Çində universitet birincisi olan azərbaycanlı tələbə – MÜSAHİBƏ

Çində universitet birincisi olan azərbaycanlı tələbə – MÜSAHİBƏ
Təhsil və karyera 21 Sentyabr 2018 16:57 532
Çində universitet birincisi olan azərbaycanlı tələbə – MÜSAHİBƏ

Fərahim Hüseynzadə: “Burada kitabxanaların boş olduğunu görmək müşkül məsələdir”

Bu yaxınlarda azərbaycanlı tələbə Fərahim Hüseynzadə Çində universitet birincisi oldu. Çinin Renmin Universitetində təhsil alan həmyerlimiz oxuduğu ali təhsil müəssisəsinin daxili təqaüdünə və ən yüksək mükafatına layiq görülüb. “Xaricdə təhsil” rubrikası üçün elə bu nailiyyətindən dolayı Fərahimlə söhbətləşdik. Deyir ki, Çinə gedəndən ağlındakı tək fikir təhsilini tamamlayıb, yenidən Azərbaycan qayıtmaqdır. Bütün gücünü, elmini, biliyini ölkəmizin, xalqımızın inkişafı üçün sərf etmək niyyətindədir.

Qeyd edək ki, F.Hüseynzadə Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin ingilis bölməsində bakalavr təhsili alıb. BDU-da oxuduğu müddət ərzində fakültənin Tələbə Gənclər Təşkilatının sədri və iki dəfə “İlin tələbəsi” seçilib.

Hazırda isə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Çin Xalq Respublikasının qarşılıqlı müqaviləsi əsasında (Chinese Government Scholarships) Renmin Universitetində “Çinin biznes hüququ” üzrə magistr pilləsində tam təqaüdlə təhsilini davam etdirir. Təhsil aldığı müddətdə ortalama elmi göstəricisi (GPA) 3.95/4.00 təşkil edən F.Hüseynzadə “Academic Performance” kateqoriyası üzrə Renmin Universitetində nəinki fakültə, həmçinin universitet üzrə birinci olmağı bacarıb. Bu kateqoriyada o, ABŞ, Böyük Britaniya, Almaniya, Fransadan olan tələbə həmkarlarını qabaqlamağı bacarıb.

– İlk olaraq sizi tanıyaq.

– 1994-cü ildə Bakı şəhərində doğulmuşam. Məktəb illərində bir çox bilik yarışlarında özümü sınamışam. “Mən Azərbaycanlıyam” intellektual oyunu üzrə ilin qalibi, “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə kubokların sahibi, “Xəmsə” milli intellektual oyunu üzrə ölkə birincisi və universitet liqası üzrə Azərbaycan çempionu olmuşam. Həmçinin, “Ağıl Dəryası”, “Parlaq zəka” bilik yarışmalarında iştirak etmişəm. 2011-ci ildə 642 balla BDU-nun hüquq fakültəsinin ingilis dilli bölməsinə qəbul oldum. Hüquq sahəsində də kifayət qədər təcrübəm var. Çünki ixtisasım üzrə müxtəlif qurumlarda həm praktika keçmişəm, həm də çalışmışam. 2015-ci ildə universiteti bitirib hərbi xidmətə yollandım. Hərbidən tərxis olunduqdan sonra isə yaxın bir dostumla şirkət qurduq. 2017-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikası arasında olan təhsil proqramına əsasən Çinin Remain Universitetində tam təqaüdlə təhsil almaq şansı qazandım. Oxuduğum illərdə də universitet rəhbərliyi heç vaxt dəstəyini əsirgəməyib. Xüsusilə də rektorumuz Abel Məhərrəmovun və fakültəmizin dekanı Əmir müəllimin daim dəstəyini hiss etmişəm. İstər xarici ölkələrə təhsil üçün müraciət edəndə, istərsə də ictimai fəaliyyətimdə əllərindən gələn köməkliyi göstəriblər. Uğurlarıma verdikləri töhfə əvəzsizdir. Buna görə onlara təşəkkür edirəm.

Mənbə:Banker

OXŞAR XƏBƏRLƏR