Yeni bir Qara dəniz marşrutu - ŞƏXSİ TƏCRÜBƏ

Yeni bir Qara dəniz marşrutu - ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 11 Sentyabr 2018 16:45 861
Yeni bir Qara dəniz marşrutu - ŞƏXSİ TƏCRÜBƏ

Yeni bir Qara dəniz marşrutuyla gəldim, gənclər…

Bəri başdan bir məsələdə anlaşaq amma:) Ayderi sevmirəm deyəndə Azərbaycan xalqının xeyli hissəsi qəzəblənir, amma hələ də o fikirdəyəm ki, Ayder Qara dənizin ən pis yerlərindən biridi. Çünki o yaylanın ən az 6-7 il əvvəlini bilirəm, o illərdən bəri belə çox pozulub, çox betonlaşıb, şəhərləşib. Ona görə yayla deyə Ayderə gedənləri anlaya bilmirəm. Məndən əvvəlini bilənlər isə ümumiyyətlə iyrənirlər:)
İkincisi, mən getdiyim yerlərdə yeməyin gözəl, orqanik olanını sevirəm, Ayderdə bunu tapmaq çox çətindi. Belə axtarışı olmayan kütləvi turlara hesablamış az keyfiyyətli xidmət sevmirəm.
Üçüncüsü, ərəblərin çox gəlməsi səbəbilə çox mənasız pansiyonlara çox yüksək qiymətlər qoyublar ve bunu sevmirəm.
Nəhayət, dördüncüsü, Pokut, Sal, Hazindağ, Huser, Gito, Elevit, Amlakit varkən niyə Ayderi sevim?  Ayder ancaq qışda qar altında çəkilə bilər;)

Amma bütün bunlara baxmayaraq, yenə də Ayder sevənləri də nəzərə alım dedim bu postda:)

– Çoxunuz bilirsiz, bilməyənlər və maşını olmayanlar üçün Batumdan Sarpa gəlirsiz, Sarpdan Rize-Ardeşen istiqamətindəki avtobuslara minirsiz, Ardeşen körpünün altında düşürsüz (15 lirə), düz düşdüyünüz yerin qarşısından Çamlıhemşin dolmuşuna minirsiz. O dolmuş sizi Aydere qədər aparacaq (16 lirə). Maşınla gələnlər də yenə eyni şəkildə Ardeşenden Fırtına yoluna girib Çamlıhemşine, oradan da sola Aydere gedə bilər.

– Ayderde 100 lirəyə də, 1000 lirəyə də pansiyon-otel var. Amma 1000 lirəyə dəyərmi deyə soruşsanız, dəyməz – qlamur bloqqerlərin sponsorlu fotolarına çox inanmayın. Trivago, odamax, booking kimi saytlardan baxın, amma mümkünsə qiymətləri bəyəndiyiniz yerin özüyle danışın.
Yayla evləri də var, sayınız çoxdusa, axtarıb bir yayla evi də kirayələyə bilərsiniz.
Çadır qurmaq istəyənlər üçün Ayderin bir az yuxarısında kamp yeri var, amma ora da artıq ticarətxanaya çevrilib və çox qələbəlik olur, ən yaxşısı Ayderdən 5 km yuxarı Qaller düzünə gedin. Həm havası daha gözəl, həm sakit, həm də çadır qurdunuz deyə pul istəməzlər.

– Ayderdə yemək-içmək işini sevmirəm, ona görə kimsəyə sevmədiyim şeyləri məsləhət görmək istəmirəm. Amma eyləncə sevərlər üçün deyim ki, gecənin ortalarına qədər açıq olan kafelər, türkü barlar tapa bilərsiniz. Çünki yayla deyil, şəhər kimidi mübarək:))

– Ayder kaplıcalarının indiki vəziyyəti necədi, bilmirəm, açığı artıq çox gigiyenik olduğunu düşünmürəm, amma siz düşünürsüzsə, kaplıcaya gedə bilərsiz. Girişi pulludu, amma çox böyük rəqəm deyil.

