədə darıxmaq və “homesick” yaşamaq təhlükəsi var. Bacardıqca getməyi arzuladıqları ölkənin yerli dilini öyrənsinlər. İnanın ki, mən yapon dilini bildiyimə görə mənim tamam fərqli, yaponca bilməyən tələbələrin isə tamamilə fərqli təcrübələri var. Düşünürəm ki, mənim təcrübəm daha zəngin, daha səmimi, daha pozitivdir. Müsahibəyə görə təşəkkür edirəm.

Mənbə: Xaricdetehsil.news

OXŞAR XƏBƏRLƏR