– Ayderdən gəzməyə gedə biləcəyiniz bir neçə istiqamət var. (Ayderə qədər yolun asfalt olmasından həvəslənməyin, Ayderdən sonra sizi ancaq 4×4 qurtaracaq). Birincisini dedim – Qaller düzü. Ayderə 5 km məsafədə yerləşir, meşənin içində gözəl bir düzlükdü.

İkincisi, Kavrun yaylası. Ayder yolunu düz davam edincə qarşınıza bir yol ayrımı çıxacaq. Yolun biri Huser-Avusora, digəri Yuxarı Kavrun və Kaçkar göllərə gedir. Sağdakı yoldan davam etsəniz Aşağı ve Yuxarı Kavruna çıxırsız. Kavruna Ayderdən dolmuş da gedir – saatını orada öyrene bilərsiz.
Yuxarı Kavrunda qalacaq pansiyonlar, kafe var. Çadır da qura bilərsiniz. Pokut, Sal kimi yaylalardan fərqli olaraq Kavrunda ağac yoxdu, meşə axtarmayın:)

Kavrundan 2-3 saata göllər bölgəsinə, 5 saata Kaçkar zirvəyə gedilir, amma təkbaşına ve yürüş təcrübəsi olmadan getməyin.

Kavrundan geri qayıdıb yol ayrımından Ayderə deyil, sağa dönsəniz, o yol sizi Huser ve Avusora aparacaq. Təxminən 2-3 km sonra Avusor lövhəsini görəcəksiz, ona eks istiqametde davam eləsəniz, Huserə gedəcəksiniz. Huser, hava uyğundusa, Qara dənizin ən gözəl gün batımı mənzərəsinin olduğu yaylalardandı. Ancaq Qara dənizdə gördüyüm yaylalar içində – xüsusilə yağışlı havada – ən pis yolu olanlardandı. Hələlik pansiyon yoxdu, ona görə ya çadırla, ya da dönüşünüzü hesablayaraq gedin.
Huserdən üst yoldan davam eləsəniz, Avusora keçə bilərsiniz.
Huserə gündəlik turlarla da gedə bilərsiz – Ayderdən turlar var. 50-70 lirəyə bu turlara qatıla bilərsiz, amma Huser turunu soruşun.

– Sualları nəzərə alıb yaylalar üçün bir neçə qeydi də eləyim.

1) “Nə qədər büdcə” deyə soruşmaq hər zaman yanıldıcıdı, çünki çadırda qalanın ayrı, pansiyonda qalanın ayrı, oteldə qalanın ayrı, çadırda yeyənin ayrı, restoranda yeyənin ayrı büdcəsi var. Üstəlik, neçə gün qalmağınız, necə gəzməyiniz (maşınla, piyada ve s) tamamilə sizə qalmış məsələdi. Ortalama, amma rahat bir tətil üçün bir adamın bir gününü 300-350 lirə olaraq düşünün (maşın daxil).

2) Qara dənizə gəlib “bulud dənizi görmədik”, “yağışlıydı” deyə bəyənməməzlik edənler nəzərə alsın ki, Türkiyənin en çox yağış alan yerlərindən birinə gəlirlər. Yüksəkliyi 2000 metrdən çox olan yerlərdə sizin deyil, təbiətin istədiyi olur. Yaylalarda sabah saat 5-6 kimi oyanmaq gözəllikləri görmə şansınızı xeyli artıra bilər. “Yatan cənnəti yuxusunda görür”:)

3) Geyim olaraq ilk üç şərt – biləyə qədər bağlanan su keçirməz ayaqqabı, sırt çantası və yağmurluq. Bir- iki polar jaket, ən az bir neçə qısaqol mayka, şort, gün sayına 2 corab, su qabı, günəş kremi də olmazsa olmazlardı. Hava günəş açınca çox isti, duman gəlincə çox soyuq ola bilir.

Yenə nə çox yazdım:)))

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Mənbə: Gezeyenler 

OXŞAR XƏBƏRLƏR